Modern.az

Ulvira və Elgiz: ""Toy olsun"a müraciət edənlər o qədər çoxdur ki..."

Ulvira və Elgiz: ""Toy olsun"a müraciət edənlər o qədər çoxdur ki..."

20 Fevral 2011, 17:32

ANS-in populyar verilişi “Toy” olsunun tanınmış aparıcıları Elgiz Əkbər və Ulvira Qarayeva telekanalın internet saytına müsahibə veriblər. Modern.az onların müsahibəsini təqdim edir.

- “Toy olsun” layihəsi Azərbaycan teleməkanında reytinq rekordları qırır. Sizcə, bu, nəyin nəticəsidir?

- Ülvira: İnsanların, xüsusən də azərbaycanlıların ən çox sahib olmaq istədiyi şey ailədir. İnsanlar yalnız ailə içində özünü qorunmuş, müdafiə olunmuş hiss edirlər. Bizim proqrama tənha olanlar üz tuturlar. Ölkəmizdə 1990-cı illərdə çoxlu ailələr dağılmışdı. Bölgələrimizdəki gənclər qazanc dalınca Rusiyaya üz tutmuşdular. Bir çox kəndlər boşalmışdı. Bu səbəbdən də təkcə dağılan ailələr deyil, yaşı ötmüş xanımlarımız da bizə üz tuturlar. Buna görə də bu proqrama həmişə baxılacaq.

- Elgiz: Bu verilişə maraq bizim mentalitetimizdən irəli gəlir. Azərbaycan xalqına toy-nişan həmişə maraqlı olub. “Toy olsun”un məramı və məqsədi gözəl olduğundan insanlar bizi böyük maraqla izləyirlər.
Tanınmış insanların çoxu bizim layihə barədə öz xoş sözlərini bildiriblər. Və bu zümrənin böyük əksəriyyəti dərk edir ki, tək qalmaq çox pis şeydir. İnsanların evlənməsi, ailə qurması, oğul-uşaq sahibi olması çox gözəl haldır. Bizim veriliş də bu məqsədə qulluq etdiyindən xalqın marağı hədsizdir.

- Bəziləri veriliş iştirakçılarının davranışını, özünü təqdim etmə bacarığını bəyənmirlər.

- Ulvira: Ruslarda bir məsəl var: “Na zerkale neçeqo menyat”. Əslində “Toy olsun” reallığın güzgüsu olduğuna görə bəzilərini qıcıqlandırır. Axı insan güzgüyə baxanda daha gözəl şeylər görmək istəyir.
Əslində mən “Toy olsun”a gələnlərin hər birinin səviyyəsi ilə tamamilə razıyam. Çünki mən yolda, dükanda bu cür insanlarla rastlaşıram. Azərbaycanı da bu cür insanlarla sevirəm. Təbii ki, ziyalılarımızın yeri başqadır. Mən həmin o orta statistik azərbaycanlıları sevirəm.

- Elgiz: Elə insanlar var ki, heç ailə mühiti, ata-ana istisi görməyiblər. Biz verilişimizə gələn kasıb və yaxud varlı iştirakçılar, ali təhsilli və yaxud təhsilsiz iştirakçılar arasında fərq qoymuruq. Heç bir iştirakçıya yalandan bəzək-düzək vurmuruq. Kasıbı kasıb, varlını varlı, alimi alim kimi təqdim edirik. Və heç vaxt əksini etmək fikrimiz yoxdur!

- "Toy olsun"a müraciət edənlərin sayı çoxdurmu?

- Elgiz: Həddindən artıq çoxdur və artan templə də davam edir. Ən böyük səbəblərdən biri də real olaraq gördüyümüz işlərdir. Yəni insanlar gördülər ki, bir-birinin ardınca beş toy etdik. Toyların beşi də çox yüksək səviyyədə təşkil olundu. Cütlüklərə bir-birlərini tanımaları üçün yetərincə vaxt verdik. Onlara cehizlər verdik. İnsanlar şahid oldular ki, bu layihədə başqa maraq güdmürük. Məqsədimiz sırf insanlara səadət bəxş etməkdir.

- Ulvira: Müraciət edənlər çoxdur. Bəzən o qədər yeni iştirakçılar olur ki, veriliş boyu onları təqdim etməyə imkanımız olmur. Hər dəfə bu proqramdan o biri proqrama qalırlar. Belə həftələrlə gözləyən yeni iştirakçılarımız olur. Köhnələrə başımız qarışır, elçilər gəlir, tanışlıq-filan. Ona görə də iki saat bizə yetmir. Hər dəfə iştirakçıların çoxluğu üzündən çətinliklərimiz olur. Veriliş davam etdikcə həm iştirakçıların sayı artır, həm də keyfiyyət etibarı ilə dəyişikliklər olur. Artıq ziyalı təbəqə də evlənmək üçün bizə üz tutur. Universitet bitirənlər, xaricdə yaşamış həmvətənlərimiz və s.

- Heç olubmu ki, “Toy olsun”a evlənmək üçün üz tutanları geri qaytarmağa məcbur olasınız?

- Elgiz: Bəli, olub. Məsələn, sənədlərini yoxlayıb görmüşük ki, keçmiş həyat yoldaşından qanuni sürətdə ayrılmayıb. Ümumiyyətlə, psixoloji durumunda problemi olanları qəbul etmirik, elə xəstələr də var ki, onlara qətiyyən evlənmək olmaz. Və yaxud elələri olur ki, nə işləri var, nə də bir peşələri, amma evlənmək istəyirlər. Belələrinə bildiririk ki, hələ evlənməyə hazır deyillər.

- Ulvira: Belə hallar çox olub, hətta efirdə tamaşaçıların gözü qarşısında da olub. Tamaşaçılar aysberqin bir üzünü görürlər. Bizim əsas işimiz efirdən kənarda olur. Hər bir iştirakçının dosyesini rəhbərliyimiz bilir. Biz nəyi biliriksə, rəhbərliyə çatdırırıq. İştirakçının layihədə nə qədər qalacağına birlikdə qərar veririk. ANS nüfuzlu kanal olduğundan, telekanalın nüfuzuna xələl gətirəcək şəxsləri efirə buraxmırıq və ya sonradan da olsa layihədən kənarlaşdırırıq.

- Verilişə müraciət edənlərin çoxu nədənsə gənclərdir?

- Elgiz: Əslində bu veriliş daha çox yaşlı insanlar üçün, yəni son illərini tənha keçirmək qorxusu ilə yaşayanlar, özlərinə həyat yoldaşı tapmaqda çətinlik çəkən fiziki qüsurlular üçün nəzərdə tutulmuşdu. Amma görürük ki, daha çox gənclər müraciət edir. Bu da yəqin ki, müəyyən problemlərlə əlaqədardır. Biz burada pulsuz toy edirik, cehiz veririk. Mən belə başa düşürəm ki, ailələr məhz bu məqsədlə övladlarını bizim verilişə göndərirlər. Amma onu da deyim ki, bizə imkanlı ailələr də üz tuturlar. Məsələn, Sevinc və Elçin cütlüyü. Onların hər ikisi çox imkanlı ailənin uşaqlarıdır. Amma öz talelərini “Toy olsun” verilişində tapdılar.

- Ulvira: Əslində verilişimiz hər iki təbəqə üçün nəzərdə tutulub. Amma öncə yaşlılar üçün. Biz gənclərə də şans veririk ki, gəlib bizim layihədə tanış olub, öz qismətlərini tapsınlar. Amma orta nəsil özünə qulaq yoldaşı axtarır, yəni nəsil də bütün həyatını paylaşmağa can yoldaşı. Gənclər yanılmamaq üçün “Toy olsun”a üz tuturlar. Çünki, ANS kimi şirkət bura qol qoyur. Bu az önəm daşımır. İnsanları bizim layihəyə gətirən elə ANS-ə olan inamdır.

- Hamını evləndirirsiniz, bəs özünüz nə vaxt evlənməyi planlaşdırırsınız?

- Elgiz: Mənim 34 yaşım var. Heç vaxt nişanlı, evli olmamışam. Təbii ki, hər bir insanın həyatda sevdiyi bir şəxs olur. Mən uşaq bağçasına gedəndə bir qız sevmişəm. Çox sevirdim onu, hələ də unuda bilmirəm. Məktəb vaxtı bəyəndiyim qız olub. Hər halda evlənmək lazımdır. Kim bilir, bəlkə mən də “Toy olsun”da evləndim.

- Ulvira: Bu suala cavab vermək istəmirəm.

- “Toy olsun”a zəng vurub sizə elçi düşənlər olubmu?

- Elgiz: Çox olub. Sadəcə prodüsserlər o zəngləri efirə qoşmurlar.

- Ulvira : Bir dəfə olmuşdu, yarızarafat canlı yayıma bağlamışdılar

- Birdən qoşdular. Ola bilərmi ki, Elgiz kiməsə desin ki, “geyinin, keçinin gəlin”?

- Elgiz: Və yaxud da ola bilər ki, hansısa xanım evlənmək məqsədilə verilişimizə gələr və bizim aramızda sevgi yaranar, evlənərik. Niyə də olmasın ki!?

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir