Modern.az

TQDK Bakıdakı ən yaxşı və ən pis məktəblərin adlarını açıqlayıb (SİYAHI)

TQDK Bakıdakı ən yaxşı və ən pis məktəblərin adlarını açıqlayıb (SİYAHI)

Ölkə

2 Mart 2011, 13:03


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 2-də Bakı  şəhərində 2011/2012-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirəsi keçirib. Modern.az-ın məlumatına görə, tədbirdə TQDK sədri Məleykə Abbaszadə 2010/2011-ci tədris ili üçün  keçirilmiş qəbul imtahanlarının elmi-statistik təhlilinə dair ətraflı  məruzə  ilə  çıxış edib.

Zona müşavirəsində təhsil naziri Misir Mərdanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, eləcə də Binəqədi, Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, Zəngilan, Xocalı və Xocavənd rayonlarının orta ümumtəhsil məktəblərinin direktorları və müəllimlərinin iştirak edib.

Müşavirədə adı çəkilən rayonların orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr geniş müzakirə olunub.


Xatırladaq ki, 2010/2011-ci tədris ili üçün tələbə qəbulunun nəticələrinin elmi-statistik təhlili nəticəsində əldə olunmuş zəngin elmi materiallar ”Abituriyent” jurnalının 12-ci sayında dərc edilib və həmin nəşrin elektron variantı //www.abıturient.az internet səhifəsində yerləşdirilib.

Bununla yanaşı, respublikanın bütün şəhər və rayonları üzrə 2010-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair xüsusi statistik məlumat kitabçaları hazırlanıb. Burada müvafiq bölgənin məzunlarının imtahan fənləri üzrə göstəriciləri, topladıqları ballar haqqında məlumatlar, onlardan ayrı-ayrı təhsil ocaqlarına qəbul olanların sayı, bölgənin hər bir məktəbini təmsil edən ortastatistk abituriyentin nəticələri və qəbulolma göstəriciləri öz əksini tapıb. Bu kitabçalar ölkənin təhsil şöbələrinə və  orta məktəblərinə təmənnasız paylanıb.

Bakı şəhərinin 2010-cu il məzunlarının qəbul imtahanlarındakı nəticələrinə dair qısa statistik məlumat 

2010-cu ildə Bakıda orta ümumtəhsil məktəblərini 22449 şagird bitirib və onlardan 20748 nəfəri attestat alıb. Attestat alanlardan 93.77%-i (18832 nəfəri) qəbul imtahanlarında iştirak edib.

Qəbul imtahanlarının nəticələrinə əsasən şəhərin 8475 məzunu (imtahanlarda iştirak edənlərin 45.00 faizi) tələbə adını qazanıb. Onlardan 36.00 faizi (3051 nəfəri) dövlət, 0.80 faizi (68 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 49.97 faizi (4235 nəfəri) dövlət, 13.23 faizi (1121 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub.

Şəhərin məzunlarının 2060 nəfəri 500-dən, o cümlədən 550 nəfəri 600-dən yuxarı bal toplayıb.

Abituriyentlərin ən çoxu Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Dövlət Universitetinə qəbul olub.

Şəhərin abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 264.473-ə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 14.1% yuxarıdır.

Bakı şəhərinin abituriyentlərinin göstəriciləri bal intervalları üzrə aşağıdakı kimi paylanıb:

0-100 intervalında -  19.74% (3717 nəfər).

100-200 intervalında -  20.38% (3838 nəfər).

200-300 intervalında  - 20.94% (3943 nəfər).

300-500 intervalında  - 28.01% (5274 nəfər).

500-dən yuxarı   -   10.94% (2060 nəfər).

Beləliklə, şəhərin abituriyentlərinin yalnız 38.94 faizi 300-dən yuxarı bal toplayıb.

Şəhərin əlaçı abituriyentlərinin 3.85%-i 200 baldan aşağı nəticə göstərib. 500 baldan yuxarı nəticə göstərərək məktəb nailiyyətlərini təsdiq edənlər isə cəmi 74.18%-dir.

Ən aşağı nəticələri olan məktəblər

Qəbul imtahanlarında paytaxtın 316 məktəbinin məzunları iştirak edib. Bu məktəblərdən 87 saylı (lal-karlar axşamqiyabi), 159 saylı orta məktəbin nəzdindəki qiyabi-axşam məktəbinin, 185, 209, 262, 295, 324 saylı orta məktəblərin bir abituriyenti belə ali təhsil muəssisəsinə qəbul olmayıb. 197 saylı orta məktəbin abituriyentlərinin topladığı orta bal 100-dən aşağıdır.

Yaxşı nəticəyə malik məktəblər

Respublika üzrə yaxşı məktəblər sırasına bu il şəhərin 72 saylı məktəb-liseyi, 287 saylı “Zəkalar” liseyi, 147 saylı texniki-humanitar təmayullu liseyi, Texniki humanitar liseyi, 160 saylı klassik gimnaziyası, 291 saylı “Araz” ekologiya liseyi, Beynəlxalq təhsil kompleksi, 261 saylı məktəb-liseyi, 2 saylı orta texniki və humanitar elmlər liseyi, 83 saylı məktəb-liseyi, 16 saylı texniki humanitar liseyi, 264 saylı məktəb-liseyi, Bağca-məktəb-lisey kompleksi, 1, 22, 23, 25, 30, 34, 35, 48, 54, 70, 82, 95, 102, 138, 143,145, 151, 157, 191, 207, 210, 214, 220, 236, 240, 244, 245, 246,251, 258, 267, 269, 275, 304 və 319 saylı orta məktəbləri daxil olub

Bakı şəhəri üzrə Azərbaycan bölməsi:

Bütün imtahan fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 258.643-ə bərabərdir. Bu, respublika uzrə orta gostəricidən 14.3% yuxarıdır.

Bakı şəhəri üzrə rus bolməsi:

Bütün imtahan fənləri üzrə göstəricilər respublika üzrə orta göstəricilərdən yuxarıdır. Kimya, tarix, ingilis dili fənləri uzrə şəhərin gostəriciləri respublika uzrə ən yuksək gostəriciyə bərabərdir. Abituriyentlərin qəbul imtahanlarında topladıqları orta bal 285.426-ya bərabərdir. Bu, respublika uzrə orta gostəricidən 3.6% yuxarıdır. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir