Modern.az

Xanımımla “dəmir toy” edəcəyik - 88 yaşlı Anardan AÇIQLAMA

Xanımımla “dəmir toy” edəcəyik - 88 yaşlı Anardan AÇIQLAMA

Mədəniyyət

Bu gün, 11:57

Bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin 88 yaşı tamam olur.

Nasir, dramaturq, kinodramaturq Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub.

Modern.az saytı doğum gününü qeyd edən Xalq yazıçısı ilə əlaqə saxlayıb.

Saytımıza açıqlamasında Anar doğum günü ilə bağlı onlarla təbriklər aldığını deyib:

“Çox adam doğum günümlə əlaqədar məni təbrik edib. Dünəndən bəri onlarla təbrik almışam. Amma ad günümü geniş əhatədə deyil, ailəmlə bir yerdə qeyd edəcəm”.  

Hələ də 105 il yaşamaq istəyib-istəmədiyi soruşulduqda Anar sualımıza belə cavab verib:

“Mən 105 il yaşamaq arzusunda olduğumu deməmişəm. Kimsə əvvəllər bunu mənim adımdan yazıb. Amma kim deyibsə yaxşı deyib, sağ olsun”.

Xalq yazıçısı gələn il həyat yoldaşı Zemfira Səfərova ilə "dəmir toy" (evliliyin 65-ci ilində keçrilən mərasim "dəmir toy" adlanır-red.) etməyi planlaşdırdıqlarını söyləyib:

“Evliliyimizin 50 illiyin Zenfira xanımla "qızıl toy", 60 illiyində isə "brilyant toy" etmişdik. Bu mərasimləri ailə çevrəsində keçirmişdik. 2027-ci ildə evliliyimizin 65 illiyi tamam olacaq. Gələn il "dəmir toy" etməyi düşünürük”.

Yaradıcılığndan da danışan Anar təkcə bu ay 3 kitabının çıxdığını deyib.


Dosye:
Nasir, dramaturq, kinodramaturq Anar Rzayev 1938-ci il martın 14-də Bakıda şairlər ailəsində anadan olub. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. O, eyni zamanda Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.

Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinifə qədər gələcək həyat yoldaşı Zemfira Səfərovayla bir yerdə oxuyub.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira xanım konservatoriyaya daxil olsa da, yolları ayrılmayıb, nişanlanıb, evləniblər. Toyları 1962-ci il yanvarın 27-də olub.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. O vaxtdan indiyə kimi quruma rəhbərlik edir.

1991-ci ildə Müstəqil Azərbaycanın Milli Məclisini ilk iclasını açmaq aparmaq Anara həvalə olunub. O, 1995-ci və 2000-ci illərdə Milli Məclisin deputatı olub.

Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Azərbaycan Prezidenti Anarı 60 yaşı münasibətilə “İstiqlal” ordeni ilə təltif edib. Azərbaycanın Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), Azərbaycanın Xalq yazıçısısıdır (1998).

Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.
"Ağ liman", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Əlaqə", "Dantenin yubileyi", "Dədə Qorqud" əsərləri müxtəlif dillərdə çap olunub.

Azərbaycanın bütün teatrlarında Anarın pyesləri tamaşaya qoyulub. Rusiyanın "Mosfilm" kinostudiyasında "Mən, sən, o və telefon" hekayəsinin motivləri üzrə "Hər axşam 11-də" bədii filmi çəkilib.

Anar bir sıra bədii, sənədli və televiziya filmlərinin ssenari müəllifidir. Eyni zamanda bir neçə filmin quruluşçu rejissoru olub.
Anarın şeirləri də var. Sözlərinə bəstəkarlardan E.Sabitoğlu, X.Mirzəzadə, Cavanşir Quliyev mahnılar bəstələyib.
Şekspirin "Fırtına", B.Brextin "Qalileo Qaliley" pyeslərini, R.Taqorun "Bağban" mənsur şerlərini, A.Blokun,V.Mayakovskinin, S.Yeseninin, B.Pasternakın şerlərini dilimizə çevirib.

Anar 1970-72-ci illərdə Bakıda və Moskvada Recissor emalatxanasında oxuyaraq kino rejissoru diplomu alıb. 

Xalq yazıçısı, "Şöhrət", "Şərəf" ordenləri, Prezidentin fərdi təqaüdü, Heydər Əliyev Mükafatı, Prezidentin fəxri diplomu, TÜRKSOY-un "Şərəf", "Üzeyir Hacıbəyli" medalları ilə də təltif edilib.

2012-ci il yanvarın 27-də Anarla Zemfira xanımın “qızıl toy”u (evliliklərinin 50-ci ili), 2022-ci il yanvarın 27-də isə "brilyant toy"u (evliliklərinin 60-cı ili) olub. 2027-ci il yanvarın 27-də evliliklərinin 65-ci ilini "dəmir toy" mərasimi ilə qeyd etmək istəyirlər.

Onların iki övladı var: oğlu Tural Rzayev Azərbaycan Respublikasının Əlcəzair və Tunisdəki fövqəladə və səlahiyyətli səfiridir. Qızı - yazıçı publisist Günel Anarqızı isə Bakı Kitab Mərkəzinin direktorudur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrana RƏSMİ XƏBƏRDARLIQ - Türkiyə müharibəyə qoşulur?