Modern.az

"Məktəb illəri"nin müəllifi ilə görüş keçirildi - FOTO

"Məktəb illəri"nin müəllifi ilə görüş keçirildi - FOTO

28 Aprel 2016, 15:52

Paytaxtın Yasamal rayonundakı 31 N-li məktəbdə son illər uşaqdan böyüyə hamının sevərək dinlədiyi "Məktəb illəri" mahnısının sözlərinin müəllifi - şairə Kəmalə Abiyeva ilə “Bu dünyanı nağıl bilək" adı altında keçirilən görüş bu təhsil ocağının müəllim və şagirdlərinə, həmçinin tədbirə dəvət olunmuş qonaqlara xoş ovqat və sevincli anlar yaşadıb.

Əslində respublikamızın bütün şəhərlərində, kəndlərində, hər bir məktəbində arzu olunan belə bir görüş xalqımız tərəfindən sevilən şairənin “Tapmaca” adlanan yeni şeirlər toplusu ilə bağlı olsa da, tədbirdə iştirak edənləri daha çox cəlb edən məhz "Məktəb illəri”nin şeir müəllifi Kəmalə xanımla bir daha görüşmək fürsəti, onun sözlərinə yazılmış populyar, məşhur mahnıları məhz müəllifin iştirakı ilə, onunla birgə dinləmək arzusu idi.   

Bu səbəbdən idi ki, tədbirin təşkilatçılarının – məktəbin direktor müavini Naibə Rüstəmovanın və Sürəyya Yusifovanın Kəmalə xanım haqqında söylədikləri hər bir fkir tədbir iştirakçıları, xüsusilə də onun şagirdləri, builki və ötən illərdəki məzunları, müəllim yoldaşları tərəfindən sevgi dolu alqışlarla qarşılanırdı.

Məktəbin direktoru Kərim Abidinin, müəllimlərin və şagirdlərin çıxışlarında Kəmalə Abiyevanın poeziya yaradıcılığı, həm də məktəbin uşaqlar tərəfindən çox sevilən fizika müəllimi kimi fəaliyyəti, əməyi barədə minnətdarlıqla dolu xoş fikirlər səsləndirildi.

Tədbirdə iştirak edən qonaqlardan şair-dramaturq Firuz Mustafanın, yazıçı-tərcüməçi Kamran Nəzirlinin,  hərbi jurnalist, polkovnik-leytenant İbrahim Rüstəmlinin, “Demokratik cəmiyyət və Qadın hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayevanın, Yasamal rayonunun Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Elçin Həmidovun Kəmalə xanımın poeziyasını yüksək dəyərləndirərək, daha çox “Məktəb illəri”, “Müəllim” və "Bu dünyanı nağıl bilək" mahnıları üzərində dayanmaları, şairliyi ilə yanaşı şagirdlərinə fənlərin ən çətini, lakin maraqlısı olan fizikanı sevə-sevə, böyük həvəslə öyrədən Kəmalə müəllimənin çalışdığı məktəbin kollektivində xüsusi fərəh və qürur hissi doğururdu. Təsadüfi deyildi ki, tanınmış dramaturq, fəlsəfə elmləri doktoru Firuz Mustafa öz çıxışında xüsusi olaraq qeyd etdi ki, bütün dünyada fiziklər və liriklər zaman-zaman bəzən əks, bəzən də bir-birinə yaxın qütblərin adamları hesab edilir, lakin bütün hallarda adətən texniki elmlər sahəsində çalışanlar da daha yaxşı, daha gözəl bədii əsərlər yaradırlar və buna aid misallar kifayət qədərdir. Azərbaycanda isə texniki və humanitar elmləri bir-birinə “dost” edən, onları eyni “qütb”də birləşdirməyi, doğmalaşdırmağı bacaran Kəmalə Abiyeva kimi “sülhməramlı” fizik-şairəmiz də vardır.

Tədbirdə çıxış edın Kəmalə xanım özünün nəğməkar şair kimi daha çox tanınmasında xüsusi rolu olan incəsənət xadimlərinə - şeirlərinə orijinallığı, ürəyəyatımlılığı ilə seçilən musiqilər bəstələyən, "Məktəb illəri” və "Bu dünyanı nağıl bilək" kimi populyar musiqi töhfələri yaratmış istedadlı bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Aygün Səmədzadəyə, dinləyicidə hər zaman romantik, nostalji yaşantılar oyadan həmin mahnıların əvəzsiz ifaçılarına -  respublikanın Əməkdar artistləri Lalə Məmmədovaya və  İlqar Muradova minnətdarlığını ifadə edərək, məclisə toplaşanları özünün yeni kitabındakı və son günlərdə yazdığı bir-neçə şeirlə tanış etdi.

Tədbir zamanı məktəb şagirdlərinin ifasında Kəmalə müəllimənin şeirləri əsasında yaradımış bir-birindən maraqlı poetik “prelüdlər”, lirik səhnələr nümayiş etdirildi.

Sonra tədbir iştirakçıları tərəfindən gur alqışlarla, gül-çiçək dəstələri ilə qarşılanan müğənni Lalə Məmmədova özünün ifasında romantik dərəcədə gözəl səslənən "Məktəb illəri" mahnısını oxudu. İlqar Muradovun ifa etdiyi "Bu dünyanı nağıl bilək" mahnısına Kəmalə xanımın da qoşularaq həqiqətən gözəl bir səslə duet şəklində oxuması tədbir iştirakçıları üçün gözlənilməz, xoş bir sürpriz oldu.  

Görüşün sonunda tədbir iştirakçıları məktəbin foyesində Kəmalə Abiyevanın və onun istedadlı şairə qızı Aysel Əlizadənin, həmçinin Kəmalə xanımın poetik istedadının formalaşmasında mühüm rolu olmuş Respublika Ədəbi Birliyinin rəhbəri, M.Qorki adına Ümumittifaq mükafatı laureatı, SSRİ Yazıçılar İttifaqının və beynəlxalq poeziya almanaxı “Drujba”nın redkollegiya üzvü, unudulmaz şair Vaqif İbrahimin kitablarından ibarət sərgi ilə tanış olublar. Diqqətəlayiqdir ki, öz sevimli müəlliminin, ustadının 70 illiyinə həsr edilib,  təşəbbüskarı və redaktoru olduğu “Mən varam” adlı kitabı Kəmalə xanım öz şəxsi vəsaiti hesabına nəşr etdirib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilibr.





Rəhman ORXAN

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?