Modern.az

Qiyabi və distant təhsilin fərqi: Hazırda 10 mindən çox tələbə qiyabi təhsil alır

Qiyabi və distant təhsilin fərqi: Hazırda 10 mindən çox tələbə qiyabi təhsil alır

24 Dekabr 2010, 15:51

Son günlər ali və orta ixtisas məktəblərində qiyabi təhsilin ləğvi, onun distant təhsillə əvəz olunması ilə bağlı müzakirələr artıb. Qiyabi təhsilin ləğv olunması ilə bağlı söz-söhbətlərə təhsil naziri Misir Mərdanov, TQDK sədri Məleykə Abbaszadə də münasibət bildirib. 
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asəf Hacıyev hələ bir müddət öncə Modern.az saytına açıqlamasında parlamentdə hazırlanan “Ali təhsil haqqında” qanun layihəsində qiyabi təhsilin ləğv edilməsi məsələsinə diqqət ayrılacağını qeyd etmişdi. Elə həmin açıqlamadan sonra məsələnin müzakirəsi aktuallaşdı. Bəs hazırda Azərbaycanda nə qədər tələbə qiyabi təhsil alır?

Öncə qiyabi təhsili əvəz edəcək distant təhsil barədə. Təhsil naziri M.Mərdanov deyib ki, qiyabi təhsil forması tədricən sıradan çıxacaq və distant  təhsilinə keciləcək. Amma bu prosses birdən-birə baş tutmayacaq. Nazir hesab edir ki, bu təhsil formasına kecid təhsilin keyfiyyətinə də müsbət təsir edəcək.
“Qiyabi təhsil artıq dünyanın bir çox ölkələrində mövcud deyil. Bizim də “Təhsil haqqında” qanun layihəsində qiyabi təhsilin ləğv olunması məsələsi var”.

Nazir eyni zamanda bildirib ki, artıq bir neçə universitetdə distant təhsil formasından istifadə edilir.

Dünya təhsil sistemində əyani təhsil forması  geniş yayılıb. Əyani formada təhsil alan  insanlar hər zaman digərlərindən peşə bacarıqları ilə seçilib. Ekspertlər isə hesab edirlər ki, əyani təhsil keyyfiyət baxımından yaxşı olsa da, bunun üçün böyük vəsait tələb olunur. Bu baxımdan ən əlverişli təhsil üsulu açıq distant təhsildir. Bəs distant təhsil forması nədir, hansı üstünlükləri var?

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Səyyar Abdullayev deyir ki, təhsilin əyani və qiyabi formaları ilə müqayisədə açıq distant çoxlu üstünlüklərə malikdir. Bu üstünlüklərə onun əlyetərliyi, ucuzluğu, çevikliyi və s. daxildir. Distant təhsil alınmasında əhalinin müxtəlif təbəqələrinə də bərabər imkanlar yaradılır.  İnkişaf etmiş ölkələrdə bir sıra xüsusiyyətləri ilə secilən distant təhsil geniş şəkildə istifadə olunur.  

Distant  təhsildə müxtəlif təhsil proqramları,  texnologiyalar  və tədris forması birləşir. Bu da onun səmərəliliyini artırır.

Ekspertlərin fikrinə görə, mühazirə zamanı tədris materialının 5-10%-i,  tədrisə aid ədəbiyyatın sərbəst oxunuşu zamanı 10-20%-i mənimsənilir, materialın qrup şəkilində müzakirə olunması zamanı isə mənimsənilmə 50%-ə qədərdir. Yeni biliklərin təcrübi istifadəsi prosesində mənimsənilmə 75%-ə yaxınlaşır,  ən yüksək mənimsənilmə dərəcəsinə (90%) başqalarını öyrədəndə çatmaq olur.

Distant təhsil sistemi tədris prosesinin daha müasir və onlayn formasıdır. Dünyada ilk dəfə onlayn təhsil 1910-cu ildə İngiltərədə tətbiq edilib. Lakin həmin dövrdə təhsil onlayn deyil, video filmlərlə əks etdirilirdi.

Bu gün dünyada tələbələrə distant təhsil təklif edən universitetlərin çoxu “açıq universitet” adı altında fəaliyyət göstərir. Distant təhsil zamanı keçirilən dərslər adi universitetlərdə tədris olunan dərs proqramından bir o qədər də  fərqlənmir.Yeganə fərq ondan ibarətdir ki, distant təhsil zamanı tələbə və müəllim arasındakı ünsiyyət üz-üzə deyil, virtual olaraq məsafədən həyata keçirilir. Yəni internet vasitəsilə.

Azərbaycanda ilk dəfə distant təhsil 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İxtisasartırma və yenidən hazırlama fakültəsində tətbiq olunub. Bu gün də bu təhsil forması universitetin Beynəlxalq iqtisadi münasibətlər və maliyyə kredit ixtisasında həyata kecirilir.  

Təhsil Nazirliyinin Ali və orta  ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev Modern.az saytına bildidb ki, hazırda dövlət və özəl ali, eyni zamanda orta ixtisas məktəblərində 10 min 565 tələbə qiyabi təhsil alır. Dövlət və özəl ali məktəblərdə qiyabi təhsil alanların sayı 12 min 163 nəfərdir.

İ.Mustafayevin sözlərinə görə, yalnız Azərbacan Dövət Mədəniyyət və İncəsənət Universitetində qiyabi təhsil alanların sayı azdır, digər ali məktəblərdə say demək olar ki, eynidir.

Sədaqət Süleymanova

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər