Modern.az

Xəzər Dəniz Gəmiçiliyi və AZAl Nəqliyyat Nazirliyini saymır?

Xəzər Dəniz Gəmiçiliyi və AZAl Nəqliyyat Nazirliyini saymır?

Ölkə

25 Yanvar 2011, 10:30

Xəzər Dəniz Gəmiçiliyi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Nazirliyinə tabe olmaması barədə mətbuat tez-tez müəyyən iddialar irəli sürür.
Elə bu nazirliyin gördüyü işlər barədə rəsmi hesabat verilərkən də ancaq dəmir yolu, avtomobil nəqliyyatı və avtomobil yolları sahəsində həyata keçirilən tədbirlərdən söz açılır. Nəqliyyat Nazirliyinin açıqlamalarında heç vaxt su və mülki hava nəqliyyatı sahələrindəki işlərdən bəhs olunmur.
Modern.az saytı bununla əlaqədar Xəzər Dəniz Gəmiçiliyi, “Azərbaycan Hava Yolları” QSC-nin münasibətini öyrənib. Bu qurumlar Nəqliyyat Nazirliyinə hesabat verirlərmi, onların tədbirlərində iştirak edirlərmi?
Axı 1998-ci ildə yaradılan Nəqliyyat Nazirliyinin Əsasnaməsinə görə, nazirlik dəmir yolu, su, avtomobil, mülki hava nəqliyyatı və avtomobil yolları sahələrində vahid dövlət siyasətini formalaşdıran və həyata keçirən, sahələrarası münasibətləri tənzimləyən mərkəzi icra hakimiyyəti orqanıdır.
Qeyd edək ki, Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bir müddət öncə Modern.az-a açıqlamasında Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları»nın Nəqliyyat Nazirliyinin toplantılarında təmsil olunduğunu qeyd etmişdi

Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov bildirdi ki, qurum birbaşa Nəqliyyat Nazirliyinə tabe deyil.
“Biz Nazirlər Kabinetinin strukturu kimi, tam təsərüfatlı sahə olaraq fəaliyyət göstəririk. Nəqliyyat Nazirliyi nəqliyyat sahəsində əlaqələndirici qurum olduğu üçün onlarla müəyyən sahələrdə əlaqələrimiz var”.
V.Sadıqov onu da qeyd etdi ki, Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyəti haqqında məlumatları Nəqliyyat Nazirliyindən asılı olmadan müstəqil yayırlar. “Nazirliyin tədbirlərinə isə onlar dəvət edəndə gedirik”.

“Nəqliyyat Nazirlyi nəqliyyat sahəsinə baxdığı üçün yəqinki biz də o quruma tabeyik” deyə  “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli Modern.az-a açıqlamasında bildirdi.
Qurumun Nəqliyyat Nazirliyinin tədbirlərində iştirak edib-etmədiyinə gəldikdə isə mətbuat xidmətinin rəhbəri “nazirliyin tədbirlərində rəhbərlik bəlkə iştirak edir, amma şəxsən özüm o toplantılarda olamamışam” deyə bildirdi.
M.Səfərli “Azərbaycan Hava Yolları”nın fəaliyyəti haqqında məlumatları müstəqil olaraq yaydıqlarını da qeyd etdi.

Modern.az-ın məlumatına görə, Nəqliyyat Nazirliyinin kollegiya islaslarına bir qayda olaraq yalnız “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti, «Azəryolservis» Açıq Səhmdar Səmiyyəti, «Avtonəqliyyatservis» Departamenti və digər tabe qurumların sədrləri qatılırlar, Xəzər Dəniz Gəmiçiliyi və «Azərbaycan Hava Yolları» Aviaşirkətinin rəhbərləri isə orada iştirak etmirlər.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi