Azərbaycan Milli Elmlər Akademiyası-nın Mərkəzi Elmi Kitabxanasında Milli Məclisin deputatı, şair, publisist və tədqiqatçı Musa Quliyev-in “Zəngəzur” kitabının təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin deputatı Əziz Ələkbərov nəşrin elmi və tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, kitabda Zəngəzur mahalının tarixini əks etdirən 506 toponim toplanaraq izah edilib, həmçinin onların coğrafi koordinatları, aid olduqları ərazilər və tarixi dövrlər göstərilib.
Deputat qeyd edib ki, e.ə. V minilliyə aid “Qarakilsə” qayaüstü təsvirləri və e.ə. II minilliyə aid “Qoşundaş” abidəsi ilə Qobustan qayaüstü rəsmləri arasında oxşarlıqlar mövcuddur. Onun sözlərinə görə, bu faktlar Zəngəzur mahalının Azərbaycanın qədim tarixi torpaqlarından biri olduğunu göstərir.
Tədbirdə çıxış edən AMEA prezidenti İsa Həbibbəyli isə bildirib ki, Musa Quliyev onilliklərdir Zəngəzur mahalının tarixini araşdırır və bu istiqamətdə apardığı tədqiqatlar nəticəsində bölgə haqqında geniş elmi material toplayıb. O qeyd edib ki, kitab Zəngəzurun coğrafiyasını, milli-etnik kökünü, dilini və tarixini əhatə edən fundamental tədqiqat əsəridir və gələcəkdə alimlər üçün mühüm elmi mənbə kimi istifadə olunacaq.