Modern.az

Baş Prokurorluq Tofiq Yaqublu ilə bağlı açıqlama yaydı: “Şiə və vəhabilər..”

Baş Prokurorluq Tofiq Yaqublu ilə bağlı açıqlama yaydı: “Şiə və vəhabilər..”

Təhsil

15 Aprel 2016, 19:00

 

Baş Prokurorluq Müsavat Partiyasının başqanının müavini Tofiq Yaqubluya etdiyi xəbərdarlıqla bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini T.Yaqublu 20 mart 2016-cı il tarixdən etibarən "facebook" sosial şəbəkəsində mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin ünvanına böhtan xarakterli statuslar yazıb. 

Bildirilib ki, o kütləvi informasiya vasitələrinə müsahibəsində Azərbaycanda guya mövcud olan siyasi məhbus probleminin arxasında hakim dairələrin durması barədə həqiqəti təhrif edən məlumatlar bildirib.

"Bundan başqa, Tofiq Yaqublu, kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə dini radikallıq mövzusuna toxunaraq, cəzaçəkmə müəssisələrində cəza çəkən şiə və vəhabi təriqətinə etiqad edən məhkumlar arasında gərgin münasibətlərin olduğu, vəhabilərin həbsxanadan buraxılacağı təqdirdə dinc insanlara qarşı terror aktları törədəcəkləri barədə fikirlər söyləyib",-deyə məlumatda qeyd olunub.

Baş Prokurorluq bəyan edib ki, T.Yaqublunun hərəkətləri ölkənin hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, cəza siyasətinin həyata keçirilməsi, dini nifrət və düşmənçiliyin salınmasının qarşısının alınması və digər sahələrdə görülən işlərə kölgə salmaq məqsədinə xidmət edir.

"Göstərilənlərlə əlaqədar Tofiq Yaqublu Baş Prokurorluğa dəvət edilərək onunla müvafiq söhbət aparılıb. O, söhbət zamanı, öz növbəsində, kütləvi informasiya vasitələrində fikirlərinin təhrif olunduğunu bildirib.

Ona milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına yönələn hərəkətlərin aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədilməsi əməllərinə görə Cinayət Məcəlləsinin 283-cü maddəsində cinayət məsuliyyətinin nəzərdə tutulması izah edilməklə, "Prokurorluq haqqında" qanunun 22-ci maddəsinə müvafiq qaydada gələcəkdə qərəzli, reallığa uyğun olmayan, habelə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib".

Qeyd edək ki, T. Yaqublu baş prokurorun birinci müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyevlə görüşüb. 

Aqşin Kərimov

 

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?