Modern.az

“Hökumət “qara qızıl”la bağlı siyasətinə yenidən baxmalıdır”

“Hökumət “qara qızıl”la bağlı siyasətinə yenidən baxmalıdır”

Təhsil

18 Aprel 2016, 15:25

“Doha toplantısı neft bahalaşdırmaq əvəzinə bir az da ucuzlaşdırdı. Bu gedişlə neft qiymətləri 30 dollaradək enə bilər”.

Modern.az saytı xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspert altı saat gec başlayıb 8 saata qədər davam edən neft ixrac edən ölkələrin toplantısının Doha raundu gözlənildiyi kimi nəticəsiz olduğunu bildirib:

“Bu toplantında 6 ay müddətində neft hasilatını bu ilin yanvar ayındakı səviyyədə dondurmaq təşəbbüsü ilə çıxış edən Rusiya, Səudiyyə Ərəbistanı və digər ölkələr istədiyi qərarı ala bilmədiyindən daha pis duruma düşdülər.

Nəticədə də dünya bazarında neft qiymətləri 3,5 faiz ucuzlaşdı, bəzi neft ixrac edən ölkələrin o sıradan Rusiyanın rublu daha da dəyərsizləşdi, hətta Yaponiya və Çində belə qiymətli kağızlar zəiflədi”.

Q.İbadoğlunun sözlərinə görə, İranın qatılmadığı bu toplantıdan sonrakı vəziyyət neft ixrac edən ölkələr üçün daha açınacaqlı görünür:

“Belə ki, 2017-ci ilin martınadək gündəlik ixracatını 4 milyon barellə çatdırmaq istəyən İran bu gedişlə həmin hədəfə daha tez yaxınlaşa bilər.

Bu ölkədə yalnız son 1 ayda xam neftin ixracatında 600 min barel artım qeydə alınıb. Hazırda gündə 10,4 milyon barel neft ixrac edən Səudiyyə Ərəbistanı isə 9 aydan sonra gündəlik hasilatını 12,5 milyon barelə çatdıra bilər.

Artan təklifin və paralel olaraq da azalan tələbin qiymətlərə ucuzlaşdırıcı təsir edəcəyinə artıq şübhələr qalmayıb. Bir çox maliyyə analitiklərinin proqnozlarına görə qısa müddətdə neftin 1 bareli 35 dollaradək ucuzlaşacaq. Hətta bu enişin 30 dollara qədər davam edəcəyini proqnozlaşdıran nüfuzlu ekspertlər də vardır.

İqtisadçı qeyd edib ki, bu toplantıdan sonra Azərbaycan hakimiyyətinin neftə bağlı nəinki siyasətinə yenidən baxmalı, hətta bu sahədəki ümidlərinə belə son qoymalı və ləngimədən iqtisadi islahatlara başlamalıdır:

“Birinci rübün nəticələrinə görə, son 20 ildə ilk dəfə olaraq iqtisadiyyatın 3,5 faiz kiçilməsi, son 15 ildə ilk dəfə olaraq xarici ticarət balansında 291,5 milyon dollarlıq mənfi saldonun yaranması artıq islahatların yubanmasının ciddi fəsadlarını ifadə edir”.  

Gülşən RAUFQIZI  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?