Modern.az

MTN amerikalılara qarşı terror təhlükəsinə münasibət bildirdi

MTN amerikalılara qarşı terror təhlükəsinə münasibət bildirdi

Ölkə

31 Yanvar 2011, 11:36

“Milli maraqlara yönəlmiş təhdidlərin qarşısının alınması üçün müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir”

“Biz Amerika səfirliyinin məlumatını şərh etmirik”. Bu sözləri Milli Təhlikəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a ABŞ Dövlət Departamentinin amerikalıları Azərbaycanda terror təhlükəsinin gözlədiyi haqda xəbərdarlığına münasibət bildirərkən deyiblər. MTN-dən saytımıza bildiriblər ki, Azrbaycanın milli maraqlarına, mənafeyinə yönəlmiş təhdidlərin qarşısının alınması üçün ölkənin aidiyyatı üzrə qurumları müvafiq qabaqlayıcı tədbirlər həyata keçirir.

Qeyd edək ki,  ABŞ Dövlət Departamenti Azərbaycanda yaranmış terror təhlükəsi ilə bağlı Amerika vətəndaşlarını xəbərdarlıq edib. “Assoşeyted Press” agentliyinə istinadən dünən “USA Today” qəzetində, “Fox News” kanalında və digər ABŞ KİV-lərində yayılan xəbərlərə görə, Dövlət Departamenti bəyan edir ki, Azərbaycandakı “Qərb hədəflərinə” qarşı terror təhlükəsi yaranıb və bununla bağlı Amerika vətəndaşları ehtiyatlı olmalıdır.

Xəbərdarlıqda deyilir ki, təhlükə barədə siqnal ABŞ-ın Bakıdakı səfirliyindən daxil olub. Orada deyilir ki, Azərbaycanda Amerika maraqları da daxil olmaqla, bir çox Qərb hədəflərinə qarşı potensial terror təhlükəsi yaranıb. Bu səbəbdən Birləşmiş Ştatlar vətəndaşlarına tövsiyə olunur ki, ictimai yerlərdə, xüsusən də Qərb maraqlarının yerləşdiyi ərazilərdə sayıq olsunlar. Lakin xəbərdarlıqda terror təhlükəsinin xarakteri və onun arxasında hansı qüvvələrin dayandığı barədə məlumat verilmir. Dövlət Departamentinin rəsmiləri məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.
ABŞ-ın Azərbaycandakı səfirliyin rəsmi internet saytında isə terror təhlükəsi ilə bağlı olduqca ilginc qeydlər var. Orada deyilir ki, Azərbaycandakı ABŞ maraqlarına qarşı potensial hücumlar ola bilər. Məlumatda Azərbaycandakı Amerika vətəndaşlarına, xüsusilə Qərblə assosiasiya olunan ictimai yerlərdə sayıq olmaq tövsiyə edilir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir