Modern.az

Asim Mollazadə: “Parlament seçkilərində Anar Məmmədxanov özü iştirak etmədi”

Asim Mollazadə: “Parlament seçkilərində Anar Məmmədxanov özü iştirak etmədi”

29 Aprel 2011, 10:48

Millət vəkili Asim Mollazadə mərhum eks-deputat Anar Məmmədxanov barədə xatirələrini Modern.az saytına danışıb.


- Asim müəllim, Anar Məmmədxanovla çox yaxın olmusunuz...

- Anar Məmmədxanovun ölümü mənim üçün çox böyük itkidir. Azərbaycan gözəl, istedadlı oğlunu itirdi. Xalqımızın başı sağ olsun! Anar hər zaman vətən sevgisi ilə, Qarabağ sevgisi ilə seçilən bir oğul idi. Daim onun ürəyi Azərbaycanla döyünürdü. Mən təbii ki, bu hadisədən çox sarsılmışam. Anar media sahəsində də çox uğurlar qazanmış insan idi. Anarın bir xüsusiyyəti var idi ki, o, heç nəyə laqeyd yanaşmırdı. Anar Azərbaycanın bütün problemləri ilə bağlı hər zaman narahatlıq keçirirdi. Məncə Anarın ürəyi öz xalqı ilə, öz dövləti ilə döyündüyü üçün bəlkə də ürəyi tab gətirmədi. İlk növbədə Şuşanın azad olunmaması Anarın ürəyini sıxan amil idi. O, hər zaman vətənində, Qarabağ torpağında olmağı arzulayırdı. Bu onu çox narahat edirdi. Anarın istedadı çərçivəyə sığmırdı. Hər bir yaradıcı adamda olduğu kimi o, çərçivəyə sığmayan qədər sıxıntı keçirirdi. Çox təəssüflər olsun ki, belə bir hadisə baş verdi, biz gözəl oğlumuzu itirdik.
Anar haqqında bir çox yadda qalan xatirələrim var. Onunla bizim ailəvi yaxınlığımız var idi. Bəzən xarici səfərlərdə də bir yerdə olurduq. Anarla Amerikada, bir sıra Avropa ölkələrində rəsmi səfərlərdə olmuşuq. Bu görüşlərdə Anar çox fəal olardı. Anar bir növ çox şən adam idi. Mən bir şeyi onda müşahidə edirdim ki, onun özünəməxsus xüsusiyyətləri var idi. Anarda bir kapitan keyfiyyəti vardı. Bu keyfiyyət çox önəmli keyfiyyət idi. Xüsusi ilə də onun komandası belə uğrlar qazanmışdı. O, hər zaman öz dostlarına, yaxınlara çox yaxın bir adam olub.

-  Parlament seçkilərindən sonra bəzilərinin Anar Məmmədxanovdan uzaqlaşması haqda fikirlər səslənirdi. Asim müəllim, sizə necə ona qarşı belə laqeyidliyin şahidi olmusunuzmu?

- Seçkilərdən sonra kiminsə Anardan kənar gəzməyini mən müşahidə eləməmişəm. Əslində seçkiyə getməmək Anarın öz qərarı idi. 15 il parlamentdə olmaq onun üçün bir növ dar çərçivə idi. Parlament seçkilərində Anar özü iştirak eləmədi. O, yaradıcılıq istiqamətində fəaliyyətini davam etdirmək istəyirdi. Ümidvaram ki, biz Anarın yaradıcılığını ictimaiyyətə və xalqa təqdim edə biləcəyik. Anar yeni müstəvidə yaradıcılığını uğurla davam etdirə bildi. Onun çoxlu dostları var idi. Onun məmurların arasında da yaxın dostları vardı. Anarla hamının münasibətləri ancaq dostluq və sevgi müstəvisində idi. Dəfn mərasimində də gördüm ki, hətta Anarı tanımayan yüzlərlə, minlərlə Azərbaycan vətəndaşları onunla vidalaşmağa gəlirdilər. Bu onu göstərir ki, o, Azərbaycanı sevdiyinə görə xalq da onu sevgi ilə yola saldı.

-  Anar Məmmədxanovun adının əbədiləşdirilməsi üçün nə təklif edərdiniz?

- İlk növbədə mən təklif edərdim ki, Anarın yaradıcılığı tam şəkildə Azərbaycan ictimaiyyətinə çatdırılsın. Mən düşünürəm ki, bu, ən əsas məsələdir. Bəzi dostlarımız təklif etdilər ki, oxuduğu məktəbə onun adı verilsin. Anarın yaradıcılığını sevən insanlar onun qələbələrini, zarafatlarını yaxşı xatırlayırlar. Xalq onu yaratdığı işlərə görə sevib və onun üçün də xatirələrdə ilk növbədə bu qalmalıdır. Mənə elə gəlir ki, onun bəzi sona çatmayan əsərləri xalqımıza çatdırılmalıdır.

- Sizcə, Anar Məmmədxanova sağlığında qiymət verilmişdimi?

- Ən yüksək qiymət Anara olan yüksək xalq sevgisidir və bu sevgi qarşılıqlı olub.

- Onun uşaqlarının neçə yaşı var?

- Anarın böyük uşağının 17, kiçiyinin isə 10 yaşı var. Onun uşaqlarının Azərbaycanın parlaq gənəcəyi olmaq üçün düşünürəm ki, biz hər şeyi edəcəyik. Əminəm ki, Anarın uşaqlarını ailəsi ilə birlikdə lazımı səviyyədə böyüdəcəyik. İnanıram ki, onlar ölkənin gözəl vətəndaşları olacaqlar.

- Siz Anar müəllimlə sonuncu dəfə nə zaman görüşmüsünüz, səmimi olaraq deyin, nədən söhbət eləmisiniz?

- Anarla mənim çoxşaxəli söhbətlərim olub. Çox vaxt Anar mənə zəng edirdi. Və deyirdi ki, müəyyən sualları var. Son söhbətimiz mənim Amerika səfərimlə bağlı olub. Anar bizim işlərimizlə maraqlanırdı, çox sevinirdi ki, biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Onunla tez-tez  telefon danışıqlarımız olurdu. Görüşə bilməsək də, mütəmadi olaraq telefonla əlaqə saxlayardıq.



Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?