Modern.az

Kərəm Həsənov Dövlət Komitəsinin 15 əməkdaşını işdən çıxarıb

Kərəm Həsənov Dövlət Komitəsinin 15 əməkdaşını işdən çıxarıb

Ölkə

31 Yanvar 2011, 16:24

40-a yaxın işçi barəsində isə ciddi tənbeh tədbirləri görülüb

Əmlak Məsələləri Dövlət Komitəsində Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə 2011-ci il yanvarın 27-də keçirilmiş Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclasında verilmiş tapşırıqların icrasına həsr edilmiş operativ müşavirə keçirilib.

Dövlət Komitəsinin yaydığı məlumatda bildirilir ki, müşavirədə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov qeyd edib ki, prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində dinamik artım templəri müşahidə olunur. Onun sözlərinə görə, bu işlər nəticəsində regionların tarazlı inkişafı, bölgələrdə infrastrukturun yenidən qurulması, sahibkarlığın daha da genişləndirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması sahəsində böyük uğurlar əldə edilib.

Komitə sədri bildirib ki, Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi, bəzi sahələrdə iqtisadiyyatın inkişafına mane olan nöqsanlar və çatışmazlıqlar var. Ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmaq aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib. K.Həsənov çıxışında bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətində uğurların əldə edilməsi ilə yanaşı, dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların qeydiyyatı sahələrində bir sıra çatışmazlıqlar və neqativ hallara rast gəlinir.

Komitə sədri bu nöqsanların aradan qaldırılması ilə bağlı bir sıra ciddi tapşırıq və göstərişlər verib. Qeyd olunub ki, Prezidentin "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiq edilməsi barədə" 2007-ci il 28 iyul tarixli sərəncamı ilə verilmiş tapşırıqların və Milli Strategiyanın icrası üzrə komitənin 2011-ci il üçün təsdiq edilmiş illik tədbirlər planının icrası təmin edilməli və ciddi nəzarətdə saxlanılmalıdır. Bildirilib ki, şəffaflığın və səmərəliliyin daha da artırılması məqsədi ilə daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin aparılması sahələrində qanunvericilik təkmilləşdirilməlidir. Bununla bağlı yeni normativ hüquqi aktların layihələri hazırlanıb təqdim edilməlidir.

Müşavirədə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı komitəyə və qurumlara daxil olan müraciətlərə, ərizə və şikayətlərə baxılmasında operativliyin artırılması, süründürməçiliyin qarşısının alınması barədə tapşırıqlar verilib. Eləcə də, vətəndaşların qəbulu və şikayətlərə baxılmasının gücləndirilməsi, müraciətlərin elektron üsulla qəbulunun artırılmasının diqqət mərkəzində saxlanılmasının vacibliyi bildirilib. Qeyd edilib ki, yeni özəlləşdirmə mexanizmləri səmərəli tətbiq edilməli, özəlləşdirmədə şəffaflıq daha da artırılmalıdır.

Tədbirdə komitədə çalışan dövlət qulluqçuları və işçilərin etik davranış qaydalarına riayət edilməsinə diqqət yetirilməsi, bu sahədə nəzarətin gücləndirilməsi tapşırıqları verilib. Eləcə də dövlət qulluğu və korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar treninqlərin təşkil olunması barədə göstərişlər verilib.

İşçilərin peşəkarlığı artırılmalı və bu məqsədlə işə müasir təfəkkürlü peşəkar kadrlar cəlb edilməlidir. Müşavirədə xüsusi vurğulanıb ki, ictimaiyyətlə əlaqələr və qaynar xətlərin fəaliyyəti gücləndirilməlidir. Fəaliyyət sahələri barədə məlumatların əldə olunması və informasiya işi nəzarətdə saxlanılmalıdır. Bununla yanaşı ictimai məlumatlandırma və maarifləndirmə tədbirləri daha da genişləndirilməlidir.

Qeyd edilib ki, fəaliyyətlərində neqativ hallara yol vermiş 15 nəfər işdən azad edilib, 40-a yaxın işçiyə qarşı ciddi tənbeh tədbirləri görülüb. Eyni zamanda nəzərə çatdırılıb ki, neqativ hallara, korrupsiya ilə əlaqədar hüquqpozmalara və bu sahədə nöqsanlara yol vermiş işçilərə qarşı ciddi və təxirəsalınmaz tədbirlər görüləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir