Modern.az

Rasim Balayev: “Bunlar komediya deyil, meymunluqdu…” - MÜSAHİBƏ

Rasim Balayev: “Bunlar komediya deyil, meymunluqdu…” - MÜSAHİBƏ

27 Dekabr 2010, 11:58

“Müslüm Maqomayevlə çəkiləcəyim filmi ləğv elədilər…”


Müsahibimiz görkəmli sənətkar, kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevdir. Onunla müsahibədən öncə dedim ki, yazı Modern.az internet portalında çıxacaq, amma məlum oldu ki, aktyor internetdən qorxur. Təəccübümə rəğmən dedi ki, internetə öyrəşəcəyindən ehtiyat edir. “Bundan sonra beş-altı il ömrümüz qalıb, deyirsən onu da internetə qurban verək…” deyə zarafatla söhbətə başlayan Rasim Balayevlə həyatdan, kinodan danışdıq…

- Mən yanınıza gəlməmişdən əvvəl sizin verdiyiniz bir sıra müsahibələrə baxdım.  Hamınin ilk sualı “Nəsimi” filmi ilə başlayır. Odur ki, bilmirəm bundan başlamaq taftalogiya olmayacaq? Söhbətə “Nəsimi” filmindən başlamaq sizi bezdirmir?  

- Vallah mən özüm cavanlıqda müsahibə verməyi xoşlayırdım. İndi o qədər də həvəsli olmuram. Mən əgər yeni film varsa, o zaman müsahibəni həvəslə verirəm. Danışmağa nə isə olur.
Olub keçənlər barədə danışanda isə görürsən eyni məsələni bir dəfə, iki dəfə təkrarən danışmalı olursan. Düz deyirsiniz, jurnalistlər adətən mənimlə müsahibədə ilk olaraq “Nəsimi”dən başlayırlar. Mən də hər dəfə eyni şeyləri danışmalı oluram. Təkrarçılıq alınır. Çünki standart suala mənim başqa cavabım da yoxdur axı… Eyni şeyi deyirəm ki, o da təkrarçılıq yaradır. Amma olan budur da. “Nəsimi” filmi doğurdan da mənim taleyimi həll eləyib.

 - Azərbaycan xalqının təsəvvüründə Nəsimi obrazını siz yaratmısız. Maraqlıdır ki, hətta orta məktəbin ədəbiyyat kitablarında verilən Nəsiminin şəklində sizin cizgilərinizi tapmaq olur… Filmə qədər Nəsimi obrazı var idimi, yoxsa onu siz gətirdiniz?

- Orta məktəbdə şair haqqında oxumuşdum. O zaman orta məktəb kitablarında Nəsimi haqda çox az yazılırdı. Heç bir səhifə olmazdı. Qəribə bir şəkil və altdan da şairin bir şeri olardı. “Ağrımaz” qəzəli… Yadıma gəlir ki, orta məktəb müəllimi qəzəli əzbərləməyi tapşırmışdı…
Mən də əzbərləmişdim. Ədbiyyat dərsinə həmişə ciddi hazırlaşırdım. Deyim ki, Nəsimi o qədər də tanınmırdı. Xalq arasında başqa şairlərimiz daha məhşur idi. Məsələn Nizami, Füzuli…

- Dediniz ki, bu film sizin taleyinizi həll edən bir film olub. Bəs kinoaktyorluğa marağınız necə yaranıb? Adam var ki, uşaq vaxtı deyir mən mütləq artist olacam, yaxud o zamanlar dəbdə olan arzu kosmonavt olmaq idi. Azərbaycanda həkim, prokuror, milis olmaq o zaman valideyn arzusu sayılırdı...

- Təxminən 7-8-ci sinifə qədər aktyor olmaq barədə qətiyyən fikirləşmirdim. Məktəbdə yaxşı oxuyurdum. Sonradan ədəbiyyata, tarixə marağım artdı və mən dərnəklərə getməyə başladım. Sonra gördüm aktyorluğa həvəsim artır.  Əvvəl elə bilirdim bu ötəri bir şeydir. Sonra gördüm ki, yox deyəsən  marağım çox ciddidir. 11-ci sinifdə oxuyanda qərara gəldim ki, aktyor olacağam. Evdə bu niyyətim barədə danışanda valideynlərimi təəccübdən bilmədilər nə etsinlər. Qətiyyən  razı olmurdular… Mənə deyirdilər ki, “oğul, axı daha yaxşı sənətlər var”. Evdə məni həkim və ya  tarixçi görmək istəyirdilər.  

- Niyə istəmirdilər aktyor olasınız? Bəyəm aktyorlar o zaman cazibədar deyildillər?

- Məni evdə başqa peşə sahibi kimi görmək istəyirdilər. Bu valideynlərimin qəti arzusu idi. Bilmirəm, ola bilsin ki, valideynlərim aktyorluğa ciddi bir sənət kimi baxmırdılar. Nə bilim…Bizim ailədə, qohumlarda heç kim aktyor olmayıb. Odur ki, bu sənət onlar üçün qaranlıq bir şey idi. Düzdü, arabir Bakıdan aktyorlar rayona gələrdilər, tamaşalar qoyardılar. Biz də gedib baxardıq. Sadəcə maraq xətrinə… Evdə mənim nə vaxtsa aktyor olacağımı təssəvür belə eləmirdilər. İstəyirdilər ki, mən ciddi bir sənətlə məşğul olum. Aktyorluğa qeyri-ciddi iş kimi baxırdılar. Bəlkə də düz deyirdilər, çünki bu gün də ciddi iş kimi baxmırlar bu sənətə.
Həm də o zaman Azərbaycan kinosu o qədər də parlaq dövrünü yaşamırdı. Bizdə 70-ci illərdən başladı kinonun inkişafı. Ən güclü filmlərimiz 1970-85-ci ilə qədər olan dövrdə çəkilib.

Yerigəlmişkən, aktyor sənətinə olan münasibət haqqında sizə maraqlı bir əhvalat deyim. Bu zərb-məsələ dönüb artistlər arasında. Tanınmış aktyor olan rəhmətlik Ağahüseyn Cavadovun 70 illik yübleyi olur. Bu münasibətlə evdə qurulan məclisdə böyük qardaşı sağlıq deyəndə deyib “70 yaşına çatdın. Yəqin bundan sonra bir ciddi işin qulpundan yapışarsan”. Bax belə idi xalqın bu sənətə münasibəti…

- Bu münasibət nədən doğur belə? Bizdə sanki elə əsrin əvvəlindən artist tayfasına münasibət qeyri-ciddi olub. Nəsə Azərbaycan xalqı sanki həzm eləmir bu sənəti.

- Mən sizə bir söz deyim. Konkret sənətlər var: məsələn, müəlllim, mühasib, həkim və. s.. O zaman adamlar bilirdilər ki, oxusalar, konkret bir vəzifənin yiyəsi olacaqlar. Maaş alacaqlar, çörək qazana biləcəklər. Amma aktyor sənəti çox qəribədir. İncəsənət İnstitutunu yaxşı da, əlaçı da qurtara bilərsən, amma aktyor ola bilməzsən. Bu sənətdə çox qeyri-müəyyənlik var. Ona görə də, mən valideynlərimi qınamırdım. Çünki gedib o qədər əziyyət çəkib oxuduqdan sonra sayılanlardan ola bilməmək və geridə batıb qalmaq olardı. Odur ki, bu bir riskdir. Sonu bəlli olmayan bir sənətdir. Sən aktyor sənətində ya özünü doğrultmayan adama çerilə bilərsən, ya da çox dövlətli, tanınmış insan ola bilərsən. Bu artıq diplomdan, oxuduğun yerdən aslı deyil.
Əsas odur ki, elə rollar oynamalısan xalqın sevimlisinə çevrilə biləsən. Xalq səni qəbul eləməlidir. Bu da elə bir şeydir ki, onu  nə tanışlıqla,  qohumluqla, oxumaqla əmələ gəlmir.. Ona görə, aktyorluq qəribə sənətdir.

- Bəs qəbul imtahanı verəndə komissiya sizdə qeyri-adi bir istedad hiss edə bildi? Yoxsa sıradan bir tələbə kimi qəbul olundunuz?

- Məndə nəsə hiss elədilər. Qəbul imtahanlarını məndən rəhmətlik Adil İskəndərov, Mehdi Məmmədov, Rza Təhmasib, Müxlis Cənizadə götürdülər. Mən onları tanıyırdım. Onlar barədə oxumuşdum, çəkildikləri filmlərinə baxmışdım. Bilirdim ki, bunlar kimlərdir. Çox həyəcanli idim. Göstərdiyim etüd, söylədiyim şeir və verdikləri suallara cavabım onların  xoşlarına gəldi. İmtahandan aktyor sənəti, səhnə danışğı və müsiqi duyumuna görə üç “5” aldım.

O üç “5” sonrakı imtahanlara çox təsir elədi. Məsələn, ədəbiyyat imtahanı zamanı mənə düşən  Xaqaninin “Mədain xərabələri” şerini əzbər deyə bilmədim. Əlavə suallar verdilər, iksinə cavab verdim, birini bilmədim… Faktik olaraq müəllimlər məni kəsə bilərdilər. Amma aldığım “5”lər məni xilas elədi. Müəllim həmkarına dedi ki, bu oğlan qabiliyyət imtahanından üç “5” alıb, onu kəsmək olmaz.. Amma bu gün üç “5” alan uşaq testdən kəsilir…


- Ali məktəbə daxil olanda qarşınıza kino aktyoru olmaq məqsədi qoymuşdunuz?

- Yox, məqsədim ancaq teat  aktyoru olmaq idi. Kino haqda qətiyyən fikirləşmirdim. Öz-özümə təsəlli verirdim ki, teatrda yaxşı işləsəm bəlkə aradabir məni də kinoya çəkərlər. Ali məktəbi bitirən zaman təyinat məsələsi ortaya çıxdı. O vaxt rəhmətlik Rahib Hüseynov İncəsənət İnistututunun rektoru idi. Mənim tamaşalarımı görmüşdü. Ali məktəbi  yaxşı qurtarmışdım. Diploma tamaşasını Gənc Tamaşaçılar Teatrında oynadım və yüksək qiymət aldım. Mənimlə bir kursda Mikayıl Mirzə, Əliabbas Qədirov, Həsən Məmmədov oxuyub. 
“Azdrama”ya getmək istədim. Amma məni işə götürmədilər. Dedilər yer yoxdur, istəsən köməkçi heyətə göndərə bilərik. Yəni “massovka”, kütləvi səhnələrdə iştirak üçün. Mən isə getmək istəmədim. Çünki rol oynamaq istəyirdim. O zaman rəhmətlik Rahib Hüseynov dedi ki, “qal inistutda. Səni hansısa teatr mütləq götürməlidir. Sən lazım olacaqsan”. O, məni instituda assistent kimi saxladı. Tədris teatrlarında tamaşalar oynayırdım. Təxminən 1969-cu ildən 1972-yə kimi orda çalışdım. Sonra eşitdim ki, kinostudiyada ştat açılıb. Getdim ora.
Ona qədər rəsmi “kinoaktyor ştatı”yox idi. Hansısa rejissor film çəkəndə gedib teatrlardan, lap elə  küçədən adam görürüb çəkirdi. 1972-ci ilin fevralında gəldim rəhmətlik Adil İskəndərovun qəbuluna düşdüm.
Dedi ki, “nə var bala? Dedim ki, “mən burada işləmək istəyirəm”. Dedi ki, “sən kimsən? Nəçisən? Harda çəkilmisən kinoya?”. Mən də dedim ki, “heç harda çəkilməmişəm”. O da  “qadam, biz bura məhşur aktyorları götürürük, onlar bir neçə filmlərə çəkiliblər”.
 Mənimçün Şahmar Ələkbərovu, Məlik Dadaşovu, Leyla Bədirbəyli və başqalarını saydı. Bunlar artıq filmlərə çəkilmişdilər, özlərin sübut eləmişdilər. Dedim ki, hələ filmlərə çəkilməmişəm. Mənə altdan yuxarı baxıb dedi ki, ““vid –fasonun” xoşuma gəlir, amma içində nə var bilmirəm”. Sonra dedi ki, “səni işə götürürəm, 1973-cü ilə qədər işə gələrsən, lazım olsan, qalarsan, olmasan ərizəni yazıb gedərsən…”.
Elə bir az keçdi mən “Üç qərənfil” adlı filmə təsdiq olundum. Müslüm Maqomayevlə birlikdə. O baş rolda, mən də onun dostu rolunda… Filmin ssenarisini Maqsud İbrahimbəyov yazmışdı. Elə təzəcə ümidlənmişdim ki, qəfildən xəbər gəldi ki, filmi bağlayıblar. Şoka düşdüm. Əlim-qolum tamam sustlaşdı. Hirsimdən az qala ağlayacaqdım. Çünki bu filmi özüm üçün bir şans sayırdım.
İki-üç aydan sonra söz-söhbət yayılmağa başladı ki, “Nəsimi” filmi çəkiləcək.  Mən düzü buna əhəmiyyət vermirdim. Çünki 1973-cü ili YUNESKO “Nəsimi” ili élan etmişdi. Aləm qarışmışdı bir-birinə. Partiyadan ciddi şəkildə buna hazırlaşırdılar. Odur ki,  bu film barədə fikirləri yaxına da buraxmırdım. Kim idi məni, heç kimin tanımadığı, bir rolu belə olmayan gənc Rasimi bu filmə buraxan? Amma necə deyərlər sən saydığın say, gör fələk nə sayır...
Filmin rejissoru mərhum Həsən Seyidbəyli məni yoxlama çəkilişlərinə dəvət etdi. Qulaqlarıma inanmadım. Sən demə Həsən müəllim məni televiziyada şer deyəndə görübmüş. Sonra “Üç qərənfil” filminin operatoru məndən xoşu gəlib və deyib ki, Rasimi də çağıraq… Biz düz bir ay Kinematoqrafçılar İttifaqında, Həsən Seyidbəylinin kabinetində filmin əsas epizodlarını məşq elədik. Bir aydan sonra Həsən müəllim qəti qərara gəldi ki, “Nəsimi”yə məni çəkəcək.

-Yəqin bu tərəddüdlərin bir səbəbi varmış…

- Əlbəttə. Şair Nəsiminin yubleyinin keçirilməsi ilə bağlı yaradılmış dövlət yubiley komissiyasının sədri mərhum Heydər Əliyev idi. Müavini də Ali Sovetin sədri Qurban Xəlilov. Rəssamlar İttifaqının hazırkı sədri Fərhad Xəlilovun atası… Hə, Qurban Xəlilov zəng edib Həsən müəllimə ki, filmin çəkilişləri nə yerdədi, Nəsimi roluna kim çəkiləcək. Həsən Seyidbəyli də deyib ki, bir cavan oğlan var onu çəkmək istəyir. Qurban Xəlilov da hirslənib, narazı şəkildə deyib ki, “Həsən nə danışırsan? Nə cavan oğlan.. İndi risk vaxtı deyil, bunu başqa vaxt edərsən”.  Həsən müəllim israr edib ki, Nəsimini bu cavan oğlanda görür. Ali Sovetin sədri isə deyib ki, bu məsələ birbaşa dövlətin və partiyanın nəzarətindədir. YUNESKO-nun beynəlxalq tədbiridi, dünya bu filmə baxacaq. “Sən isə təcrübəsi olmayan bir cavan oğlanı bu boyda filmdə baş rola çəkirsən. Get tanınmışlardan birini tap, çək”.
Üç gündən sonra Qurban müəllim yenə zəng vurur və Həsən Seyidbəyli deyir ki, icazə versin gənc Rasim Balayev bu filmə çəkilsin. “Mən ondan başqa, Nəsimini oynayacaq artist görmürəm”. Ali Sovetin sədri isə telefonda ona “daha məsuliyyət sənin boynundadı. Film alınmasa, heç nə. Yaxşı olmayacaq”.
Bu söhbəti Həsən müəllim mənə film çəkiləndən sonra danışdı..  
Beləcə 1973-cü ildə “Nəsimi”yə çəkildim. Film uğurlu alındı. 1974-cü ildə “Nəsimi” filmi ən yaxşı tarixi filmə görə dövlət mükafat aldı. Indiki Heydər Əliyev sarayında keçirilən tədbirdə “ən yaxşı kişi rolu ifaçısına” görə mükafat aldım. YUNESKO-nun xətti “Nəsimi” ili ilə bağlı Bakıda festialı keçirildi. Sizə danışacağım maraqlı əhvalat burda oldu. Deməli, festivalın sonuncu günü Dağüstü parkda olan “Drujba” restoranında tədbirə çağırıldım. Elə restoranın dəhlizində bir kənarda durmuşdum. Bütün böyük vəzifəli adamlar, nazirlər, Moskvadan gələn qonaqlar bir-bir gəlirdilər. Ali Sovetin sədri Qurban Xəlilov rəsmi adamlarla daxil oldu zala. Hamı ilə başı ilə salam verə-verə keçidi. Mənim yanımdan keçəndə 5 metr gedib birdən geri döndü. Mənə “bura gəl” deyib yanına çağırdı. “Bala təbrik edirəm. Çox yaxşı yaratmısan Nəsimini”. Sonra da “məni bağışla, oğlum” dedi. Təəccübdən donub qalmışdım. Ali Sovetin sədri məndən, cavan bir oğlandan niyə üzr istəyir? Dedim “Qurban müəllim, əstəğfürullah, sizi niyə bağışlamalıyam. Mənə dedi ki, “sən bilmirsən? Oğlum, mən sənin çəkilməyinə etiraz edirdim. İstəmirdim sən çəkiləsən. Sonra filmə baxdım, yoxlama çəkilşləri ilə tanış oldum, gördüm ki, Nəsimi elə sənsən”.
Bilirsiniz də belə yüksək post yiyələri bu sözləri nadir hallarda işlədirlər. Bu sözləri yalnız yüksək mədəniyyətə malik olan insan deyə bilər. O, bunu deməyə də bilərdi... 


-Heydər Əliyev də baxmışdı filmə?

- Bəli. Heydər Əliyev SSRİ Kinematoqrafiya Komitəsini sədri ilə birgə gəldi tədbirə. Film Heydər Əliyevin də çox xoşuna gəlmişdi.  Hətta bildiyimə görə o, baxandan sonra keçirdiyi tədbirdə 10 dəqiqə mənim haqqımda danışmışdı. Axırda da deyib ki, “ondan muğayat olun”.

-Siz Azərbaycan xalqının təhtəl şüurunda olan qəhrəman obrazlarını yaratmısınız. Nəsimi, Babək və Beyrək obrazları sizdən möhür kimi qalıb. Bir çox aktyorlar, məsələn, Aleksandr Demyanenko həmişə deyirmiş ki, Qayday onu Şurik roluna  çəkməklə məhv edib. Digər aktyor  Boris Baboçkin Çapayevi oynadıqdan sonra digər rollarda uğur qazana bilmədi. Sizdə necə, qəhrəman obrazlarınız sonradan digər rollar oynayarkən problem yaratmırdı?

- Nəsimidən sonra mənə verilən tarixi rolları oynayarkən çalışırdım ki, bu rollar xarakter etibarı ilə bir-birini təkrar etməsin, bir-birinə oxşamasın. Bilirsinizmi, bunlar altı ilin içində oldu. 1973-cü ildə Nəsimi, 1975-də Dədə Qorqud, 1979-da da Babək çəkildi. Yəni altı ildə 3 böyük tarixi rol oynadım. Madam ki, bu qısa müddətdə sifəti dəyişmək olmur, çalışırdım ki, qəhrəmanlarımın xarakterləri, yerişi, duruşu, psixoloji durumu fərqli olsun. Amma xarici görünüşlərdə oxşarlıqvar. Məsələn, Babəkin cavanlığı Beyrəyi xatırladır. Var gücümlə çalışırdım ki, onlar bir birlərinə oxşamasınlar.

- Bəs Davud necə.. “Həm ziyarət, həm ticarət” filmindəki fırıldaqçı Davud obrazı barədə birmnalı fikir yaranmadı deyəsən.. “Nəsimi hara, Davud hara” tipli narazılıqlar oldu. Amma məncə, siz milli kinomuzda ilk dəfə olaraq “mədəni fırıldqçı” obrazını gözəl yaratdınız. Bizim filmlərdə axı, aferistlərin həyat tərzi hökmən müəyyən ştrixlərlə göstərilir. Şübhəli ətraf, kriminal… Amma Davud həm qorxaq, həm gülməli, həm də qəribədir ki,  müəyyən qədər inttelekti olan adamdır..   

- Bu filmdən sonra mən xeyli narazılıq məktubları aldım. Tamaşaçılar deyirdilər ki, “”biz istəmirik ki, sən belə mənfi rollara çəkiləsən”. Mən də zarafatla deyirdim ki,  vaxtında qəhrəmanlarımız nəsə eləyib, Babək olub, indi də torpaq, vətən deyib insanların qəlbinə girən, “aferistlik”lə məşğul olan bir qrup adamın ümumiləşmiş obrazını yaratmışıq.
Bilirsinizmi, rolun uğuru odur ki, gərək adamların qəlbinə girəsən. O vaxtı rəhmətlik Rasim Ocaqov məni filmə dəvət edəndə Davud rolunu təklif etdi. Mən ssenarini oxudum. Dedim niyə məhz məni bu rola çəkmək istəyirsən? Dedi ki, “bizi həmişə mələk simalı adamlar aldadır.
Bu film insanları başa salmaqdır ki, kiminsə görkəminə aldanıb inanmayın. Bu da bir mesajdır”.

- Amma xalq tələb edirdi ki, qəhrəman peydestalından düşməyəsiniz…

- Hə, orası düzdü. Məni daim qəhrəman, romantik sevgiliyə çevirmək istəyiblər. Amma inanmazsınız. Orta məktəbdə və institutda oxuyanda bir çox komik rollar oynamışam. Məsələn, indi mən bir tradikomik rol oynamaq istəyirəm. Bilmirəm bu nədir. Gərək buna uyğun ssenari yazıla. Mən özümü xarakterik aktyor hesab edirəm. Müxtəlif xarakterlər oynaya bilərəm. Özümdəki bu potensial imkanı bilirəm. Məsələn, soruşanda cavabıma təəccüb edirlər. Deyirəm “Otello” tamaşasında Yaqonu, “Vaqif” tamaşasında isə Qacarı oynamaq istəyirəm. Çünki Qacarı indiyə kimi düz təqdim eləməyiblər. Mən onun faciəsini oynamaq istərdim. Təfəkkürü, beyni, əsəb sistemi pozulmuş bədbəxt şah olan bu adamı oynamaq istərdim. Hamı mat-məətəl qalır ki, niyəVaqifi yox, Qacarı…?

-Siz demisiniz ki, komediya filmlərində özünüzü görmürsünüz…

- Mən həyatda yumoru sevən adamam. Bizdə komik aktyor deyəndə şit, gülmək xatirinə özün ora-bura yıxan, soyunan çalışanlar nəzərdə tutulur. Əzizim, bunlar komediya deyil meymunluqdu. Əsl komediya ciddilikdən doğur. Ciddiyətin sonu komediya olur. Yəni istəyirəm ki, elə bir rol oynayım ki, bu gendən gəlsin. “Məşədi İbad” özü mədəni və ciddi komediyadır. Onun vəziyyəti özü üçün faciədir. Məşədi İbadın ətrafına baxın: onun yanında bir nəfər də düz adam yoxdur.

- İndi çəkilən komediya filmlərinin səviyyəsinə münasibətiniz necədir?

- Azərbaycanda bu gün komediya filmləri sıfır dərəcəsindədir. Bizdə bəzən ciddi obrazları oynaya bilirlər. Amma şəhnədə şitlik eləmək, səviyyəsiz sözlər demək bu komediya deyil axı. Adamı güldürmək ağlatmaqdan daha çətindir. Özü də mənalı gülmək. Ona görə də, bu çətin janrdı.  Hər adam girişmir buna. Rusiyanın özündə, məsələn, Qayday vardı. Onun filmləri çox ciddi idi.

- Demək istəyirsiniz ki, bizdə intellektual yumor yoxdur?

- Bəli, Azərbaycanda intellektual yumor yoxdur. Vaxtı ilə bizim KVN var idi. Amma vaxti ilə. İndi təkrarçılıq davam edir. O zaman bəlkə də Bakı ləhcəsi ilə zarafatlar  adamlar üçün gülüş doğururdu. Amma indi axı bu artıq getmir. Orda ki, səviyyə, hadisə yoxdur, deməli komediya da yoxdur. Bəla burasındadır ki, bizdə komediya yazanlar artıq yoxa çıxıb. Rusiyada pamflet və yumorstik mətnlər oxuyanlara baxın-Zadornov və digərləri. Onlar əslində cəmiyyətdə olan ciddi problemlərdən danışırlar. Ancaq camaatın barmağın kəssən, xəbəri olmaz. Yəni ordakı vəziyyət ciddidir, amma gülüş doğurur. Bizdə bu intellektual yumor yoxdur. Çox təəssüf...

- Kino ilə bağlı bir məsələyə də toxunmaq istərdim. “Kino məktəbi” anlayışına. “Gürcü kinosu”, “rus kinosu” terminləri bu gün işlənir. Bir sıra müşahidəçilərin fikrincə, “Azərbaycan kino məktəbi” anlayışı yoxdur və bu qondarmadır. Bu qənaətləri bölüşürsünüzmü?

- Bzim dünyaya çıxan bir sıra filmlərimiz olub. “Arşın mal alan” və s. Amma çox az olub. Ancaq gürcü kinosu özünü sübut edib. Hətta Çingiz Aytmatovun sayəsində “qırgız kino məktəbi” anlayışı var. Uğurlu, uğursuz filmlərimiz olub. Amma Azərbaycan kino məktəbi beynəlxalq aləmdə özünü sübut edə bilmədi.

- Bunun səbəbləri nə ilə bağlıdır?

- Bir dəfə bu sualı mən adını çəkmək istəmədiyim bir hörmətli adama vermişdim. O, da çox zarafatcıl adam idi. Mənə dedi ki, “topun niyə atmamasına dair qırx səbəb barədə “ anektodu eşitmisən?”. Bizdə də səbəblər çoxdur. Əvvəlcədən deyirlər, Azərbaycanda yaxşı aktyorlarımız olub. Amma bu gün yoxdur. Niyə? Çünki seçim düz deyil. İnistitutda seçim səhvdir. Test üsulu ilə istedadların üzə çıxması mümkün deyil. Müxtəlif ali məktəblər üzrə az bal toplayanlar gəlir İncəsənət Unversitetində günün keçirir. Belə olmaz. Qoy beş nəfər olsun, amma teatra lazımlı insanlar olsun. Bu gün buna baxan yoxdur. Bir dəfə məni İncəsənət Unversitetinə tələbə aktyorlarla görüşə çağırdılar. Gəldim... Zala baxdım. Müəllimə dedim ki, bəs aktyor fakültəsi nə zaman gələcək zala? Dedilər ki, elə oturanlar aktyor olacaq tələbələrdir. İnanırsınızmı, mən orada sima görmədim. Düzdür mən demirəm ki, aktyorlar hamısı boylu-buxunlu, Şvarssenegger kimi olmalıdırlar. Amma maraqlı üzlər olmalıdır. Maraqlı üzlər... Balacaboy da ola bilər, amma çox maraqlı olmalıdır. Əsas odur ki, bunu düzgün seçmək lazımdır. Aktyor bir günə yetişmir. Bu mümkün də deyil. Mən məsələn, institutu qutarandan sonra neçə il avara gəzmişəm, gözləmişəm. Hansısa kinoya çəkilmək üçün baxılmışam, amma təsdiq olunmamışam. Ruhdan düşmədim. Hətta gözüm yaşarıb. Elə hisslər keçirmişəm ki... Bu ad-san elə-belədən olmayıb ki... Yadımdadır, Vasif Adgözəlov mənə danışmışdı ki, bir nəfər gəlib bəstəkarlığa imtahan vermək üçün konservatoriyaya.. İmtahanda ona sual veriblər ki, Azərbaycanın görkəmli bəstəkarlarından kimi tanıyırsız? Nə desə yaxşıdı? Cavab verib ki, Xanım İsmayılqızını. Bəs Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov hara getdi... Çox qəribə və xoşagəlməz mənzərə...  Konservatoriyaya, İncəsənət Universitetinə də kino, aktyorluq, rejisorluq kimi şöbələrə qəbulu başqa üsullarla aparmaq lazımdır. Burda əsas qabiliyyəti tapmaq lazımdır. Çünki, əgər aktyorluq istedadım varsa, mənə tarixi öyrətmək olar. Əgər mənim canımda aktyorluq yoxdursa, bunu mənə öyrətmək mümkün deyil. Əsla... Odur ki, fitri istedadı tapmaq lazımdır. Yaxşı sənətkar olmaq üçün üç vacib şərt lazımdır. Birincisi təbii ki, Allah vergisi, ikincisi zəhmət, üçüncüsü bəxtdir. Bunların üçü bir yerdə olanda, o adam görürsən irəli gedir.


- Sizin o zaman üçün zirvə hesab ediləcək Avropa rejissorlarının filmlərinə baxmaq, onlarla festivallarda görüşmək imkanınız olurdumu?

- Bizim Avropa ilə o qədər də əlaqələrimiz olmadı. Mən, hərdən Moskva və Daşkənd  beynəlxalq kino festivala gedirdim.  Bizi xarici kino festivallarına  az aparırdılar. Elə ruslar özləri gedirdilər. Yadımdadır ki, mən bir alman filminə çəkilmişdim. Rejissor demişdi ki, pemyeraya mütləq məni çağıracaq. Ay dolandı, il keçdi mən onunla görüşdüm. Mənə dedi ki, niyə onun göndərdiyi dəvəti qəbul etməmişəm və premyeraya getməmişəm. Mən dedim dəvət gəlib çatmayıb. Dəli oldu. Dedi “nə danışırsan, ola bilməz...”. “Sovfilm” deyilən bir idarə vardı. Bütün dəvətlər o idarənin adına gəlirdi. Sən demə dəvətnaməni ora göndəriblər, idarə də mənə xəbər verməyib. Kinoya dəxli olmayan adamlar mənim yerimə gedibmişlər Almaniyaya... Bax  belə günlərimiz olub. O vaxt xaricə getmək çox çətin idi.
Amma Kinematoqrafçılar İttifaqının kiçik zalında bizə kütlənin görmədiyi filmləri göstərirdilər.. Biz baxırdıq onlara. Müəllimlər uşaqları gətirirdilər ki, baxın bu sənət etalonudur. Öyrənin.

- Rasim müəlim, elə bil 70-ci illərin aktyorlarında intellektual baza daha geniş olub, indikilər görürsən bəzən oxumurlar, mütaliə eləmirlər...

- İndi oxuyan yoxdur. Biz inanın çox kitab oxuyurduq. Hələ də boş vaxtlarımda oxuyuram. Vaxtında oxumuşam. Biz kitablarla formalaşmışıq. Bu gün mütaliə yoxdur. İnternetə girib axmaq-axmaq işlərlə məşğul olurlar. Fikir verirsiniz, çox adamda beş yüz adamın içinə çıxıb iki kəlmə danışmaq qabiliyyəti yoxdur. Ona görə ki, bazaları yoxdur, oxumurlar.
Mən 34 yaşımda xalq artisti adı almışam. Amma ilk şəxsi maşınımı “Jiquli”ni 39 yaşımda ala bildim. Amma indi hələ inistituda oxuyur, artıq istəyir bahalı “Mersedes”i, şəxsi evi olsun və s. Amma biz o barədə fikirləşmirdik. İndiki cavanların fikri ordadır. Biz kinostudiyadan radioya qaçırdıq. Radioya gələndə mənə 8 manat pul verirdilər. Elə 4-ünü taksiyə verirdim.

- “Kino mühiti” deylən nəsnənin bizdə vəziyyəti necədir?

- Kino mühitinin olması üçün onun gərək kinoteatrlar olsun. Tez-tez premeyera olmalıdır. Bu günlərdə bizdə yapon filmləri həftəsi keçirilirdi. İttifaqın bir az borcu var deyə, zalın işığını söndürdülər... Təssəvür edirsiniz? Film gedə-gedə... Bizdə bu mühit yoxdur. Tamaşaçını nəyə isə baxmağa məcbur eləmək olmaz... Kim nəyə istəyir ona da baxır. Tamaşaçını cəlb etmək üçün yüksək sənət və ustalıq lazımdır. Bu olmasa, bizim şikayət eləməyə haqqımız yoxdur. Bu gün kino üçün az da olsa pul var. O pulla sənət əsəri yaratmaq mümkündür. Mən İranda oldum.
Deyə bilərəm ki, biz onlardan  çox pul buraxırıq kinoya. Amma onlar elə filmlər çəkirlər ki,  beynəlxalq müsabiqələrdə yer tutur. Nə bilim, bəlkə qadağa olmalıdır.... Qadağa olanda adamın istedadı yüksəlir. İstək ayrı şeydir. Bizim kinomuzla yanaşı, qədim sənətllərimiz var, məsələn rəssamlıq sənəti... Onun tarixi neçə illərə gedib çıxır. Onun da bir tənəzzül dövrü olub. Ola bilsin ki, bizdə indi kinomuzun tənəzzül dövrünə düşmüşük.

- Dünyada kino necə, tənəzzül dövrünü yaşayır?

- Mən belə deməzdim. İranda kinonun vəziyyəti indi yaxşıdı. Rusiyada 150 adda seriala çəkilib. Amerikada isə heç... Elə film çıxarırlar ki, adam mat qalır.

- “Hollivud” filmlərinə baxırsınız?

- Olur, arabir baxıram.

- Onlar necə çəkirlər? Məsələn “Babək”ə oxşayan “Cəsur ürək” filmini müqayisə etmisinizmi... Mel Gibsonun rolunu?


- Mən “Hollivud” filmlərinə baxanda hirslənirəm. Yaxşı mənada paxıllıqdan hirslənirəm. Özlüyümdə deyirəm ki, bu obrazı mən ondan da yaxşı oynayaram. Onun ətrafında bax, onun imkanlarına bax. öz-özlüyümdə bu haqda düşünürəm. Sən təsəvvür elə, onların filmlərində ssenarist başqadı, rejissor başqadı, dialoqları quran başqa...

- Çoxları deyir ki, “Hollivud” filmləri əsl sənətdən uzaq filmlərdir. Bu filmlərə baxmağa dəyərmi ?

- Onlarda ibrət götürüləsi filmlər də var. Elə film var ki, baxıb ordakı oyunları görəndə deyirəm ki, biz heç kino çəkməmişik. Mel Gibson, Al Paçino... Onlar yüksək səviyyəli, professional aktyorlardır. Mən deyim ki, kasıb kino o saat seçilir. Aktyorların geyimlərindən tutmuş, “massovka”nın geyimlərindən tutmuş hər bir detalda hiss olunur. Təbii ki, maliyyə əsas vacib məsələlərdəndir. “Hollivud”da, Avropada aktyor 5 milyon dollara müqavilə bağlayır. Ona deyirlər ki, sən bir ay heç bir kənar adamlarla görüşə bilməzsən. Saat 6-da durursan, 7-də duş qəbul eləyirsən, gəlirsən qrimə və bu işləri görməlisən, saat 10-da yatmalısan. Belə şeylər də var...“Babək”ə çəkiləndə yoldaşım xəstələnmişdi. Bazarlığa gedirdim, problemlər var idi. Sonra da at belində “orduya komanda” verirdim. Belə “Babək” olmaq bilirsiniz aktyordan nə qədər səbr və dəmir əsəb tələb edir? Ustalıq, professianallıq çox vacibdir.

- Rasim müəllim boş vaxtlarınızda nə edirsiz?

- Mən Şüvəlanda yaşayıram. İş qurtaran kimi gedirəm evə. Həyətdə gəzişirəm. Etiraf edim ki, boş vaxtımı çox səmərəsiz keçirdirəm.

- Hansısa gecələrə, partilərə qonaq çağıran olmur sizi?

- Olur. Amma gəlirəm görürəm ki, səviyyəsiz gecələrdi. Peşman oluram gəlməyimə...

- Hay-küyü, dəbdəbəli məclislərdə iştirak eləməyi deyəsən xoşlamırsız...

- Toya da gedirəm, məclislərə də gedirəm. Bəzən dostlar deyir ki, ay burda yaxşı balıq verirlər gedək yeyək, orda filan şey veririlər, gedək. Bu məncə, mənasız bir şeydir.

-Aktyorların yemək menyüları müxtəlif olur. Çəkilişdə, dağda, daşda...

Mən də elə olmuşam. Məndə belə bir yemək marağı yoxdur. Hərdən dostlar deyir gedək səhərlər xaş yeyək, deyirəm mənlik deyil.. Bəzən gedirəm də. Yayda məsələn, badımcan dolmasını xoşlayıram, hərdən könlümə yarpaq dolması düşür. Amma bunun dalınca düşüm xüsusi zövq alım... Məndə belə istək yoxdur.
Amma çəkilişlə bağlı həmişə orda-burda yemək yemişəm.. Mənim saqqalla çəkilən filmlərimə baxanda bilin ki, həmin gün mən “obed” eləməmişəm... “Nəsimi”də “Babək” də.. Saqqal məndə allergiya yaradırdı. Kleyin iyinə dözə bilmirdim. Kleyi təzədən yapışdırmasınlar deyə, inanın ki, mən nahar eləmirdim. Çünki, yemək yeyəndə saqqal düşərdi. Bir də çəkiliş qutarandan sonra yemişəm. “Lak”ın iyinə qarşı dayana bilmirdim.

- Övladlarınızdan sənətinizi davam etdirən varmı?

- İki oğlum var. Heç biri sənətə gəlmək istəməyib. Nə mən istəmişəm... Nə də onlarda belə həvəs görmüşəm.

- Övladlarınızla münasibətiniz necədir?

- Normal. Yaxşı gəlirlər, gedirlər.

- Sizinlə yaşayırlar?

- Yox. Amma mən istəyirdim biri mənimlə yaşasın. Sonradan gördüm ayrı yaşayanda daha yaxşı olur.

- Ailədə necə ata olmusunuz?

- Mən həmişə onlara demişəm ki, adımdan sui-istifadə eləməyin. Onlardan razıyam.  Mən  uşaqlar inistitutu bitirənə qədər sərt olmuşam. Evlənəndən sonra demişəm, gedin müstəqil yaşayın. Uşağı 18 yaşına kimi tərbiyə eləmək lazımdır.

- Evlənmələri uşaqların öz seçimləri olub?

- Bəli, öz seçimləri olub. Əvvəl istədim mən seçim edim. Bir dostumla qohum olmaq istəyirdim. Sonradan gördüm ki, səhv edirəm. Amma nəzarət də lazımdır. Cavan yaşda məhəbbət gözün tutur adamın. Gərək araşdırasan...


- Musiqini sevirsiz?


- Əlbəttə. Rəşid Behbudov, Alim Qasımov, türklərdən Zeki Mürenə qulaq asıram Yəni sənət olan şeyi sevirəm. Müasir müğənnilərə qulaq asıram. Amma hamısına yox. Görürəm ki,  hansısa manhı xoşuma gəlir qulaq asıram.

- Pop musiqiyə qulaq asmırsız?


-Yox. Qulaq asmıram.

- Repə necə?


- Bir dəfə Amerikada olanda iki nəfər zəncinin bir-birlərinə ingilis dilində rep deməsi mənə də maraqlı gəldi. Vəssalam, ancaq bir dəfə maraqlı gəlib mənə. Məncə, Azərbaycanda rep alınmır. Zəncinin muğam oxumağı kimi bir şeydi.

- Kinodan getmək barədə hələ fikirləşmirsiniz ki?

- Mən hələ təzə-təzə kinoya gəlirəm. Hara gedim?  Mən içimdən gələn sözü deyə bilmirəm, bu mənə ağırlıq edir. Amma adam var, iki dənə mahnı oxuyr, sonra təkəbbürlə deyir “bilirsiniz mən sənətə gələndə...”. Heç sən sənətə gəlmisən ki? Bilmirsən ki, sən hardasan. Elə yekə-yekə danışırlar ki...

- Siz hansı rolu oynamaq istəmisiniz?

- Teatrda məsələn, aktyor Hamleti oynamaq istəyir, Vaqifi  və başqa rolları oynamaq istəyir. Amma kinoda bu yoxdur.  Kinoda məlum ssenariyə məsləhət bilirlərsə, dəvət edirlər. Bu mənada mən heç nə deyə bilmirəm. Amma mən tradikomik bir rol oynamq istərdim.

- İstəmədən yaratdığınız rol olub?

- Bir dəfə olub. O da “Qara volqa” filmində olub. Mən uzun müddət çəkilmirdim. Ona görə, sanki aparata bir nostalji hiss yaranmışdı məndə. Və nəticəsindən aslı olmayaraq mən  kameranın qarşısında olmaq istəyirdim. Çəkiləndən sonra peşman oldum. Amma məni də qınamaq olmaz. Mən də kameradan ötəri darıxmışdım. Mənim 20 il seçim imkanım olub. Məsələn, mənə orta Asiyadan dəvət gəlirdi. Ola bilsin ki, bu mənim istədiyim kimi alınmayıb. Ola bilsin burda rejissorun da səhvi ola bilər, ssenaridən ola bilər. Həttta bu səhv mənim özümdə də ola bilər. Amma xoşuma gəlməyən rol bir dənə bu olub.

- Jurnalistlərin hansı suallarıı xoşunuza gəlmir?

- Mən ümumiyyətlə jurnalistləri gid, bələdçi hesab edirəm. Tutalım bir muzeydə gəzən bələdçi kimi... Jurnalist əlimdən yapışıb hara aparırsa, mən də ora gedirəm. O necə izah edir, mən də elə qəbul eləyirəm. O nə sual verir, mən də ona cavab verirəm. Təbii ki, müsahibə zamanı iki nəfərin dialoqundan çox şey aslıdır. Burda aparıcı qüvvə jurnalistdir. O, gərək adamı maraqlandıra, dindirə bilə....

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi