
Rusiyanın baş naziri Medvedevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikir birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Medvedev “Dağlıq Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə qalsa yaxşıdır” deyib.“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Modern.az-a açıqlamasında baş nazirin fikirlərini şərh edib. Onun sözlərinə görə Qarabağ məsələsində Rusiyanın heç bir həll variantı yoxdur.
“Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən müəyyən açıqlamalar verdi. Hətta sonra Rusiyanın TASS agentliyinə müsahibə də vermişdi. Guya 7 rayonun boşaldılması mümkündür. Əvəzində isə dedi ki, Dağlıq Qarabağın statusu həll edilməlidir. Bu da həll variantıdır. Bu da ermənilərin maraqlarına uyğundur. Ermənilər də status məsələsi həll olunmadan işğal altındakı torpaqları boşaltmağa razılıqlarını bildirməyiblər”.
Ekspert bildirib ki, Dmitri Medvedevin açıqlamaları faktiki olaraq Azərbaycanın əleyhinədir.
“O dedi ki, cəbhədəki son döyüşlərdə mümkündür ki, Türkiyənin rolu olub. Bu o deməkdir ki, sanki Türkiyə Azərbaycanı müharibəyə təhrik edib. Halbuki bu fikirlər kökündən yalandır. İkincisi, onun Qarabağ münaqişəsinin dondurulmuş qalmasının daha yaxşı olması barədəki fikirləri o deməkdir ki, məsələni həll edə bilmiriksə, qoy elə də qalsın. Rusiyanın konkret olaraq münaqişənin həllini sürətlənləndirmək üçün əlində təklifləri yoxdur.
Bizdə atəşkəsdən sonra belə bir yanlış təsəvvür yarandı ki, Rusiya Ermənistana təsir edib. Bununla da ilkin şərt olmadan 5 rayonun azad olunmasını sürətləndirəcək. Amma Rusiya rəsmilərinin açıqlamalarına diqqət yetirdikdə o qənaətə gəlirəm ki, Rusiya Ermənistan hakimiyyətinə hələ ki təsir etmir. Məndə elə bir inam yoxdur. Düzdür, Rusiya ilə Ermənistan arasında bəzi anlaşılmazlıqlar yaranıb. Ermənilər Rusiyanın Azərbaycana silah satmasından narazıdırlar. Halbuki, biz o silahları pulla alırıq”.
Elxan Şahinoğlunun fikrincə, Qarabağ məsələsində Rusiyanın heç bir planı yoxdursa, Azərbaycan yorucu müharibəni davam etdirməlidir.
“Düşmən daha çox itki verməlidir. Düzdür, biz də itki verdik. Biz öz torpaqlarımızda savaşırıqsa, onlar özgə torpaqlarında savaşırlar. Bu baxımdan bilirəm ki, heç kim bizə yorucu müharibə aparmağımıza mane ola bilməz. İndi atəşkəsdir. Rusiya bizi məcbur edib ki, atəşkəsə razılaşaq.
Amma Rusiyanın planı yoxdursa, biz öz fəaliyyətimizi davam etdirməliyik. İşğalçı bilməlidir ki, Dağlıq Qarabağ ətrafındakı rayonları şərtsiz boşaltmayana qədər ermənilər itki də verəcəklər, texnikaları da vurulacaq. Bu, bizim siyasətimiz olmalıdır.
Ona görə də heç kim bizi məcbur edə bilməz ki, növbəti atəşkəsi əbədiyyətə qədər qoruyaq. Elə olsa ermənilərin torpaqları boşaltmağa heç bir həvəsi olmayacaq”.
Namidə BİNGÖL