Modern.az

TQDK ilə Təhsil Nazirliyi arasında narazılıq böyüyür

TQDK ilə Təhsil Nazirliyi arasında narazılıq böyüyür

1 Mart 2011, 15:49

Nazirlik rəsmisi: “Bəyəm, TQDK-nın özündə problemlər yoxdur, hamıda problem var”

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında orta məktəb dərsliklərinin səviyyəsini kəskin təndiq edib. Sədr konkret olaraq bu məsələnin abituriyentlərin ali məktəblərə qəbul məsələsinə mənfi təsir etdiyini söyləyib.

M.Abbaszadənin bu fikirlərinə Təhsil Nazirliyi münasibət bildirib. Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı Modern.az-a açıqlamasında qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fikirlərinə hörmətlə yanaşır: “Bütün bunlara baxmayaraq bəzi fikirlərimi bildirmək istəyirəm. Məleykə xanım biologiya, botanika, zologiya, və insan anatomiyası  dərsliklərində ciddi səvlər olduğunu qeyd edib. Bunlar bir az  həqiqətə  uyğun deyil. Bu fikirlər Məlekə xanımın öz fikri deyil. O, sadəcə hazırlanmış məlumat əsasında bunu deyir. Bu yaxınlarda biz Məlekə xanımla söhbət zamanı bu məsələlərə aydınlıq gətirdik. Onlar qüsurlu hesab etdikləri dərsliklərin siyahısını bizə göndərmişdilər. Biz də müəllifləri və ekspertləri dəvət etdik. Qeyd olunan fikirlərin yarısından çoxu ilə müəlliflər, ekspertlər  razı deyil. Çunki burada ifadə dəyişikliyi, ifadə forması var. Belə olmasa, belə olardı, belə olsaydı, belə olardı, bilirsiniz, variantlılıq ayrı şeydir. Problem oradan yaranır ki, TQDK-nın test portalı var. Bu test tapşırıqları ilə test sualları üzərində Təhsil Nazirliyinin dərslikləri əsasında dəyişiklik aparılmalıdır. Bütün bunlar həqiqətə uyğun deyil. Mən demirəm ki, həmin dərsliklərdə problem yoxdur. Problem var və biz bu barədə  düşünürük”.

Nazirlik rəsmisi deyib ki, TQDK-nın hazırladığı vəsaitlərdən istifadəyə heç kim qadağa qoymur: “Onlar da əlavə vəsaitlərdir. Təhsil Nazirliyinin də kifayət qədər əlavə  resursları var. Mənbələri birbaşa göstərmək Azərbaycan dərsliklərinə münasibətə xələl gətirir. Konkret məsələni bu cür qoymaq olmaz. Təhsil Nazirliyinin hazırladığı dərslik ayrıdır, TQDK-nın hazırladığı vəsait ayrı. TQDK-nın hazırladığı vəsait bir növ kanspektləşdirilmiş, testlərə cavab hazırlamaq məqsədilə yaradılmış materiallardır. Bizim hazırladığımız dərsliklərdəki materialların hamısı gedib testə çıxmır, onun əhatə dairəsi genişdi”.

Faiq Şahbazlı deyib ki, bütün hallarda TQDK öz fünksiyalarını yerinə yetirməlidir: “Təhsil Nazirliyinin dərsliklərinə və proqramına əsaslanmalıdır. Dərsliklərlə bağlı müəyyən qüsurlar müəyyən olunursa, vacib deyil ki, TQDK-nın hazırladığı  test bankında o qüsurlu məsələ əks olunsun. Amma test bankını yaradan mütəxəsislərin bir hissəsi öz ambisiyalarından çıxış edərək bu məsələni qabardırlar, problem yaradırlar.

Dədə-babadan həmişə bu dərsliklərdən istifadə olunub.  Dünənə qədər TQDK-nın əlavə vəsaiti olmayanda, bəyəm, bizim dərsliklər işlənmirdi və yaxud da bu, həmin dərsliklər deyilmi. Sadəcə, burada biri-birimizə hörmət əlaməti olaraq birdəfəlik bilməliyik, hər kəsin fünksiyası nədən ibarətdir. Test komissiyası da, əlavə vəsaitlər  hazırlayan adamlar da hamısı fikirləşməlidir ki, dərslik var. Bizim də çatışmayan işlərimiz olur. Bəyəm, TQDK-nın özündə problemlər yoxdur, hamıda problem var. Amma buna bir az həssaslıqla yanaşmaq lazımdır. Məsələni şişirdib camaata təqdim eləmək yaxşı yol deyil”.

Nazirlik rəsmisi bildirib ki, iki ildir TQDK-a ilə əməkdaşlıq edirlər: “Ayrı-ayrı dərsliklərin müzakirəsində mən də iştrak edirəm. Bu cür əməkdaşlıq olduğu bir halda indi birdən-birə kəskin münasibət bildirməyi mən yaxşı hal hesab etmirəm. Cəmiyyət bu dərsliklərdən faydalanır, dövlət bu dərsliyi pulsuz verir. Bu ayrı-ayrı müəllimlərin, alimlərin fikirləridir. Ona görə də ola bilər ki, bir qrup muəllim bu mövzunu bir cür şərh edir. Bilirsiniz, onda mən də deyə bilərəm ki, TQDK-a təbliğat aparır ki, insanlar onun hazırladığı bu vəsaiti alsınlar. Deməli, bu da kommersiya xarakterli reklamdır”.

Qeyd edək ki, “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu saytımıza açaqlamasında Təhsil Nazirliyinin kitab çapı ilə bağlı keçirdiyi tenderlərdə qaranlıq məqamların olduğunu bildirib. Şöbə müdirindən bu deyilənlərə də münasibət istədik. 

Faiq Şahbazlının sözlərinə görə, Şahbaz Xuduoğlunun bu fikri tamamilə yanlışdır: “Biz neçə ildir I-III siniflər üçün, indi isə IV sinif üçün dərsliklərlə bağlı tender  elan etmişik: “Elanı “Azərbaycan müəllimi” və  “Xalq” qəzetində vermişik. Şahbaz Xuduoğlu bir dəfə olsun Təhsil Nazirıliyi ilə bu məsələ barədə maraqlanmayıb. Ona hörmətim var, tanıyıram da, onun bizə belə bir müraciəti olmayıb”.

Sonda nazirlik rəsmisi medianın bostanına da daş atıb: “Bəzi mətbuat orqanları sensasiya xarakterli yazılar verirlər. Müəyyən qəzetlər var ki, ancaq dövlətin əleyhinə köklənib. Körpü salırsan, deyirlər körpü yaxşı deyil, yol çəkirsən, yazırlar yol yaxşı deyil, dərslik çap edirsən deyirlər, dərslik yaxşı deyil. Bunlar yaxşı şeyləri nə vaxt görəcəklər”.

Mail AĞAXANOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir