Modern.az

Minsk qrupunun Vyana toplantısı nəyi dəyişəcək? - ŞƏRH

Minsk qrupunun Vyana toplantısı nəyi dəyişəcək? - ŞƏRH

Təhsil

4 Aprel 2016, 11:53


Aprelin 2-dən başlayaraq cəbhə xəttində atəşkəs intensiv şəkildə pozulmaqda davam edir. Son bir neçə gün ərzində Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 15 şəhid verib.

Azərbaycan tərəfi atəşkəsi birtərəfli şəkildə dayandırmaq tapşırığı versə də, qarşı tərəfin pozucu fəaliyyəti davam edir.

Cəbhədə yaranan gərginliyi aradan qaldırmaq üçün aprelin 5-i ATƏT-in  Minsk qrupu üzvləri Vyanada görüşəcək.

Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik məlumat verib.

Ümumiyyətlə, bu görüşdən nə gözləmək olar?! Rəsmilərin bu görüşü Qarabağ münaqişəsi ilə bağlı nəyi dəyişə bilər?!

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Modern.az-a açıqlamasında deyib ki, birinci tələb atəşkəsin bərpası ilə bağlı olacaq.

“Birinci atəşkəs qaydalarına riayət edilməsini tələb edəcəklər. Atəşkəs bu gün də Ermənistan tərəfindən pozulmaqdadır.  Cəbhədə bu saat erməni tərəfi itirilmiş mövqelərini geri qaytarmaq üçün yeni qoşun, texnika  yığır.  Ermənistandan bura daha müasir raket silahları gətirilir. Ermənistan sakit durmaq istəmir. Vyana görüşündə Minsk qrupu hansı qərarları qəbul edəcəksə, Ermənistan ona tabe olmayacaq.

Düşünürəm ki, bu görüşdə daha çox Ermənistana tələblər qoyulmalıdır ki, bölgədə sülh yaransın. Artıq Azərbaycan tərəfi  böyük dövlətlərin çağırışı sayəsində birtərəfli qaydada atəşkəs elan edib atəşi dayandırdı. Ermənistan isə atəşi dayandırmadığına görə Azərbaycan cavab atəşi atmaqda davam edir”.

Ekspertin sözlərinə görə Vyana görüşündə  müzakirələr çağırışlarla bitməməlidir.

“Bölgədəki bütün vəziyyət ciddi surətdə araşdırılmalıdır. Niyə və nə səbəbə baş verir?!. Bu səbəbləri yaradan nədir?!

Bu gün Almaniya Bundestaqının bir deputatının mövqeyini oxudum. O açıq surətdə deyir ki, xristian ermənilər, müsəlman Azərbaycanın böyük ərazilərini işğal edib. Ermənilər qoşunlarını burdan çıxarmayınca, bölgədə sülh həmişə sual altında olacaq.

Həmçinin, dünya ictimai rəyində kəskin dönüş var. Müharibəni yaradan səbəbləri də aydın görmək mümkündür. Təəssüflər olsun ki, Rusiya və ona yaxın bəzi dövlətlər obyektiv mövqe tuta bilmirlər. Hələ də Ermənistanın tərəfini birmənalı qaydada saxlayırlar. Prosesə müdaxilə etmək üçün kiçicik fürsət gözləyirlər. Bir tərəfdən Minsk qrupunun səlahiyyətləri artırılmalıdır. Minsk qrupunun prosesə təsir etmək rıçaqları yaradılmalıdır. Digər tərəfdən də ola bilsin ki, Minsk qrupunun həmsədrlər institutunda  müəyyən dəyişiliklər edilməlidir. Amma hələ ki Minsk qrupu buna hazır deyil”.

ATƏT-in Minsk qrupuna həmsədr ölkələr – Rusiya, ABŞ və Fransa ilə yanaşı, Ermənistan, Azərbaycan, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya və Türkiyə daxildir.

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?