Modern.az

“Doktrina”: “Azərbyacan ordusu bir ayda 9 əsgərini itirib”

“Doktrina”: “Azərbyacan ordusu bir ayda 9 əsgərini itirib”

27 Yanvar 2011, 17:01

Onlardan 2-si döyüş, digərləri qeyri-döyüş itkiləridi

2011-ci ilin yanvar ayında Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun ümumi itkilərinin sayı 9 nəfərdir. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Cəsur Sümərinli Modern.az saytına məlumat verib. Onlardan 2-ci döyüş, qalanları isə qeyri-döyüş itkiləridir. İtkilərin 1-i naməlum, 1-i ehtiyatsızlıq, 2-si qar uçqunu, 1-i intihar, 1-i xəstəlik, 1-i isə bədbəxt hadisə nəticəsində baş verib.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi təhlükəsizlik və müdafiə sektorunun itkilərinin və xəsarət alanların ümumi mənzərəsini Modern.az saytına təqdim edib:

İTKİLƏR:

4 yanvar. 2010-cu ilin oktyabrında Tovuz rayon Hərbi Komissarlığından çağırılmış 19 yaşlı əsgər Tural İbrahimov Müdafiə Nazirliyinin hospitalında dünyasını dəyişib (səbəbləri dəqiq deyil).

4 yanvar. DSX-nın Astaradakı zastavasında 2010-cu ilin yanvarında Ağsu rayon Hərbi Komissarlığından çağırılmış 19 yaşlı Niyaz İsrafilov tabeliyində olan avtomat silahdan atəş açaraq əsgər yoldaşı, Yevlax rayon Hərbi Komissarlığından çağırılmış 19 yaşlı İdris İsmayılovu qətlə yetirib. DSX-nin məlumatına görə, hadisə silahla ehtiyatsız davranma nəticəsində baş verib.

10 yanvar. SQ-in Qazax rayonunda yerləşən N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü 15.10.2010-cu ildə Binəqədi rayon Hərbi Komissarlığından çağırılmış Səfərov Nurlan Telman oğlu intihar edib.

15 yanvar. Naxçıvan MR-da əsgərlər 1991-ci il təvəllüdlü, 2010-cu ilin oktyabrında Sumqayıt Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Bayramov Elşad İsmayıl oğlu və 1991-ci il təvəllüdlü, 2010-cu ilin yanvarında Babək rayonundan həqiqi hərbi xidmətə çağırılmış Həmzəyev Təbriz Vəli oğlu qar uçqunu zamanı həlak olublar.

17 yanvar. Ermənistan silahlı bölmələrinin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərdən açdığı atəş nəticəsində əsgər, 1990-cı il təvəllüdlü, 2010-cu ilin oktyabrında Sumqayıt Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Azadəliyev Məmməd Rasim oğlu şəhid olub.

25 yanvar. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin zabiti leytenant Rafael Elxan oğlu Yusifli kirayədə yaşadığı evdə dəm qazından boğularaq ölüb.

25 yanvar. Daxili Qoşunların əsgəri, Xaçmaz Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 18 yaşlı Əliyar Cəfərov vəfat edib. Onun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir. Faktla bağlı Daxili Qoşunlardan məlumat almaq mümkün olmayıb.

25 yanvar. Ermənistan Silahlı Qüvvələrinin Ağdamın Cəvahirli kəndi yaxınlığındakı mövqələrdən açdığı atəş nəticətində hərbi qulluqçu 1985-ci il təvəllüdlü leytenant Zamin Allahverdi oğlu Məmmədov şəhid olub.

YARALANANLAR (XƏSARƏT ALANLAR)

6 yanvar. Ermənistan silahlı bölmələrinin Ağdam rayonunun Mərzili kəndi ərazisindən açdığı atəş nəticəsində əsgər, 1991-ci il təvəllüdlü, 2010-cu ilin yanvar ayında Qaradağ rayon Hərbi Komissarlığından çağırılmış Hüseynov Ülvi İftixar oğlu döş nahiyəsindən və sağ qolundan yaralanıb.

14 yanvar. Ağdaş rayonunda baş vermiş ağır yol qəzasında Göyçay rayonunun Hacalıkənd kənd sakini, FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran Regional Mərkəzinin Göyçay bölməsinin əməkdaşı, 1983-cü il təvəllüdlü Süleymanov Səbuhi Babakişi oğlunun idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillə toqquşub. Hadisə nəticəsində sürücü və avtomobildə olan Aran Regional Mərkəzinin Göyçay bölməsinin 3 əməkdaşı (İsmayılov Elşən Asif oğlu (1979), Kərimov Fuad Firidun oğlu (1979) və Nəbiyev Mənsur Vaqif oğlu (1978) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

19 yanvar. Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən hərbi hissəsində əsgər, Cəbrayıl rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 18 yaşlı Ramin Behbud oğlu Quliyev tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində özünü yaralayıb. Yaralı əsgər hospitala yerləşdirilib. MN-dən bilidirilib ki, hadisəyə əsgərin silahla ehtiyatsız davranması səbəb olub.

20 yanvar. Ermənilərin cəbhənin Tərtər istiqamətində, Çiləbürt kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti 1986-cı il təvəllüdlü Şamil Əli oğlu Sadıqov ağır yaralanıb.

24 yanvar. Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisində, Çinarlı kəndi ərazisində "VAZ-2107" markalı avtomobilin "UAZ" markalı hərbi maşınla toqquşması nəticəsində bir hərbçi yüngül bədən xəsarəti alıb.

23 yanvar. Ali Hərbi Təyyarəçilik Məktəbinin kursantı, Xəzər rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Cəlilov Əfsun Firudin oğlu Gədəbəy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Alməmmədov Mikayıl Azər oğlunu bıçaqlayıb. Qarın boşluğundan ağır xəsarət alan Alməmmədov xəstəxanaya çatdırılıb.

DİGƏR HADİSƏLƏR

“Doktrina” mərkəzi bildirir ki, yanvarın 25-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam rayonu ərazisində, qoşunların təmas xətti yaxınlığında açdığı atəş nəticəsində kənd sakini, 1952-ci il təvəllüdlü Aslanova Aidə Kamil qızı yaralanıb.

Bu ay ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq cəbhə xəttində iki monitorinq keçirilib: yanvarın 12-də Azərbaycanın Tərtər rayonunda, Tərtər-Ağdərə yolundakı təmas xəttində və yanvarın 19-da Xocavənd rayonu ilə Füzuli rayonunun sərhədində Füzulinin işğal altındakı Aşağı Veysəlli kəndi yaxınlığında. Hər iki tədbir insidentsiz başa çatıb.

Yanvar ayında erməni tərəfi də itkilər verib. Erməni mənbələri aşağıdakı məlumatlar yayıblar.

14 yanvar. Ermənistan ordusunun 2 əsgərinin (Miqran Arakelyan və Vaan Marqaryan) dekabrın 29-da Dağlıq Qarabağ ərazisində minaya düşməsi barədə məlumat yayılıb. Ağır yaralanmış əsgərlər amputasiyaya məruz qalıb.

20 yanvar. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı insident nəticəsində erməni hərbçi Ovik Mkrtıçeviç Sukiasyan dünyasını dəyişib.

Qeyd edək ki, yanvarın 24-də Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Edvard Nalbandyan Moskvada üçtərəfli görüş keçiriblər.

2010-cu İL ÜZRƏ MƏLUMATLAR

“Doktrina” JHAM-in məlumatlarına görə, 2010-cu ildə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun ümumi itkilərinin sayı 80 nəfərdən artıq olub. Yaralıların sayı isə 90-a yaxınlaşıb. Bu 2002-ci ildən bu yana ən yuxarı göstərici hesab edilir. Qeyd edək ki, “Doktrina” JHAM bu monitorinqi ölkədə nəşr olunan KİV üzərində həyata keçirdiyi monitorinq nəticəsində ortaya çıxarıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır