Modern.az

Heydər Əliyev “Jurnalistlərin dostu” seçiləndə niyə təəccüblənmişdi: “Əvvəlcə inanmadım”

Heydər Əliyev “Jurnalistlərin dostu” seçiləndə niyə təəccüblənmişdi: “Əvvəlcə inanmadım”

Media

12 Dekabr 2025, 10:54

“Bu mənim üçün qeyri-adi bir hadisədir. İlk dəfə olaraq, mən jurnalistlərin, nəhayət, xoşuna gəlmişəm və onlar məni mükafatlandırıblar. Mənə 2001-ci ildə Azərbaycanda "Jurnalistlərin dostu" mükafatı verdiklərinə görə "Ruh" Jurnalistləri Müdafiə Komitəsinə, onun rəhbərliyinə təşəkkürümü bildirirəm. Əmin edirəm ki, mən keçmişdə olduğu kimi, bu gün də o jurnalistlərin dostuyam və həmişə jurnalistlərin dostu olacağam”.

Modern.az-ın məlumatına görə, bu fikirləri Ümililli lider Heydər Əliyev 22 mart 2002-ci il tarixində “Hyatt Regensy” mehmanxanasında “Jurnalistlərin dostu” mükafatının təqdimat mərasimində çıxış edərkən demişdi.

Qeyd edək ki, "Jurnalistlərin dostu" mükafatı "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən 1997-ci ildə təsis edilib.

Mükafatın verilməsində məqsəd cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərini təbliğ və inkişaf etdirmək, bu məqsədlə dövlət məmurlarının, ictimai-siyasi təşkilatların tanınmış nümayəndələrinin kütləvi informasiya vasitələri ilə əlaqələrinin möhkəmlənməsinə nail olmaq, bununla da mediaya qayğı ənənələrini stimullaşdırmaqdır.

Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatı nı alarkən fikirlərinə belə davam etmişdi:

“Burada bildirildi ki, bu mükafat beş il bundan öncə təsis olunubdur. İndiyə qədər bəzi adamlar mükafatlandırılıb, indi də növbə mənə gəlib çatıbdır. Ancaq onu demək istəyirəm ki, mənim üçün, yəni Azərbaycan prezidenti üçün bu mükafatı almaq başqalarına nisbətən heç də asan deyildi, qat-qat çətin idi. Çünki müxtəlif peşə sahibləri, jurnalistlərlə təmasda olanlar, jurnalistlərlə əməkdaşlıq edənlər, onlara yardım edənlər təbiidir ki, çoxdur və görünür, onların içərisində ən görkəmlisini hər il seçib mükafatlandırırlar.

Jurnalistika elə bir sahədir ki, ümumiyyətlə, tənqidlə məşğuldur, bütün başqa vəzifələri ilə bərabər, əsas məqsədi tənqid etmək, nöqsanları aşkar etmək, onların aradan qaldırılması üçün çalışmaqdır. Jurnalistika cəmiyyətdə həmişə bu işləri görüb, bu gün də görür və çox uğurla görür. Belə halda iqtidarı tənqid edənlər daha çox müxalifət düşərgəsindədirlər. Ona görə müxalifət düşərgəsində bu cür mükafat almaq da, hesab edirəm ki, o qədər çətin bir şey deyildir. Amma Azərbaycan prezidentinin belə bir mükafata layiq görülməsi, yenə də deyirəm, qeyri-adi haldır, asan deyildir. Görünür ki, mənim bu barədə təkcə 2001-ci ildə yox, əvvəlki illərdə də qoyduğum səylər, nəhayət, jurnalistlər tərəfindən tanınıb, qiymətləndirilib və mənə bu mükafatı vermək haqqında qərar qəbul olunubdur.

Mən bu mükafatı çox yüksək qiymətləndirirəm. Bizim dostumuz Əflatun Amaşov burada dedi ki, layiq görüldüyünüz bütün başqa mükafatlarla yanaşı, bu mükafat da öz yerini tutacaqdır. Təbiidir, mən çox mükafatlara layiq görülmüşəm. Ancaq bu mükafatın xüsusi yeri var. Çünki aldığım mükafatların əksəriyyəti dövlətlər tərəfindən verilən mükafatlardır, dövlət mükafatlarıdır. Düzdür, başqaları da var. Amma bu, jurnalistlər tərəfindən verilən mükafatdır.

Ümumiyyətlə, jurnalistlər inciməsinlər, onlar elə məxluqdurlar ki, heç vaxt heç nədən razı deyillər. Həmişə çalışırlar, yaxşı yerdə bir nöqsan tapıb, çıxarıb araya qoysunlar. Mən bunu pis mənada demirəm. Çox gözəl. Ancaq yenə də deyirəm, jurnalistlər çox tələbkardırlar. Həqiqətən artıq, xüsusən iqtidar nümayəndələrindən çox tələblər edirlər. Yenə də deyirəm, bizim işlərimizdə nöqsanlar da var, qüsurlar da var. Bunlara baxmayaraq, onlar, nəhayət, qeyrətə gəliblər, mənə mükafat veriblər. Çox sağ olsunlar.

Mənə məlumat verəndə ki, jurnalistlər məni 2001-ci ildə "Jurnalistlərin dostu" kimi qiymətləndiriblər, buna inanmadım. Sonra araşdırmağa başladım ki, bu dost nə deməkdir. Dedilər ki, Siz indi dostsunuz. Dedim, Allaha şükür olsun ki, nəhayət dost olduq. Ancaq jurnalistlər də bilirlər ki, - burada artıq deyildi -, Azərbaycanda mətbuat azadlığı, mətbuat son illər nə qədər çox inkişaf edibdir”.

Xatırladaq ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə media sektoruna aid xeyli ciddi addımlar atılmışdı. 1998-ci ildə imzalanan “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmana müvafiq olaraq, Nazirlər Kabineti yanında Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu.

1999-cu ilin sonunda isə “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbul olundu.

2000-ci ilin mart ayında Heydər Əliyevin sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Milli Mətbuat, Teleradio və İnternet Şurası yaradıldı. Bir sıra qəzetlərin Azərbaycan nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi.
2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. 

Heydər Əliyev mətbuatın gücünü çox gözəl anlayan və jurnalistlərlə işin əhəmiyyətini qəbul edən siyasətçi idi.

Məhz bu böyük siyasətçinin milli mətbuatın inkişafına göstərdiyi qayğının nəticəsi idi ki, 2002-ci ildə Heydər Əliyevə “Jurnalistlərin dostu” mükafatı verildi. H.Əliyev dünya siyasətçiləri arasında bu mükafatı almış ilk dövlət başçısıdır.

A.Qorxmaz

Sizə yeni x var
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?