Aprel ayının 27-də Abşeron rayonu Saray qəsəbəsində H.Axundov adına 3 saylı tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə tədbir keçirilib.
Məktəbin şagirdlərinin ifasında poemadan hissələr səsləndirilib. Məktəbin direktoru Təyyubə Hüseynova vətən, xalq, millət təəssübkeşliyindən söhbət açıb.
Son günlər cəbhə bölgəsində, qoşunların təmas xəttində erməni təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun üstünlüyü ilə keçirilən hərbi əməliyyatlar, strateji əhəmiyyətli yüksəkliklərin düşmən işğalından azad edilməsini hamımız sonsuz ruh yüksəkliyi ilə qarşıladıq. Bu günlərdə bütün dünya ictimaiyyəti xalq – İlham Əliyev vəhdətinin bir daha şahidi oldu. Tam əminliklə demək olar ki, əsası xalqımızın Ulu Öndəri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət və ordu quruculuğu işi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilərək yüksək səviyyəyə çatdırılıb.
Belə həssas günlərdə ziyalılarımız da öz sözlərini dedilər. Haqqında söhbət açdığımız şair-publisist Azər Hacıbəyli də artıq bir neçə ildir ki, hərbi-vətənpərvərlik mövzusunda əsərlər yaradır. Onun yaradıcılığının ana prinsipləri Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsinə böyük ehtiram, onun irsinə sadiqlik, Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin dövlət və ordu quruculuğu sahələrində, Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması yolunda gördüyü işlərə poetik işıq salmaqla tərənnüm etmək, xalqımızın övladlarının vətənpərvərlik ruhunu qaldırmaq, döyüşən əsgərimizə mənəvi dayaq olmaq, nikbin əhval-ruhiyyə aşılamaqdır.
Müəllifin “Doxsan dördün payızı” poeması hərbi-vətənpərvərlik mövzusunda yazılıb. Azər Hacıbəylinin qələmə aldığı “Doxsan dördün payızı” öz oxucusunda dərin təəssürat yaradaraq Vətənə, dövlətə və xalqa məhəbbət və sədaqət hislərini aşılayır.
Müəllif ən yeni tariximizə qısa və yığcam ekskurs edərək müstəqilliyimizin əldə olunmasından bu günə qədər olan yola poetik işıq salır. Xalqın keçdiyi çətin və məşəqqətli zamanlar xatırlanır, bununla belə bu çətinliklərin içərisində bir ümid çırağı görünür. Tarixin bu mürəkkəb anında – Ulu Öndər Heydər Əliyevin müdrik xalqımızın təkidi, tələbi ilə əvvəl Naxçıvana, sonra respublikamızın siyasi hakimiyyətinə gəlməsi, qurtuluş missiyasını öz üzərinə götürməsi və böyük fədakarlıqla həyata keçirməsi çox gözəl şeir dili ilə təsvir olunur. Xalqımız uzun illərdən bəri arzuladığı yeni, xoşbəxt gələcəyə qədəm qoyur.
A.Hacıbəyli əsas diqqəti Ulu Öndərin böyük ömür yolunun bir payız gününə cəlb etmiş və bunu tərənnüm edib. Poemanın adı da bu günlə bağlıdır. 29 sentyabr 1994-cü il. Bu həmin gündür ki, xalqımıza yaşı yüz ili keçən faciələr silsiləsi yaşatmış erməni millətçilərinin və terrorçularının təbliğat maşını ən böyük zərbəni aldı. Çünki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət başçısı kimi, məhz bu gün - 1994-cü il sentyabr ayının 29-da BMT Baş Məclisinin 49-cu sessiyasındakı çıxışı bir dönüş nöqtəsi oldu.
O, dünya birliyi tərəfindən tanınmış və bərabər hüquqlarla onun tərkibinə daxil olmuş Azərbaycanın Qarabağla bağlı haqlı mövqeyini beynəlxalq aləmin diqqətinə çatdırdı. Bu, dünyanın ən mötəbər beynəlxalq məclisinin tribunasından müstəqil Azərbaycan dövlətinin başçısının ilk çıxışı idi, ermənilərin və onların havadarlarının ölkəmizə qarşı təşkil etdikləri informasiya mühasirəsinin yarılması, işğalçı və terrorçu Ermənistanın əsil simasının, mahiyyətinin ifşası prosesinin başlanğıcı idi.
Ulu öndərin başladığı həmin şərəfli işi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları uğurla davam etdirmış, onu daha da yüksək səviyyəyə çatdırmışdır. Möhtərəm Prezidentimizin yürütdüyü uğurlu diplomatik siyasət az bir zamanda beynəlxalq aləmdə erməni vəhşiliklərini ifşa etmişdir. 2012-2013-cü illərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclaslarında dünya birliyini təmsil edən yüksək səviyyəli nümayəndələrə Ermənistanın işğalçı siyasətinin mahiyyətinə dair ətraflı məlumatlar verilmişdir.
Vaxtilə erməni diasporasının böyük gücə malik olduğu yerlərdə artıq Azərbaycan həqiqətləri səslənməkdədir. Bir sıra beynəlxalq təşkilatlar erməniləri açıq şəkildə işğalçı adlandırırlar. Bir çox ölkələrin parlamentləri Xocalı faciəsini rəsmən soyqırım kimi tanımışdır. Xocalı soyqırımının digər ölkələr tərəfindən tanınması prosesi davam edir.
Həç üç poemanı birləşdirən əsas xüsusiyyətlərdən biri onlara nikbin bir ruhun hakim olmasıdır. Belə ki, müəllif “Müqəddəs amallara xidmət edək biz gərək. Hamı əl-ələ turub düşmənə sinə gərək!”, “Qələbə marşını biz yazacağıq, hələ qarşıdadır böyük zəfərlər!”, “Olacaq bayrağımız bizim daim ucada! Mütləq dalğalanacaq Xankəndidə, Şuşada!” “Üçrəngli byraqlar dalğalanacaq Doğma Qarabağda – uca nöqtədə! Ay-ulduz qürurla bizə baxacaq hər dağda, qayada – yüksək zirvədə!” kimi fikirləri ilə nikbinliyi oxuculara təlqin edir. Nikbinlik işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olan Azərbaycan əsgərinin, Azərbaycan gəncliyinin müqəddəs amalıdır.
Şairin arzularının mütləq reallaşacağına olan ümidlərimizi Silahlı Qüvvələrimizin son uğurlu əməliyyatları daha da artırmışdır. Gərək hamımız ordumuza, Azərbaycan əsgərinə dayaq olaq! Şair Azər Hacıbəyli öz yaradıcılığı ilə şair-vətəndaş, şair-əsgər mövqeyini örnək olaraq nümayiş etdirmişdir. Şairə bu istiqamətdə yeni yaradıcılıq uğurları arzulayırıq.
Yaxın vaxtlarda – may ayının ilk günlərində Beynəlxalq Mətbuat Mərkəzində “Doxsan dördün payızı” poemasının respublika ictimaiyyəti və KİV təmsilçiləri qarşısında təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.
