Modern.az

Vurğun Əyyub: “Vətən üçün, doğmalarım, dostlarım, mübarizə yoldaşlarım üçün çox darıxıram...”

Vurğun Əyyub: “Vətən üçün, doğmalarım, dostlarım, mübarizə yoldaşlarım üçün çox darıxıram...”

31 May 2011, 10:30

Modern.az saytının əməkdaşı hazırda Türkiyədə pedaqoji fəaliyyətlə məşğul olan Müsavat Partiyasının divan üzvü Vurğun Əyyubdan müsahibə alıb.


- Vurğun bəy, h
azırda Türkiyədəsiniz. Pedaqoji fəaliyyətlə məşğul olduğunuz barədə məlumatımız var. Bu barədə bir qədər geniş məlumat verərdinizmi?

- İndiki fəaliyyətim sırf pedaqoji və elmi yönümdədir. Burada Azərbaycan türkcəsi və ədəbiyyatı üzrə tək mütəxəssis olduğumdan həftədə 32 saat dərs deməli oluram. Bu isə həddindən artıq çoxdur. Türkiyə vətəndaşlığım olmadığından həftədə 16 saatdan artıq dediyim dərsin pulunu ödəmirlər. Qanunlar buna icazə vermir. Dərsin çoxluğu, təklikdən qaynaqlanan məişət qayğıları vaxtımı çox alsa da, Azərbaycanda və Türkiyədə gedən prosesləri  mətbuatdan, televiziyadan, internetdən izləməyə çalışıram. Elmi fəaliyyəti bir düzənə salmaq fikrindəyəm. Burada olduğum doqquz ay ərzində iki beynəlxalq elmi konfransda Azərbaycan ədəbiyyatı haqqında məruzə etmişəm, iki məqaləm çap olunub. Burada da mədəniyyətimizi, ədəbiyyatımızı layiqli bir şəkildə təbliğ etməyə səy göstərirəm.

- Vaxtilə Azərbaycan siyasi elitasinda mühum yer tutan Vurgun Eyyub siyasətsiz darixmir ki...?

- Siyasət vətənə, millətə xidmət etmək sənətidir. Mən isə vətənimiz üçün çox darıxıram. Deməli, siyasət üçün də darıxıram. “Doğduğum yer yox, doyduğum yer vətəndir” prinsipi ilə yaşayanlardan deyiləm. Ancaq iş belə gətirdi ki, vətəndə ailəmi yaşatmaq üçün pul qazanmağıma, sıradan bir müəllim işləməyimə, akademiyada belə, elmi-tədqiqatla məşğul olmağıma imkan verilmədi. Universitetləri haradasa, anlayıram, tələbələrlə, gəncliklə ünsiyyətdə olmağımdan çəkindilər. Akademiyadaki tələbə kontingenti yoxdur... Buna düşmənçilkdən ayrı bir ad vermək çətindir. Aclıqla, ehtiyacla sınağa çəkib əzmək, sındırmaq, susdurmaq, bəzi müxalifətçilər kimi “qələt eləmişəm” dedirtmək, ya da ölkədən getməyə məcbur etmək... Seçim qarşısında qoyulduğumuz bu iki yoldan mən qardaş Türkiyədə işləməyi seçdim. Nə qədər doğma olsa da, öyrəncilərimdən, iş yoldaşlarımdan, ümumən insanlardan nə qədər sayğı, diqqət görsəm də, vətən üçün, doğmalarım, dostlarım, mübarizə yoldaşlarım üçün dəhşətli dərəcədə darıxıram. Xüsusən, Arif bəyin, gənclərimizin, digər mübariz insanlarımızın həbsi məni xeyli dərəcədə üzür. Bu zamanı mənim üçün üçün məcburi bir “nəfəsdərmə” dövrü kimi də qiymətləndirmək olar.

- Qarşıdan Müsavatın qurultayı gəlir... Basqanlığa namizədliyiniz irəli sürülsə, hansı addım atacaqsınız?

- Mənim ömrümün son 25 ili siyasət içərisində keçib. Siyasətdə qələbələri də, məğlubiyyəti də görmüşəm. Azərbaycanda ilk siyasi yönümlü leqal təşkilat olan “Çənlibel”in sədri olmuşam. AXC-nin yaradıcılarından və rəhbərlərindən biriyəm. Böyük şəxsiyyət və siyasi lider olan Elçibəyin prezidentliyi dövründə keçmiş Sovetlər Birliyi ölkələrinin heç birinin uzun zaman reallaşdıra bilmədiyi bir işin – təhsildə ən böyük və uğurlu islahatın, tələbə qəbulunun test sisteminə keçirilməsinin müəllifi olmuşam. Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvlərindən, bərpa dövründə, yəni bərpa qurultayına hazırlıq zamanında Mərkəzi Nəzarət Təftiş Komitəsinin sədri olmuşam. Daha sonra Məclis və Divan üzvü, partiyanın hümanitar məsələlər üzrə katibi, Baş katib və partiya başqanının 1-ci müavini vəzifələrində çalışmışam. Elə indinin özündə də Məclis və Divan üzvüyəm. Partiyanın yerli təşkilatlarının qurulması, fəaliyyətlərinin yönləndirilməsi üçün rayon-rayon dolaşmışam. Partiyanın çoxminlik üzvlərini yaxşı tanıdığım kimi, onlar da məni yaxından tanıyır. Belə bir siyasi tərcümeyi halla namizədliyimin olmasına təbii baxıram. Zamanı gələndə bu məsələləri dəyərləndirib qərarımı verəcəyəm.

- Son olaraq nə demək istərdiniz?

- Azum budur ki, həbsdəki dostlarım azad olunsun.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir