Modern.az

“14 faiz olanda daha yaxşı işləyir”

“14 faiz olanda daha yaxşı işləyir”

Təhsil

18 Aprel 2016, 14:04

“Azərbaycanın 20 faiz torpaqları işğal altındadır. Bu gün işğalda olan torpaqların ətraf ərazilərindəki yerlərdən istifadə edə bilmədiyimizə görə zəbt olunmuş ərazilərimiz 25 faiz sayılır. Belə bir zamanda insanlarımız torpaqlarımızın hər qarşısından səmərəli şəkildə istifadə etməlidirlər”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib. Deputatın sözlərinə görə, torpaqlardan düzgün istifadənin səmərəliliyini artırmaqdan ötrü bir müddət istifadə edilməyən torpaqlar sahiblərindən alınmalıdır:

“Əgər bu üsul öz nəticəsini verməsə, o zaman belə halların qarşısını almaq üçün inzibati yollara əl atmaq olar”. Bir sıra məhsulların vergidən azad edilməsi istiqamətində ölkəmizdə atılan addımları müsbət qiymətləndirən deputat söyləyib ki, burada kənd təsərrüfatına aid məhsulların Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsi mühüm faktordur:

“Lakin burada sahibkarların da üzərinə böyük məsuliyyət düşür. Belə ki, əgər sahibkar bu güzəştlərdən istifadə edərək məhsulunun inkişafı əvvəlki kimi saxlayacaqsa, o zaman həm dövləti, həm də vətəndaşı aldatmış olacaq. Elə ölkələr var ki, orada ƏDV 18 faizdən artıqdır. O, 14 faiz olanda daha yaxşı işləyir, iqtisadi stimul verir və fəallığı artırır. Bu rəqəmdən aşağı və ya yuxarı olduqda iqtisadiyyata mənfi təsir göstərir.

Azərbaycanda bu göstərici 14 faizdən artıqdır. Hesab edirəm ki, faizlər aşağı salınmalıdır. Hazırda ƏDV-nin aşağı salınması buradan əldə edilən ümumi məbləğə təsir edə bilər. Lakin onun effektivliyi nəticəsində bir neçə ildən sonra milyardlar əldə etmək mümkündür. Hesab edirəm ki, islahatlarda bu təklifin reallaşması çox vacibdir”.

Əli Məsimli söyləyib ki, sadələşdirilmiş vergi kiçik biznesin inkişaf etdirilməsində unikal vasitədir:

“Lakin kiminsə dövriyyəsi gəlib 195 min manata çatanda, həmin şəxs üçüncü firma açır ki, gəlirləri 200 mini keçməsin. Bəlkə də bu, yeni firmaların açılması nöqteyi-nəzərdən stimullaşdırıcı rol oynaya bilər. Amma iki il müddətinə yoxlamaların azaldılması Azərbaycana keyfiyyətsiz ərzaq, eləcə də dərman vasitələrinin gətirilməsinə yol aça bilir. Bu cür hallar 10 qat artıq cəzalandırılmalıdır.

Çünki, Azərbaycan Prezidenti qanunun fəaliyyətini dayandıraraq, sahibkarlara jest edib . Bundan sui-istifadə etmək olmaz. Bu istiqamətdə daha etibarlı mexanizm qurulmalıdır ki, ölkəyə ərzaq və ya dərman məhsulları gətirən sahibkarlar ölkəni keyfiyyətsiz məhsulların satış poliqonuna çevirməsinlər”.

Ağa AKİFOĞLU

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?