Modern.az

Milli Orduda böyük faciə... 7 əsgərimiz həlak olub (SİYAHI)

Milli Orduda böyük faciə... 7 əsgərimiz həlak olub (SİYAHI)

Ölkə

21 Fevral 2011, 11:20


Azərbaycan Milli Ordusunda böyük faciə baş verib. Hərbi mənbələrdən ölkə mətbuatına verilən məlumata görə, Gəncə istiqamətində yerləşən "N"saylı hərbi hissədə silahlı insident baş verib. Hadisənin təfərrüatları hələlik açıqlanmır. Hadisə nəticəsində ən azı 7 hərbçinin həlak olduğu bildirilir...

Məlumatlara görə, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində kçirilən Azərbaycanın da qatıldığı IDEX-2011 Beynəlxalq Müdafiə Sərgisindən təcili Bakıya çağırılıb.

***

Müdafiə Nazirliyi və Hərbi Prokurorluq nəhayət hadisə ilə bağlı birgə məlumat yayıb. Modern.az xəbər verir ki, rəsmi məlumatında bildirilir ki, fevralın 20-də saat 09.40 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində ölümlə nəticələnən ağır cinayət hadisəsi baş verib.

Hadisə nəticəsində 2009 və 2010-cu illərdə hərbi xidmətə çağırılan 7 əsgər həlak olub:

Quliyev Naib Fəxrəddin oğlu (1992-ci il təvəllüdlü, Beyləqan rayonundan hərbi xidmətə çağırılıb );

Cavadzadə Cavid Vəkil oğlu (1991-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılıb);

Suanverdiyev Nurlan Radfel oğlu (1991-ci il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılıb);

Xocberov Ramazan Abdulla oğlu (1992-ci il təvəllüdlü, Balakən rayonundan hərbi xidmətə çağırılıb);

Kərimov Əfqan Yaşar oğlu (1991-ci il təvəllüdlü, Balakən rayonundan hərbi xidmətə çağırılıb);

Hüseynov Əhməd Əhmədalı oğlu (1992-ci il təvəllüdlü, Ağcabədi rayonundan hərbi xidmətə çağırılıb);

Quliyev Zakir Etibar oğlu (1991-ci il təvəllüdlü, Yasamal rayonundan hərbi xidmətə çağırılıb).

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun əməkdaşları birgə təhqiqat aparmaq üçün hadisə yerinə ezam olunublar. Faktla əlaqədar cinayət işi qaldırılıb, istintaq araşdırmasının nəticəsinə uyğun olaraq əlavə məlumat veriləcəyi bildirilir.

***

Fakta görə Cinayət Məcəlləsinin 120.2.7 (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Respublika hərbi prokurorunun müavini Şəfahət İmranovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb. Hadisənin baş vermə səbəbləri və şəraiti birgə istintaq əməliyyat qrupu tərəfindən aparılmaqla zəruri, təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar