
Aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün ölkəmizə səfər etmiş Fransa nümayəndə heyəti Milli Məclisdə olub. Nümayəndə heyətinə Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel başçılıq edib. Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Qonaqları Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputat Cavanşir Feyziyev və digər rəsmi şəxslər qarşılayıblar.
Nümayəndə heyəti əvvəlcə parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə tanış olublar. Onlara Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, V çağırış Milli Məclisdə dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən Fransa qanunvericilik orqanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Azərbaycan Avropanın önəmli ölkələrindən olan Fransa ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır.
Burada jurnalistlərlə söhbətində Jan-Fransua Mansel Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirakından və Milli Məclisdə olmasından məmnunluq duyduğunu vurğulayıb. O, Azərbaycandakı tolerantlığı və multikultural dəyərlərə göstərilən diqqəti yüksək qiymətləndirib. Belə tədbirin Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan nüfuzunun bariz nümunəsi kimi səciyyələndirib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrlə əlaqədar fikirlərini açıqlayan qonaq problemin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həllinin tərəfdarı olduğunu bildirib. Qeyd edib ki, bu məsələ ilə əlaqədar status-kvo mütləq dəyişməlidir.
Sonra qonaqlar parlamentdə yerləşən Heydər Əliyev xatirə zalına gələrək buradakı eksponatlarla maraqlanıblar. Onlara Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.
Parlamentin inzibati binası ilə tanışlıqdan sonra Milli Məclisin sədri Oqtay Əsədovun adından qonaqlara verilən çay süfrəsi arxasında tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev də iştirak edib.