“Qeyri-stabillik və müharibə ilə sarsılan Cənubi Qafqaz Avropa üçün böyük potensiala malik olan mühüm regiondur”. Modern.az saytı xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Dağlıq Qarabağdakı vəziyyətlə bağlı çıxışı zamanı bildirib.
"Genişmiqyaslı münaqişə heç kimin maraqlarına cavab vermir və heç nəyə gətirib çıxarmayacaq. Bu münaqişə ölkələrin, onların qonşularının stabilliyini pozur və Avropa İttifaqı ilə yaxınlaşmasına əngəl törədir", - deyə Moqerini bildirib.
Onun sözlərinə görə, söhbət vəziyyət tez bir zamanda sakitləşməyəcəyi təqdirdə, böyük bir riskdən gedir.
Münaqişənin gərginləşməsi yalnız daha aydın göstərdi ki, onun hərbi yolla həlli yoxdur, atəşkəsə ciddi əməl etmək və sayıqlıq göstərmək lazımdır.
O, ATƏT-in atəşkəs rejiminin pozulmasının qiymətləndirilməsi üzrə təklif etdiyi mexanizmin mühüm olduğunu və Avropa İttifaqının bunu dəstəklədiyini bildirib.
Aİ, həmçinin Minsk qrupunun səylərini dəstəkləyir.
"Siyasi yolla həll lazımdır. Və bizim siyasi hədəfimiz hər iki tərəfin münaqişənin qlobal nizamlanmasına gəlmək məqsədi ilə danışıqları bərpa etməsindən ibarət olmalıdır", - deyə Moqerini əlavə edib.
Avropa diplomatiyasının rəhbəri hesab edir ki, beynəlxalq vasitəçiliyə baxmayaraq, münaqişənin həlli tərəflərin öz əlindədir və onlar güzəştə hazır olmalıdırlar.
O bildirib ki, atəşkəs və danışıqlarla yanaşı sülhə imkan yaradan mühitin də yaradılması lazımdır. Vəziyyəti daha da dərinləşdirən bəyanatlara son qoymaq gərəkdir.
"Danışıqlara alternativ müharibə və dağıntıların genişlənməsi olardı", - deyə Moqerini xəbərdarlıq edib.
Modern.az