Modern.az

Keçmiş baş həkimin həyat yoldaşı: "Ərimin heyfini yerdə qoymayacağam"

Keçmiş baş həkimin həyat yoldaşı: "Ərimin heyfini yerdə qoymayacağam"

3 Aprel 2011, 19:52

Martın 4-də saat 19.00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasının həyətində orada həkim işləmiş Faiq Abdullayevin meyiti tapılıb.
Hüqu-mühafizə orqanlarının rəsmi məlumatına görə, F.Abdullayev intihar edib.
Qeyd edək ki, Faiq Abdullayev Goranboy Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimidir. Onun ölümü rayonda qarışıqlığa səbəb olub.
Elə hadisə günü olay yerində mərhum Faiq Abdullayevin həyat yoldaşı rayonun icra başçısı Nizaməddin  Quliyevə xitabən "onu sən öldürdün. O qədər pul onda haradan ola bilərdi? Niyə ondan bu qədər pul istədin? Mən bu işi belə qoymayacam. Prezidentə yazacam...",- deyib və onun üzərinə yeriyib.

Faiq Abdullayev 1961-ci ildə Tərtərin Cəmilli Kəndində anadan olub. Azərbaycan Tibb İnstitutunu fərqlənmə diploma ilə bitirib. Sonra carrah kimi Goranboya təyinat alıb. 2003-2010-cu illərdə Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkimi işləyib. Onu keçən il vəzifəsindən uzaqlaşdıblar.
Qeyd edək ki, hadisədən sonar keçmiş baş həkimin yaxınları, kəndçiləri rayon mərkəzində etiraz aksiyası keçiriblər. Onlar Faiq Abdullayevin ölümündə icra başçısı Nizaməddin Quliyevi ittiham edərək onu mərhumu intihar həddinə çatdirmaqda suçlayıblar.

Modern.az saytının müsahibi Goranboyun keçmiş baş həkimi mərhum Faiq Abdullayevin həyat yoldaşı Gülnarə Aslanovadır.

- Hadisənin baş verdiyi günü necə xatırlayırsınız?

- Həmin gün ikimiz də xəstəxanada işdə idik. Günorta işdən çıxanda zəng etdim ki, Faiq məni gəlib aparırsan? Dedi ay Gülnarə gəlirəm aparam səni. 10 dəqiqədən sonra gəldi, dedi “ay Gülnarə maşınımın təkəri boşalıb”.
Gəldik mağazaya, oradan balıq və digər şeyləri alıb məni evə gətirdi, dedi təkəri doldurub gələcək. İndi mən özü-özlüyümdə deyirəm ki, təkər boşalmasaydı, bu adam evdən çölə çıxası deyildi. Yəni ikimizdə yemək yeyəsi idik. O elə adam idi ki, axşam evdən bir adamla gedəndə deyirdi ki, Gülnarə mən filan yerdəyəm. Getdiyini-gəldiyini deməyən adam deyildi, ailəyə bağlı adam idi.
Aradan yarım saat keçəndən sonra, saat 4-ə işləmiş zəng etdim ki, Faiq bəs niyə gəlmədi? Dedi,  “Gülnarə Gəncəyə göndərdiyim xəstəni  geri qaytarıblar”.
Maşın vuran xəstəsi var idi, bizim xəstəxanada rentgendə belində sınıq göstərməmişdi deyə, onun dərdindən Faiq özü cibindən təcili yardımın sürücüsünə 20 manat pul verib göndərmişdi Gəncəyə. Faiqin bir xasiyyəti var idi, xəstənin yanında çox dururdu. Mən də dedim ki, “xəstəyə baxdın, iynəsini vur, dərmanını ver gəl”. 
Bundan sonra zəng etdilər ki, mənə hədiyyə payı var, (8 marta yaxın idi) onu aptekə qoyublar, götürməliyəm. Mən də dedim “yaxşı bu dəqiqə yoldaşıma deyərəm gəlib götürər”. Yoldaşıma zəng etdim cavab vermədi. İşə zəng etdim. Bir az elə bil canıma istilik keçdi, nəsə paltarımı dəyişdim. Zəng etdim qızlara kı, bəs Faiq həkim hanı? Dedilər ki, “biz bilmirik, xəstənin yiyəsi də onu axtarır”. Dedim gedin otağına baxın. Baxdılar ki, yoxdur. Sonra təzdən zəng etdilər ki, Faiq həkimi xəstə axtarır. Durub xəstəxanaya getmək istədim, işıqforun yanına çatanda dedim ki, deyəcəklər bu gedib Faiq həkimi axtarmağa... Xəstəxanaya getməkdən vaz keçdim, anamgilə getdim. Burda da 5-10 dəqiqə danışıb, yenidən Faiqə zəng etdim, cavab vermədi. Dedim, ana, birdən Faiqə nəsə olar, ürəyi dayanar, bu niyə telefona cavab vermir. Elə bu anda zəng etdilər ki, “Faiq həkimin halı pisdir, dur gəl”...

- Sizə məlumat veriləndə Faiq həkim hələ sağ idi?

- Yox. Yalandan deyilmişdi. Öz əmimqızı zəng etmişdi ki, halı pisdir. O mənada ki,  qəflətən ölüm xəbərini mənə demək istəməyib.

- Saat neçə idi?

- Saat 6-7 olardı. Mən gedəndə gördüm ki, iş-işdən keçib. Getdim gördüm ki, prokurorluq işçiləri hamısı gəliblər. Faiq həkimi artıq otağa qoyublar. Xəstəxananın baş həkimi Rüstəm Budaqov suçlu olduğuna görə, mənim qorxumdan kabinetindən aşağı düşmədi. Sonra prokuror, rəis gəldi. Düzü mən onu tutub dedim ki, qoymayacam onu bu dəqiqə basdırılmağa, ekspertləri çağıraq. 3 yerdən ekspert çağırıldı. Bu vaxt Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev də  gəldi. Mən orda ona dedim, “ay tərbiyəsiz, mərifətsiz, sən bu boyda pul istəyirdin Faiqdən, bu pulu hardan alaq biz? Sən təzyiq etdin, ondan niyə əl çəkmədin, nə istəyirdin?”.
Ona 50 dəfə ismarış göndərmişdim ki, Faiqdən əl çək...  Nə isə buna belə deyəndə çox baxdı üzümə, düzü saraldı soldu, - hələ çox saralıb solacaq-  rəng verib rəng aldı. Ordan çıxandan sonra dərman qəbul edib. Həmin gün iclas keçirdib, iclasda iştirak edən rayonun vəzifəli şəxslərinə deyib ki, heç kəs Faiqin yasına getməsin. Amma sonra ona deyiblər ki, “ay başıboş, sən nə iş görürsən? Qaş düzəltdiyin yerdə göz çıxarırsan...”.
Sizə bir məsələni də deyim. Deməli, bu hadisə baş verən gün bir nəfər şəkər dərmanı istəyən kişi gedib Nizaməddinə deyib ki, “mən iki aydır ki, dərman almıram, hətta üçüncü aydır”. Yanvar, fevral, martı almır. Nizaməddin də deyib sən ağlını Faiq doktora vermə, belə şeylər kçmiş baş həkimin vaxtında olub. O kişi də  deyib, “yox , keçmiş baş həkimin vaxtında mən dərmanlarımı alırdım”.
Başçı da başlayıb Faiq doktorun əleyhinə danışmağa ki,  “Faiq doktor belə edirdi, elə edirdi, gör onun başına nə oyun açacam. Qurğuşun tökəcəm onun boğazına”. Bilirsiniz, bu adamın işi yalnız bəzi adamlara rayonda təzyiq eləməkdir. Bu adam hamıdan pul alır, deyir  səni vəzifəyə qoyacam, səhər tezdən deyir səndən xoşum gəlmir. Bir neçə vəzifə adamının başına bu cür oyunlar gətirib. Bu adamın xüsusiyyəti budur. Sonra da utanmaz-utanmaz durub hadisə yerinə gəlir. Nizaməddin Quliyev hər gün Faiqə söz göndərirdi ki, pul gətir. Hardan alım pulu? Hər dəfə adam göndərəndə deyirdim ki, “Nizaməddinə deyin pulu hardan alaq?”

- Meyitin necə tapılması barədə nə deyərdiniz?

- Orda tibb işçisi Faiqin telefonunu 3-cü mərtəbədə görüb. Bir də prokurorluq işçisinə dediyinə görə, görüb ki, aşağıda bir RAF olub, RAF-ın sürücüsü  deyib “bura kimsə yıxılıb”. Amma sonra o adam gedib, onu tapa bilməyiblər. Kimdir, nəçidir bilinmir. Mən özüm qapıçıdan da soruşdum kim olub o RAF-dakı? Qapıçı da dedi guya ki, telefon zənginə gedib, heç kimi görməyib.
Mən prokurorluqda da dedim bu şüşə qırıntısının səsini eşitməyən adam, telefonun “ciy-ciy” səsini necə eşidib? Guya telefonun zənginə çıxıblar, pəncərədən baxıblar ki,  yerdəki Faiqdir.

- Sizə heç deyən varmı ki, həmin gün Faiq həkim xəstəsinin yanından sonra hara gedib?

- Dedilər kimləsə 1-ci mərtəbədə  telefonla danışırmış. Bu saat 4-5 arasında olub.

- Goranboy rayon Prokurorluğunun verdiyi məlumata əsasən hadisə ilə bağlı özünə sui-qəsd maddəsilə cinayət işi açılıb. Bəs siz  ərinizin özünə sui-qəsd edəcəyinə inanırısınız?

- Mən bu hadisəni intihar kimi qəbul etmirəm. Faiqi öldürüblər. Guya ki, özünü 3-cü mərtəbədən atıb. Həmin yerin altı betondu, üstünü mamır, torpaq örtüb. Bu adam göydən düşübsə niyə başında, qolunda, qılçında bir sınıq yoxdu? Üzündə nə bir dənə sıyıq var, nə cızıq, nə bir qan izi var.  Nə şalvarında, paltarında torpaq, qan var. Qolundakı saat niyə qırılmayıb? Heç olmasa üst-başında palçıq olardı da. Onu boynundan sıxıb öldürüblər. Üzü qibləyə də uzadıblar.
Rəhmətlik uşaqlarla söhbət edəndə hər zaman deyirdi ki, “bilsəm ki, biləyim uşaqlarıma, dərmandır, heç nə deməmiş biləyimi kəsib oğlanlarıma verərdim”. Əgər bu özünə qəsd edəcəkdisə, heç olmasa mənə deyərdi ki, “ay Gülnarə uşaq amanatı, özün amanatı”. O sözləri heç mənə demədi. Onların heç birini hiss etmədim. Gəldi mənə bazarlıq etdi.
Günahlarını ört-basdır eləmək üçün deyirlər intihar edib. İntihar edibsə bunun səbəbləri olmalıdır. Dəli deyil, 18 yaşı yoxdur, müharibədə iştirak etmiş, bərkə-boşa düşmüş, kasıbçılıq görmüş adamdır. Necə oldu ki, intihar edib? Prokurora dedim ki, intihar edibsə, səbəbi olmalıdır, uşaq deyilki.  Rəis də gəlib dedi ki, Faiq həkim həmin günü xəstləlik kağızı yazıb. Əgər başı pozulubdursa, niyə Gəncəyə xəstə göndərir, təcili yardıma 20 manat pul verir.
Baş həkim Rüstəm Budaqov deyir ki, “onun ağlı çaşıb”. Əgər onun ağlı çaşımışdısa, bu, cərrah idi, yazardın ki, “bunun ağlı yerində deyil, işləməyə qoymuram”. Əgər intihar edibsə, uşaqlar ona alan saat niyə qırılmayıb, cızılmayıb. Bəs bunun telefonu niyə cibində olmayıb? Şüşə qırılıbsa niyə çölə tökülməyib? Şüşə qırıqları hamısı içəridə, dəhlizdəydi.

- Qəzetlərdə yazılmışdı ki, hətta divarda qan ləkəsi olub...

- Yox, heç nə olmayıb, yalan deyirlər. Mənə prokrorluq işçiləri deyir ki, yıxılıb ölüb. Faiq həkimlə 22 ildir ki, ailə qurmuşam, 22 ildə mən hər gün yıxılma, qəza, görmüşəm, mən özüm həkiməm, mən həmişə onun yanında olmuşam, xəsətlərinə baxmışam. Xəstəyə yardım etməyi hətta mənim uşaqlarım bilirlər. Evimizə gələn də olub, başı cırılan da, başı qanıyan da olub. Necə olur ki, 3-cü mərtəbədən yıxılıb, amma bunların heç biri olmayıb?
Baş həkimdən müsahibə götürüblər, deyib ki, “onun psixikasında pozğunluq olub”. Əgər psixikasında pozğunluq görmüsənsə, niyə iki gün əvvəl onlar Mehman həkimlə cərrahiyyə əməliyyatı ediblər? Amma Rüstəm Budaqov doğum şöbəsində üç adamı əməliyyat edib, üçü də Mingəçevirdə gedib yenidən əməliyyat olunub. Rüstəm Budaqov hərbi komissarlığın həkim komissiyasında işləyəndə hər dəfə prezidentin sərəncamına olan əks işlər görüb. Sağlam adamlardan pul alıb əsgərliyə yararsız yazırdı. 
Amma Faiq həkim elə bir savadlı həkim idi ki, o qıraqdan baxanda deyirdi ki, bunun budunda çıxıq var. Rentgenə salırdı, təsdiqlənirdi.
Goranboyda, Gəncədə, Tərtərdə, Bakıda onu tanıyanlardan elə bir adam qalmamışdı ki, yas yerinə gəlməsinlər. Özüm də belə təəccüb edirəm ki, belə oğulu necə oldu ki, biz qoruya bilmədik. Hamıya yardım edirdi. Gedirdi xəstəyə baxmağa heç vaxt deməzdi mənə 5-10 manat ver. Hamıya yardım edirdi. Neçə minlərlə adamı Goranboyda həyata qaytarırdı.
Allah onu həkim yaratmışdı. O, əsil həkim idi. Qapısını bir gecə də 5 dəfə döyürdülər. Bir dəfə demirdi ki, mənə nəsə ver. Hamının yanında hörməti olan adamın sonra başına belə bir iş gəldi.

- Ekspertizanın rəyindən xəbəriniz var?

- Deyirlər ekspertizada boyunun qırığını, bir də qabırğa sınığı yazıblar. Hələ başqa analizlərin də cavabı gəlməlidir. Hələlik ekspertin cavabını almamışam.

- Prokrorluqdan indi sizə nə deyirlər?

- Mənə heç nə demirlər.

- Dediniz ki, Faiq həkimi öldürüblər. Onun düşməni var idi? Yəni həkimin ölümündə kimdən şübhələnirsiniz?

- Həkimin düşməni ola bilməz. Nə qədər Goranboy, Tərtər camaatı var idi, onlara baxırdı. Bütün Gəncə camaatına, kəndlərə baxırdı. Hamı ilə dil tapan adam Nizaməddinlə dil tapa bilmirdi. Belə adam idi. 50 dəfə baş həkim Rüstəmə də, icra başçısı Nizaməddinə də demişəmki, “sizi tutduracam, sizdən əl çəkməyəcəm. Çünki Faiq həkim elə adam deyildi. Siz onu aldatdınız”.
Baş həkimlə icra başçısı yaxın dostdur.
Mən Faiqin ölümündə təqsirkar kimi Nizaməddinlə Rüstəm həkimi bilirəm. Prokurorluqda ərizəmdə də belə  yazmışam. Əgər Faiq intihar edibsə də, bunun səbəbi bu iki adamdadır. Bir də maliyyə şöbəsinin müdiri İltifatdan şübhələnirəm. Bu qurğunu onlar üçü qurublar. İntihar etməsinə inanmıram. İntihar etmək istəyirdisə, o həmişə ağır xəstələrə morfi yazır. İstəsə 2 dənə morfini vurub ölərdi də. Niyə özünü atırdı ki?

- İcra başçısının Faiq həkimə bu cür münasibətinin səbəbini necə izah edirsiniz? 

 - Faiqə deyirdi ki, “mən səni tutduracam. Sən işləyibsən, qazanıbsan yeyibsən”. Mən də deyirdim ki, “mən sənə pul vermişəm. Şəmmədli yolunu düzəltdirmişik”. 6-7 min pul verib o yola...

- 21 min manat nə məsələdir?

- Nizaməddin Quliyev yeni icra başçısı gələndə Faiq ona 21 min manat verdi. Pulu Baxış Abdullayevdən göndərdi.

- Baxış Abdullayev kimdi?

- Nizaməddinin birinci müavinidir. Baxış dedi ki, “Nizaməddin bu qədər pul istəyir”. Özü də zəng edib pulu istəyəndə deyirdilər ki, abadlaşmaya pul lazımdı. 21 mini verdik, amma 3 gündən sonra dedi ki, “səni baş həkim vəzifəsindən çıxardıram”.
Ondan sonra Faiqə deyirdi ki, “səni prokurora tutduracam”, “KQB”-yə də demişəm. Bu adam özü rüşvət ala-ala Faiqə ismarıc göndərirdi ki, “səni tutduracam”. Maliyyənin müdirinin də burda rolu var. Onun müavinləri Baxış Abdullayevlə  Elçin İsmayılov burda ancaq aralıq adamıdır. Onlar icra baçşçısı nə əmr verirdi, onu edirdilər. Faiq baş həkim olanda gah Baxışa 500 manat verirdi, gah Elçinə 1000 manat verirdi. Əl çəkmirdilər, elə hey pul istəyirdilər. İstəyirsiniz işçilərdən müsahibə götürün ki, Faiq həkim necə adam idi. 
Biz elə də varlı deyilik.
Amma Nizaməddin Quliyev rayona bərpa üçün bu qədər pul ayrılır, o onun heç birini sərf etmir. Ayrılan pulu cibinə qoyur.
Rüstəm Budaqov da Bakıdan gələnlərə Faiqi pisləyirdi. Guya ki, onun baş həkim olduğu vaxt nöqsanlar olub. Hər zaman onlara deyirdim ki, Faiqdən əl çəkin. İşləyib qurtardı da. İndi görək, Rüsəm necə işləyəcək. Axı mən bilirəm sən hərbi komissarlıqda nələr etmisən. Onun əsgərlikdən saxladığı uşaqların siyahısı var. Baş hərbi prokrora da teleqrama vuracam, Prezident Aparatının işçilərinin hamısına da məlumat vermişəm. Mən prezidentin, Mehriban xanımın qəbuluna da düşəcəm.
Nizaməddin Quliyev bu hərəkətlərilə prezidentin adını ləkəliyir. Nizaməddin Quliyev bundan əvvəl Goranboyda “KapitalBank”ın müdiri işləyib. Goranboyda Sosial Müdafiə Fondunun müdirini həbs etdilər, amma Nizaməddin azadlıqdadı. Necə olur ki, 350-400 min manat qol çəkib götürən adam türmədə deyil. Siz Goranboyda adamlardan soruşun ki, Nizaməddinin dostu varmı, onu tanıyan varmı? Hamıya pislik edib.

- Prezident AdministrasiyasınA getdiyinizi demisiniz...

- PreZident Aparatına Zeynal NağdəliyevİN şöbəsində 3 nəfərlə görüşdüm. Onlara dedim ki, heç belə oğlan ölər, xəstələnə bilər? Amma mən belə başa düşdüm ki, onlar məsuliyyət hiss etdilər. Dedilər ki, “biz araşdırarıq”. Dedim ki, “mən sizə demirəm araşdırın, mən sizin icraya qoyduğunuz nümayəndə barədə məlumat vermək istəyirəm”. Özləri də dedilər ki, “əgər belə bir iş varsa, ölkədə korrupsiyaya qarşı mübarizə getdiyi bir vaxtda buna ciddi baxılar”. Onlar məni yaxşı qarşıladılar, diqqət ayırdılar. Danışdıqlarımın çoxusunu yazdılar. Onlara da dedim ki, mən Mehriban xanımla, prezidentlə görüşəcəm. Ümidvaram ki, Nizaməddin Quliyevlə, Rüstəm Budaqov Goranboydan əli qandallı gedəcəklər.

- Mətbuatda yazılana görə, Faiq həkimdən 60 min dollar pul istənilib... 

- 60 min söhbəti olmayıb. 21 mindən sonra Rüstəm Budaqovdan xəbər yolladılar ki, “baş həkim qalmaq üçün 80 min-100 min kim verirsə, gəlsin”.
Yeri gəlmişkən, səhiyyə naziri Faiqi çıxartmaq istəmirdi. 4 ay onu işdən çıxarmadı.
Nizaməddin Quliyev keçən ilin mart, ya da aprel ayında qanunsuz olaraq İcra Hakimiyyətində keçirilən iclasda onu işdən azad etdmişdi.
Başçı dedi ki, “gəl işdən çıxmaqla bağlı ərizə yaz”, o dedi ki, “mənim nazirim var..”.  Axırda gördük ki, başçı əl çəkmir, Faiq özü nazirə ərizə yazıb işdən çıxdı. Vəzifədən çıxanda da pul istəyirdi. Guya doktorun buna borcu var. Amma Nizaməddinin fikri o idi ki, Faiqi tutdursun, məhv etsin, öldürtdürsün. Buna da nail oldu. Ola bilsin ki, Faiq onlardan nəsə bilirdi deyə, onu aradan götürdülər.

- Faiq həkimə qarşı axırıncı təzyiqlər nə ilə bağlı idi?

- Ancaq təzyiqlər odur ki, “sən bu işdə bu qədər pul qazanmısan, pul ver”. Onda da ona dedim ki, “sən niyə demirsən ki, ona 21 min pul vermisən, indi də səni çıxardır.” Dedim ki, “sən də ona de ki, sən də bankda pul qazanmısan, bankdan çıxandan sonra pul qaytarmısan?”.
 Faiq nə pul qazanıb axı? Nə pul var idi oranı-buranı düzəltdirirdilər. 
Bunlar canavar cinsindəndilər. Elə deyirlər “pulu gətir, pulu gətir”. Adam pul qazaqnar, amma hər şeyin ölçüsü var. Nizaməddinin oğlanlarının altında 160 minlik maşın var. Hardan alıblar?
Bunlar mənim həyatımı məhv etdilər. Bunu onlara bağışlamayacam. İndi mənə ismarıc göndərirlər ki, danışmayım, uşaqlarım var. Dəfn günü qəbirstanlıqdan qayıdanda icra başçısı adam göndərmişdi. Oğlum dedi ki, “bəs ana filankəs gəldi, maşında gəlib oturub dedi ki, oğul, sən arvadların sözünə qulaq asma, özünə düşmən qazanma, bir işdi olub, intihar edib özü özünü atıb”. Daha sonra çox adamlar göndərdi ki, “uşağına, özünə düşmən qazanma”.

- İcra başçısı Nizaməddin Quliyev göndərib?

- Bəli, onun adamlarından idi. Ad çəkmirəm. Sonra dedim ki, bilirsən nə var, istəyir oğlanlarım da ölsün, özüm də ölüm, evim yansın, amma Faiqin heyfini yerdə qoymayacam. Çünki mən Nizaməddinə hər ay ismarıc göndərirdim, Rüstəm həkimə hər gün ismarıc göndərirdim ki, Faiqdən əl çəkin.

 

 

 

 

 

 


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub