Modern.az

Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ

Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ

Müsahibə

Bu gün, 12:05

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərini icra etmiş Əli Məsimli Modern.az-a geniş müsahibə verib.

Deputat müsahibədə dünyada baş verən müharibələrin dünya iqtisadiyyatına, eləcə də Azərbaycan iqtisadiyyatına təsirindən, ölkəmizdə aparılan ıslahatlardan və bu kimi digər məsələlərdən banışıb.

"2026-cı il çox çətin, mürəkkəb və ağır bir il olacaq"

- Əli müəllim, geosiyasi gərginliklər, dünya iqtisadiyyatında yeni çağırışlar, enerji böhranı fonunda Azərbaycanın iqtisadi siyasətini necə qiymətləndirirsiniz?

- Rusiya-Ukrayna müharibəsinin dünya düzənini çox təhlükəli bir məcraya yuvarlandırdığı bir vaxtda 2026-cı il çox dramatik hadisə və proseslərlə başlayıb. Yanvarın əvvəllərində ABŞ tərəfindən Venesuelada prezident devrildi və Venesuela üzərində, xüsusən də onun dünyanın ən böyük neft ehtiyatları üzərində nəzarət imkanları ələ keçirildi. Bundan bir qədər sonra İran ətrafında gərginlik artan xətt üzrə davam edərək çox dağıdıcı və təhlükəli bir müharibəyə çevrildi. Bu müharibədə bütün “qırmızı xətlər” keçilib və dünya çox təhlükəli bir məcraya sürüklənir.

Bütün bunlar indidən xəbər verir ki, yaşamağa başladığımız 2026-cı il çox çətin, mürəkkəb və ağır bir il olacaq. Burada dünya üçün əsas taleyüklü məsələlər İran müharibəsindən sonra bir qədər arxa plana keçmiş kimi görünən Rusiya-Ukrayna müharibəsinin gedişatı və bir sıra cəhətlərinə görə ondan daha böyük miqyaslı görünən ABŞ, İsrail-İran müharibəsinin nəticələri olacaq.

İran müharibəsində bu vəziyyətdən nəinki tam qalib kimi, hətta az itki ilə çıxmaq üçün qarşı-qarşıya duran tərəflərin heç birinin perspektivli konsepsiyası yoxdur. Bu müharibənin nəticələri, qalibin olmadığı uzunmüddətli eskalasiya; eskalasiya ilə kompromis arasında qeyri-müəyyən vəziyyətin uzanması; atəşkəs elan olunsa belə, konfliktin davam etməsi, bir müddətdən sonra güclənməsi və genişlənərək daha təhlükəli mərhələyə keçməsi; katastrofik regional münaqişəyə, hətta qlobal risk amilinə çevrilməsi və sair bu kimi təxmin edilə bilən ssenarilərin hansının reallaşmasından asılı olacaq.

Bununla belə, dünyanı xaosa sürükləyən bu müharibənin nəticəsinin istənilən variantından asılı olmayaraq, onun geosiyasi və geoiqtisadi izləri xeyli müddət qalacaq və təsirləri illərlə hiss olunacaq.

Dünyada və regionumuzda yaşananlar bir sıra cəhətlərinə görə Azərbaycandan da yan keçməyəcək. İran müharibəsi və onun ətrafında baş verən proseslər Azərbaycanın həm ümumi iqtisadi fəaliyyətinə, həm də qismən ticarət dövriyyəsinə müəyyən dərəcədə təsir göstərə bilər. Digər tərəfdən, Naxçıvana dron hücumunun təsadüfi xarakter daşımaması bu yöndə kifayət qədər əsas verir ki, hər bir halda daha da ayıq-sayıq olmağımız zəruridir.

Dünyada baş verən geosiyasi və geoiqtisadi təlatümlər və dəyişikliklər şəraitində Azərbaycan çoxvektorlu iqtisadi strategiyası üzrə, həmişə olduğu kimi, özünün ölçülü-biçili siyasətini və hədəflərə doğru hərəkətini davam etdirir və hazırkı şəraitdə olduqca mürəkkəb və çətin bir məsələ olan iqtisadi dinamikanı qoruyub-saxlaya bilir. Düşünürük ki, siyasətimiz bundan sonra da həmin prinsip, qayda və koordinatlar üzrə davam etdiriləcək. Eyni zamanda, hazırkı reallıqların son nüanslarını, bölgədə vəziyyəti gərginləşdirən və bunda maraqlı olan ölkə və qüvvələrin davranışlarını da nəzərə almaqla, siyasətdə əsas prioritet sülh, sabitlik və təhlükəsizlik naminə qarşılıqlı faydalı əməkdaşlıqdır. Bu baxımdan, ötən ilin avqustunda Vaşinqtonda imzalanan Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş yaşadığımız bölgənin gələcək geosiyasi mənzərəsini formalaşdırması baxımından mühüm hadisədir. Beş il bundan əvvəl hərb meydanında və iki il bundan əvvəl antiterror əməliyyatı zamanı tarixi qələbə qazanan Azərbaycan bu dəfə diplomatiya müstəvisində də çox mühüm bir qələbəyə imza atdı. Vaşinqton razılaşmasında nəzərdə tutulanların sistemli şəkildə həyata keçirilməsi Cənubi Qafqaza münasibətdə məkrli ssenarilərə əsaslanan siyasətin kitabını bağlayaraq regionumuz üçün dayanıqlı sülh və sabitliyə dair yeni səhifələr açıb.

Ona görə də Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etdirilməsi regional təhlükəsizliyin gücləndirilməsinə güclü təkan verir və logistikanın şaxələndirilməsi ilə daha geniş anlamda töhfə verməkdə davam edəcək. Bu kontekstdə, bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması təkcə bu iki ölkə üçün yox, ümumiyyətlə, müharibənin tam yaxınlığında yerləşən regionumuz üçün də hər cəhətdən çox faydalı olardı.

1511258"Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb"

Geosiyasi gərginliklər və enerji böhranı fonunda Azərbaycanın iqtisadi siyasəti xeyli dərəcədə ölkəmizin enerji təhlükəsizliyinə, onun tərəfdaş ölkələrin enerji təhlükəsizliyində rolunun artırılmasına və regional logistik rolunun genişləndirilməsinə əsaslanan fəal bir siyasətdir. Bunun sayəsində Azərbaycan qlobal iqtisadi risklər və enerji böhranı şəraitində həm enerji ixracatçısı, həm də regional nəqliyyat qovşağı kimi öz iqtisadi və geosiyasi mövqeyini gücləndirir və gücləndirməkdə davam edəcək. Enerji resurslarının səmərəli idarə olunması, onların təhlükəsiz və dayanıqlı şəkildə dünya bazarlarına çıxarılması prioritet siyasətin əsas komponentlərindəndir. Bu istiqamətdə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş imici qazanıb. Azərbaycan yeni geosiyasi proseslərin fonunda milli maraqlarımızın reallaşdırılmasına yönəlik və onun mühüm tərkib hissəsi olan enerji siyasətini uğurla davam etdirir.

İran müharibəsi və regionda davam edən proseslər diqqəti həm də onun iqtisadi tərəfinə, xüsusilə də neft qiymətlərinə təsirinə yönəltməkdədir. Müharibənin gözlənildiyindən daha çox uzanması neftin və qazın qiymətini durmadan artırmaqdadır. Bu məsələdə hər gün qlobal neft ticarətinin 20 faizindən çoxunun reallaşdığı Hörmüz boğazı ətrafındakı böhran daha ciddi fəsadlar mənbəyi kimi çıxış edir.

İran müharibəsi təkcə dünya bazarında neftin qiymətini artırmaqla məhdudlaşmır. Hörmüz böhranı həm də qlobal iqtisadi şok yaradıb. Bu şokun təsiri ilə dünya iqtisadiyyatına təzyiq artır. Həmin təzyiqdən təsirlənən və bu presinqə dözə bilməyən ölkələrin sayı artdıqca, İran ətrafında gedən proseslərin və Hörmüz böhranının təsiri ilə bu prosesin davamlılıq müddətindən və miqyaslarından asılı olaraq dünya iqtisadiyyatı da çox ciddi zərbə altına düşəcək.

Bu hal qlobal iqtisadi artım templərini zəiflədəcək, kənd təsərrüfatı işlərinin gedişinə mənfi təsir edəcək, inflyasiyanı gücləndirəcək və bir müddət də davam edərsə, kəskinləşərək resessiyaya da gətirib çıxara bilər. Təbii ki, Azərbaycan bu cür məqamları da öz siyasətində nəzərə alır, bundan sonra da almaqda davam edəcək və regionda əməkdaşlıq üçün yaranmış imkanlardan xalqımızın mənafeyinə uyğun istifadə edəcək.

"Neft siyasətdən də böyük hərflərlə yazılmış geosiyasətdir"

- Bildirdiniz ki, müharibələrin fonunda dünya bazarında neftin qiymətlərində artım müşahidə olunur. Bu tendensiya qlobal miqyasda və Azərbaycan iqtisadiyyatı üçün hansı imkanlar və risklər yarada bilər?

- Artıq ikinci əsrdir ki, neft sadəcə iqtisadiyyat yox, həm də siyasətdir və ondan da daha böyük hərflərlə yazılmış geosiyasətdir. Bu kontekstdə neftin qiyməti qlobal və regional səviyyədə siyasi və iqtisadi sabitliyin vəziyyətinin özünəməxsus indikatoruna çevrilib.

Əvvəllər Rusiyanın Ukraynaya təcavüzü zamanı, indi isə ABŞ,İsrail-İran müharibəsi və onun ətrafında gedən proseslər, o cümlədən Hörmüz boğazı böhranı açıq şəkildə göstərir ki, əvvəlki vaxtlarda neftin qiyməti xeyli dərəcədə iqtisadi amillərin təsiri ilə dəyişirdisə, hazırda daha çox geosiyasi amillərin, dövlət adamlarının bəyanat və açıqlamalarının təsir dərəcəsindən asılı vəziyyətdədir.

Geosiyasi amillərin təsiri artanda neftin qiyməti artır, həmin təsirlər zəifləyəndə isə neftin qiyməti aşağı düşür. Hazırda neftin qiyməti İran müharibəsindən əvvəlki səviyyədən xeyli yüksəkdir. Lakin sabit yüksəklik nümayiş etdirmir. Bir gün neftin qiyməti 100 dollardan yuxarı qalxır, sonrakı günlərdə isə aşağı enir və bu proses müəyyən vaxt kəsikləri ilə bir-birini əvəz edir. Bununla belə, Hörmüz boğazında yaranan təhlükə neft bazarına ciddi təsir edir.

Hadisə və proseslər bu cür davam etsə, neftin qiymətinin müəyyən məqamda qısa müddət də olsa 150–200 dollara qədər qalxacağı da proqnozlaşdırılır. Hazırda neftin qiyməti elə bir vəziyyətdədir ki, onun dəqiq, yaxud da dəqiqliyə yaxın səviyyədə proqnozunu vermək praktiki olaraq mümkünsüzdür.

Amma proqnozlarda bir həqiqət payı var ki, neftin qiymətinin sürətlə artması və orta müddətdə yüksək səviyyədə qalması dünya iqtisadiyyatına çox böyük zərbə vuracaq. Yüksək neft qiymətinin davametmə müddətindən asılı olaraq, hətta bayaq qeyd etdiyimiz kimi, dünya iqtisadiyyatı resessiyaya da yuvarlana bilər ki, bu əsasda ölkələrin əksəriyyəti bir qədər az, bir qədər çox olmaqla böyük itkilərə məruz qalacaq və ən yaxşı halda onların bir qisminin iqtisadiyyatına orta müddətli mənfi təsirlər yaranacaq.

1511251"Neftin bahalaşması xaricdən aldığımız məhsuylları da bahalaşdırır"

Dünya bazarına neft ixrac edən bir ölkə kimi Azərbaycan üçün bu məsələ xüsusi maraq doğurur. Məlum olduğu kimi, Azərbaycanın 2026-cı ilin dövlət büdcəsində baza ssenarisi üzrə neftin bir barelinin qiyməti 65 dollardan götürülüb. İran müharibəsinə qədər dünya bazarında neftin qiyməti elə həmin səviyyənin ətrafında bir qədər aşağı düşmə, bir qədər yuxarı qalxma şəraitində hərəkət edirdi. İran müharibəsindən sonra isə qlobal neft bazarında neftin qiyməti kəskin surətdə artıb.

Yüksək neft qiymətləri Dövlət Neft Fondunun, dövlət büdcəsinin gəlirlərinin və eləcə də valyuta ehtiyatlarımızın artmasına səbəb olacaq. Amma neftin qiymətinin artmasından dövlət büdcəsinə daxilolmaların spesifikliyini nəzərə almaq lazımdır. Belə ki, bu ilin dövlət büdcəsi gəlirlərinin 16,4 milyard manatının və ya 43 faizinin neft-qaz sektorunun payına düşəcəyi gözlənilir. Bunun 12,8 milyard manatı və ya 78 faizi Dövlət Neft Fondunun transfertləridir.

Neftin dünya bazarında qiymətinin neçə dollar olmasından asılı olmayaraq, nəzərdə tutulan həmin transfert Neft Fondundan dövlət büdcəsinə yönəldiləcək. Dövlət büdcəsinə Neft Şirkəti və xarici neft şirkətlərinin mənfəətindən daxilolmalar isə toplam 3,6 milyard manat proqnozlaşdırılıb. Neftin dünya bazar qiymətinin yüksəlməsi dövlət büdcəsi gəlirlərinin yalnız həmin 3,6 milyard manatlıq hissəsinə birbaşa təsir göstərəcək.

Azərbaycan Maliyyə Nazirliyinin 2025-ci il büdcə paketində təqdim etdiyi hesablamalara görə, neftin qiymətinin bir barel artması dövlət büdcəsi gəlirlərini ildə təxminən 40 milyon manat artıra bilir. Bu o deməkdir ki, neftin qiyməti 100 dollar və ondan yuxarı səviyyədə qalarsa, qısa zaman kəsiklərində dövlət büdcəsi gəlirlərinin artımı milyon dollarlarla, illik kəsimdə isə milyard dollarlarla ölçüləcək.

Bu kontekstdə qlobal bazarda qiymətin bu səviyyədən orta və uzun müddətdə əhəmiyyətli dərəcədə yuxarı olması ölkəmizin ixrac gəlirlərini və büdcə imkanlarını artırmaqla milli təhlükəsizlik, işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial müdafiənin gücləndirilməsi kimi prioritet istiqamətlərə daha çox vəsaitin ayrılmasına imkan yaradır.

Bununla belə, onu da bildirmək lazımdır ki, neftin qiymətinin artmasının Azərbaycana təsiri ikili xarakter daşıyır. Təbii ki, neftin qiymətinin artması ilə Azərbaycan əlavə gəlir əldə edəcək və bu əlavə gəlir neftin qiyməti neçə gün yüksək olarsa, həmin müddətə uyğun şəkildə artacaq. Amma bu, məsələnin yalnız bir tərəfidir.

Ona görə ki, biz nefti yüksək qiymətlə satdığımız kimi, istehlak etdiyimiz məhsulların çoxunu xaricdən aldığımıza görə, neftin qiymətinin qalxması həmin zəncirin bütün həlqələrinə təsir göstərərək əksər məhsulların maya dəyərinə və logistika xərclərinə təsir edir. Bu isə dünya bazarında digər məhsulların da qiymətinin artmasına səbəb olur və həmin proses artıq həm bilavasitə, həm də psixoloji inflyasiya gözləntiləri və digər amillərin təsiri ilə özünü göstərməyə başlayır.

Ona görə də bir tərəfdən neftin qiymətinin qalxması Azərbaycana əlavə gəlirlər gətirir, digər tərəfdən isə biz idxal etdiyimiz məhsulların xeyli hissəsini əvvəlkindən daha yüksək qiymətə alırıq. Bu isə idxal inflyasiyasını və onun ardınca ümumilikdə qiymət artımının sürətini artırır.

1511256"Rəqəmsallaşdırılma korrupsiya risklərini minimuma endirir"

- Son illər Azərbaycanda dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində addımlar atılır. Sizcə, bu islahatlar iqtisadi səmərəliliyi artırmaq baxımından nə dərəcədə effektivdir?

- Yaşamağa başladığımız yeni mərhələnin risk və çağırışlarına dolğun şəkildə cavab verə bilmək üçün cəmiyyət həyatının bütün sahələrində bu mərhələnin fəlsəfəsinə və tələblərinə uyğun sistemli islahatların həyata keçirilməsi obyektiv tələbata çevrilib. Həmin islahatlar içərisində idarəetmə sisteminin modernləşdirilməsi və optimallaşdırılması mühüm yer tutur.

Qlobal aləmdə baş verən dəyişikliklər, texnoloji yeniliklər, yaşamağa başladığımız yeni mərhələdə postmüharibə dövrünün özəllikləri və gözləntilərin artması dövlətin fəaliyyət fəlsəfəsinin yenidən qurulmasını zəruri edir. Müasir dövrdə iqtisadi və sosial proseslər sürətlə dəyişir. Belə şəraitdə, digər şərtlərlə yanaşı, xüsusən idarəetmə mexanizmlərinin daha operativ və nəticəyönümlü olması zərurəti də artıb.

Bu sahədə islahatlar ilk növbədə dövlət idarəçiliyində çevikliyin və effektivliyin artırılmasına xidmət edir. Beynəlxalq praktikadan məlumdur ki, idarəetmə sistemində modernləşmə prosesi təkcə strukturun dəyişməsi deyil, həm də idarəetmə fəlsəfəsinin, idarəçilik mədəniyyətinin, dövlət–vətəndaş münasibətlərinin və dövlətin vətəndaş qarşısında məsuliyyət anlayışının transformasiyası kimi dəyərləndirilir.

Bütün bunlara optimal şəkildə cavab vermək üçün son vaxtlar dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar islahatların çox mühüm və həlledici tərkib hissəsinə çevrilir. Beynəlxalq təcrübədən o da məlumdur ki, bu istiqamətdə müsbət nəticələrin əldə edilməsi iqtisadiyyatın fəaliyyət səmərəliliyinin artırılmasında mühüm rol oynaya bilər.

Bunun üçün idarəetmənin təşkilati strukturu təkmilləşdirilir, kadr islahatları həyata keçirilir və s. Dövlət idarəçiliyinin optimallaşdırılması, aparatın yığcamlaşdırılması və struktur islahatları düzgün tətbiq edildikdə iqtisadi səmərəliliyin artırılmasına çox müsbət təsir göstərir.

Azərbaycanın dövlət idarəçiliyi sistemində aparılan islahatlarda ASAN Xidmət mərkəzləri vasitəsilə 380-dən çox dövlət xidmətinin eyni məkanda təqdim olunması ilə vətəndaşlara xidmətin səmərəliliyinin ən yüksək beynəlxalq təcrübə səviyyəsində təmin edilməsi dövlət xidmətlərinin modernləşdirilməsində çox mühüm rol oynayıb.

Bununla yanaşı, dövlət aparatının struktur çevikliyini artırmaq və idarəetmədə təkrarlanan səlahiyyətləri aradan qaldırmaq istiqamətində həyata keçirilən institusional restrukturizasiya da olduqca zəruridir. Dövlət aparatının kiçildilib yığcamlaşdırılması və funksional olmayan qurumların ləğvi idarəetmədə çevikliyi artırır, büdcə vəsaitlərinə qənaət edir.

Yaşamağa başladığımız yeni mərhələ idarəetmə proseslərini sadələşdirən, dövlətin fəaliyyətini şəffaf, hesabatlı və çevik hala gətirən rəqəmsal transformasiyanın rolunu ön plana çıxarır.

Rəqəmsal idarəetmə modeli həm qərarvermə mexanizmlərinin optimallaşdırılmasına, həm də data əsaslı idarəetmənin formalaşmasına şərait yaradır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması korrupsiya risklərini minimuma endirir, resurslardan istifadənin səmərəliliyini yüksəldir və vətəndaşa xidmət göstərmə müddətlərini əhəmiyyətli dərəcədə azaldır. Bu dəyişikliklər dövlət idarəçiliyinin keyfiyyət göstəricilərinin kəmiyyət parametrləri ilə deyil, vətəndaş məmnuniyyəti və ictimai etimad səviyyəsi ilə ölçülməsi prinsipinə əsaslanır. İdarəetmədə “elektron hökumət” layihəsinin tətbiqləri və şəffaflıq tədbirləri kölgə iqtisadiyyatını azaldır, sahibkarlar üçün mühitin yaxşılaşmasına müsbət təsir göstərir.

Beynəlxalq təcrübə göstərir ki, dövlət idarəçiliyində optimallaşdırma məsələsinə kompleks və sistemli yanaşıldıqda, modernləşmə prosesi dövlət orqanlarının funksional məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi ilə müşayiət olunur. Qərarvermə mexanizmlərinin optimallaşdırılması idarəetmənin şaquli strukturundan üfüqi əməkdaşlığa keçidi də sürətləndirir. Bu, müxtəlif dövlət orqanları arasında koordinasiyanı gücləndirir, qərarların icrasında resurslardan daha səmərəli istifadə etmək, daha yaxşı nəticələr əldə etmək, innovasiyanı təşviq etmək və s. baxımından əlavə effektlər yaradır.

Dövlət idarəçiliyinin modernləşməsi eyni zamanda kadr siyasətinin yenilənməsini də əhatə edir. Dövlət qulluğu haqqında qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qulluqçularının fəaliyyətinin performans əsaslı qiymətləndirilməsi, peşəkar inkişaf və etik davranış standartlarının gücləndirilməsi idarəetmədə yeni peşəkar mədəniyyət formalaşdırır. Dövlət idarəçiliyinin modernləşməsinin uğurlu tətbiqi idarəetmənin mərkəzində artıq “əmr və nəzarət” deyil, peşəkarlıq, məsuliyyət və şəffaflıq prinsiplərini önə çıxarır.

Beynəlxalq praktika göstərir ki, bu islahatlar büdcə xərclərinin optimallaşdırılması, şəffaflığın artırılması və biznes mühitinin yaxşılaşdırılması istiqamətlərində daha nəzərəçarpan nəticələr verir. Belə ki, bir-birinin funksiyalarını təkrar edən qurumların obyektiv meyarlar əsasında ləğvi və ya optimal çərçivədə birləşdirilməsi, funksiyaların təkrarlanmasının aradan qaldırılması, eləcə də gərəksiz ştatların ləğvi dövlət aparatının saxlanılması xərclərini azaldır.

1511252

Qənaət edilən həmin vəsait iqtisadi inkişafın səmərəliliyinin yüksəldilməsinin, getdikcə aktuallaşan təhlükəsizlik təminatının gücləndirilməsinin və sosial layihələrin dairəsinin genişləndirilməsinin maliyyə təminatının möhkəmləndirilməsinə imkan verir. Bununla yanaşı, qeyd etdiyimiz kimi, idarəetmədə elektron hökumət layihəsinin tətbiq dairəsinin genişləndirilməsi və rəqəmsal idarəetməyə keçid bürokratik əngəlləri və korrupsiya risklərini azaldır. Bu, həm də vaxt itkilərini məhdudlaşdırır və biznes üçün əlavə maliyyə səmərəliliyi yaradır.

Dövlət mülkiyyətindən istifadənin səmərəliliyinin artırılması, dövlət müəssisələrinin sağlamlaşdırılması istiqamətində vahid konsepsiyaya əsaslanan islahatların həyata keçirilməsi, dövlətə məxsus şirkətlərdə korporativ idarəetmə prinsiplərinin tətbiqi və özəlləşdirmə prosesi onların rentabelliyini artırır, büdcəyə yük olmaqdan çıxarıb gəlir gətirən qurumlara çevrilməsinə kömək edir. Struktur islahatları idarəetmə prosesində operativ və dəqiq qərarların qəbul edilməsini təmin edir ki, bu da istər ölkə, istərsə də ayrı-ayrı sahə və strukturlar səviyyəsində müsbət dinamikanı sürətləndirir.

Bununla belə, onu da xüsusi qeyd etmək lazımdır ki, dövlət idarəetmə sisteminin təkmilləşdirilib optimallaşdırılması istiqamətində atılan addımlar, xüsusən də islahatlar nəticəsində ixtisara düşən işçilərə münasibətdə çox həssaslıqla həyata keçirilməlidir. İslahatlar nəticəsində ixtisar edilən işçilərin taleyi ilə bağlı işlək mexanizmli tədbirlər görülməlidir.

Dövlət idarəetmə sisteminin modernləşdirilməsi sahəsində həyata keçirilən islahatların maksimum səmərə verməsi üçün qurumların ləğvi və ya birləşdirilməsi, funksiyaların təkrarlanmasının aradan qaldırılması, eləcə də gərəksiz ştatların ixtisarı mexaniki və özünəməqsəd xarakter daşımamalı, performans əsaslı əməkhaqqı sisteminə keçid şəffaflığı və hesabatlılığı gücləndirməli və dövlət qulluğunda peşəkarlığı artırmalıdır.

İqtisadiyyatın dövlət sektorunun ölçülərinin optimallaşdırılması, çevikliyinin artırılması və daha düzgün qərarların verilməsi təminatının gücləndirilməsinə xidmət etməlidir. Bunun üçün digər şərtlərlə yanaşı, Azərbaycan Prezidentinin “Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 17 mart 2020-ci il tarixli sərəncamında nəzərdə tutulan məsələlərə kompleks və davamlı şəkildə əməl olunmalıdır.

Həmin sərəncamda göstərilir ki, regionlarda sosial-iqtisadi inkişafın tamamilə yeni mərhələyə qədəm qoyması məqsədilə digər əməli tədbirlərlə yanaşı, səmərəliliyin qiymətləndirilməsi sisteminin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə də şamil olunması imkanları təhlil edilməli və ən qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə başlanılmalıdır.

Eyni zamanda, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlərin yaradılmasına ehtiyac vardır. Sənəddə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməsi zəruri hesab edilir.

Göründüyü kimi, institusional islahatlar dövlət qurumlarında səmərəliliyin, operativliyin və şəffaflığın gücləndirilməsinə yönəlib. Həmin hədəflərə nail olunması dövlət orqanlarında ictimai etimadın artırılmasında, etimad mühitinin sağlamlaşdırılması isə öz növbəsində həm daxili, həm də xarici sərmayələrin cəlb edilməsində mühüm rol oynaya bilər.

1511255

"Bir kadrın hazırlanmasına onilliklər tələb olunur, onun taleyi “bir qələm çalınmasından” asılı olmamalıdır"

Optimallaşdırılması istiqamətində atılan addımların təsir gücünü və səmərəliliyini artırmaq üçün bir sıra əlavə tədbirlərin də görülməsini vacib hesab edirik.

Birincisi, dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətindəki islahatlar hüququn aliliyinin təmin olunduğu və hamıya şamil edildiyi şəraitdə maksimum effekt verə bilir.

İkincisi, bu islahatların əsas hədəflərindən biri dövlət idarəetmə sistemində səriştəli kadrların qalması və karyera yüksəlişi sahəsində nəticələrin yaxşılaşdırılmasıdır. Bizdə əsas problemlərdən biri də məhz bu sahədə özünü göstərir. Ona görə də, əvvəla, bir sıra hallarda müşahidə olunan yəni nazirin, baş idarə rəhbərinin və digər rəhbər kadrların vəzifəyə təyin edildiyi vaxt həmin strukturun, obrazlı desək, qapıda dayanan gözətçidən başlayaraq daxili struktur rəhbərləri və müavinlərə qədər əksəriyyətinin işdən çıxarılması halları aradan qaldırılmalıdır.

Hər bir kadrın hazırlanmasına onilliklər tələb olunur. Ona görə də kadrın, xüsusən də öz sahəsi üçün zəruri olan kadrların taleyi onun barəsində “bir qələm çalınmasından” asılı olmamalıdır. Nazir postu əslində daha çox siyasi postdur. Ona görə də onun fəaliyyətində ümumi rəhbərliyi və əsas hesab etdiyi istiqamətləri öz kurasiyasında saxlayıb, qalanlarını texnokratlardan ibarət komandasına həvalə etməklə onların fəaliyyətini effektiv koordinasiya etməsi, bir vaxtlar Yaponiyanın sürətli inkişafında mühüm rol oynamış “işçinin üçdəbir özünün, üçdəbir işlədiyi qurumun, üçdəbir isə ölkənin mənafeyi naminə fəaliyyət göstərməsi” prinsipinin təmin edilməsi idarəetmənin elmiliyini, çevikliyini, səmərəliliyini və nəticəyönümlülüyünü əhəmiyyətli dərəcədə artıra bilər.

Üçüncüsü, kadr seçimi və dəyişikliklərinin meyarları təkmilləşdirilməli və müasir tələblərə cavab verənlər sistemdə qalmalı, cavab verməyənlərin əvəzinə isə daha səriştəli və uyğun kadrlar cəlb olunmalıdır. Kadr seçimində meyarlar şəxsi deyil, dövlət mənafeyi üzərində qurulmalıdır.

Bu sahədə problemləri birdən-birə həll etmək çətin olsa da, əsas prinsip qohumluq, tanışlıq və şəxsi münasibətlər deyil, xalqla işləməyi bacaran savadlı və peşəkar kadrların seçilməsi olmalıdır. Məhz belə kadrların hesabına qurumlarda yaranan problemlər və çatışmazlıqlar operativ şəkildə aradan qaldırıla və işlərin davamlı inkişafı təmin oluna bilər. İşçi aydın şəkildə bilməlidir ki, ona həvalə edilmiş vəzifələri yüksək səviyyədə yerinə yetirdiyi halda, gələcəkdə hansı karyera imkanları və irəliləyişlər onu gözləyir.

Eyni zamanda, mövcud çağırışlar şəraitində geniş beynəlxalq təcrübəyə və biliklərə malik kadrların cəlb edilməsi həm ümumilikdə, həm də ayrı-ayrı sahələr üzrə idarəetmənin modernləşdirilməsinə və səmərəliliyinə ciddi töhfə verə bilər.

Dördüncüsü, iqtisadiyyat digər məlum şərtlərlə yanaşı, xeyli dərəcədə yuxarıdan aşağıya və əksinə, aşağıdan yuxarıya siqnal sistemi ilə işləyir. Həmin sistem səmərəli işləmədikdə idarəetmə sisteminin fəaliyyətinin effektivliyi aşağı düşür. Bu sistemin səmərəliliyini artırmaq üçün idarəetmədə ifrat mərkəzləşmədən müəyyən açılımlara getmək zəruridir.

Çünki ifrat mərkəzləşmə müharibə və ekstremal şəraitlərdə səfərbərlik modelini tətbiq etmək üçün faydalı olsa da, bu modelin uzun müddət davam etməsi onun mənfi təsirlərini artırır. Ona görə də idarəetmənin səmərəliliyinin artırılması üçün balanslı yanaşma və səlahiyyətlərin daha optimal bölgüsü zəruridir.

Bu məsələyə sadə məntiqi yanaşma ilə baxsaq, aydın olur ki, bələdiyyələr mərkəzi icra orqanlarının funksiyalarını eyni səviyyədə icra edə bilmədiyi kimi, nazirliklər və digər mərkəzi qurumlar da yerli problemlərə bələdiyyələr qədər çevik və həssas yanaşa bilməz. Bu baxımdan mərkəzi və yerli icra strukturları, eləcə də bələdiyyələr arasında səlahiyyət bölgüsünün optimallaşdırılması vacibdir.

1511257“Dövlət–Vətəndaş İştirakçılığı Konsepsiyası hazırlanmalıdır"

Beşincisi, dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində həyata keçirilən islahatlar iqtisadiyyatın şaxələndirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi ilə əlaqələndirilməlidir. Bu əsasda investisiya mühitinin yaxşılaşdırılması, xüsusilə sahibkarların hüquqlarının etibarlı qorunması təmin olunmalı və sərmayə qoyuluşu üçün daha əlverişli şərait yaradılmalıdır.

Bu isə dayanıqlı məşğulluğun genişlənməsinə və iqtisadi inkişafın daha stabil xarakter almasına xidmət edəcək.

Altıncısı, informasiya texnologiyalarının inkişafı və vətəndaş cəmiyyətinin genişlənməsi dövlət idarəçiliyinin yalnız struktur və səmərəlilik baxımından deyil, həm də demokratik və ictimai iştirakçılıq prinsipləri əsasında qurulmasını tələb edir. Müasir dövrdə dövlətin uğuru təkcə iqtisadi göstəricilərlə deyil, cəmiyyətlə münasibətlərinin keyfiyyəti ilə müəyyən olunur.

Bu sahədə daha uğurlu nəticələr əldə etmək üçün mövcud hüquqi bazadan səmərəli istifadə etməklə “Dövlət–Vətəndaş İştirakçılığı Konsepsiyası” hazırlanmalı və onun işlək icra mexanizmi tətbiq olunmalıdır.

Bu kontekstdə, yaşamağa başladığımız yeni mərhələnin hədəf, çağırış və vəzifələrinə uyğun olaraq dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində atılan addımlara sistemli və davamlı xarakter verilməsi Azərbaycanın müdafiə qüdrətinin artırılması, təhlükəsizliyinin möhkəmləndirilməsi və əhalinin rifahının yüksəldilməsi kimi əsas prioritetlərin daha sürətli və dolğun şəkildə reallaşdırılmasına imkan yarada bilər.

Ardı var...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana daha bir AĞIR ZƏRBƏ - Onu da öldürdülər!