Modern.az

General: “İndiki vaxtda alternativ hərbi xidmət istəmək Vətənə xəyanətdir”

General: “İndiki vaxtda alternativ hərbi xidmət istəmək Vətənə xəyanətdir”

Ölkə

28 Yanvar 2011, 14:45


Deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev hərbi xidmətdən yayınma ittihamı ilə saxlanılmasına etiraz edərək deyib ki, əqidəsi hərbi xidmət keçməyə imkan vermir və alternativ əsasda hərbi xidmət keçmək istəyir. Eks-namizəd hansı əqidəyə qulluq etdiyini açıqlamayıb. Gəncə şəhər prokurorluğunda hərbi xidmət keçməkdən boyun qaçırdığına görə Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, general Əlağa Hüseynov məsələ ilə bağlı Modern.az saytına deyib ki, indiki zamanda alternativ xidmətlə bağlı ancaq Azərbaycanın düşmənləri məsələ irəli sürə bilərlər: “Bilirsiniz, bizim əsgərimiz kimisə öldürmək üçün hərbi xidmət keçmir. Bizim ordumuz ərazi bütövlüyümüzü təmin etməlidir. Hansı qüvvələr ki, ərazi bütövlüyümüzə qarşıdırsa, əsgərlərimiz də ona qarşı olacaq. Dünyanın bütün ölkələrinin ordusunun əsas vəzifəsi bundan ibarətdir. İndi bizim torpaqlarımızın 20 faizi işğal altındadır. Biz neyləməliyik? Hər bir vətəndaş torpaqlarımızın bütövlüyünə çalışmalıdır. Belə bir zamanda Azərbaycan üçün alternativ hərbi xidmət istəmək Vətənə xəyanət deməkdir. Bu, birmənalıdır. Onun ardınca da müxtəlif dini cərəyanlara xidmət edənlər bəyan edəcəklər ki, biz əsgərliyə getmək istəmirik”.

General hesab edir ki Azərbaycanın torpaqları işğaldan azad olunandan sonra alternativ həri xidmət məsələsinə baxmaq olar: “O zaman alternativ hərbi xidmət çəkənlərin sayı həqiqi hərbi xidmət çəkənlərin sayından 2 dəfə çox olmalıdır. Qoy həqiqi hərbi xidməti bacarmayanlar gedib süpürgəçilik etsinlər, bağban işləsinlər, sanitary-təmizlik işləri ilə məşğul olsunlar”.

General Türkiyə təcrübəsindən misal gətirərək qeyd edib ki, 75 milyon əhalisi olan bir ölkədə alternativ hərbi xidmət yoxdur: “Hətta dünyanın ayrı-ayrı ölkələrində yaşayan gənc türklər Türkiyədə hərbi xidmət keçməkdən qürur duyurlar. Bilmirəm, bu məsələni niyə indi ortaya atırlar, indiki zamanda Azərbaycan vətəndaşı belə iddiamı irəli sürər?. Hər halda, bir də təkrar etmək istyirəm ki, bunu irəli sürənlər Azərbaycanın düşmənləridir”.

Komitənin digər üzvü Elman Məmmədov isə bildirib ki, Azərbaycanda “Alternativ hərbi xidmət haqqında” qanun qəbul edilmədiyi halda, özünə alternativ hərbi xidmət istəmək Vətənə xəyanətdir. “Burada məqsəd cəmiyətdə hərbi xidmətlə bağlı qarışıqlıq yaratmaqdır”.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı