Modern.az

Axtardığım yolu tapana qədər çox əsərimi cırmışam - Rəssamla MÜSAHİBƏ

Axtardığım yolu tapana qədər çox əsərimi cırmışam - Rəssamla MÜSAHİBƏ

Müsahibə

5 Dekabr 2025, 09:21

Azərbaycan rəngkarlıq, qrafika və karikatura sənətinin məşhur siması, rəssam Soltan Soltanlı (Soltan Yol) Modern.az-ın suallarını cavablandırıb.

49 yaşlı rəssam Ağsu rayonunun Kalva kəndində anadan olub. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Əsrlərindən ibarət “Soltan gülür” (1999), “Soltanın cizgiləri” (2000), “Karikaturalar” (2002), "İrrealizm" (2018), “Anlam” (2024) kataloqları çap olunub.

O, beynəlxalq miqyasda aktiv fəaliyyəti ilə seçilir. Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, M.F.Axundov adına Milli Kitabxanada, eləcə də İranın Təbriz və Ərdəbil şəhərlərində (2004), Müasir İncəsənət Muzeyində (2023) fərdi sərgiləri keçirib. Dünyanın 50-dən çox ölkəsində muzey və şəxsi kolleksiyalarda əsərləri qorunmaqdadır. Əsərləri yüzlərlə beynəlxalq sərgi, festival və müsabiqənin kataloqunda yer alıb.

Müsahibəni təqdim edirik:

Soltan müəllim, karikaturaçı kimi Azərbaycanda bu sənətin keçmişini necə qiymətləndirirsiniz?

- Dünya karikaturasının əsas özüllərindən biri Azərbaycan karikatura sənətidir. Bu özül 1906-cı ildə “Molla Nəsrəddin” jurnalının nəşrə başlanması ilə qoyulub. 8 səhifəlik jurnalın 4 səhifəsi karikatura, digər səhifələri isə yazı idi. Cəlil Məmmədquluzadə həmin karikaturalarla oxuya bilməyən kütləyə önəmli məlumatlar ötürməyə çalışırdı.

“Molla Nəsrəddin”in nəşrə başladığı gün bütün dünyada Beynəlxalq Karikaturaçılar Günü kimi qeyd olunur. Bu haqda qərar 2005-ci ildə qəbul edilib. Təbriz Karikaturaçılar Assosiasiyasının rəhbəri Rəhim Baqqal Əsgərinin bu işdə böyük xidməti var.  

“Molla Nəsrəddin” jurnalının 8 sayı Təbrizdə çıxıb və  bu, İran karikaturasının başlanğıcı hesab olunur.

- Jurnalistikamızda karikatura sənəti niyə davam etdirilmədi?

- 1990-cı illərdə Azərbaycanda karikatura sənətinə böyük maraq var idi. Mən eyni zamanda bir neçə qəzet üçün karikatura çəkirdim. "525-ci qəzet", "Avrasiya", “Hər gün" qəzetlərinə karikaturalarım gündəlik nəşr olunurdu. Eyni zamanda jurnalist kimi fəaliyyət göstərirdim.

Yazı informasiyanı ötürmək üsuludur, karikatura da həmin yazını aydınlaşdırmaq üçün bir üsuldur. Bu, mövzunun ikiqat aydınlığı deməkdir. 1995- 2005-ci illərdə qəzetlərdə ardıcıl karikaturaçı kimi çalışmışam. Sonradan qəzetlərin karikaturaya marağı azaldı və ardınca qəzetlərdən karikatura tamam yoxa çıxdı. Mən dünyanı izləyirəm, həm kağız çap mediasında, həm də onlayın mediada karikatura öz yerini qorumaqdadır.

- Tənqidi rəsm sizin üçün nə kəsb edir?

- İnsanlarda elə bir təsəvvür var ki, karikatura çəkərkən rəssam mütləq kimisə, konkret şəxsi nəzərdə tutur. 

Vaxtilə bir qəzet üçün karikatura çəkmişdim. Orada iki süpürgəçi təsvir olunmuşdu. Biri o birinə deyirdi: “Getdim xarici şirkətdə işləməyə, dedilər, ingilis dilini bilməlisən…" Bir neçə gün sonra redaksiyaya gedəndə mənə xadimənin narazılığını çatdırdılar. O elə bilmişdi ki, karikaturada onu təsvir etmişəm. Halbuki heç üzünü də görməmişdim. 

İstənilən karikatura ümumiləşmiş mənanı, fikri ifadə edir. Bir çox halda karikaturaya oxucu, tamaşaçı özü məna verir. Baxış bucağından asılı olaraq bir karikatura  fərqli mənalar ifadə edə bilər. Karikatura konkret məna kəsb etsə də, ona həm də mücərrəd, ümumi yanaşmaq gərəkdir.

Sərgilərimdə müşahidə etmişəm, tamaşaçılardan kimsə bir əsərin qarşısından dəfələrlə keçir. Növbəti dəfə keçəndə dayanır və qəhqəhə çəkərək gülür. Çünki o artıq rəsmi başa düşür, məna verə bilir. Ən qəribəsi də budur ki, insan əsərdə özünə aid olan detalı görəndə ya sarsılır, ya gülür. Bu, satiranın nadir özəlliyidir.

- Rəngkarlığınızda minimalizm aydın görünür. İlk baxışdan asanlıqla qavranacaq bir əsər təsiri bağışlayır. Daha sonra dərinlik müşahidə olunur. Düşündükcə anlayırsan ki, dərin mənalara yol almaq lazımdır

- Azərbaycan rəssamlıq sənətinin tarixi elə də qədim deyil. Keçmiş Əzim Əzimzadə adına rəssamlıq məktəbinin yaradılmasından 105 il ötür. Sənətdə öz üslub və mövzularını yaratmaq çətin məsələdir. Bunun üçün illərimi sərf etmişəm. 1993-cü ildə kənddən Bakıya oxumağa gəldim və Azərbaycanın məşhur rəssamlarının emalatxanalarını gəzdim, fırça ustalarıyla tanış oldum. Mən Azərbaycan rəssamlığında məzmun çatışmazlığı hiss edirdim. Düşünürdüm, necə bir üslub yarada bilərəm ki, tam fərqli olsun? O dövrdə mən rəssamlıq təhsili almaq istəmədim, ona görə ki, özümü qəlibə düşməkdən qorudum. 

Bu işdə mənə məktəb oxumayan, amma məktəb yaradan dünyanın məşhur rəssamları Leonardo  da Vinçi, Van Qoq, Frida Kahlo, Pol Sezan, Pol Qogen, Renato Kutuzzo kimi məşhur rəssamların həyat yolu örnək oldu. 

Çox çalışdım, nəhayət, öz üslübumu yarada bildim. Əminliklə deyə bilərəm ki, yaratdığım üslub nəinki Azərbaycan, dünya rəssamlığında da nadir tərzlərdən biridir. Burada həm də məzmun fərqi diqqəti cəlb edir. Yolumu tapana qədər yaratdığım əsərlərimi sonradan cırdım. Çünki çəkdiyim əsərlər başqalarının yaradıcılığına bənzəyirdi. Mən isə bunu istəmirdim. Qoy, məndən sonra zəif, başqalarınkına bənzəyən əsərlər qalmasın. 

- Əsərlərinizdə, yaradıcılığınızda başlıca hədəf nədir?

- Yaradıcılığımda bir hədəfim var: mənaya yetmək və tamaşaçını mənaya çatdırmaq. Dünyanın, kainatın dili birdir – məna, mahiyyət dili. Mən də sənətdə bu dildə danışmağı sevirəm. Bütün mövzularım insanla bağlıdır. İnsanın cəmiyyətdə yeri, rolu, düşüncəsi, xoşbəxtliyi, faciəsi əsas mövzularımdır. 
Müxtəlif mövzularda seriya əsərlərim var. Məsələn, məndə at mövzusu var, bəlkə 20 əsər çəkmişəm. Eləcə də, ip, saç, saqqal mövzularında çoxlu əsərlərim var. Əsərlərimdə hökmən yüksək bədiilik, fəlsəfilik və məntiqlik yer alır. 

Dediyim kimi, birinci növbədə tablolarımda  mənanı qabardıram. Məzmun, məna açıq-aydın görünsün və tamaşaçı onu axtarıb tapmaqda çətinlik çəkməsin. Sənətin birinci məqsədi insanlığa xidmət etmək olmalıdır. Mən əsərlərimlə birinci öz xalqıma, sonra bəşəriyyətə xidmət göstərirəm.

Sənətkar əziyyət çəkib mənanı tamaşaçıya aydın göstərməlidir. Burada sadə ifadə etmək başlıca şərtdir. O qədər dərin düşünmək lazımdır ki, sadə çəkə biləsən.

- Əsərlərinizə baxanda belə təsəvvür yaranır ki, rəssam gərək çox sahəni bilsin. Sizcə, yaxşı sənətkar olmaq üçün başqa hansı keyfiyyətlərə sahib olmaq lazımdır

-  "Təsvirçi rəssam"la "ifadəçi rəssam" anlayışları fərqlidir. İfadəçilik dedikdə həyata yaradıcı münasibət başa düşülür. Əgər əsərdə hansısa məna yükü, həyata yaradıcı münasibət yoxdursa, bu, sadəcə olaraq gerçəkliyin təsviridir. Bu mənada rəssamın hər hansı bir elmi, məsələn, coğrafiyanı bilməsi şərt olmaya bilər. Lakin dünyagörüşü, təbiət, insan və cəmiyyət haqqında təsəvvürləri dolğun olmalıdır. Güclü müşahidə və dəqiq analizlər aparmalıdır. Fikir vurucu olmalıdır və ən incə detallara qədər getməyi bacarmaq lazımdır.

Rəssamın hansı keyfiyyətdə olması sualına gəldikdə, insan hansı xarakterə malikdirsə, yaradıcılığı da o biçimdədir. Adətən yaradıcı tiplər haqqında deyirlər ki, onlar çəkingən olurlar,  öz dünyalarına  qapılırlar. Mən belə deyiləm, döyüşkən tipəm.

- İlham mənbəyi kimi etalonunuz varmı? Yaradıcılıq mənbəyiniz bizə məlum olmayan mücərrədlikdir, ya necə?

- Bəzən eşidirik ki, guya hansısa sənətkar kosmosdan enerji, vergi alır. Bunlar cəfəng fikirlərdir. Mən ayıq başla düşünürəm və görəcəyim işə fokuslanıram. Konkret hədəflədiyim aydın mətləblər olur, lakin çəkəcəyim əsərin üzərində çox düşünürəm. Mütləq yanımda eskiz üçün kağız, karandaşım olur. İdeyanı tapandan sonra fərəh yaranır. Bəzən bir ideyanı aylarla axtarıram. Əsərlərim üç mərhələdə ərsəyə gəlir: kağız üzərində ağ-qara qrafika çəkirəm, sonra onu sulu boya ilə işləyirəm, daha sonra kətan üzərinə köçürürəm.

- Bəyənmədiyiniz işiniz var?

- Bəzən daxili aləmini   tabloya verə bilmirsən, heç cür mümkün olmur. Əslində, bu, sənətkarın elə daxili aləmi ilə bağlı məsələdir. Əsər alınmayanda ya kətanın üzərindəki boyanı sıyırırsan, ya da cırırsan. Əvvəldə dediyim kimi, məni təmin etməyən çoxlu əsərimi cırmışam. Bu ədəbiyyatda da olub. L.Tolstoy bir əsərini dəfələrlə yazır, üzünü köçürür, qısaldır, daha dolğun hala salırdı...

Cavid Zahidoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı