Modern.az

Avropanın iki üzü

Avropanın iki üzü

Ölkə

24 Yanvar 2011, 17:43

Avropa Komissiyasının sədri Joze Manuel Barrozo Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olmasına dair fikirlər söylədi. Amma bu fikirlərin sonradan dəyişdirilərək  qurumun rəsmi İnternet saytında fərqli şəkildə yerləşdirilməsi bir neçə gündən bəridir ki, Azərbaycanda Avropa və  avropalılar (söhbət təbii ki sadə avropalılardan getmir) haqqında fərqli düşüncələrin ortaya qoyulması ilə müşayiət olunur.

Məsəslə burasındadır ki, Avropa Komissiyasının sədrinin Bakıda söylədikləri gerçək bir həqiqət olsa da, nə bizim rəsmi qurumlarımızın, nə də mətbuatımızın etirazları Avropada “eşidilmir”. Çünki Avropada bir qayda olaraq Azərbaycan həqiqətləri “eşidilmir”. Oradakıların hamısının “kar və ya kor” olduğunu iddia etmək niyyətində olmasam da, iyirmi ilə yaxındır ki Qarabağ münaqişəsi ilə bağlı ortada olan həqiqəti avropalıların “görüb-eşitməməsi” sadə Azərbaycan vətəndaşına Avropa və avropalılar barəsində belə düşünmək üçün əsas verir. 

Barrozonun fikirlərinin təhrifinə gəlincə isə məncə bizim buna da təəccüb etməyimizə yer yoxdu. Çünki azərbaycanlılardan fərqli olaraq Avropada “Kişinin ağzından söz bir dəfə çıxar” məsəli yoxdur. Ümumiyyətlə, biz bu məsəlin alt qatında hansı anlamın dayandığını onlara heç başa da sala bilmərik. “Quyuya su tökməklə dolmur ki...”

Amma  Barrozonun fikirlərinin dəyişdirilməsi birinci hadisə deyil. Bu vaxta qədər istər Avropadan olsun, istərsə də Amerikadan, Bakıya gələn yüksək ranqlı məmurların  ayağını təyyarənin trapına qoyan kimi dediklərini təkzib etmək bir qayda olaraq ənənəyə çevrilib. Mən hələ uzun illərdən bəridir ki, mənasız səfərləri və mənasız danışıqları ilə millətin gözünü mazol edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin danışdıqlarını demirəm.

İllərdən bəridir ki, həmsədrlər Azərbaycanda dediklərini Ermənistanda danırlar. Ermənistanda dediklərini də burda danırlar. Onlar ikiüzlülüyə öyrəşiblər. Genəl olaraq. Onların mahiyyəti belədir. Dəyişməzlər.

Amma Avropada bir məqamı deyəsən nəzərdən qaçırırlar. Artıq bizim də az-çox dövlətimizdə  təcrübə var. Yaxınımızdakı qonşudan tutmuş uzaqdan bizə əl edərək  “gəl qonşu olaq”- deyən Avropaya qədər, kimin bizdən nə umduğunu yaxşı bilirik. Avropanın istəyi də bəllidir.

Bu həmin Avropadır ki, oradakı ən böyük təşkilat –ATƏT neçə illərdir ki, Dağlıq Qarabağ münaqişəsinə qiymət verə “bilmir”. Qoran Lenmarker ATƏT PA-nın hər sessiyasında Qarabağla bağlı sənədi əlinə necə alırsa,  elə də qaytarıb yerinə qoyur.

Bu həmin Avropadır ki, Azərbayanla Türkiyəni üz-üzə qoymaq üçün Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi ilə bağli əlindəki bütün imkanlardan istifadə etdi. Sadəcə, Azərbaycan prezidentinin müdrikliyi onların bu istəyinin gözündə qoydu.

Avropalılar yenə gələcəklər. Hər qış olduğu kimi bu qış da başlarına Rusiyanın “qaz dubinkası” dəyəndən sonra...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir