“1969-cu ildə Azərbaycan SSRİ respublikaları arasında ən aşağı yerdə qərarlaşmışdı. Heydər Əliyevin bacarığı, xalqa olan bağlılığı nəticəsində cəmi 13 il ərzində ən qabaqcıl respublikaya çevrilib. SSRİ-də Rusiyadan başqa iki ölkə vardı ki, mərkəzdən dotasiya almırdı. Onlardan biri Azərbaycan idi. O illərdə Azərbaycanda kənd təsərrüfatı, sənaye, infrastruktur layihələrinin icrasında çox böyük işlər görülüb. O işlərin nəticəsi bu gün də müstəqil Azərbaycana köməklik göstərir. Xüsusən infrastrutur, neft-qaz layihələri, emal sənayesinin inkişafı sahəsində əldə edilmiş nailiyyətlər müstəqil Azərbaycana xidmət göstərir. ”Heydər Əliyevin iki dəfə Azərbaycana rəhbərlik edib, hər iki dəfə Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə aparıb”. Modern.az saytı xəbər verir ki, bunu bu gün Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Prezident İlham Əliyev bildirib ki, 1970-1980-ci illərdə Azərbaycanda elm sürətlə inkişaf edib: “O illərdə Azərbaycanda milli-mənəvi dəyərlər təbliğ edilirdi. Əlbəttə, biz müstəqil dövlət deyildik, bəzi məsələlərdə bizim fəaliyyətimiz məhdud xarakter daşyırdı. Ancaq buna baxmayaraq, milli-mənəvi dəyərlər, milli ruh, milli ədəbiyyat, milli mədəniyyət daim diqqət mərkəzində idi. Təsadüfi deyil ki, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul ediləndə məhz Heydər Əliyevin təkidi ilə Konstitusiyaya Azərbaycan dili ana dili kimi salınmışdı. O illər doğurdan da böyük inkişaf illəri olmuşdu. Heydər Əliyevin fəaliyyətini və böyük nailiyyətlərini nəzərə alaraq, Moskvaya dəvət edilib və ona böyük vəzifə SSRİ baş nazirinin birinci müavini vəzifəsi verilib. Super dövlətin baş nazirinin birinci müavini vəzifəsinə təyinat bir daha Heydər Əliyevin nə dərəcədə istedadlı, peşəkar və işgüzar olduğunu göstərdi. Heydər Əliyev o illərdə bir çox sahələri kurasiya edirdi, bu sahələrdə böyük uğurlar əldə olunurdu. Bununla bərabər, Heydər Əliyev heç vaxt Azərbaycanı unutmurdu. Çalışırdı ki, daha böyük imkanlardan istifadə edərək Azərbaycanı daha da gücləndirsin. Azərbaycanda bir sıra sənaye, infrastruktur layihələri icra edildi, daim Azərbaycanın inkişafına diqqət edirdi. Hər il məzuniyyətə Azərbaycana gəlirdi. Mən yaxşı bilirəm ki, o məzuniyyət formal xarakter daşıyırdı. Çünki o, məzuniyyəti daim görüşlərdə keçirirdi. Heydər Əliyevin tapşırıqları 1980-ci illərdə Azərbaycanın inkişafına çox böyük xidmət göstərib ”.
Prezident vurğulayıb ki, əsassız olaraq Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən kənarlaşdırıldı: “Bu tək ona deyil, eyni zamanda Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi. Heydər Əliyevin istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında məsələ qaldırdılar. Yəni Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və ondan dərhal sonra Dağlıq Qarabağda xoşagəlməz proseslər başladı. Ermənistanın təhriki ilə Dağlıq Qarabağda separatçı meyllər gücləndi və əfsuslar olsun ki, o vaxtı sovet rəhbərliyi cinayət törədərək o xoşagəlməz meyllərin qarşısını almadı. Nəinki ala bilmədi, almadı, almaq istəmədi. SSRİ-nin dağılması prosesi də o vaxtdan başlamışdı. Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu, onun qurub-yaratdığı vəziyyət dağılırdı. Heydər Əliyev rəhbər vəzifələrdə işləyəndə mütəmadi Dağlıq Qarabağa, Xankəndinə, Şuşaya səfərlər etmişdi. Mən də o səfərlərin canlı şahidi, iştirakçısıyam. Heç bir faktor onu göstərmirdi ki, orada separatçı meyllər güclənə bilsin. Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi və təəssüflər olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır”.
Modern.az