Modern.az

Ali məktəblərdə yay imtahanları başlayıb

Ali məktəblərdə yay imtahanları başlayıb

3 İyun 2011, 14:38

Modern.az saytının məlumatına görə, ölkənin dövlət və özəl ali təhsil müəssisələrində yay imtahan sessiyası başlayıb. Məsələn, Bakı Dövlət Universitetində yay imtahan sessiyasına bu gün, Azərbaycan Dillər Universitetində isə iyunun 1-də start verilib. Əlaqə saxladığımız digər ali təhsil ocaqlarının bəzilərindən sessiyanın başlandığını, bəzilərində növbəti həftədən stat veriləsəyini qeyd etdilər.
Görəsən bu ilki sessiya necə keçəcək, yenə rüşvət halları müşahidə olunacaqmı? Axı ini hər bir sahədə antikorrupsiya tərdirlərinin görüldüyü vurğulanır...  

Bakı Dövlət Universitetinin mətbuat xidmətindən bildirildi ki, yay imtahan sessiyasında baş verəcək neqativ halların qarşısını almaq üçün ciddi tədbirlər görülüb. 

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətindən dedilər ki, ali təhsil ocağında "qaynar xətt", operativ qərargah yaradılıb.
"Universitetdə qutular qoyulub, hər hansı haldan narazı olan olan tələbələr öz fikirlərini yazıb qutuya ata bilərlər”- deyə mətbuat xidmətinin əməkdaşı vurğuladı. 

Təhsil Nazirliyin Ali və orta ixtisas təhsili şöbəsindən Modern.az-a bildirildi ki, yay sessiyasına ciddi nəzarət olunacaq. Belə ki, təhsil naziri Misir Mərdanov bir müddət öncə ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq əmr imzalayıb.
Əmrdə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tərəfindən 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili və təhsil müəssisələrində imtahan qərargahının yaradılması təmin edilməsi qeyd olunub.

Həmçinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin «Qaynar xətt» xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61; e-mail ünvanı:[email protected]) dərhal məlumat verilməsi, imtahan sessiyasında şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi məsələlərinin təmin olunması tapşırılıb.

Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verəcəklər. Bundan əlavə, Təhsil Nazirliyi əməkdaşlarının, Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının monitorinqi aparılacaq.

Eləcə də yay imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və digər müvafiq tədbirlərin görülməsi qərara alınıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı