Modern.az

"O kapitanlar saytlara irad tutmaqdan başqa heç nəyə yaramır” - Baş redaktor sirlər açdı

"O kapitanlar saytlara irad tutmaqdan başqa heç nəyə yaramır” - Baş redaktor sirlər açdı

Müsahibə

31 Avqust 2017, 19:32

"Seçim qarşısında qalırıq - ya peşəkar jurnalist kimi, ya dost kimi davranmalıyıq. Əfsus ki, bəzi hallarda dostluq üstün gəlir”

 

"Danışmayan deputatlar danışanlardan daha savadlıdır”

 

 "Məmurları temperaturun 50 dərəcəyə qaxması da qorxudur”

 

Sentyabrın 1-də Azərbaycanın elektron media məkanında önəmli yerlədən birini tutan, ölkədə yaradılmış ilk xəbər portallarından olan, ictimai fikrin formalaşmasında, xəbər istehsalında ön cərgələri bölüşən Modern.az saytının yaradılmasının 8 ili tamam olur.  Saytın yaranma tarixi, gördüyü işlər və gələcək fəaliyyəti barədə danışmaq üçün media qurumunun rəhbəri Elşad Eyvazlı BakuPost.az-ın suallarını cavablandırıb. Modern.az həmin müsahibəni təqdim edir:

 

 - Elşad müəllim, öncə sizi təbrik edirik. Bu illər ərzində gəldiyiniz yolun davamlı olmasını arzulayırıq. 8 il əvvəl bir sayt yaratdınız. Adı niyə Modern.az? Bu sualı verməyimin səbəbi adı "Modern” olsa da, saytın klassik üslubda görünməsiylə bağlıdır.

 

- Bu barədə indiyə qədər heç yerdə danışmamışam... Fəaliyyətə 2009-cu ildə başlamışıq. Ondan iki il öncə, yəni 2007-ci ildə "Çağdaş Azərbaycan” jurnalını qeydiyyatdan keçirmişdik. Sayta ad axtararkən düşündük ki, çağdaş sözünə sinonim olsun. Bu səbəbdən "modern”i seçdik. Modern.az elə Çağdaş Azərbaycan deməkdir.

 

"Modern” sözünün başqa bir üstünlüyü isə odur ki, bu söz bütün dünyada başa düşülür. Qaldı ki, "modern olmamağa”, bu bir az da mənim mətbuata baxışım və əlbəttə qəzetçilikdən gəlməyimlə bağlıdır.

 

Ad əsas deyil, mənim rəhbərlik etdiyim saytın adı nə olsaydı, istənilən halda sayt belə işləyəcəkdi. Yəni adından asılı olmayaraq saytın mövzuları da, yanaşmamız da, iş prinsipimiz də dəyişməyəcəkdi.

 

- Fəaliyyətə başlayarkən Modern.az kollektivi neçə nəfərdən ibarət idi?

 

- Cəmi iki nəfərdən: Əfqan Qafarlı və mən. Düzdü, sonradan bir neçə tələbə də təcrübəyə gəldi və onların da əziyyətləri oldu. Başqa dostların da köməyi oldu. Bu saytın ərsəyə gəlməsindən danışarkın Rəşad Məcidin adını çəkməyə bilmərəm, onun dəstəyi olamasaydı inanın ki, indi Modern.az olmazdı.

 

- Bəs, indi saytda neçə nəfər çalışır?

 

- Hazırda 10 nəfərik.

 

- Ümumiyyətlə, saytı yaradarkən əsas hədəfiniz nə idi? Və o hədəfə çatdınızmı?

 

- Bayaq da qeyd etdim ki, işə başlayarkən cəmi iki nəfər idik. O vaxt bir layihə olaraq işə başlamışdıq. QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə layihə udmuşduq. Fikrimiz QHT-lərin, Parlamentin işinin cəmiyyətə çatdırılması idi. Başqa bir hədəfimiz yox idi, həm də iki nəfər ilə başqa bir hədəf qoymaq və bu hədəfə doğru addımlamağa fiziki gücümüz yetməzdi. Amma 3-4 ay fəaliyyət göstərdikdən sonra digər saytlara baxdıq və onların iş prinsipinin bizdən fərqlənmədiyini gördük. Düşündük ki, niyə yalnız Parlamentdən yazmalıyıq? Mədəniyyətdən, ədəbiyyatdan, yaxud digər sahələrdən də yaza bilərik, zaman keçdikcə fəaliyyət sferamız da böyüdü.

 

- İndi hər gün bir sayt yaradılır, amma 8 il öncə bu, bir hadisə kimi təqdim edilirdi... Rəqabət, bazar davası-filan. Kim idi sizin rəqibiniz və indi kimdir?

 

- Bilirsiniz, indi elə bir zamanda yaşayırıq ki, hər kəs özünü qəhrəman hesab edir. Amma ciddi məqamda, media ilə bağlı hansısa problem olanda, söz demək lazım gələndə əksəriyyət qaçıb gizlənir. Təvəzökarlıqdan uzaq olsa da, deməyə məcburam, bizim rəqiblərimiz ciddi media içərisində barmaqla sayıla biləcək saytlar ola bilər. Hansı saytın daha çox oxunması məsələnin digər tərəfidir. Hansı saytın daha etibarlı, sifarişdən kənar fəaliyyət göstərməsi, ictimai rəy formalaşdırması, Jurnalistlərin Etik Kodeksinə əməl etməsi, daha çox ona istinad edilməsi isə məsələnin əsas tərəfidir. Bu mənada çəkinmədən deyə bilərəm ki, Modern.az Azərbaycanda ilk "beşlik”də olan saytdır. Qarşıya qoyduğumuz hədəflərə qismən də olsa, nail olmuşuq. Düzdür, Modern Azərbaycan üçün daha çox şeylər düşünürdük. Bunu edə bilmədik. İndi baxıram ki, qatar çox sürətlə gedir.

 

- Modern.az Azərbaycanda ən çox xəbər istehsal edən saytlardan biridir. Amma ən çox oxunan saytalın sırasında olduğunuzu deyə bilmirik... Niyə? Niyə oxucu ciddi saytları, ilk mənbə olan xəbər portallarını sevmir?

 

- Modern.az yeganə saytdır ki, onun heç yerdə banneri olmayıb. Heç yerdə reklamı aparılmayıb. Biz fəaliyyətə başlayanda əsas işimizi yazıya, jurnalistikaya istiqamətləndirmişdik, reklamçılıq, marketinq işi bizə uzaq idi. Düşünürdük ki, əsas yazılardır, reklama ehtiyac yoxdur. Zaman keçdikcə anladıq ki, oxucu üçün xəbərin ilkin mənbəyi maraqlı deyil, belə ki, o, xəbəri sosial şəbəkədən oxuyur. Məsələn, 5 ilin ən məşhur imzasını mənə göstərə bilərsiniz? Çünki saytların tüğyan etdiyi bir dövrdə imzalar itir. Sözümün canı odur ki, artıq xəbəri hansı saytın birinci verməsinin mənası itib. Çünki sosial şəbəkələrdə daha çox reklam olunan saytın verdiyi xəbərlər daha çox oxunur. Marketinq məsələsini kənara qoymağımızın yanlış olduğunu bir müddət sonra anladıq.

 

- Səkkiz ildir fəaliyyət göstərən saytın rəhbəri kimi, rəqabət qabiliyyətli olmağın əsas prinsiplərini nədə görürsünüz?

 

- Birinci prinsip etibarlılıqdır. Azərbaycanda oxucunun etibarını qazanmış  50 sayt adı saya bilərsiniz, mümkün deyil. Üç günlük saytlara gəldikdə isə məsəl var, "hayla gələn, küylə də gedər”.

 

İkinci prinsip peşəkarlıqdır. Jurnalistikaya mövsümi gəlmək doğru deyil. Peşəkarlıq özünü mütləq büruzə verir. Götürək elə hamımızın yaralı yeri olan istinad məsələsini. Baxırsan xəbəri götürür, mənbəni göstərmir. Etiraf edim ki, bizim gənc əməkdaşlar da bəzən belə hala yol verirdilər, amma mən bunun qarşısını alıram, bu çox ciddi problemdir. Bundan başqa, bəzi saytlar yalan xəbərlərlə oxucu auditoriyası yığır. Bu da yolverilməz məqamdır. Digər önəmli olan məsələ isə menecmentdir. Reklam və sosial şəbəkələrdə gedən paylaşımlardır. Çünki sosial şəbəkələrdə paylaşmalar olmadan oxunma sayı qazanmaq çətindir. Mən sayta qəzetdən gəlmişdim və qəzet təfəkkürü ilə düşünürdüm ki, əsas olan düzgün və maraqlı xəbərin operativ şəkildə insanlara çatdırılmasıdır. Saytda reklamlar, bannerlər isə ikinci, hətta üçüncü dərəcəlidir. Sonra anladım ki, bu, elə məhz birinci dərəcəli məsələ imiş.

 

- Səkkiz il sayt rəhbəri olan, hər gün xəbər və informasiya ilə işləyən bir şəxs kimi son illərdə mediada nə baş verdiyini necə ümumiləşdirərdiniz?

 

- Prosesi ümumiləşdirmək və təsvir etmək çətindir. Mən həmişə o məsələlərdən danışıram ki, orda iştirakçıyam və ya o məsələlərdə həmkarlarımız nəsə etməliydilər, amma etmədilər. Biz yalnız özümüzdən, təsir edə biləcəyimiz, amma etmədiyimiz halları müzakirə edə bilərik. Bu gün ən böyük problem media kapitanları hesab etdiyimiz, media ilə bağlı qurumların yuxarı başında oturan jurnalistlərimizin yeni nəsil jurnalistikasına baxışları və münasibətləridir. Onlar indi yalnız tədbirlərə getmək, saytlara irad tutmaq, media adına danışmaq, amma prinsipial məsələlərdə öz kölgələrini qorumaq missiyasından kənara çıxa bilmirlər. Çox təəssüflə qeyd etməliyəm ki, aparıcı media kapitanları, dostlarımız  keçmişlə yaşayırlar. Bu yerdə "Dünənki işinə görə sağ ol, bugünkü işindən danış” məsəli yada düşür. İndi dünyada proseslər elə sürətlə gedir ki, insan beyni belə, bəzən onunla ayaqlaşa bilmir. Heç kim inciməsin, bu mənim şəxsi fikrimdir.

 

Hansısa sayt inkişaf edirsə, cəmiyyətin nöqsanlarına diqqət yönəldirsə, niyə də buna dəstək olmayasan? Məmurlar düşünməsinlər ki, xalqın mənafeyini qorumağın, milli dəyərələrin nə olduğunu bizdən yaxşı bilirlər. Yaşlı və gənc nəsil arasında problem daim mövcud olacaq. Ən əziyyətli mövqe isə orta yaşlı nəslin nümayəndəsi olmaqdır. İki nəsil arasında körpünün yaranması hər zaman çətin olub. Bilirsiniz, indiki bəzi media kapitanlarına baxanda sovet dövrünü xatırlayıram, hansısa jurnalist icazəsiz heç bir məlumat verə bilməzdi. Amma hər dəqiqənin öz hökmü var. Dünən dünəndə qaldı. İrəli getmək, inkişaf etmək lazımdır. Millət olaraq bizdə bir xüsusiyyət var: qəhrəmanları sağlığında sevmirik, qiymət vermirik, onları öldürüb sonra əzizləyirik. Hazırda isə heç kim heç bir sahədə qəhrəman olmaq istəmir. Hamı qəhrəmanlığlı qarşıdakından gözləyir.

 

 

- Bu narazılığınız bir-iki gün əvvəl mətbuat katiblərinin yarıtmaz fəaliyyəti ilə bağlı açdığınız müzakirədə də müəyyən qədər öz əksini tapmışdı…

 

- Bilirsiniz, mətbuat xidmətlərinin rəhbərlərinin böyük əksəriyyəti dostluqdan sui-istifadə edirlər. Onlar mətbuata yalnız özlərinə sərf edən yazıları verirlər.

 

Hər hansı bir məlumatı bəyənmədikdə isə zəng edib silinməsini xahiş edirlər. Burada bir məqam var, hər hansı dövlət qurumunun fəaliyyəti şəffafdırsa, onun mətbuat katibi niyə açıqlama verməsin? Axı medianın işi nədən ibarətdir? Onun əsas işi qaranlıq tərəfləri işıqlandırmaqdır. Müstəqilliyi niyə əldə etmişik? Müstəqillik qaranlıqlardan azad olmaqdır, yox əgər biz əldə olan çıraqları da söndürəcəyiksə, qaranlıqda nə iş görə bilərik?

 

Problem onunla bağlıdır ki, bu gün bəzi qurumların mətbuat katibləri təmsil olunduqları dövlət orqanlarının rəhbəri ilə görüşə bilmirlər. Belə problem mövcuddur, halbuki, dünyanın hər yerində mətbuat xidmətinin rəhbəri təmsil olunduğu dövlət qurumunun cəmiyyətdəki simasıdır. Əsas məsələ ora həmin qurumun cəmiyyətdə müsbət obrazını yaradacaq adamın qoyulmasıdır. Bəzən bu vəzifələrdə həmin obrazları nüfuzdan salan adamlar yer alır.

 

Ümumiyyətlə, son illərdə qəribə bir təsnifatlandırma prosesi gedir. Bölgünün əsas prinsipi jurnalistlərin ögey və doğmalara bölünməsidir. Əsas istək və tələb mənfi məlumatın yayılmasının qarşısının alınmasıdır. Bir çərçivə yaradılıb və bu çərçivədən kimsə kənara çıxa bilmir. Bu tendensiya isə çox ciddi problemdir. Bu məsələlərin tənzimlənməsi ilə bağlı böyük bir tədbir keçirilməlidir, bu tədbir sadəcə tədbir xətrinə olmamalıdır. İndi bu kimi məsələləri Mətbuat Şurası tənzimləyir. Hansısa dövlət qurumu ilə media qurumu arasında mübahisə yarananda, mətbuat nümayəndələri düşünür ki, Mətbuat Şurası onları, dövlət qurumu isə düşünür ki, onu müdafiə edəcək. Bu, düşündürücü məqamdır.

 

- Sizin də dediyiniz kimi, Mətbuat Şurası bu məsələlərin tənzimlənməsində iştirak edir. Onun təsiri nədən ibarətdir?

 

- Mən çox arzu edərdim ki, Mətbuat Şurasının səlahiyyətləri genişləndirilsin. Mətbuat Şurasının funksiyaları hamıya məlumdur, media ilə dövlət qurumları arasında münasibətlərin tənzimlənməsi ilə məşğul olur. Amma bəzən ayrı-ayrı dövlət qurumlarının Mətbuat Şurasının tövsiyələrinə məhəl qoymadığnın da şahidi oluruq.

 

 

 

 

 - Bəs, media ilə işləməyən mətbuat xidmətlərinin cəzalandırılması hansısa  proseduru var?

 

- KİV haqqında qanunla mətbuat xidmətlərinin borcu bizə, yəni KİV nümayəndələrinə məlumat verməkdir. Hər hansı qurumun daxili nizamnaməsi bu qanuna zidd ola bilməz. Çünki bizdə bütün qanunlar biri –birinə uyğunlaşdırılıb.

 

-  Tutaq ki, hər hansı bir mətbuat xidməti göndərilən sorğuya cavab vermədiyi halda məhkəməyə müraciət edilir.  Məhkəmənin çıxardığı cəza mətbuat xidmətinə deyil, həmin xidmətin aid olduğu quruma şamil edilir. Yəni burada əməlin cəzasız qalması, bunun nəticəsində isə məsuliyyətsizlik yaranması boşluq hesab edilmir?

 

- Xeyr. 4-5 ildir ki, Bakıda belə bir tendensiya mövcuddur, mətbuat xidmətlərinin rəhbərləri ilə jurnalistlər arasında sıx dostluq yaranıb. Bu isə müəyyən xəbər və məlumat üçün sipərə, maneəyə çevrilib.

 

- Onda ümumiləşdirsək, belə çıxır ki, problem baş redaktorun əlçatanlığıdır?

 

- Ümumiyyətlə, istənilən sahədə ən böyük problem münasibətləri tənzimləməkdir. Münasibətlərdən sui-istifadə edilməməlidir. Hər hansı yazını saytdan xahişlə çıxartdıran mətbuat katibinə deyə bilərikmi ki, sizin qurum filan işi filan şəkildə həyata keçirsin. Onların bizim işə müdaxiləsi bu deməkdir.

 

-  Elşad Eyvazlı qədər çox dostu olan bir şəxs, biri-birinə zidd düşüncəli adamların tribunası kimi çıxış edərkən münasibətləri necə qoruyub saxlayıb?

 

- Əsas məsələ odur ki, heç kimin qarşısında gözü kölgəli olmayasan. Hər iki tərəfin mövqeyini vermək isə peşəkarlığın əsas məqamlarındandır. Bir tərəfin mövqeyini verib, digər tərəfin mövqeyinin verməmək olmaz. Dostluq yalnız mənfəət ilə ölçülürsə, bu, dostluq deyil. Dostunun məmur və ya deputat olmasından asılı olmayaraq, dostluğun əsası sədaqət, etibarlılıq, dürüstlük, vicdanlılıq və obyektivlikdir.

 

- Yeri gəlmişkən, sizin fikrinizcə, mətbuata qarşı məmur yanaşması, deputatların mediaya münasibəti necədir?

 

- Elə bir zamana gəlmişik ki, ciddi media ilə yanaşı, qeyri-ciddi media da addımlayır. O qeyri-ciddi şantajla məşğuldur. Onların sayı ciddi media ilə müqayisədə dəflərlə çoxdur. Bu da qurunun oduna yaşı da yandırır.

 

Deputatların səlahiyyətləri ilə bağlı əsasnaməyə dəyişiklik ediləndən sonra sanki onlarda mediaya qarşı bir az soyuqluq yaranıb. Hər halda hər kəsin öz xarakteri var, qanunla danışığa qadağa qoyulmur, mən deputatları üç kateqoriyaya bölürəm danışa bilənlər, danışmaq istəməyənlər və danışa bilməyənlər.

 

- Cəmiyyətdə sizin dediyiniz "danışmaq istəməyənlər” və "danışa bilməyənləri” bir ad altında birləşdirirlər – "Lal deputatlar”. Milli Məclis üzvlərini ən yaxından tanıyan jurnalistlərdən bəlkə də birincisisiniz. Dediyim "Lal deputatlar” barədə soruşmaq istəyirəm. Bəzən o deputatların sizdə açıqlamalar, geniş müsahibələri gedir. Siz yazırsız onları, yoxsa köməkçiləri?

 

- Niyə elə düşünürsünüz ki... Yox, biz heç kimin əvəzinə yazı yazmırıq. Amma köməkçilərin deputatların əvəzinə yazı yazması da normaldı. İstiqamət verir, tezisləri verir, köməkçilər də yazır. Burada qeyri-adi heç nə yoxdur. Siz bu sualı verməklə başqa məsələni öyrənmək istəyirsiniz. Sizi əmin edirəm ki, Milli Məclisdə savadsız adam yoxdur. Onu da əminliklə deyirəm ki, elə danışmayan deputatlar var ki, danışanlardan daha savadlı, daha peşəkardılar. Sadəcə, onlar iclaslarda danışmırlar, işlərini görürlər. Danışan deputatlar var deyə, onlar buna həvəs göstərmirlər.

 

- Son zamanlar danışığlarının bəlasına düşən deputatlar və məmurların sayı çoxalıb. Bəlkə də danışmayanlar elə bu bəladan sığortalanmaq istəyirlər. Amma diqqəti başqa məsəlyə yönəltmək istəyirəm. Ölkədə dilinin bəlasına düşən deputatların sonradan verdikləri açıqlamaları oxuyanda məlum oldu ki, onlar linc edilməsinə səbəb olan sözlərin bəzilərini heç deməyiblər. Təəssüf ki, mediamızda tiraj xətrinə, yoxsa hansısa bir məqsədlə sözlərin təhrif edilməsi hallarına rast gəlinir. Belə qeyri-peşəkar, qeyri-ciddi hazırlanan məlumatın digər saytlar tərəfindən istinadla yayılması, istəmədən ilkin mənbənin yalan materialına və həmin şəxs haqqında yanlış fikrin formalaşmasına vasitəçilikdir. Sizcə, biz bu cür məsələlərdən, istinadın gətirdiyi pis imicdən özümüzü necə qorumalıyıq?

 

- Bu, çox ciddi problemdir. Mediaya xələl gətirən əsas məqamlardan biridir. Bunun birinci yolu odur ki, yalnız ciddi mediaya istinad etməliyik. Amma axır vaxtlar o hal da müşahidə olunur ki, ən ciddi hesab etdiyimiz mediada da bəzən belə hallara rast gəlinir. Ya dediyiniz müsahibin fikirlərinin təhrif olunmuş halda təqdimatı, ya da ümumiyyətlə, əsassız informasiyalar verilir. Hətta görürsən, xəbəri qoyublar, bir azdan siliblər. Onda qalırıq belə: Nə edək? Biz də materialı siləkmi? Materialın silinməsi isə əlavə bir problemdi. O baxımdan ki, niyə silindi, nəyin qarşılığında silindi kimi, bizə yaraşmayan suallar ünvanlanır bəzən.

 

- Amma demək olar ki, Azərbaycan mediasında xəbər silməyən media orqanı yoxdu...

 

- Öz yerimə deyə bilərəm ki, Modern.az-da yazı yalnız dostluq münasibətlərinə görə silinir. Başqa heç bir halda bu, mümkün deyil. Düzdür, bunun özü də yolverilməzdir. Amma seçim qarşısında qalırıq - ya peşəkar jurnalist kimi, ya dost kimi davranmalıyıq. Əfsus ki, bəzi hallarda dostluq üstün gəlir. Məsələ budur.

 

- Yəqin, siz məmurları, müəyyən təsir imkanları olan vəzifəli şəxsləri də dostlarınız siyahısına salırsız?..

 

- Hər şey deyildiyi, yaxud da eşitdiyiniz kimi deyil. Gördüyünüzdən, şahidi olduğunuzdan danışın. Mən arzu edərdim ki, Azərbaycan mediasında Modern.az kimi saf, təmiz, sifarişdən uzaq, kimsənin cibinə göz dikməyən 5 media qurumu olsun.

 

Bizdə bir qrup məmur ordusu var, onlar hətta təbii hadisələrlə bağlı xəbərlərdən qorxurlar. Onları hərarətin 50 dərəcəyə qalxması da həyəcanlandırır. Bu isə onların müxtəlif vasitələrlə informasiyanın yayılmasının qarşısını almalarına sövq edir. Amma nəzərə almırlar ki, hansısa vacib bir xəbərin saytlarda getməsinin qarşısının alınması və ya həmin xəbərin silinməsi heç nəyi dəyişmir. Çünki sosial şəbəkələr var. Bu şəbəkələrdə xəbərlər yayılır. Əvəzində nə baş verir: İnsanların saytlara inamı azalır, oxucu kütləsi itiririk. Belə bir fikir formalaşır ki, əsas xəbərləri məsələn Moden.az-dan yox, elə Facebook-dan oxuyuruq. Bu tendensiya isə elə-belə, sadə görünməsin. İnsanların sosial şəbəkələrə etibarlı mənbə kimi baxmasının özü də ciddi problemdi. Çünki burada yayılan məlumatların çoxu şəxsi yanaşmanın məhsulu olur. Sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması riski çoxdu. İnsanlar gərək ciddi xəbərləri saytlardan oxusun. Məmurların xəbərdən qorxması isə bizim işimizə sözün əsl mənasında mane olur və sosial şəbəkənin belə deyək, lampasına neft tökür.  Bununla mübarizə yolu isə mütləq doğru məlumatın yayılmasını, jurnalistlər tərəfindən cəmiyyətin nöqsanlarının işıqlandırılmasını təmin etməkdir. Bizdə jurnalist düşünür ki, Azərbaycanı ondan çox sevən yoxdur. Məmur da eyni düşüncədədir. Amma bir şey var, onların hər ikisi düşünməlidr ki, Azərbaycanı sevmək hər ikisinin borcudur. Sosial şəbəkələrdə yayılan məlumatlara gəldikdə isə hərbi məsələlərə dair Müdafiə Nazirliyinin mətbuat xidmətinin təqdim etmədiyi məlumatların yayılmasının  mən də tərəfdarı deyiləm. Amma digər məsələn, mədəniyyət, sosial həyatla bağlı məsələlər niyə verilməsin?

 

 

- Müharibə şəraitində olduğumuz üçün media ehtiyatlı olmalıdır, deyirik. Ehtiyat yalnız hərbi məsələlər ilə bağlı məlumatları verməməkdən ibarətdirmi? Ümumiyyətlə, Qarabağ mövzusu mediada nə dərəcədə aktualdır? Siz özünüz bu sahədə kifayət qədər işlər görmüşünüz, bilirik. Kitab yazmısınız, onu bir neçə əcnəbi dilə çevirib, müxtəlif ölkələrə yayımızınız. Film çəkmisiniz... Ancaq media olaraq bu işlərin hansı səviyyədə aparılması çox vaxt qənaətbəxş hesab olunmur...

 

- Bəzən bu işin əsas hissəsi kimi saytların xarici dildə yayımlanması başa düşülür. Guya, məsələn, Modern.az-in ingilis versiyası fəaliyyətə başlasa, ingilis gəlib oxuyacaq və Qarabağ problemini başa düşəcək. Bu qədər bəsit düşünmək olmaz. Məsələ bu qədər sadə deyil. Ümumiyyətlə, xarici dildə çıxan mətbuatın əsas məqsədi həmin dildə danışan insanın düşüncəsinə müvafiq məlumatlar yazmaqdır. Çünki hər hansı bir xəbəri Azərbaycandilli oxucu və rusdilli oxucu fərqli qəbul edir. Qarabağ mövzusunun işıqlandırılmasına gəldikdə isə 50 nəfəri danışdırın, hər biri ayrılıqda torpaqların azad edilməsi məsələsini ən yaxşı bilən şəxs kimi danışacaq. Sanki problemin həllini bundan yaxşı bilən yoxdur. Düşünürəm ki, Qarabağla bağlı mətbuatda koordinasiyalı şəkildə işləmək lazımdır. Təhlillər, şərhlər olmadlıdır. Bu sahəni bilən adamlar bu problemdən danışmalıdır.

 

- Koordinasiya kim tərəfindən aparılmalıdır?

 

- Qarabağ problemini kökündən anlayanlar, bu işi bilən şəxslər tərəfindən. Qarabağ haqqında məqalə yazan jurnlistələrimiz var ki, Qarabağın tarixini bilmir.

 

Xalqımız illərdir qaçqın-köçkün həyatı yaşayır. Bu problemi dünyaya çatdıracaq yazılar yazmaq lazımdır. Onların həyat düzəninin necə pozulmasından, geniş çöllərdən gəlib yataqxanalara sığınan köçkünlərdən yazmaq lazımdır. Dağlara sığmayan adamların gəlib balaca daxmaya necə sığınmaqlarını təsvir etmək lazımdır. Bəzən bir insanın portreti, onun hissi, həyəcanı, düşdüyü vəziyyətin peyzajı daha çox təsirli olur, nəinki ümumi məsələlər. Zəhranın qətli, onun fotosu bir ayın içərisində dünyada daha çox yayıldı və daha çox təsir etdi, nəinki illərdi hayqırılan Qarabağla bağlı həqiqətlər... Biz işimizi düzgün qurmaq üçün əvvəlcə dünyanı yaxşı tanımalıyıq. Dünyada nəyə inanırlar, necə inanırlar – bunları araşdırmalıyıq...

 

Artıq silah dövrü deyil, bilik, düşüncə, təfəkkür dövrüdür. Bütün bunlar təhsildən keçir. Rayonlar, bölgələr yalnız daşı və torpağı ilə tanınmır. Həm də insanları ilə tanınır. Özünü büruzə verir. Ən böyük resurs insandır. Bizim məcburi köçkün rayonlarında təhsilə elə adamlar rəhbərlik edirlər ki, həmin bölgələrin ruhunu ifadə edə, çatdıra bilmirlər. Bilirsiniz, Kəlbəcər, Laçın, Şuşa, Zəngilan, Ağdam, Qubadlı, Cəbrayıl məktəbləri kəlbəcərli, şuşalı, laçınlı, qubadlı yetişdirməlidir. Həmin uşaqlarda o yerlərin ruhu formalaşdırılmalıdır. Biz sabah torbaqlarımza gedəndə övladlarımız özlərini ögey hiss eləməsinlər. Məcburi köçkün rayonlarının təhsil şöbələri bu baxımdan strateji postdur. Bu postlar canavarlara verilməməlidir. Bəlkə də bu düşünülməmiş addımdır. Amma bu sahəyə məsul şəxslər diqqət etməli, həssas yanaşmalıdırlar. Bu yanaşma həmin məktəblərdə tərbiyə alan, oxuyan şagirdlərin kəlbəcərli, laçınlı, qubadlılı kimi böyüməsinin qarşısını alır. Axı bu ruhu saxlamaq, qorumaq lazımdır! Bir şey deyim, təhsil indi sərhəd tanımayan bir varlıqdır. Biz Qarabağı da güclü təhsillə azad edəcəyik. Demək istəyirəm ki, Qarabağ məsələsinin  həlli həm də təhsildən keçir.

 

- Bizə maraqlıdır, Siz cəmiyyətdə Kəlbəcərlilərin üzdə olan adamlarındansınız.  Kəlbəcərli yaşlı və gənc nəsil ilə necə münasibət saxlayırsınız? 

 

- Üzdə olmaq deməzdim, sadəcə mümkün qədər yararlı adam olmaq lazımdır. Bütün fəaliyyətim bunun üzərində qurulub. Təəssüf ki, bəzi yaşlı adamlar gənclərimizin uğurunu qəbul edə bilmirlər. Onları da başa düşürəm. Onlara da böyük hörmətim var. Ancaq mən demək olar ki, hər gün gənc kəlbəcərlilərlə görüşürəm. Düşünürəm ki, onlara dəstək olmaq, ən azından doğru yol göstərmək borcumuzdur. Zaman çox sürətlə gedir. Vaxt ən qiymətli sərvətdir. Mən də vaxtımı gənclərlə görüşə sərf edirəm. Hesab edirəm ki, bir az yaşlı nəsllə qonaqlıqlarda, çayxanalarda vaxt keçirməkdənsə daha səmərəli işlərlə məşğul olmaq lazımdır.

 

- Siz Azərbaycan mətbuatının qaymaq jurnalistləri üçün bir təkan rolunu oynayan "525-ci qəzet”dən gəlmisiniz. Bəs Modern.az saytında yeni kadrların yetişdirilməsi üçün bu ənənələrə sadiq qalırsınızmı?

 

- Bizdə işəgötürənlər ilk növbədə adamın təcrübəsinin olub-olmaması ilə maraqlanırlar. Amma bir həqiqət var ki, təcrübənin yığılması üçün həmin şəxsə imkan yaradılmaılıdır. Mən tələbələrə həmişə demişəm ki, təcrübə üçün Modern.az-a gələ bilərsiniz. Düzdür, onlar gələndə redaktorlarımız çox əziyyət çəkirlər. Çünki peşəkar jurnalistin yazısını redaktə etməklə, təcrübəyə gəlmiş gəncin yazısını redaktə etmək arasında dağlar qədər fərq var. Ona görə təcrübədə olan jurnalistlərin yazılarına çox vaxt özüm baxıram. Sonradan qarşılaşdıqda mənə müəllim kimi yanaşmaları, onların başqa saytlarda, KİV səhifələrində yazılarını gördükdə tanış üslubu sezmək mənə xüsusi zövq verir. Ümumiyyətlə, kollektivimiz gənclərdən ibarətdir. Mən hesab edirəm ki, Modern.az bir məktəbdir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir