Modern.az

Lalə Şövkət inqilabla bağlı bəyanat verdi

Lalə Şövkət inqilabla bağlı bəyanat verdi

Ölkə

31 Yanvar 2011, 17:15

Liberal Partiyasının lideri Lalə Şövkət Misirdə baş verən hadisələrə münasibət bildirib. Partiya lideri Yaxın Şərqdə gedən son proseslərə toxunaraq bildirib ki, qloballaşan, bütövləşən, demokratikləşən, balacalaşan dünyada azadlıq və insan hüquqlarının prioriteti danılmaz faktordur:
“Amma təəssüf ki, müsəlman ölkələrinin əksəriyyətində xalqlar diktatura, Maks Veberin termini ilə desək, “patrimonial sultanlıq” rejimlərindən əziyyət çəkir. Onlar diktatura rejimlərindən bezmiş və əzilmiş xalqlardır. Bu rejimlərin başında duranlar sırf öz şəxsi mənafelərinə görə milyonlarla xalqı qurban verirlər, bütün insanları kölə sürüsünə çevirirlər.

Bu tiran-diktatorlar nə reformator, nə konservatorlardır. Bunlar deqradatorlardır! Öz xalqını rəzil vəziyyətinə salan, orta əsirlərə sürəkləyib dünya inkişafından kənara atan hakimiyyət sərxoşları və hərisləridirlər.

Lakin indiki açıq dünyada insanlara zülm edən, onların inkişafına əyləc olan, onların qanını içən rejimlərin süqutu qaçılmazdır. Tunisdə başlayan oyanış, ədalət və azadlıq uğrunda inqilab yaxın müsəlman ölkələrində hərəkətverici qüvvəyə çevrildi. Uzun illərlə basılmış etiraz enerji özünü büruzə verdi. Bu gün Misirdə gedən proseslər bu oyanışın məntiqi davamıdır. Artıq Yəməndə və İordaniyada da etiraz aksiyaları vüsət almaqdadır.

Bu xalqların üsyanlarından təşvişə düşən qonşu ölkələr prosesi önləmək üçün insanlara pul və ərzaq paylayırlar. Küveytdə əhaliyə 4 milyarddan çox dollar paylanıb, 19 ay ərzaq pulsuz veriləcək. Liviya diktatoru Müəmmər Qəzzafi də bu məqsədlə 20 milyard dollardan çox xərcləməyə nəzərdə tutur. Lakin ədalət və azadlıq uğrunda mübarizənin yeni dalğasını təkcə pulla və ərzaqla durdurmaq mümkün olmayacaq.

Bu gün dünya ictimaiyyətinə illərlə təlqin edilən mif, guya müsəlman ölkələrində əsas müxalifət qüvvələri radikal islamçılardır darmadağın oldu. Küçələrdə etiraz edən yüz minlərlə insanlar təhsilli gənc nəsildir. Onlar demokratiya və azadlıq istəyirlər. Onlar diktaturadan, korrupsiyadan, məmur özbaşınalığından, sosial ədalətsizlikdən, işsizlikdən, səfalətdən, zorakılıqdan beziblər, bu rejimlərə “Yox” deyirlər. Metalın da bir doyma həddi olduğu kimi cəmiyyətin də doyma həddi var, və bunu heç kim unutmasın. El gücü sel gücüdür. Oyanış varsa onun qarşısını heç kim ala bilməyəcək. Burada yalnız zaman məsələsi var.

Uzun illərdir dünya ictimaiyyətinə həm də ikinci mif təlqin olurdu ki, bu diktatorlar sabitliyi qoruyub saxlayır, ekstremizmin qabağını alırlar. Lakin polis gücünə, azadlığı və etirazları boğmaqla yaradılmış sabitlik heç vaxt uzunmüddətli ola bilməz. Bu staqnasiyadır, sabitlik deyil və tarixlə oyuna girən diktatorları tarix özü çıxdaş edir.

İslam ölkələrinin xalqları daha bu tiranlara, diktatorlara, onların talançılığına, özbaşınalığına, zorakılığına dözmək istəmir, “Yetər!” deyir. XXI əsrdə Kaliqula və Neron sayağı tiranlara yer yoxdur. Gecikmişik, amma heç olmamaqdansa, qoy gec olsun. Bu rejimlər XXI əsr bəşəriyyətinin vəbasıdır. Bu xəstəliyin simptomları, xüsusiyyətləri və aqibətləri eynidir. Ona görə diktatorlar bir birinə o qədər oxşardırlar, doğmadırlar, eynidirlər. Bu qorxulu xəstəliyə qarşı mübarizəni dünya ictimaiyyəti birgə aparmalıdır. Burada Qərb ölkələrinin bəzi hakimiyyət nümayəndələri kimi diktatorları “düşmənlərə” və “dostlara” bölmək yersizdir. Belə bir yanaşma artıq geosiyasət deyil, əcaib geopsixologiyadır. Vəba vəbadır, bunun yaxşısı, pisi olmur.

Diktatorlar onsuz da heç vaxt əbədi ola bilməyəcəklər, ona görə ki, əsas dayaq – xalqın etibarından məhrumdurlar.

Bir mif də dünyada geniş yayılıb ki, müsəlman xalqları, onların mentaliteti, islam mədəniyyəti demokratiya uyğun deyil. Kiməsə bu mif çox lazımdır. Lakin bunun əksini Türkiyənin parlaq nümunəsində gördük. Bu gün Türkiyə demokratik, inkişaf etmiş ölkədir. İslam mədəniyyətinə gəlincə isə hələ VII yüzillikdə Xəlifə Ömərin vəzifəyə qoyan şəxslər üçün təlimatı var idi: “Bilin ki, sizi xalqa zülm etməniz üçün təyin etmədim. Sizi nümunə olaraq göndərdim”. Beləliklə, diktatorların nə milliyyəti, nə dini var. Bunların əsas qayəsi şəxsi maraqlardır, tamah, acgözlük, doymaq bilməyən bulimiya xəstəliyidir. Bu şəxsi maraqlar naminə onlar öz xalqının qanını içib qurban verirlər.

Makedoniyalı İsgəndər öz müəllimi Aristotelə vaxtı ilə sual vermişdi: “Şərq hökmdarlarının hansı xüsusiyyətləri var?” Aristotel cavab vermişdi ki, “onlar öz keflərinin quludurlar”. Bu gün də diktatorlar öz keflərinin qulu olaraq millətləri də öz keflərinin quluna çevirirlər, onları passiv genosidə məruz qoyurlar. Bunlara "Dur!" demək vaxtıdır.

Bu mesajları Azərbaycan hakimiyyəti də eşitməlidir. Bu minvalla uzağa gedə bilməyəcəksiniz. Ayılın! Köklü islahatlara keçin, total korrupsiyaya qarşı real mübarizə aparın, insan hüquqlarına hörmətlə yanaşın, demokratiya üçün, millətin inkişafı üçün yol açın!

Misirdə artıq qan töküldü. Hakimiyyət hərisliyindən kor olmuş diktator Mübarək millətin qanını tökdü. Dinc nümayişçilərin arasında ölənlərin sayı artıq yüzdən çoxdur. Bu qanı nə xalq, nə tarix heç vaxt ona bağışlamayacaq. Bu gün mən və lider olduğum Liberal Partiya demokratik qüvvələrin nümayəndəsi olaraq Misir xalqını və digər müsəlman ölkələrində ədalət və demokratiya uğrunda mübarizə edən insanları bütövlüklə dəstəkləyir və diktaturalara “Yox” deyirik! Allah köməyimiz olsun”.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü