Modern.az

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir - MÜSAHİBƏ

Azərbaycanda hər 10 nəfərdən biri diabetdən əziyyət çəkir - MÜSAHİBƏ

Müsahibə

Bu gün, 08:53

Hidayət Məmmədzadə: "Azərbaycanda diabet və ya diabet riski olanların sayı 1 milyondan çoxdur"

"Xəstəliyindən xəbərsiz olan minlərlə insan da var"

"Qadınların 30-40 faizində qalxanabənzər vəz problemləri müşahidə olunur"

Türkiyə Endokrinologiya və Metabolizm Dərnəyinin Azərbaycan Respublikasından ilk fəxri üzvü, həkim-endokrinoloq Hidayət Məmmədzadə Modern.az saytına geniş müsahibə verib. 

Onunla müsahibəni təqdim edirik:

-  Azərbaycanda ən çox rast gəlinən endokrin xəstəliklər hansılardır və bunun əsas səbəbləri nədir?

-  Azərbaycanda endokrinoloji xəstəliklər kifayət qədər geniş yayılıb. Lakin cəmiyyətin böyük hissəsi bu problemlərin fərqində olmur. Bir çox hallarda insanlar müxtəlif həkimlərə müraciət edir, endokrinoloqa isə artıq xəstəlik ağırlaşdıqdan sonra gəlirlər. Endokrin xəstəliklər arasında ən geniş yayılanı şəkərli diabetdir. Artıq demək olar ki, hər ailədə bu xəstəliklə qarşılaşmaq mümkündür. Beynəlxalq Diabet Federasiyasının məlumatlarına görə, Azərbaycanda şəkərli diabet xəstələrinin sayı təxminən 715,3 min nəfərə çatmışdır. Bununla yanaşı, xəstəliyindən xəbərsiz olan minlərlə insan da var və onlar yalnız fəsadlar yarandıqdan sonra həkimə müraciət edirlər. Statistik məlumatlara görə, dünyada təxminən hər yetkin 10 nəfərdən birində şəkərli diabet müşahidə olunur. Bu baxımdan ölkəmizdə də xəstəliyin yayılması kifayət qədər yüksəkdir. Diabetdən sonra ən çox rast gəlinən xəstəliklərdən biri qalxanabənzər vəz xəstəlikləridir. Xüsusilə reproduktiv yaşda olan qadınların təxminən 30-40 faizində qalxanabənzər vəzlə bağlı problemlər müşahidə olunur. Autoimmun tireoidit, xüsusilə Haşimoto xəstəliyi və əhali arasında zob kimi bilinən problemlər ölkəmizdə geniş yayılıb. Bundan başqa, osteoporoz dediyimiz və xalq arasında sümük əriməsi kimi bilinən problemlər də endokrin xəstəliklər sırasına daxildir. Bu problem əsasən menopauza dövründə olan qadınlarda və yaşlı kişilərdə daha çox müşahidə olunsa da, bəzi hallarda gənc insanlarda da rast gəlinir. Ümumilikdə endokrinologiya hormonal sistemlə bağlı çox geniş sahəni əhatə edir. Buraya şəkərli diabet, qalxanabənzər vəz, osteoporoz xəstəlikləri ilə yanaşı hipofiz və böyrəküstü vəzi xəstəlikləri, metabolik, elektrolit pozğunluqları, piylənmələr, bəzi genetik sindromlar, xolesterin mübadilə xəstəlikləri, həmçinin cinsiyyət vəziləri ilə bağlı cinsi-hormonal problemlər və s. daxildir. Bu sahəyə kişi reproduktiv sistemi, qadın hormonal xəstəlikləri, yumurtalıq və paratiroid vəz xəstəlikləri də aiddir. Biz əsasən və daha çox ağırlaşmış və fəsadları olan xəstələrlə məşğul oluruq. Çalışırıq ki, hər bir xəstəyə düzgün diaqnoz qoyaq, effektiv müalicə təyin edək və lazım gəldikdə ailə üzvlərinin də skrininq müayinəsini aparaq. Endokrinoloji xəstəliklərdə ən vacib məqamlardan biri isə təqibdir. Yəni xəstəyə diaqnoz qoyulub müalicə təyin edilməsi ilə iş bitmir. Müalicənin effektinin necə olduğunu, hormon səviyyələrinin necə dəyişdiyini və xəstənin vəziyyətini mütəmadi olaraq nəzarətdə saxlamaq mütləqdir. Bu sahədə diaqnoz, müalicə və təqib bir-biri ilə sıx bağlı proseslərdir.

-  Hidayət müəllim, bu yaxınlarda Romada 40-cı Beynəlxalq Ginekoloji Endokrinologiya konfransda şifahi təqdimatla çıxış edən ilk azərbaycanlı endokrinoloq olmusunuz. Sizcə, bu kimi beynəlxalq platformalarda iştirak ölkəmizin tibb elminin beynəlxalq platformalarda tanıdılması və inkişafına nə vəd edir?

-  İtaliyanın paytaxtı Roma şəhərində keçirilən həmin konqres dünya miqyasında nüfuzlu tədbirlərdən biri idi. Martın 4-dən 6-dək davam edən konqresdə dünyanın müxtəlif ölkələrindən qadın endokrinologiyası və ümumilikdə cinsiyyət endokrinologiyası ilə maraqlanan 3 mindən çox həkim iştirak edirdi. Azərbaycan nümayəndə heyəti də həmin tədbirdə təmsil olunurdu. Belə konqreslərin əsas üstünlüyü odur ki, biz ən yeni protokollarla tanış oluruq, dünyaca aparıcı mütəxəssislərin çıxışlarını dinləyirik, ünsiyyət qururuq, onlarla canlı müzakirələr aparırıq. Bu, bizim peşəkar inkişafımız, eləcə də Azərbaycanlı xəstələrin daha doğru, daha müasir yanaşma ilə müalicə olunması üçün də vacibdir.  Mən konqresə düzgün diaqnoz qoyaraq, uğurlu müalicə etdiyimiz 6 nadir klinik hal təqdim etmişdim. Bunların hamısı real azərbaycanlı xəstələr idi və çox maraqlı nadir, eyni zamanda, çətin sindromlardan bəhs edirdi. Həmin klinik hallardan biri təşkilat komitəsinin xüsusi diqqətini çəkdi və onlar bunu şifahi təqdimat formatında etməyimi istədilər. Mən razılaşdım və çıxışı təqdim etdim. Təqdimat zamanı dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərlə fikir mübadiləsi apardıq. Auditoriyada müxtəlif millətlərdən - yunanlar, ermənilər, italyanlar, almanlar və digər ölkələrin nümayəndələri də var idi. Bizim siyasi fəaliyyətimiz yoxdur, amma xaricdə çıxış edəndə insan istər-istəməz özünü öz ölkəsinin təmsilçisi, bir diaspor nümayəndəsi kimi hiss edir və ölkəmizi layiqincə təqdim etməyin məsuliyyətini daşıyır. Mənim təqdimatım 46, XX kişi sindromu ilə bağlı nadir klinik hal haqqında idi. Yəni cinsi xüsusiyyətlərinə görə kişi kimi tanınan, lakin genetik olaraq qadın kariotipinə malik olan bir xəstənin diaqnostikası və uğurlu müalicəsi ilə bağlı təcrübəmizi həmkarlarımızla bölüşdük. Bu təqdimat konqresdə geniş müzakirələrə səbəb oldu və böyük maraqla qarşılandı. Mənim üçün ən böyük uğur isə o oldu ki, təqdimatdan sonra xarici həmkarlar, iştirakçılar, xüsusilə, tədbirdə moderator olan fransız professor Azərbaycanın tibbi potensialına fərqli gözlə baxmağa başladılar. Təşkilat komitəsi də xüsusi olaraq bildirdi ki, bu konqresdə indiyədək heç bir azərbaycanlı endokrinoloq şifahi təqdimatla çıxış etməyib. Bu da öz növbəsində həm qürurverici, həm də məsuliyyətimi artıran məqam idi. Bu günə qədər dünyanın 30-dan çox ölkəsində keçirilən konqreslərdə Azərbaycanı təmsil etmişəm. Bununla belə, Romada keçirilən bu konqresdə ilk azərbaycanlı endokrinoloq kimi çıxış etmək mənim üçün xüsusi qürur idi. Ümumiyyətlə, belə platformalarda iştirak Azərbaycan tibb elminin dünya elminə inteqrasiyası baxımından çox vacibdir. Orada təqdim olunan işlər sonradan beynəlxalq tibbi axtarış sistemlərinə daxil olur. Yəni sabah Braziliyada, Misirdə, Fransada və ya başqa bir ölkədə çalışan həkim internetdə axtarış apararkən Azərbaycanda belə bir klinik halın araşdırıldığını görə bilər.

-  Hormonal pozuntuların erkən diaqnostikası nə üçün bu qədər vacibdir və insanlar adətən hansı simptomları görməzdən gəlirlər?

-  Endokrinologiyada hormonal simptomlar çox müxtəlif və rəngarəng olduğu üçün xəstələr bəzən bu şikayətlərlə əvvəlcə müxtəlif ixtisaslı həkimlərə müraciət edirlər. Halbuki bir sıra əlamətlər var ki, onlar birbaşa endokrin pozğunluqlarla bağlı ola bilər. Ən çox rast gəlinən şikayətlərdən biri səbəbi bilinməyən yorğunluq və halsızlıqdır. Saç tökülməsi, dəri problemləri, dırnaqların tez qırılması, dərinin quruması kimi əlamətlər də hormonal pozğunluqlarla əlaqəli ola bilər. Belə şikayətlər uzun müddət davam edərsə, mütləq endokrinoloqa müraciət etmək tövsiyə olunur. Bundan əlavə, çəki ilə bağlı problemlər də mühüm siqnallardan biridir. Xüsusilə, qısa müddətdə səbəbsiz çəki artımı və ya əksinə, çəkinin sürətlə azalması hormonal pozğunluqlardan xəbər verə bilər. Piylənmə problemi və ya son aylarda sürətlə artan çəki də mütləq endokrinoloji müayinəyə əsas yaradır. Bundan başqa, görmə ilə bağlı problemlər, ağız quruluğu, çox sidiyə çıxma, gecələr tez-tez sidiyə durma və davamlı susuzluq hissi kimi əlamətlər şəkərli diabetin göstəricisi ola bilər. Bu cür şikayətləri olan şəxslər mütləq şəkərli diabet baxımından yoxlanılmalıdır. Boyun nahiyəsində sıxılma, boğulma hissi, diskomfort və ya ağrı da qalxanabənzər vəz xəstəliklərinin əlaməti ola bilər və belə hallarda da endokrinoloqa müraciət etmək vacibdir. Aybaşı pozğunluqları, cinsiyyət sistemi ilə bağlı problemlər və sonsuzluq halları da həm qadınlarda, həm də kişilərdə çox vaxt hormonal səbəblərlə bağlı olur. Bu səbəbdən belə problemlərlə qarşılaşan şəxslərin də endokrinoloji müayinədən keçməsi vacibdir. Ümumilikdə endokrin xəstəliklər çox geniş sahəni əhatə edir. Dəri problemlərindən tutmuş çəki dəyişikliklərinə, adət pozğunluqlarından səbəbi bilinməyən yüksək qan təzyiqinə qədər bir çox vəziyyət hormonal pozğunluqlarla əlaqəli ola bilər. Endokrinologiya daxili xəstəliklərin üst bölməsidir və demək olar ki, bütün tibbi ixtisaslarla sıx əlaqəlidir. Bu səbəbdən şikayətlərin spektri çox genişdir. Əsas məsələ xəstəliyin vaxtında aşkar olunmasıdır. İnsanlar vaxtında həkimə müraciət etdikdə, biz diaqnozu erkən mərhələdə qoyaraq xəstəliyin ağırlaşmasının qarşısını ala və müalicəni daha effektiv şəkildə həyata keçirə bilirik.

-  Siz, Beynəlxalq Ginekoloji konfransdakı çıxışınızda bir sıra nadir sindromlardan da bəhs etmisiniz. Ümumiyyətlə, genetik və hormonal xəstəliklərin gec diaqnoz qoyulmasının əsas səbəbləri nələrdir?

-  Səbəblər müxtəlifdir. Bəzən xəstələr həkimə vaxtından gec müraciət edirlər. Çünki problemin mahiyyətini və ya əlamətlərin ciddi bir xəstəliklə əlaqəli olduğunu bilmirlər. Digər tərəfdən, bəzi hallarda həkimlər tərəfindən də xəstəliyin vaxtında aşkar edilməməsi mümkündür və bu da diaqnozun gecikməsinə səbəb olur. Nümunə olaraq, mənim təqdim etdiyim klinik hallardan biri 34 yaşında gec diaqnoz qoyulmuş Turner sindromu ilə bağlı idi. Turner sindromu adətən genetik xəstəlik olmaqla yanaşı, dünyada əksər hallarda hələ ana bətnində və ya erkən yaşlarda diaqnoz qoyulur. Lakin mənim rastlaşdığım xəstədə bu sindromu 34 yaşında aşkar etdik. Xəstə bizə yüksək şəkərli diabet səbəbi ilə müraciət etmişdi. Müayinə zamanı diqqətimi çəkən məqamlardan biri onun boyunun çox qısa, 1.34 sm olması idi. Araşdırmalar zamanı məlum oldu ki, xəstə 19 yaşından sonra adət görməyib. Yəni bir neçə il aybaşı olub, daha sonra isə tamamilə kəsilib. Aparılan genetik analizlər nəticəsində isə Turner sindromu diaqnozu təsdiqləndi. Əslində Turner sindromu kimi bir xəstəliyin 34 yaşında aşkar olunması normal hal deyildir. Bu sindromu olan qadınlarda çox vaxt erkən menopoz baş verir və müxtəlif reproduktiv risklər artır. Bu fakt bir daha göstərir ki, xəstənin gec müraciət etməsi və bəzi hallarda əvvəl müraciət etdiyi həkimlərin bu xəstəliyin fərqinə varmaması diaqnozun gec qoyulmasına səbəb ola bilər. Bu səbəbdən xəstəni kompleks şəkildə müayinə və düzgün diaqnoz etmək lazımdır. Lazım gəldikdə digər ixtisaslardan olan həkimlərlə məsləhətləşmək, multidissiplinar yanaşma tətbiq etmək çox vacibdir. Əsas məqsəd xəstəyə zərər verməməkdir. Hippokrat dövründən bu günə qədər tibbin əsas prinsiplərindən biri də “əvvəlcə zərər vermə” şüarıdır. Vaxtında qoyulan diaqnoz həqiqətən həyat qurtara bilər. Erkən diaqnostika xüsusilə genetik sindromlarda çox böyük əhəmiyyət daşıyır. Çünki genetik xəstəliklərin böyük bir hissəsində endokrin və hormonal pozğunluqlar da müşahidə olunur. Bu problemlər cəmiyyətimizdə həqiqətən də çox yayılıb və buna görə də xəstələrə daha geniş, kompleks yanaşma ilə baxmaq və müalicəni bu prinsip əsasında aparmaq vacibdir.

-  Azərbaycanda hormonal və genetik xəstəliklərin aşkarlanması üçün diaqnostika imkanlarını necə qiymətləndirirsiniz? Bu sahədə hansı yeniliklərə ehtiyac var?

-  Bir tərəfdən bu çox ağrılı bir sualdır. Çünki bizim ölkəmizdə genetik xəstəliklərin sayı kifayət qədər çoxdur. Bunun əsas səbəblərindən biri də illərdən bəri cəmiyyətimizdə qohum evliliklərinin geniş yayılmasıdır. Qohum nikahları genetik xəstəliklərin ortaya çıxma riskini əhəmiyyətli dərəcədə artırır. Açıq danışsaq, bir çox ailələrdə - ata-babalarımızın, əmi və dayılarımızın ailələrində belə nikahlara rast gəlmək mümkündür. Bu isə genetik xəstəliklərin üzə çıxma ehtimalını artıran amillərdən biridir. Tibbi baxımdan isə qohum nikahları arzuolunan hal sayılmır. Çünki belə evliliklərdə qan xəstəlikləri, müxtəlif genetik sindromlar, həmçinin hormonal və endokrin xəstəliklər daha çox üzə çıxa bilir. Digər tərəfdən, erkən diaqnostika məsələsində də müəyyən problemlər mövcuddur. Bəzən həkimlər də bu xəstəliklərin fərqinə dərhal varmaya bilirlər. Ona görə də əsas məqsəd cəmiyyətə bir fikri mütləq aşılamaqdan ibarət olmalıdır. İnsan özünü sağlam hiss etsə belə, ildə ən azı bir dəfə profilaktik müayinədən keçməlidir. Nümunə olaraq, D vitamini çatışmazlığı, insulin rezistentliyi kimi problemlər hazırda əhali arasında, xüsusilə də uşaqlar arasında geniş yayılıb. Çox vaxt insanlar bu problemlərin fərqində olmurlar və xəstəlik artıq ağır mərhələyə keçəndə həkimə müraciət edirlər. Halbuki həmin problemləri məsələn, şəkərli diabeti prediabet mərhələsində aşkarlamaq və qarşısını almaq mümkündür. Ona görə də erkən diaqnostika çox böyük əhəmiyyət daşıyır. Xüsusilə genetik risk qrupuna daxil olan şəxslər - yəni qohum nikahlarından doğulan uşaqlar və belə ailələrdə böyüyən insanlar müayinələrə diqqətli olmalıdırlar. Onlar profilaktik yoxlamalara daha həssas yanaşmalı və sağlamlıqlarını mütəmadi nəzarətdə saxlamalıdırlar.

-  Son illərdə niyə hormon pozuntuları və qalxanabənzər vəz problemləri daha çox görünür?

-  Bunun bir neçə mühüm səbəbi var. Əvvəla, günümüzdə insanların qidalanma tərzi dəyişib. Hazır qidalar, fast-food, süni əlavəli məhsullar artıb. Təbii və orqanik qidalanmaya maraq isə azalıb. Halbuki xüsusilə diabet və metabolik xəstəliklərdə qidalanma birbaşa rol oynayır. İkinci mühüm amil isə hərəkətsizlikdir. Masa arxası həyat, avtomobildən çox istifadə, açıq havadan uzaq qalmaq, fiziki aktivliyin azalması hormonal xəstəliklərin artmasına səbəb olur. Üçüncü məsələ rəqəmsal həyat tərzi və yuxu rejiminin pozulması ilə sıx əlaqəlidir. İnsanlar telefon, planşet, kompüter, Wi-fi və ümumilikdə yüksək texnoloji yüklənmə içində yaşayır. Ona görə də zaman-zaman “digital detoks” etmək vacibdir.

-  Gənc qadınlar arasında hormonal problemlərin artdığı qeyd olunur. Bunun həyat tərzi, qidalanma və stresslə əlaqəsi varmı?

-  Bir həkim olaraq deyə bilərəm ki, hər həftə gənc yaşda, hətta məktəbli və tələbə qızlarda tireoid xərçəngi halları ilə qarşılaşıram. Bu, əlbəttə ki, bir həkim olaraq bizi narahat edir. Hazır qidalar, fast-food və s. süni paket qidalardan uzaq durmaq çox önəmlidir. Mən xüsusilə tireoid xəstəlikləri ilə bağlı mobil radiasiyanın mümkün mənfi təsirlərini diqqətə almağın vacib olduğunu düşünürəm. Gənc yaşlarda tireoid düyünləri və hətta xərçəng hallarının artması bizi ciddi düşündürməlidir. Bundan əlavə, xroniki stress, yuxu rejiminin pozulması, gec yatmaq, günəş işığından az istifadə, ekoloji çirklənmə də hormonal tarazlığa mənfi təsir göstərir. İnsan bioloji olaraq təbiətlə ritmdə yaşamalıdır. Biz isə getdikcə bundan uzaqlaşırıq. Gecə saat 1, 2, 3-ə qədər oyaq qalmaq yuxusuzluğa, stressə, hormonal pozğunluqlara və xüsusilə piylənmə riskinin artmasına səbəb olur. Bütün bu həyat tərzi dəyişiklikləri nəticə etibarilə müxtəlif xəstəliklərin yaranma ehtimalını artırır. Ona görə də sağlam qidalanma, fiziki aktivlik, düzgün yuxu rejimi və texnologiyadan balanslı istifadə insan sağlamlığı üçün çox vacibdir.

-  Qadınlarda sonsuzluq hallarında endokrin problemlərin rolu nə qədərdir və bu problemlər nə dərəcədə müalicə oluna bilir?

-  Uşaq dünyaya gətirmək, ana olmaq hər bir qadının haqqıdır. Əslində hamiləlik fizioloji bir prosesdir. Sadəcə olaraq həkim nəzarətində olmaq bu prosesi daha təhlükəsiz və nəzarətli şəkildə aparmağa kömək edir. Əlbəttə ki, bunun üçün hormonal sağlamlıq çox önəmlidir. Məsələn, şəkərli diabeti olan bir qadın hamilə qalmaq istəyirsə, mütləq əvvəlcədən həkimlə məsləhətləşərək hamiləliyi planlaşdırmalıdır. Eyni qayda tireoid problemi olan qadınlara da aiddir. Belə hallarda hamiləlik mütləq həkim nəzarətində planlaşdırılmalı və izlənilməlidir. Bu məsələ yalnız qadın sağlamlığı ilə bağlı deyil, kişi sağlamlığı üçün də çox önəmlidir. Sonsuzluq problemi yaşayan şəxslərə mütləq endokrinoloq müayinəsindən keçməyi tövsiyə edirik. Hər iki tərəfdə hormonal vəziyyət yoxlanılmalıdır. Əgər problem aşkarlanarsa, onun müalicə yolları var. Müasir tibbdə yardımçı reproduktiv texnologiyalar kifayət qədər inkişaf edib və bir çox hallarda hamiləliyə nail olmaq mümkündür. Əsas məsələ problemin vaxtında aşkar olunması və düzgün diaqnoz qoyulmasıdır. Sonsuzluğun səbəbləri müxtəlif ola bilər. Tireoid vəz xəstəlikləri, cinsiyyət vəziləri ilə bağlı hormonal problemlər, piylənmə, böyrəküstü vəz və hipofiz vəz xəstəlikləri bunların sırasındadır. Bəzən Cushing sindromu kimi xəstəliklər də sonsuzluğa səbəb ola bilir. Məsələn, öz təcrübəmdən xatırladığım bir pasiyent var idi. Bir neçə dəfə sonsuzluq səbəbilə illərlə ginekoloqa müraciət etmişdi, lakin problemin səbəbi aşkarlanmamışdı. Müayinələr zamanı ona Cushing sindromu diaqnozu qoyuldu. Xəstə əməliyyat olunduqdan və cəmi 1 ay keçəndən sonra hamilə qaldı. Halbuki illərlə sonsuzluq problemi yaşayırdı. Bu bir daha göstərir ki, düzgün diaqnoz və doğru müalicə çox böyük rol oynayır. Bəzən problem sadəcə vaxtında aşkarlanmadığı üçün insanlar uzun illər övlad sahibi ola bilmirlər. Halbuki səbəb müəyyən edildikdən və müalicə aparıldıqdan sonra normal şəkildə hamiləlik baş verə bilər. Ona görə də uşaq problemi yaşayan, sonsuzluqla üzləşən istər qadın, istər kişilər ən azı bir dəfə endokrinoloq müayinəsindən keçməli, hormonal analizlər etdirməli və mütləq mütəxəssis məsləhəti almalıdırlar. Bu kimi onlarla, yüzlərlə Sizə nümunə göstərə bilərəm.

-  Uzunmüddətli hormonal preparatların, xüsusilə oral kontraseptivlərin istifadəsi hansı risklər yarada bilər və bu preparatlar həkim nəzarəti olmadan istifadə oluna bilərmi?

-  Əslinə qalsa, heç bir dərman, hətta adi vitaminlər belə həkim nəzarəti olmadan qəbul edilməməlidir. İnsanlar bəzən vitaminləri zərərsiz hesab edib özbaşına qəbul edirlər, amma bu da düzgün deyil. Bütün dərmanlar, o cümlədən mineral, vitaminlər də həkim məsləhəti ilə qəbul olunmalıdır. Məsələn, oral kontraseptivlər riskli dərman qrupuna daxildir və onların qəbulu mütləq həkim nəzarətində olmalıdır. Yeri gəlmişkən qeyd edim ki, Romada keçirilən Qadın Endokrinologiya Konqresində təqdim etdiyim klinik hallardan biri 39 yaşlı qadında oral kontraseptiv qəbulundan sonra baş verən insultla bağlı idi. Bu klinik hal konqres iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Həmin qadın 39 yaşında idi və siqaret çəkirdi. Siqaret çəkən insanlarda insult riski onsuz da yüksək olur. Araşdırmalar zamanı məlum oldu ki, xəstə kontraseptiv preparatlar qəbul edir. Halbuki bu yaşda və xüsusilə siqaret çəkən qadınlarda belə dərmanların qəbulu risklidir. Oral kontraseptivlər insult riskini artıra bilər. Bundan əlavə, bəzi hallarda bu qrup dərmanlar süd vəzi xərçəngi riskinin də artması ilə əlaqələndirilir. Ona görə kontraseptivlərin qəbulu mütləq həkim nəzarətində aparılmalı, müəyyən yaşdan sonra isə ya ümumiyyətlə verilməməli, ya da ciddi müayinələr və nəzarət altında tətbiq olunmalıdır. Digər tərəfdən, əvəzedici hormonal terapiya məsələsi var. Xalq arasında buna bəzən zob dərmanları deyilir. Məsələn, qalxanabənzər vəz hormonlarının və ya böyrəküstü vəz hormonlarının verilməsi halları olur. Bu zaman əslində bədəndə çatışmayan fizioloji hormonlar əvəz edilir. Lakin bu dərmanlar da mütləq həkim nəzarətində qəbul olunmalıdır.

Tibbdə belə bir prinsip var: dərmanla zəhər arasındakı əsas fərq dozadır. Dərman düzgün və uyğun dozada verilməlidir. Bunun üçün xəstə müəyyən müayinələrdən və analizlərdən keçməlidir. Həkimlər bu analizlərin nəticələrinə əsasən dərmanın dozasını təyin edir və müəyyən aralıqlarla nəzarət aparırlar. Məsələn, tireoid hormonları təyin ediləndə onların dozası laborator nəticələrə uyğun olaraq müəyyən edilir və mütəmadi şəkildə yoxlanılır. Təəssüf ki, nəzarətsiz dərman qəbulunun ciddi fəsadlara gətirib çıxardığı hallarla da rastlaşırıq. Yaxın zamanda belə bir hadisə ilə qarşılaşmışdım. Tireoid əməliyyatından sonra xəstəyə kalsium preparatı təyin olunmuşdu. Lakin xəstə uzun müddət bu dərmanı nəzarətsiz şəkildə qəbul edib və heç bir müayinəyə getməyib. Bununla da, orqanizmdə kalsiumun həddindən artıq artması baş verib və bu da böyrək çatışmazlığına səbəb olub. Belə hallar həkim kimi bizi çox narahat edir. Ona görə də xəstələrə həmişə tövsiyə edirik ki, heç bir dərmanı həkim məsləhəti və nəzarəti olmadan qəbul etməsinlər. 

-  Bəzi genetik sindromlar yalnız yetkin yaşda aşkar olunur. Bu halların erkən müəyyən edilməsi üçün hansı tibbi müayinələr vacibdir?

-  Tibbi check-up, yəni profilaktik müayinələr çox vacibdir. Amma bu müayinələrin planını və həcmini mütləq həkim müəyyən etməlidir. Xüsusilə yeniyetmələr arasında bu məsələ çox həssasdır. Əgər uşaqların hər hansı şikayəti varsa, ilk olaraq pediatra müraciət edə bilərlər. Pediatr isə hər hansı endokrin problemə şübhə edərsə, xəstəni mütləq endokrinoloqa yönləndirməlidir. Ümumiyyətlə, tibbdə multidissiplinar yanaşma çox vacibdir. Yəni hər həkim öz sahəsini daha yaxşı bilir. Mən də hər hansı xəstədə böyrəklə bağlı problem görürəmsə, onu nefroloqa, ürəklə bağlı problem görürəmsə, kardioloqa yönləndirirəm. Çünki əsas məqsəd xəstəyə zərər verməmək və mümkün olan xəstəlikləri gözdən qaçırmamaqdır. Mən bir ginekoloqun işini onun qədər dərindən bilmərəm, eyni şəkildə ginekoloq da endokrinologiyanı mənim qədər bilməz. Ona görə ehtiyac olduqda xəstə mütləq uyğun ixtisas həkiminə konsultasiya olunmalıdır, məsləhətlər edilməlidir.

Yeniyetməlik dövrü çox həssas və mühüm bir dövrdür. Bir çox genetik sindromlar və hormonal xəstəliklər məhz bu dövrdə üzə çıxır. Buna görə valideynlər bu məsələyə xüsusilə diqqətli olmalıdırlar. Məsələn, uşaqlarda boy qısalığı varsa, vaxtında müayinə olunmaq çox vacibdir. Sümük yaşı bağlandıqdan sonra artıq müalicə imkanları çox məhdud olur və qiymətli zaman itirilmiş sayılır. Eyni zamanda anadangəlmə hipotireoidizm kimi xəstəliklər də var. Əgər bu xəstəlik vaxtında aşkar olunmazsa, uşaq daha gec yaşlarda həkimə müraciət etdikdə artıq gec olur. Çünki bu zaman beynin inkişafına zərər dəyir və əqli gerilik yarana bilər. Bu, onkoloji xəstəliklərin erkən aşkar olunması baxımından da önəmlidir. Yeniyetməlik dövrü xüsusilə riskli və həssas qrup hesab olunur. Əgər uşaqlarda hər hansı şübhəli əlamət varsa, valideynlər vaxt itirmədən onları mütəxəssisə göstərməlidirlər. Məsələn, 14-15 yaşında bir qız uşağında menstruasiya başlamayıbsa, süd vəzlərinin inkişafı normal deyilsə, cinsiyyət inkişafında problem varsa və ya əksinə, həddindən artıq tüklənmə kimi problemlər yaranıbsa, belə hallarda mütləq endokrinoloqa müraciət olunmalıdır.

Təcrübəmdə çox maraqlı hallardan bir digəri də 48 yaşında özünün genetik olaraq qadın olduğunu öyrənən kişi pasiyentlə bağlı idi. Xəstə uzun illər özünü kişi kimi tanıyıb. Araşdırmalar zamanı məlum oldu ki, onun uşaqlığı var və genetik olaraq qadındır. Mən bunu tibbi olaraq analiz və müayinələrlə sübut etdim, diaqnoz qoyduq, xəstəyə protokollara uyğun hərtərəfli təlumatlar verildi. Bu kimi halları biz konqreslərdə təqdim edirik və dünya endokrinoloqları üçün də böyük marağa səbəb olur. Əslində bu hallar gecikmiş diaqnostikanın nəticəsidir. Əgər vaxtında aşkarlansaydı, xəstənin həyatı tam fərqli istiqamətdə formalaşa bilərdi. Belə hallarda artıq yalnız tibbi deyil, sosial və psixoloji yanaşma da vacib olur. Xəstənin genetik xüsusiyyətləri, sosial həyatı və özünü hansı cins kimi hiss etməsi nəzərə alınaraq qərarlar verilir və ona uyğun dəstək göstərilir. Bu sahə geniş müşahidə və güclü məntiq tələb edir. Endokrinoloq olmaq üçün daxili xəstəlikləri də yaxşı bilmək lazımdır. Tibbdə müəyyən standartlar və protokollar var. Dünyanın harasında işləməsindən asılı olmayaraq həkimlərin yazdığı müalicə prinsipləri bir-birindən ciddi fərqlənməməlidir. Amma tibbdə yalnız elmi tərəf yoxdur, bir də həkimlik sənəti var. Həkimlik bir sənətdir və hər xəstəyə fərdi yanaşma tələb edir. Hər xəstənin vəziyyəti fərqlidir və həkim onun nəyə ehtiyacı olduğunu düzgün qiymətləndirməlidir. Onu da qeyd edim ki, təqdim etdiyimiz klinik hal və təqdimatlarda xəstəyə aid məlumatlar tam şəkildə qorunur, bu barədə heç bir məlumat verilmir, bunlar hamsı məxfidir. Həkimlik sirri çox vacibdir və biz sadəcə tibbi vəziyyəti müzakirə edirik. Dünya tibb ictimayiətinə öz töhfələrimizi verib, Azərbaycan endokrinologiyası və tibbinin nə kimi xəstəliklərlə məşğul olduğunu göstərib, təcrübəmizi bölüşərək, maarifləndiririk.

-  Təcrübənizdə qarşılaşdığınız nə qədər maraqlı və nadir klinik hallar olub?

-  Artıq təxminən 30 ilə yaxın həkimlik təcrübəm var. Bu illər ərzində minlərlə xəstəyə baxmışam, çox sayda mürəkkəb və nadir endokrinoloji halları aşkar etmişəm, ağır xəstələr müalicə etmişəm. Müxtəlif sindromlar, müxtəlif xəstəliklər, fərqli ailə və həyat hekayələri ilə qarşılaşmışam. Bu cür hallarda xəstəyə məlumatı birdən-birə demək olmur. Hər şey çox həssas və uyğun dildə izah edilməlidir. Bəzən elə hallar da olur ki, xəstədə tireoid xərçəngi aşkarlanır, amma ailə üzvləri xəstənin bunu bilməsini istəmir. Belə hallarda həm xəstə, eləcə də ailəsi ilə düzgün ünsiyyət qurmaq, vəziyyəti mərhələli şəkildə və uyğun dildə izah etmək lazımdır. Unutmadığım xəstələrdən, ötən illərin birində yeni ilin gəlməsinə iki-üç gün qalmış klinikaya yatırdığım çox nəzarətsiz qalmış bir şəkərli diabet xəstəsini qeyd edə bilərəm. Qəbuldan sonra xəstədə çoxsaylı problemlərin olması aşkara çıxdı və iş planlaşdırıldığı kimi olmadı. Xəstə ayağındakı yara səbəbindən ayağını itirmək təhlükəsində qaldı və müalicə prosesi uzandı. Həmin vaxt xarici ölkəyə ailəmlə birlikdə planlaşdırdığım tətilə getmədim. Çünki, mənim tətilə verəcəyim ödənişdən çox bir insanın həyatı daha vacib idi. 15 gün xəstə ilə baş-başa qaldım.Tamamilə düzələrək, şikayətləri keçmiş, öz ayağı ilə, diabeti artıq nəzarət altında olan xəstəni, bir ananı evinə yola saldıq. Mən ona və yaxınlarına "sizə görə tətilə çıxmadım və ya ailəvi təyyarə bileti, tətil ödənişlərim batdı" deyə qətiyyən hiss etdirəcək bir söz demədim. Fikirləşdim ki, pasiyent özünü pis hiss edər, kontrollara gəlməyə utana bilər. Həkim olmağı kimsə məndən xahiş etməyib. Bu sevərək seçdiyim bir peşədir. O pasiyentim ən səmimi şəkildə mənə dediyi "Hidayət həkim, çox sağ olun" kəlməsini xəzinələrə belə dəyişmərəm. O qadın bu gün də yaşayır, üzərindən on ildən çox vaxt keçib.
Bir xəstəlik səbəbindən yanlış təsəvvürlərə bağlı boşanma təhlükəsində olan bir cütlük var idi. Onları barışdırdım, xəstəliyi müalicə etdim, bu gün də bir yerdədirlər. Hərdən təşəkkür etməyə gəlirlər. Təcrübəmdə çoxsayda maraqlı, nadir klinik hallar və xəstələrim olub. Əksər hallarda müalicələrin uğurlu olduğunu, müsbət nəticələri qeyd edə bilərəm. Həmişə xəstələrimə qayğı və diqqətlə yanaşdım. Onları Allahın bir əmanəti bildim. Bəzən bir çox xəstələrim digər həmkarlarımdan, endokrinolqlardan gələn, onların mənə danışaraq göndərdiyi xəstələr olur. Onların araşdırılması uzun vaxt tələb edir. Endokrinolgiya çox maraqlı və çətin ixtisasdır. Tireoid krizi ilə gələn 26 yaşında çox ağır vəziyyətdə olan bir neçə il əvvəl gələn bir pasiyentimi də xatırlayıram. Tibbi ədəbiyyat yazdığına görə bu xəstələrin ən yaxşı tibbi mərkəzlərdə belə 60% civarında ölüm riski var. O xəstəmiz bu gün də rahat yaşayır və biz dostluq edirik.

12 yaşında bir qız zəhərli zob şübhəsi ilə müraciət edən zaman xəstədə çoxsaylı analiz və resptlər gördüm. Qızı tam müayinə etdim və təcrübəmdən belə bir xəstəlik olmadığı qənatinə gəldim. Araşdırma zamanı məlum oldu ki, anası içdiyi zob dərmanı və qızına dermatoloqun yazdığı Biotin (bu H vitamin kompleksidir) pereparatı soyuducuda eyni qutuda saxlanılır və uşaq bilmədən anasının qutusu da bir-birinə oxşadığı üçün qəbul edir. Bir müstəntiq kimi araşdırma apardım, evdəki dərmanları gətirdim. Uşaq gah o qutudan, gah bu qutudan dərman içdiyini dedi. Uşaq xəbərsiz olaraq dərman zəhərlənməsinə girmişdir və bunu araşdıran olmamışdır. Dərmanları kəsdik bir ay sonra şikayətlər tam keçdi. Belə bu kimi sonsuz sayda bəlkə xəstələrim olub. Hər xəstə fərqli bir həyat və hekayədir. Mən xəstələrimi həmişə çox sevdim və qayğı göstərdim.

-  Azərbaycanda şəkərli diabet və digər metabolik xəstəliklərin yayılması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

-  Bu cür xəstəliklərin sayı getdikcə artır və xüsusilə şəkərli diabet çox sürətlə yayılır. Azərbaycanda diabet xəstələrinin sayı kifayət qədər çoxdur. Demək olar ki, artıq hər ailədə ən azı bir nəfərdə şəkərli diabetə rast gəlinir. Təxminən hər 10 nəfərdən biri diabet xəstəsidir. Əgər rəsmi diaqnoz qoyulmuş diabetlə yanaşı, gizli şəkər və prediabet halları da nəzərə alınsa, Azərbaycanda diabet və ya diabet riski olan insanların sayı təxminən 1 milyondan çox olduğu güman olunur. Bu, çox ciddi göstəricidir. Digər böyük problem isə piylənmədir. Azərbaycanda əhalinin təxminən 25-30 faizi artıq çəkidən və ya piylənmədən əziyyət çəkir. Bu isə diabetin yaranması üçün əsas risk faktorlarından biridir. Hətta bəzən belə deyirik ki, küçədə gördüyümüz hər iki nəfərdən biri ya diabet xəstəsidir, ya da diabetə namizəddir. Lakin bu halların hamısı rəsmi statistikada əksini tapmır. Çünki bir çox insan həkimə müraciət etmir və xəstəliyindən xəbərsiz yaşayır. Bunun əsas səbəbləri qidalanma vərdişlərinin dəyişməsi, fiziki hərəkətsizlik, yuxu rejiminin pozulması, xroniki stress və müasir həyat tərzi ilə bağlı digər faktorlarla, o cümlədən texnologiyanın və mobil radiasiyanın təsiri ilə bağlıdır.

-  Son illərdə hormonal pozuntuların psixoloji vəziyyətə təsiri barədə də çox danışılır. Endokrin xəstəliklər insanın psixoloji sağlamlığına necə təsir edir?

-  Bu kimi xəstəliklər insanların psixoloji durumuna da təsir edən başlıca faktorlardandır. İnsan orqanizmi əsasən beyin tərəfindən idarə olunur və bir çox hormonlar da məhz beyində yerləşən hipofiz vəz vasitəsilə tənzimlənir. Buna görə də hormonal sistemlə psixoloji vəziyyət bir-biri ilə çox sıx bağlıdır. İnsanların sosial həyatı, müxtəlif xəstəliklər və ümumilikdə sağlamlıq problemləri sinir sisteminə ciddi təsir göstərə bilər. Xüsusilə bəzi endokrin xəstəliklər birbaşa psixoloji vəziyyətə təsir edir. Məsələn, hipotireoidizm və digər qalxanabənzər vəz xəstəlikləri olan insanlarda tez-tez depressiya, halsızlıq, motivasiya azalması kimi hallar müşahidə olunur. Piylənmə də endokrinoloji problem olmaqla yanaşı, insanın psixoloji vəziyyətinə təsir edən amillərdən biridir. Çünki artıq çəki bəzən estetik narahatlıq yaradır və bu da insanın özünə inamına, sosial həyatına təsir edə bilir. Endokrin xəstəliklər və psixoloji problemlər bir-biri ilə çox bağlıdır və çox vaxt paralel şəkildə inkişaf edir. Buna görə də biz həkimlər yalnız fiziki müalicə ilə kifayətlənməməli, xəstənin psixoloji vəziyyətinə də diqqət yetirməliyik.

-  Gənc həkimlər və tədqiqatçılar üçün endokrinologiya sahəsində hansı istiqamətlər daha perspektivli hesab olunur?

-  Tarixən endokrinoloqlar daha çox “şəkər həkimi” kimi tanınıb və əsasən şəkərli diabet üzrə mütəxəssis kimi qəbul olunublar. Amma son illərdə vəziyyət dəyişir. Endokrinologiyanın digər sahələrinə də maraq göstərən gənc həkimlərin sayı da getdikcə artır. Ən vacib məsələlərdən bu sahəni seçənlərin məhz öz ixtisasını sevməlidir. Mənimlə çalışan rezidentlərin ən azı bir üstün cəhəti var ki, onlar endokrinologiyanı sevirlər. İnsan da bildiyi və başa düşdüyü sahəni sevir. Endokrinologiyanın çox geniş və perspektivli istiqamətləri var. Xüsusilə hipofiz vəzi xəstəlikləri, osteoporoz, cinsiyyət vəziləri ilə bağlı hormonal problemlər bu sahənin gələcəkdə daha da inkişaf edəcək və perspektivli istiqamətləri hesab olunur.

-  Sizcə həkimlik peşəsini seçən insanı motivasiya edən əsas amil nədir? Maddi qazanc, yoxsa insanlara xidmət etmək istəyi?

-  Düzdür, maddi tərəf hər kəs üçün vacibdir. Amma həkimlik yalnız pul qazanmaq üçün seçilən bir peşə deyil. Dünyada ən çox oxuyan, ən çox zəhmət çəkən və ali məktəblərə qəbul zamanı ən yüksək bal toplayan ixtisaslardan biri məhz həkimlikdir. Bu peşəni seçən insanların düşüncə tərzi, məsuliyyəti və hazırlıq səviyyəsi çox yüksək olur. Əgər məqsəd yalnız pul qazanmaq olsaydı, bu qabiliyyətə malik insanlar başqa sahələrdə böyük biznes quraraq daha çox qazanc əldə edə bilərdilər. Mənim digər fəaliyyət istiqamətlərimdən biri də müəllimlikdir. Uzun illər ərzində Azərbaycanda çox sayda rezident yetişdirmişəm. Təxminən 100-ə yaxın gənc həkimin yetişməsində iştirak etmişəm. Həkimliyi seçən insan mütləq insanları sevməlidir. Xəstəni, insanı sevmədən bu sənəti davam etdirmək mümkün deyil. Bu peşənin əsasında insanlara kömək etmək, onların sağlamlığı üçün çalışmaq dayanır. Toplantılar keçirmək, mühazirələr oxumaq, gənc həkimləri yetişdirmək, kitablar, məqalələr yazmaq, araşdırmalar artıq mənim rutin həyatımdır. Sevdiyim iş olduğu üçün heç vaxt bunlardan bezikmirəm. 2017-ci ildə Novo Nordisk şirkəti və Heydər Əliyev Fondunun təsis etdiyi "İlin həkimi" mükafatı, 2018-ci ildə İtaliya parlamenti, Roma Senatı tərəfindən "LANAVİCELLA" medalı və sertifikatını aldım. İndiyə qədər onlarla tədbirdə moderatorluq, sədr, panelist, məruzəçi kimi çıxış etdim. Bir çox xarici ölkələrdə yazılı e-poster, şifahi təqdimatlar etdim. London dünya tireoid kanser konqresində (İngiltərə-2023) moderatorluq etdim, Türkiyə, BƏƏ, Rusiya, İtaliya və s. ölkələrdə canlı çıxışlar etdim, təcrübəmizi bölüşdüm, ölkəmizi təmsil etdim. 2026-cı il yanvar ayında AZƏRTÜRKDİAB proqramı çərçivəsində konqresin elmi katibi kimi fəaliyyətlərimizin yanında həmmüəliifi olduğum, "Şəkərli diabetin diaqnostik və müalicə rəhbəri 2026" kitabını Azərbaycan endokrinoloqlarına hədiyyə etdik. Bu yadımda olan fəaliyyətlərimizin az bir qismidir və onu deyə bilərəm ki, nə etdimsə sevərək etdim və xalqımız üçün etdim.

-  Cəmiyyət arasında hormonal xəstəliklərlə bağlı hansı yanlış təsəvvürlər daha çox yayılıb?

-  Belə miflər çoxdur. Məsələn, bəziləri deyir ki, hər şəkər xəstəsi altı ayda bir “sistem köçürməsi” etdirməlidir. Yaxud zob xəstəliyini zəli ilə, qurbağa ilə və ya müxtəlif alternativ üsullarla müalicə etməyin mümkün olduğunu deyənlər var. Hətta kəhrəba bağlamaqla xəstəliyin sağalacağını söyləyənlər də olur. Təəssüf ki, bu cür fikirlər çox vaxt insanları aldatmağa yönəlmiş olur. Bəzən özlərini möcüzəvi üsullar kəşf etmiş kimi təqdim edən, reklam xarakterli çıxışlar edən insanlara rast gəlinir. Mən belə şəxsləri “ümid tacirləri” adlandırıram. Onlar elmi əsaslara söykənməyən üsullarla insanlara ümid verərək bundan qazanc əldə etməyə çalışırlar. Əgər həqiqətən belə möcüzəvi kəşflər olsaydı, bunlar tibbdə elmi araşdırmalarla sübut olunardı və bütün dünyada tətbiq edilərdi. Təəssüf ki, çox vaxt bu cür yanaşmalar tibbi deyil, daha çox kommersiya məqsədi daşıyır. Ona görə də insanlara tövsiyəm budur ki, sağlamlıqları ilə bağlı məsələlərdə yalnız peşəkar həkimlərə müraciət etsinlər və özlərini onların nəzarətinə etibar etsinlər.

-  Son illərdə kişilərdə də hormonal pozuntuların və xüsusilə testosteron səviyyəsinin azalmasının daha çox müzakirə olunduğunu görürük. Bunun əsas səbəbləri nələrdir və əsasən hansı yaş dövrlərindən etibarən bu kimi problemlər müşahidə olunur?

-  Doğrudur. Kişilərdə də qadınlarda olduğu kimi hormonal problemlər mövcud ola bilir. Kişilərdə ən çox rast gəlinən hormonal problemlərdən biri hipoqonadizmdir. Bu zaman testosteron hormonunun səviyyəsi aşağı düşür. Digər geniş yayılmış problemlərdən biri isə ginekomastiyadır, yəni kişilərdə süd vəzlərinin böyüməsidir. Bu kimi problemlərin yaranmasına müxtəlif amillər səbəb olur. Məsələn, son illərdə idmanla məşğul olan bəzi gənclər arasında süni idman qidalarının, protein tozlarının və xüsusilə testosteron tərkibli preparatların özbaşına istifadəsi geniş yayılıb. Bədəni tez formaya salmaq və əzələ kütləsini artırmaq məqsədilə istifadə olunan bu preparatlar hormonal sistemi ciddi şəkildə poza bilər. Kişilərdə hormonal pozuntuların əsas səbəblərindən biri də düzgün olmayan qidalanma və piylənmədir. Artıq çəki kişi cinsi hormon sisteminə ciddi mənfi təsir göstərməklə yanaşı, eyni zamanda testosteron səviyyəsinin azalmasına da səbəb ola bilər. Bununla yanaşı, siqaret və qəlyan istifadəsi, alkoqol, müxtəlif stimullaşdırıcı içkilər və enerji içkiləri də hormonal balansı pozan faktorlardandır. Yuxu rejiminin pozulması və xroniki yuxusuzluq da kişilərdə hormonal problemlərin yaranmasına gətirib çıxarır. Ümumilikdə isə həyat tərzi, qidalanma, zərərli vərdişlər və nəzarətsiz qəbul edilən preparatlar kişilərdə hormonal sistemə ciddi təsir göstərən əsas amillər hesab olunur.

-  Kişilərdə sonsuzluq problemlərində endokrin faktorların rolu nə qədərdir və bu problemlər nə dərəcədə müalicəyə uyğun hesab edilir?

-  Sonsuzluq problemi, uşaq sahibi ola bilməmək ailələr üçün çox həssas mövzudur. Əgər evləndikdən sonra təxminən 6 ay ərzində cütlük normal ailə həyatı yaşamasına baxmayaraq uşaq sahibi ola bilmirsə, bu zaman məsələni araşdırmaq lazımdır. Belə hallarda ilk növbədə hormonal profil yoxlanılmalıdır. Kişilərdə də qadınlarda olduğu kimi hormonal problemlər sonsuzluğa səbəb ola bilər. Məsələn, qalxanabənzər vəz hormonlarının pozğunluqları, cinsi hormon sistemindəki problemlər və xüsusilə testosteron hormonunun aşağı olması kişi sonsuzluğunun səbəblərindən biri ola bilər. Bununla bağlı xüsusi müayinələr və analizlər mövcuddur. Ona görə də kişi sonsuzluğunda əsas məsələlərdən biri hormonal problemlərin araşdırılmasıdır. Bu problemlər vaxtında aşkarlanarsa, uyğun müalicə üsulları ilə bir çox hallarda vəziyyəti düzəltmək mümkün sayılır. Bu səbəbdən uşaq problemi yaşayan cütlüklərin mütləq mütəxəssislərə müraciət etməsi, lazımi müayinələrdən keçməsi və hormonal vəziyyətin yoxlanılması gərəkdir.

-  Bu müayinələrin hansı aralıqlarla aparılmasını tövsiyə edərdiniz?

-  Əgər müayinə olunmaq istəyən şəxslər xəstə deyilsə, özünü sağlam hiss edirsə, ildə bir dəfə müayinə olunması kifayətdir. Müayinədən sonra hər şey qaydasındadırsa, növbəti müayinənin vaxtını həkim müəyyən edir. Əksər hallarda, 2-3 ildən sonra yenidən yoxlanmaq kifayət edir.

-  Bəs hansı yaşdan sonra müayinədən keçmək lazımdır?

-  Əgər şikayət və problem yoxdursa, təxminən 18-20 yaşdan sonra profilaktik yoxlanışlar başlaya bilər. Yaş artdıqca bu müayinələr daha da önəmli olur. Profilaktik chek-up müayinəsi hər zaman erkən diaqnostika üçün bir skrininqdir. Dünyada qəbul olunmuş standartlar var. Məsələn, 40 yaşdan yuxarı qadınlarda süd vəzilərinin müayinəsi, 50 yaşdan yuxarı insanlar üçün ən azı bir dəfə qastroskopiya və kolonoskopiya müayinəsi tövsiyə olunur. Bu artıq beynəlxalq tibbi protokollarda da yer alan yanaşmadır. Endokrinologiya üçün də belə standartlar mövcuddur. Bəlli bir yaşdan başlayaraq azından ildə bir dəfə qanda qlükozanın təyini, lipid profili, tireoid hormonların yoxlanılması, vitamin D analizi və s. bu qəbildəndir.

-  Uşaq pasiyentləriniz də olurmu?

-  Bəli, əlbəttə. Uşaqlar da bizə müraciət edirlər. Amma bu zaman əsas məsələ şikayətlərin olub-olmamasıdır. Uşaq orqanizminin fərqli xüsusiyyətləri var. Əgər uşaqda problem yoxdursa, xüsusi dərman müalicəsinə ehtiyac olmur. Dərman pereparatlarının bir çoxunun uşaqlar üçün tədqiqatları yoxdur. Sadəcə həyat tərzi ilə bağlı tövsiyələr verilir. Düzgün qidalanma, hərəkətlilik, yuxu rejimi kimi və s. diqqət edilməlidir. Uşaqlarda müraciətlər arasında ən çox rast gəlinən problemlərdən piylənmə, ginekomastiyalar, şəkərli diabet, erkən yaşlarda başlayan qan təzyiqi, metabolik problemlər, boy qısalığı, prolaktinomalar, cinsi problemlər və s. qeyd edə bilərik.

-  Bəs qadınlar və kişilər hormonal sağlamlıqlarını qorumaq üçün hansı profilaktik müayinələrdən keçməli və gündəlik həyatlarında nələrə diqqət etməlidirlər?

-  Mən bəlkə də Bakıda ən az dərman yazan həkimlərdən biriyəm. Mümkün qədər dərmanlardan qaçmağa çalışıram. Hesab edirəm ki, insanın ən böyük “dərmanı” düzgün həyat tərzi və sağlam qidalanmadır. Qidalarımız mümkün qədər təbii və orqanik olmalıdır. Süni qidalardan, fast-food məhsullarından uzaq durmaq lazımdır. Şəkər təsəvvür edə bilməyəcəyimiz qədər gizli bir düşməndir. Məhz buna görə də, şəkərli qidalardan qaçmaq da mühüm şərtlərdəndir. Bundan əlavə, profilaktik müayinələr də çox önəmlidir. Hər kəs ən azı ildə bir dəfə ümumi tibbi müayinədən keçməlidir. Bu müayinələr çox sadə və əlçatan analizlərdir. Məsələn, kişilər üçün ürək müayinəsi, qadınlar üçün süd vəziləri müayinəsi, qadın hormonlarının yoxlanılması və ultrasəs müayinələri kimi müayinələr vacibdir. Çünki bir çox xəstəlik gizli inkişaf edir. Məsələn, insan 10 il diabetlə yaşaya bilər və bundan xəbəri olmaz. Eyni vəziyyət qalxanabənzər vəz xəstəliklərində də olur. Ona görə də profilaktik müayinə çox vacibdir və hər kəs ən azı bir dəfə endokrinoloq müayinəsindən keçməlidir.

-  Məmur, müğənni və deputatlar arasında pasiyentləriniz olubmu?

-  Məmurlar, deputatlar və müxtəlif sahələrdən olan tanınmış simalar arasında çox sayda pasiyentlərim var. Sadəcə hesab edirəm ki, onların adlarını çəkməyim düzgün olmaz. Bu, həkim-pasiyent münasibətlərində məxfiliyin qorunması baxımından vacibdir. Kimliyindən asılı olmayaraq hər xəstə, hər kəs bizim üçün əzizdir, dəyərlidir.

-  Bəs elə olubmu ki, səhiyyə sahəsi ilə bağlı hansısa problemi onlarla bölüşmüsünüz və həmin məsələ Milli Məclisdə qaldırılıb, müzakirəyə çıxarılıb?

-  Bəli, elə hallar olub. Müəyyən məsələlər zaman-zaman müzakirə olunub və gündəmə gətirilib. Mən də imkan daxilində bəzi problemləri diqqətə çatdırmağa çalışmışam. Xüsusilə diabet xəstələrinin dərman təminatı məsələsi ilə bağlı fikirlərimizi bölüşmüşük. Bəzi hallarda xəstələr müəyyən dərmanlara çıxışda çətinlik çəkirlər və hələ də köhnə preparatlardan istifadə olunur. Halbuki daha müasir və effektiv dərmanlara keçid vacibdir. Ümumiyyətlə, dərman təminatı həm diabet, həm də arterial təzyiq kimi geniş yayılmış xəstəliklər üçün daha əlçatan olmalıdır. Azərbaycanın bu sahədə kifayət qədər potensialı var və mən düşünürəm ki, bu imkanlardan daha geniş istifadə etmək mümkündür. Belə məsələləri qaldırmaq bəzən müəyyən cəsarət tələb edir, amma əsas məqsəd xalqımızın daha yaxşı tibbi xidmət almasıdır. Mən də imkan daxilində bu istiqamətdə fikirlərimi bildirməyə çalışmışam.

-  Milli Məclisdə təmsil olunmaq, deputatlığa namizədliyinizi irəli sürmək barədə düşünmüsünüzmü?

-  Bu barədə mənə bir neçə dəfə dost və yaxın ətrafdan təkliflər olub. Açığı, mən işimdən çox məmnunam. Hər gün onlarla ağır xəstə müraciət edir və həkim kimi fəaliyyətimdə özümü daha faydalı hesab edirəm, sənətimi sevirəm. Hazırda dünya üzrə 10-dan çox aparıcı tibbi cəmiyyətin fəxri doktoru, həqiqi üzvüyəm, Azərbaycanda isə iki böyük cəmiyyətin (EDTTA, ANDOP) idarə heyətində təmsil olunuram. Eyni zamanda 5 protokol kitabın (2-si Türkiyə Respublikasında) həmmüəllifiyəm. Bununla yanaşı, bu sahədə başqa fəaliyyətlərim də var. Həkimliklə yanaşı, müəllimlik fəaliyyəti də göstərirəm və gənc həkimlərin hazırlanmasında iştirak edirəm. Ona görə də düşünürəm ki, mən deputat olsam, bu işləri kim davam etdirəcək? Hələlik bu barədə düşünmürəm.

-  Bəs gələcəkdə bu barədə düşünürsünüzmü?

-  Gələcəyi əvvəlcədən demək çətindir. Hər şey ola bilər, həyat davam edir. Amma bu gün üçün belə bir planım yoxdur.

-  Deputat dostlarınız və ya tanışlarınız varmı?

-  Əlbəttə, var. Məsələn, bizim Cəbrayıl rayonunun deputatı Ceyhun Məmmədov mənim sinif yoldaşımdır, biz bir sinifdə oxumuşuq, xatirini çox istəyirəm, uşaqlıq dostumdur. Eyni zamanda Səhiyyə Komitəsində təmsil olunan deputatların əksəriyyətini tanıyıram. Bir çox deputatlar, onların yaxınları, ailə üzvləri pasiyentim olub. Onlarla dostluq münasibətlərimiz, yeri gələndə müzakirələrimiz olur. Yaxın dostum, sabiq deputat, hörmətli professor Rüfət Quliyevin, parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun da adını çəkə bilərəm.

-  Tibb sahəsində uzun illərdir fəaliyyət göstərən biri kimi hansı rəhbərin və ya nazirin fəaliyyətini daha çox fərqləndirərdiniz?

-  Bu, bir qədər sosial və həssas mövzudur. Reallıq budur ki, bir çox sahələrdə çətinliklər, həm də müəyyən çatışmazlıqlar var. İnsanların istəyi isə çox sadədir: yaxşı yaşamaq, keyfiyyətli xidmət görmək və problemlərinin həll olunduğunu görmək. Narazı qaldığımız məqamlar da olur. Amma əsas məsələ bu problemlərin aradan qaldırılması və insanların daha yaxşı xidmət almasıdır. Mən də imkan olduqca öz irad və təkliflərimi aidiyyəti şəxslərlə bölüşürəm. Konkret olaraq fəaliyyətindən razı qaldığım qurumlara gəlincə, ASAN xidməti nümunə çəkərdim. Məncə, bu qurum Azərbaycanda insanlara rahat, çevik və keyfiyyətli xidmət göstərən uğurlu modellərdən biridir. Həqiqətən də insanların işini asanlaşdırır və bir çox sahələr üçün nümunə sayıla biləcək xidmət formatı ortaya qoyub. Digər sahələrdə də müsbət nümunələr var. Amma ümumi mənzərə budur ki, görüləsi işlər hələ çoxdur. Xalqımız çox ağır günlərdən keçib, şəhidlər verib, böyük ağrılar yaşayıb. Belə bir xalqa laqeyd yanaşmaq qətiyyən olmaz. Məncə, insanın vətənini sevməsinin ən doğru yolu öz işini vicdanla və peşəkar şəkildə yerinə yetirməsidir. Həkim yaxşı müalicə etməlidir, müəllim yaxşı dərs keçməlidir, nazir də öz vəzifəsini layiqincə icra etməlidir. Təbii ki, problemlər var, bunu hamı görür və görülən işlər də xalq tərəfindən qiymətləndirilir. İdeal cəmiyyət yoxdur və hər şeyin ideal olmasını da gözləmək doğru olmazdı. Bizim xalqımız ən gözəl yaşamağı, ən üstün sosial təminatı, hər şeyin dünyada ən yaxşısını almağı haqq edir. Çünki, çox zəhmətkeş, istedadlı və vətənini sevəndir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda xalq yenə ayağa qalxdı - QARŞIDURMA başladı