Əlimusa İbrahimov
Siyasi Elmlər üzrə Fəlsəfə doktoru
Politoloq
5 ay bundan qabaq Suriyanın legitim prezidenti Başər Əsədin dəvəti ilə və İŞİD-lə mübarizə aparmaq adı altında Suriyaya qoşun yeridən Putin dünya ictimaiyyətini və aparıcı dövlətləri yetərincə təəccübləndirmişdi. Qısa bir müddətdən sonra Rusiyanın hədəfləri üzə çıxdı və İŞİD bu hədəflərin içində sonuncu yeri tutmağa başladı. Əsas hədəflərin isə
1) Başər Əsədin yıxılmasının qarşısını almaq,
2)Dünya ictimaiyyətinin diqqətini Krım və Ukraynadan yayındırmaq,
3)Rusiyanın Yaxın Şərqdə Ərəb Dövlətləri arasında İraq hadisələrindən sonra itirilmiş imicinin bərpa edilməsi,
4) Rusiya hərbi maşınının son onilliklərdə əldə etdiyi nailiyyətləri nümayiş etdirmək və sair olduğu üzə çıxdı .
Amerika başda olmaqla, Qərb dövlətləri Rusiyanın manevrini dərk etmək üçün mülahizələr irəli sürdükləri vaxt Rus hərbçiləri bir-birinin ardınca uğurlu əməliyyatlara imza atıb Suriyada mövcud olan ölkələr arasında Rusiyanın yerini möhkəmləndirdi və hətta təşəbbüsü ələ aldı. Hədəflər bir-birinin ardınca yerinə yetirilməyə başladıqda, Putin reytinqini daha da yüksəklərə qaldırdı.Dünya dövlətləri Rusiya üçün ikinci Əfqanistan ssenarisi hazırlamaq haqqında məxfi müzakirələr aparmağa başlayırdılar ki, Putin növbəti gedişini etdi və Suriyada Rus ordusunun qarşısına qoyulan vəzifələri yerinə yetirdiyinə görə oradan çıxarılması haqqında əmr verdiyini bəyan etdi. Amma bu zaman Rusları ora dəvət edən legitim hakimiyyət nədənsə unuduldu. Ona sonradan bildirildi ki, biz gedirik amma narahat olma, səni tək buraxmayacağıq.
Rus qoşunlarının Suriyaya yeridilməsi nə qədər gözlənilməz olmuşdusa, onların çıxarılması haqqında bəyanat öz effektinə görə daha da şiddətli oldu .
Hərçənd Rusiyanın Suriyada qarşısına qoyduğu məqsədlərin yerinə yetirilib-yetirilməməsi haqqında uzun-uzadı mübahisə etmək olar, amma fakt faktlığında qalır, Rusiya Suriyadan qalib kimi çıxdı, təbii ki, əgər ümumiyyətlə çıxıbsa və bunun bariz nümunəsi Başər Əsədin son günlər döyüş cəbhəsində əldə etdiyi nailiyyətlərdir.
Yenə politoloqlar Rusiyanın Suriyadan çıxmağa məcbur edən məsələlər haqqında fikir yürütməyə başladılar.
1) İqtisadi vəziyyətin Rusiyanın əleyhinə işləməsi;
2) zərərin yarısından qayıtmaq prinsipinin əldə rəhbər tutulması;
3) Əfqan sindromundan uzaqlaşmaq niyyəti;
4) Beynəlxalq sanksiyaların daha da artırılmasına mane olmaq cəhdi;
5) neftin qiymətlərinin düşməkdə davam etməsi və sair.
Bütün bunların hamısında müəyyən qədər həqiqət vardır və Putin manevr edərkən bu rellıqları nəzərə almaya bilməzdi. Amma fikrimcə, bütün bunlar Rusiya Prezidentinin zaman keçdikcə daha praqmatik addım atmasını sübut edir. Putinin hakimiyyətdə olduğu illərin sayı artdıqca onun xarici siyasətdə əldə etdiyi uğurların sayı da paralel olaraq artır.
Diqqət yetirək. Rusiyanın Xarici siyasəti prizmasından baxdıqda Suriyaya qoşun yeritmək dərin düşünülmüş uzaqgörən görən addım idi və bu Rusiyaya əvəzsis dividendlər gətirdi. Minimal itki ilə qarşıya qoyulan məqsədləri əldə etmək və heç kimin gözləmədiyi halda qoşunların çıxarılmasını qərara almaq da Rusiyanın imicinə işlədi, qoşunlar tam çıxarılmasa belə. Bu həqiqətləri inkar etmək siyasi savadsızlıq, yaxud Rusiyaya qarşı qərəzli münasibətdən başqa bir şey deyil.
Və indi keçək Putinin dünya ictimaiyyətinə təqdim etdiyi sonuncu sürprizə.
1-2 aprel Azərbaycan və Ermənistanın təmas xəttində növbəti atışma zamanı Azərbaycan qoşunları hücuma keçərək düşmən ərazisində olan torpaqlarının bir hissəsini azad edib, düşmənə ciddi zərbə vurmuşlar. Döyüşlər başlayan kimi Azərbaycan qoşunlarının üstünlüyü və əzmkarlığı ilk andaca özünü göstərdi. Qəhrəman hərbçilərimiz bir işarəyə bənd imiş. Ermənistana qədər gedəcəklərinə dair verdikləri sözü yerinə yetirməyə başlayırdılar ki, Rusiya işə qarışdı. Döyüşü saxlayın…
Təbii ki, Rusiyanın bu tonda verdiyi tələbinin yerinə yetirilməməsinin nəticəsinin Gürcüstanın başına nələr gətirdiyi hələ yaddaşımızdan silinməyib. Və təbii ki, Azərbaycan bu gün Rusiya ilə münasibətdə ona ayrılan roldan kənara çıxmaq iqtidarında deyil. Bu gün…..
Bizi maraqlandıran məsələnin digər tərəfidir. Bir çox politoloqlar iddia edir ki, Rusiya ilə razılaşma olmasaydı sərhəddə baş verən toqquşma növbəti hadisə kimi gündəlik xəbər məlumatından irəli getməyəcəkdi. Azərbaycan rəhbərliyi böyük siyasi səriştə nümayiş etdirərək, Putini iki günlük döyüşə razı sala biliblər. Azərbaycanın igid əsgərləri isə bu qısa döyüş ərzində bir daha sübut etdilər ki, torpaqlarının azad edilməsi uğrunda onların qarşısını heç bir qüvvə ala bilməyəcək.
Təki, Ali Baş Komandan əmr versin. Təki, aparıcı dövlətlər əsgərlərimizin qanı bahasına əldə edəcəkləri uğurları Azərbaycanın əleyhinə istifadə etməsinlər.
Bu hadisədən sonra bir daha əmin olursan ki, müharibə həqiqətən, siyasətin başqa formada davamıdır.
Təbii ki, Putinin iki günlük müharibəyə göz yummasının səbəbləri haqqında müzakirələr başlanacaq, müxtəlif versiyalar səslənəcək. Amma bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, bu bizim çoxdan gözlədiyimiz qələbə idi. Kiçik olsa belə, igidlərimizin qanı bahasına olsa belə.
Azərbayca Prezidenti hərbi qüvvələrimizə öz sözünü demək üçün imkan yartdı. Bizə torpaqlarımızın işğaldan azad olunmasına aparan yolda zəruri addımımızı atdıq. Bird aha sübut etdik ki, Azərbaycan Ordusu düşməndən qat-qat güclüdür. Xalqımız qələbənin həsrətindədir.
Hamı Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyir.
Düşmən, xəbərdar ol! Xalqımızın qalib ruhu daha da artmışdır. Biz gəlirik. Biz Rusiya sindromunu artıq sındırdıq. Meyidinizin Azərbaycan torpaglarında çürüməsini istəmirsinizsə başınıza çarə qılın. Sabah Azərbaycana sizinlə haqq çürütmək üçün veriləcək vaxt daha çox olacaq. Biz hətta ən qatı tərəfdarınız Rusiyaya belə sizin əsil simanızı açıb göstərmək qabiliyyətinə malikik.