Modern.az

Sabiq deputat: “Bu beş ildə dostlarım mənə dəstək olub...”

Sabiq deputat: “Bu beş ildə dostlarım mənə dəstək olub...”

31 Mart 2011, 18:26

Modern.az saytının suallarını eks-millət vəkili Anar Axundzadə cavablandırır.

- Anar müəllim, siz uzun müddətdir ki, görsənmirsiniz. Hətta, aktiv siyasi fəaliyyətdən getməyiniz haqda da fikirlər səslənirdi. Bilmək istərdik bu müddət ərzində haralarda idiniz, nə işlə məşğulsunuz?

- Əvvəla fəaliyyətlə bağlı "görsənmirsiz" ifadəsi doğru deyil. Bilirsiniz ki, mən 2000-2005-ci illərdə Milli Məclisin deputatı olmuşam. Hesab edirəm ki, bu müddər ərzində istər qanunların qəbul edilməsində, istərsə də beynəlxalq təşkilatlarda qənaətbəxş fəaliyyət göstərmişəm. Mən Yeni Azərbaycan Partiyası yaranan gündən onun üzvüyəm. Hətta partiya yaranarkən onun təşəbbüs qrupunun üzvü olmuşam. Milli Məclisə deputat seçilənə qədər Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublikasında Gənclər Təşkilatının 5 il sədri olmuşam. Yeni Azərbaycan Partiyasının işlərində fəal iştirak etmişəm. 1999-cu ildə keçirilən birinci qurultayda Siyasi Şuranın üzvi seçilmişəm. Mənim yolum Heydər Əliyev yolu olub və bu gün də onun ideyalarının təbliğatçısıyam. Biz bu baxımdan özümüzü möhtərəm Prezidentimiz İlham Əliyevin əsgəri hesab edirik. Bu gün də Yeni Azərbaycan Partiyasının üzvü kimi fəaliyyətimi davam etdirirəm. Lazım olan ictimai-siyasi tədbirlərdə, dəvət olunduğum  yerlərdə iştirak edirəm.

- Sonuncu parlament seçkilərinə qatılmadınız...

- Mən Yeni Azərbaycan Partiyasının üzvü olaraq majoritar sistemlə partiyanın dəstəyi ilə Naxçıvandakı 3 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. 2000-ci ildə 27-28 yaşında olan Anar Axundzadə Yeni Azərbaycan Partiyasından dəstəkləndisə və 2005-ci ildə partiyanın digər bir üzvünə məsləhət oldu ki, o seçilsin, biz də bununla razılaşdıq. O mənadakı bu bizim strategiyamızdır. Bizim yolumuz vəzifə davası deyil. Bizim yolumuz Heydər Əliyev strategiyalarını həyata keçirməkdir. Ona görə düşünürəm ki, dövlətçiliyə, xalqa xidmət tək parlamentdən keçmir. İstənilən sahədə sən öz sözünü deyə bilərsən. Mən də Prezidentimiz İlham Əliyevin məsləhət bildiyi yerdə durmağa önəm verirəm. Buna görə də özüm müstəqil addım atmadım, yəni Anar Axundzadə olaraq namizədliyimi vermədim, çünki mənim partiyamın və mənsub olduğum iqtidarın rəhbəri var. Buna görə öz təşəbbüsümlə müstəqil olaraq namizədliyimi vermədim. Bu, prinsipdir. İstəyirəm ki, Prezidentimizin və partiyamızın nizamnaməsinə qarşı olmayım.

- Yeni parlament formalaşıb və bu parlamentin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Azərbaycanda ilbəil bütün sahələrdə inkişaf gedir. Bu baxımdan hesab edirəm ki, yeni tərkibdə formalaşan parlamentdə də geriyə yox, irəliyə addım var. Hesab edirəm ki, 2010-cu ilidə formalaşan parlament xalqımıza, millətimizə, ölkəmizə öz tövhələrini verəcək. Mənim buna şübhəm yoxdur.

- Yəni parlamentin fəaliyyəti ilə çoxmu maraqlanırsınız, onu izləyirsinizmi?

- Əlbəttə, nəinki parlamentin işi ilə, ölkədə gedən bütün proseslərlə maraqlanıram. Təbii ki, dəvət olunduğum tədbirlərdə də iştirak edirəm. Parlamentin fəaliyyətini də izləyirəm, xüsusən beynəlxalq təşkilatlarda keçirilən görüşləri. Möhtərəm Prezidentimizin apardığı xarici siyasətin davamı olaraq deputatlar tərəfindən atılan addımları mütəmadi olaraq izləyirəm və Milli Məclisin fəaliyyətini qənaətbəxş hesab edirəm.

- Hazırda keçmiş deputat yoldaşlarınızla əlaqələriniz varmı?

- Əlbəttə, bütün mənim keçmiş həmkarlarım və bu gün parlamentdə fəaliyyət göstərən, mənimlə eyni vaxta deputat olmayan insanlarla da münasibətlərim var. Onların adını açıqlaya da bilərəm.

- Kimlərlə görüşürsünüz, hansı məsələlər ətrafında fikir mübadiləsi aparırsınız?

- Mən parlamentdə Aqrar siyasət komtəsinin üzvü olmuşam. Ona görə də vaxtaşırı komitənin sədri Eldar İbrahimovu gedib ziyarət edirəm, Hadı Rəcəbli ilə görüşürəm. Əli Hüseynli, Şahin Mansurov, Aydın Abbasov, Rövşən Rzayev, Adil Əliyev, Elman Məmmədov, Vəsadət Əzizov, Vüqar Rəhimzadə ilə də əlaqə saxlayırıq, görüşürük. Hazırda deputat olmayan şəxslərdən Oqtay Səmədov, Ağakərim Rəhimov, Tofiq Hüseynli, Novruz Quliyev və digərləri ilə də xoş münasibətimiz var. Qeyd edim ki, iqtidarın apardığı siyasəti dəstəkləyən hər bir millət vəkili mənim dostumdur.
Biz xeyir-şər məclislərində, tədbirlərdə rastlaşırıq, eyni zamanda boş vaxtımız olanda zəngləşib görüşürük. Bizim ümumi məqsədimiz var ki, ölkəmizdə firavanlıq olsun. Ona görə də biz istər Prezidentimiz tərəfindən verilən tapşırıqlar, istərsə də ölkəmizin gündəmində olan vacib məsələlər olsun, ara-sıra görüşəndə öz aramızda müzakirə aparırıq.

- Həmin görüşlər zamanı biri-birinizə tövsiyələriniz olurmu?

- Biz Prezidentimizin korrupsiyaya qarşı fəaliyyətini çox alqışlayırıq. Eyni zamanda, Bakı şəhəri və ətraf ərazilərdə qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı göstərişini Prezidentimizin xalqa hədiyyəsi kimi qəbul edirik. Prezidentimizə daim minnətdaram ki, o, xalqı düşünür. Hesab edirəm ki, Azərbaycan çox sürətlə inkişaf edir və belə də davam edəcək. Statistikaya baxsaq, 95-ci ildən inkişaf müşahidə olunur. Mən həm də 5 il büdcənin qəbulunda iştirak etmişəm. Deyə bilərəm ki, hər il büdcəmiz böyük sıçrayışla artır. 1995-ci ildə Azərbaycanın büdcəsi 600 milyon dollar idisə, bu gün 12 milyard manatdır.

- Bir neçə müddətdir ki, ərəb dünyasında inqilablar baş verir. Bu prosesləri siz necə qiymətləndirirsiniz?

- Bu proseslər qlobal məsələlərdir. Dərinliyə getsək, haradasa demokratik ölkələrin də ərəb dünyasına müəyyən təzyiqləri var. Amma çevrilişlər bu ölkələrdə xalq inqilabı adı altında gedir. Xalq digər ölkələrə baxıb inkişaf etmək istəyir. Mən hesab edirəm ki, bunlar təbii proseslərdir. Sadəcə, bir məsələyə təəssüf edirəm ki, Azərbaycanda müxalifət adı ilə formalaşan təşkilatlar belə ölkələrdə gedən məsələlərdən nə isə öz ölkəmiz üçün tətbiq etmək və yaxud ondan ruhlanıb hərəkətə keçmək, mitinq etmək istəyir. Bir dəfə mitinq etdilər, indi ikinci dəfə mitinq təyin ediblər.
Ola bilər ki, bu gün 90-cı ildə dünyaya gələn Azərbaycan gəncləri və digər o yaşda olan insanlar bizim yaxın keçmişimizi görməyiblər. Amma biz 1990 və 92-ci illəri, Azərbaycanda gedən prosesləri yaşamışıq. Mən o müxalifət nümayəndələrinə xatırlatmaq istəyirəm ki, Azərbaycanda ilk növbədə xalq inqilabı olub. Azərbaycanda AXCP-Müsavat çütlüyünün yaratdığı anarxiya ölkəmizi dağıtmaq təhlüksilə üz-üzə qoyduğu halda, xalq ayağa qalxdı, Naxçıvana üz tutdu və öz xilasakarını - Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu gün onun qurduğu dövlət dünyanın ən oturuşmuş dövlətləri içərisindədir.
Təəssüf ediləsi hal odur ki, bizim müxalifət nümayəndələri Azərbaycanın qlobal məsələlərində iqtidarın yanında durmaq əvəzinə öz şəxsi mənafelərinə uyğun addımlar atırlar. Onlar nə yolla olursa olsun hakimiyyətə gəlmək istəyirlər. Həmin bu insanların xalq arasında sosial bazası yoxdur. Bu bazanın olmamasının sübutu xalqın “Torqovı” dediyi ərazidə gedib mitinq keçirmələridir. Əgər sənin sosial bazan varsa, partiyanın kifayət qədər üzvü varsa, gedib boş yerlərin birində mitinq keçir. Müxalifət nümayəndələrinin rəhbərləri deyirlər ki, sərbəst toplaşmaq hüquqları var. Mən  də deyirəm ki, Azərbaycan vətəndaşlarının da istirahət etmək hüququ var. Əgər mən ailəmlə, yaxınlarımla “Torqovı”da istirahət edirəmsə, onların nə ixtiyarı var səs-küy salıb mənim istirahətimi pozsunlar. Azərbaycan müxalifətinin bugünkü düşüncəsini mən qəbul etmirəm. Onlar Azərbaycan xalqına nə verə biləcəklərini artıq göstəriblər. Onlar geridə Azərbaycanın hər bir regionunda olan Şəhidlər xiyabanları, 1 milyondan çox qaçqın və tənəzzül etmiş iqtisadiyyat qoydular.
Bilirsiniz, fəaliyyət tək danışmaqdan ibarət deyil. Bu gün Azərbaycan iqtidarının nümayəndələri danışmaqdan daha çox əməli işə üstünlük verirlər. İndi təkcə Bakı şəhərində yox, Azərbaycanın bütün regionlarında gedən inkişaf, iş yerlərinin açılması, Bakı şəhərinin günbəgün gözəlləşməsi və eləcə də digər işləri saymaqla qutaran deyil.
İndi bizim çatışmayan tərəflərimizi barmaqla saymaq olar. Bu da daimi aparılan uğurlu dövlət siyasətinin nəticəsidir. Bu gün Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir. Naxçıvanla Azərbaycanı birləşdirən yalnız bir hava yolu var. Lakin bütün bunlara baxmayaraq Naxçıvandakı inkişafa gedib baxın. Bunların hamısı Heydər Əliyev siyasətinin və Naxçıvan rəhbərliyinin, o cümlədən Vasif Talıbovun apardığı işin nəticəsidir. Bu gün Azərbaycanın ən ucqar rayonlarında, istər Cənub bölgəsi olsun, istərsə də Şimal bölgəsi olsun, hər tərəfdə inkişaf var. Bugünkü inkişaf Prezidentimiz İlham Əliyevin uğurlu siyasətindən aslıdır. Əgər kapitan yerindədirsə, sükanı düzgün idarə edirsə, deməli, gəmi də rahat gedəcək. Bizim də gəmimizi sürən, tam təhlükəsizliyimizə təminat verən və onu bacaran dövlət adamı var.
Mən düşünürəm ki, Azərbaycan xalqı lazım gəlsə meyadana çıxmalı, Azərbaycanda ictimai asayişi pozmağa çalışan insanlara “biz sabitliyi pozanlara yox deyirik!” şüarını səsləndirməlidir.
Təbii ki, problemlər də var. İş olan yerdə problem olar, iş olmayan yerdə problem olmaz. Ölkəmiz inkişaf edirsə, problemlərimiz də olacaq. Gəlin biz dövlətimizin yaşına baxaq. Azərbaycan 20 yaşlı bir dövlətdir. Bu yaşda bu inkişaf mənə elə gəlir ki, çox təqdirəlayiqdir.
Əlbəttə, müxalifət nümayəndələri də Azərbaycan vətəndaşlarıdır. Ancaq söhbət təşkilatdan, sosial bazadan gedirsə, onlarda bu, yoxdur. Azərbaycan vətəndaşı olan insan bugünkü inkişafa qara yaxmamalıdır.

- Bir müddət öncə gənclər sosial şəbəkə vasitəsilə “Böyük xalq günü” adlı mitinqlər keçirməyə çalışdılar. Siz necə düşünürsünüz, Azərbaycan gəncinin hansı problemləri var ki, onlar belə aksiyalar keçirirlər?

- Bu gün Azərbaycanda kifayət qədər intellektli gənclər var. Onların istər Azərbaycanda olsun, istərsə də xaricdə, təhsil almaq üçün geniş imkanları mövcuddur. Əlbəttə, gənclərə bu şəraiti dövlətimiz yaradır. Bunun təməli ümummilli liderimiz tərəfində qoyulub. Gənclər bir vaxtlar başsız qalmışdırlar, bilmirdilər neyləsinlər. Heydər Əliyev hakimiyyətə gələndən sonra onlar öz yerlərini tapdılar. İndi əgər internet vasitəsi ilə hər hansı təbliğat aparılırsa, bu ölkəmizdə gənclərin kompüterlə bağlı olan inkişafından irəli gəlir. Yəni məncə bu gün dünyanın ən məşhur universitetlərində təhsil alan Azərbaycan gənci məhz cənab Prezidentin apardığı siyasəti dəstəkləyir.
Hər bir insan dərk etməlidir ki, o, hansı yolu tutur, bu yol ona nə verir? Əgər kimsə dərk etmirsə, gənclər məndən inciməsinlər, hansısa potensialı bitmiş adamın dalınca getmək nə dərəcədə düzgündür?
Bu gün Azərbaycan gəncliyinin 90%-i tam düzgün yoldadır. Hər şey göz qabağındadır, idmanımız bu gün necə inkişaf edir... Bunların hamısı elə-belə əldə olunmayıb. İndi Azərbaycanın hər bir yerində idman kompleksləri, internet mərkəzləri, kitabxanalar var. Mən sizə deyim, Naxçıvan şəhərində yeni müasir üslubda tikilmiş gözəl bir kitabxana var. Bu baxımdan mən düşünürəm ki, dövlətimiz tərəfindən bu gün gənclər üçün hər bir şərait yaradılıb. Çox təəssüf ki, onların içində yolunu azan insanlar da var. Hesab edirəm ki, zaman-zaman cəmiyyətin özü o, gəncləri utandıracaq, düz yola qaytaracaq.
Bu gün bir çoxları Azərbaycanı hansısa ərəb ölkəsinə bənzədirlər. Mən ümumiyyətlə hesab edirəm ki, bu gün Azərbaycanın durumu ərəb ölkələri ilə eyniləşdirilməməlidir. Unutmayaq ki, Azərbaycanın ərazilərinin böyük bir hissəsi işğal altındadır, buna baxmayaraq, ölkəmiz sürətli inkişaf yolundadır. Belə bir halda biz Azərbaycanı niyə geridə qalmış, diktator ölkələri ilə müqayisə edirik ki.  Mən Azərbaycanın gələcəyini Avstriya, Almaniya, Amerika kimi görürəm.
Azərbaycanın beynəlxalq təşkilatlarda həmişə mövqeyi çox nüfuzlu olub. Mən özüm Strasburqda, Belçikada, o cümlədən Parisdə bir sıra təşkilatlarla görüşlərdə iştirak etmişəm. Azərbaycanı ərəb ölkələri ilə müqayisə etmək olmaz. Bu gün o, 3-5 nəfərin xülyasıdır. Bu, o zaman reallaşar ki, orada xalq kütləsi hakimiyyətdən narazı olsun. Bizdə bu xeyli fərqlidir. Xalq İlham Əliyev cənablarını ikinci dəfə prezident seçdi. Prezidenti birmənalı olaraq dəstəkləyir. Bu sabah da belə olacaq. Çünki,İlham Əliyev öz xalqını hər gün düşünən prezidentdir. Bu baxımdan xalq da öz borcunu yerinə yetirməlidir. Xalq meydana çıxaraq sabitliyi pozmaq istəyənlərə, İlham Əliyevin apardığı uğurlu siyasətə mane olanlara “yox” deməlidir. Mənə elə gəlir ki, bu, lazımdır. Təbii ki, xalq bizimlədir. Adını müxalifət qoyan qüvvələr şou göstərmək istəyirlərsə, Azərbaycanın sirki var, buyurub orada şou göstərə bilərlər. Siyasət aparmaq istəyirlərsə, onu sivil qaydada aparmaq lazımdır.

- Daha aktiv siyasi fəaliyyətə qayıtmaq barədə düşünürsünüzmü?

- Mənim şəxsi internet saytım var idi. Sonra texniki səbəblərdən saytın fəaliyyəti dayandırıldı. Açığı mən özüm də bir o qədər maraqlı olmadım ki, yenidən saytım fəaliyyət göstərsin. Yəqin ki, tərcümeyi-halım sizə məlumdur. Deyim ki, ilk əmək fəaliyyətimə 16 yaşımdan başlamışam. Amma 23 yaşımda Naxçıvanda Nazirlər Kabinetində işə başlamışam, ondan sonra Ali Məclis sədrinin köməkçisi olmuşam. Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini işləmişəm. Mən qeyd edim ki, tutduğum bu yoldan heç vaxt dönən deyiləm. Hesab edirəm ki, ölkəmizdə Prezident İlham Əliyevin başçılığı ilə gedən inkişafdan mənə də pay düşür. Cənab Prezidentimizin nə zaman bir əmri olarsa, onu yerinə yetirməyə hazıram. Biz Prezidentimizə öz sədaqətimizi nümayiş etdirməyə hazırıq. 

- Anar müəllim, hazırda nə işlə məşğul olursunuz?

- Elə bir ciddi işim yoxdur. Düzdür,  indiki dövrdə nə iləsə məşğul olmaq lazımdır. Yaşamaq üçün, ailəni dolandırmaq üçün mütləq işləməlisən. Siyasəti bir kənara qoysaq, deyə bilərəm ki, mən valideynəm, 3 övladım var. Övladları böyütmək, onlara təhsil vermək üçün çalışmaq lazımdır. Mən də əlimdən gəldiyi qədər çalışıram. Amma deyim ki, konkret hansısa holdinqim var, marketim var, belə şeylər məndə yoxdur. Ümumiyyətlə, bizneslə məşğul deyiləm. Səmimi deyim ki, yaxşı dostlarım var. Mənə bu beş ildə dostlarım dəstək olublar. Onların dəstəyi məni ayaqda saxlayır. Bu baxımdan mən narazı deyiləm. Təbii ki, belə bir aktiv enerjili dövrümdə xalqıma, dövlətimə xidmət etmək istərdim.

- Növbəti parlament seçkilərində namizədliyinizi irəli sürəcəksinizmi?

- Qarşıda hələ 4 il var. Hər dövrün öz hökmü var. Növbəti parlament seçkilərinə qədər hansısa icra orqanında təmsil oluna bilərəm və həmin seçkilərə qatılmaya bilərəm. Əgər növbəti seçkilərdə YAP tərəfindən namizədliyim irəli sürülərsə, məmnuniyyətlə namizədliyimi verərəm. Hesab edirəm ki, seçkilərə qatılsam, səs toplayıb seçilə bilərəm. Çünki ətrafımda kifayət qədər insan var.

- İndi millət vəkili olsaydınız, parlamentdə hansı təkliflərlə çıxış edərdiniz?

- Millət vəkili olduğum dönəmdə də əsas diqqət çəkdiyim məsələlər regionların inkişafı olub. Bu gün regionlardan işi oldu, olmadı, insanların kütləvi şəkildə Bakıya gəlmələrini düzgün hesab etmirəm. Mən dəfələrlə bu məsələni qaldırmışam. Bundan başqa, mən çıxışlarımda bildirmişəm ki, rayonda işləyən müəllimin, həkimin əməkhaqqı Bakı şəhərində işləyənin əmək haqqından yüksək olmalıdır. Rayonlar, kəndlər inkişaf etməlidir. Mən bu məsələləri diqqətə çatdırardım. Düşünürəm ki, nə vaxtsa deputat olsam, deməyə sözüm çox olacaq.
Bu gün kiminsə çıxıb hay-küy salmasına ehtiyac yoxdur. Kimlərsə özlərini çox da ağıllı hesab etməsinlər. Təbii ki, dövlətdə çalışan insanlarda da nöqsanlar var. Bu nöqsanlar dövlətimiz tərəfindən mütəmadi olaraq aradan qaldırılır. Rayonun icra başçısıdan tutumuş hər bir kəs ona göstərilən etimadı doğrultmalıdır. Bununla biz ancaq daha böyük inkişafa gedə bilərik. Bu yol bizi zəfərə aparacaq.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü