Modern.az

Abel Məhərrəmovun iki görüşü...

Abel Məhərrəmovun iki görüşü...

24 Dekabr 2010, 15:17

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutunun (MFTI) birinci prorektoru, professor  Timofey Kondranini və bu institutun ümumi və tətbiqi fizika fakültəsinin dekanı, professor Mixail Trunini qəbul edib. Bu barəfə BDU-nun mətbuat xidmətindən məlumat verilib.
T.Kondranin BDU ilə təmsil etdiyi İnstitutun əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu bildirib, MFTİ-də oxuyan azərbaycanlı tələbələrin sayının artırılmasını vacib olduğunu söyləyib.
Qonaqların fikirləri ilə həmrəy olduğunu bildirən akademik Abel Məhərrəmov Moskva Fizika-Texniki İnstitutu ilə səmərəli və işlək əməkdaşlıgın mümkünlüyünü vurgulayaraq, bu məsələyə daha çox diqqət ayıracagını  deyib. Sonra qonaqlar  BDU-nun laboratoriyaları və elmi mərkəzləri ilə tanış olublar.

Abel Məhərrəmov dekabrın 24-də Yaponiyanın Kioto şəhərinin Doşisa Universitetinin xarici əlaqələr üzrə səlahiyyətli nümayəndəsi, siyasi elmlər üzrə professor Nişaye Nakanişini də qəbul edib. BDU-nun tarixi, inkişaf mərhələləri, beynəlxalq əlaqələri haqqında məlumat verən rektor xüsusilə Yaponiya ali təhsil məktəbləri ilə əlaqələrə toxunub. Azərbaycan-Yaponiya parlamentlərarası dostluq cəmiyyətinin rəhbəri olduğunu qonağın diqqətinə çatdıran akademik Abel Məhərrəmov, eyni zamanda, universitetdə yapon dili və ədəbiyyatının tədrisindən, bu sahədə formalaşmış məktəbdən də danışıb. Rektor Yaponiya universitetləri ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib, yapon dili və ədəbiyyatını öyrənən tələbələrin yay dil təcrübələrinin Yaponiyada keçirilməsinin, tələbə mübadiləsinin vacibliyini qeyd edib.

Nişai Nakanişi öz növbəsində bildirib ki, o, yüz otuz beş yaşı olan özəl Doşisa universitetini təmsil edir. Bu elm ocağı Yaponiya hökuməti tərəfindən beynəlxalq əməkdaşlıq üçün seçilmiş on üç universitetdən biridir. Burada əcnəbi tələbələr öz istəkləri ilə yapon yox, ingilis dilində təhsil ala bilərlər. Qonaq Azərbaycan tələbələrinin Doşisa universitetində oxumasında, iki universitet arasında əlaqələrin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.

Yaponiya səfirliyinin köməyi ilə BDU-da Yaponiya mərkəzinin açılacağına toxunan rektor deyib ki, tərəflər yalnız kadrların hazırlanması ilə kifayətlənməməlidir, onlar həm də nanotexnologiya, biokimya və s. elmlərin inkişafı istiqamətində maraqlı olmalıdırlar.

Akademik Abel Məhərrəmov və professor Nişaye Nakanişi BDU ilə Doşisa universiteti arasında əməkdaşlıq barədə memorandumun hazırlanması barədə razılığa gəliblər.

Nişaye Nakanişi BDU-da yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların hazırlıq səviyyəsindən məmnun qaldığını bildirib.

Modern.az                            

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir