Modern.az

Cəbhə rayonlarının deputatları bölgələrə gediblər...

Cəbhə rayonlarının deputatları bölgələrə gediblər...

Təhsil

4 Aprel 2016, 12:21


Aprelin 2-dən başlayaraq cəbhəboyu ərazilərdə aparılan əməliyyatlar nəticəsində ordumuz müəyyən qələbələr əldə etdi. Goranboy cəbhəsində Talış kəndi ətrafındakı yüksəkliklər, Tərtərdə Suysulan məntəqəsi, Füzuli istiqamətində Lələtəpə yüksəkliyi düşmən qüvvələrindən tam təmizlənib. Bu günə qədər 15 əsgərimiz şəhid olub. Azərbaycan tərəfinin dünəndən cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını dayandırmasına baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir. Cəbhəboyu ərazilərdə yenə də top səsləri eşidilir.

Modern.az cəbhə rayonlarından seçilən deputatlardan yerlərdəki vəziyyətlə barədə soruşub.

95 saylı Tərtər seçki dairəsinin deputatı Sahib Aliyev dünən rayonda olduğunu qeyd edib.

“Dünən Tərtərdə idim, şəhidimiz Nicat İsgəndərovu torpağa tapşırdıq. Allah rəhmət etsin və valideynləri qarşısında baş əyirəm. Atası o qədər içdən fikir söylədi ki, “oğlum 18 yaşına qədər mənim idi, 18 yaşdan sonra artıq vətənin oğludur”.
Gördüm ki, heç də hər adam şəhid adına layiq olmadığı kimi, hər bir valideyn də şəhid valideyni olmağa layiq deyil. Camaatın vəziyyətinə gəldikcə isə Tərtər camaatı hələ 90-cı illərin əvvəllərindən necə mərd, dözümlü camaat olduğunu göstərib. Baxmayaraq 30-dan artıq mülki evə zərər dəyib, insanlar öz işlərindədir. Erməni vəhşiləri yenə yaşayış yerlərini, insanların sıx yaşadığı yerləri hədəfə götürürlər. Bütün bunlara baxmayaraq, tərtərlilər öz işlərindədirlər. Onlarda yüksək əhval-ruhiyyə var”.

118 saylı Ağdam şəhər seçki dairəsindən seçilən deputat Bəxtiyar Əliyev bildirib ki, hərbi əməliyyatlar gedir və əhalinin yaşadığı yerlərdə heç bir problem yoxdur.

“Ermənilər bəzi yaşayış məntəqələrinə təxribat xarakterli atəşlər açırlar və onların da cavabları verilir. Hər şey qaydasındadır, əhalinin təhlükəsizliyi də tam təmin olunur. Hamsısı ilə gündəlik əlaqədiyik, heç bir problem yoxdur.
Bu aralar Rusiyanın bəzi Kütləvi informasiya Vasitələri Azərbayacana qaşrı təxribat xarakterli, həqiqətə uyğun olmayan, şər, böhtan xarakterli məlumatları tirajlmaqadadır. Hesab edirəm ki, bizim mətbuatımız da onlara layiqli cavab verməlidir”.

84 saylı Füzuli seçki dairəsindən seçilən deputat, Milli Məclisin vitse-spikeri Bahar Muradova isə hazırda rayondadır. O bildirib ki, şəhidlərin dəfn mərasimində iştirak edir.

“Hazırda rayonda dəfn mərasimindəyəm. Ona görə danışmaq imkanım yoxdur”.

97 saylı Goranboy - Ağdam - Tərtər seçki dairəsindən seçilən deputat Ağalar Vəliyev bildirib ki, hal-hazırda Goranboyun Tap Qaraqoyunlu kəndindədir.

“Camaatla görüş keçiririk. İnsanların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Burada 3 əsas yüksəklikdən ikisini ordumuz ələ keçirib. Düşmənə də lazımincə cavab verilir. Vəziyyət normaldır”.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?