Modern.az

Cavad xanın Cümhuriyyətin iki nazirliyini idarə edən nəvəsi

Cavad xanın Cümhuriyyətin iki nazirliyini idarə edən nəvəsi

28 Oktyabr 2017, 17:07

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

 

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini davam etdirir.


Yubileyə qədər Cümhuriyyətlə bağlı yazılacaq yazılar arasında AXC-nin o qədər də tanınmayan (əslində, tanıdılmayan!) simalarına da yer ayıracağıq. Təəssüf ki, Azərbaycan Cümhuriyyətindən danışdıqda Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli kimi azsaylı insanların adlarını çəkməklə, onlar barəsində yazıları oxumaqla kifayətlənirik. Doğrudur, yuxarıda sadalanan şəxslər böyük şəxsiyyətlərdir, onlar haqqında nə qədər danışılsa və yazılsa, yenə də azdır.

 

Lakin, razılaşaq ki, axı bu şanlı tarixi yaradan təkcə onlar deyil! Min bir çətinlik hesabına Milli Şuranı quran (sayları 44), Şərq tarixinin ən möhtəşəm hadisələrindən olan İstiqlal Bəyannaməsinə qol çəkən (sayları 24)  başqa hökumət təmsilçilərimiz də olub. Rəsulzadədən danışmaq nə qədər vacibdirsə, onun komandasından da bəhs etmək bir o qədər zəruridir. 

 

Bu yazıda Cümhuriyyət hökumətinin qurulmasında kifayət qədər xidmətinin olmasına baxmayaraq, bir o qədər də xatırlanmayan Adil xan Ziyadxanov haqqında danışacağıq. Cavad xanın nəticəsi, Abbas Mirzə Qacarın nəvəsi olan Adil xan nazir olmaya-olmaya bu vəzifəni yerinə yetirən yeganə Cümhuriyyət kadrıdır:

 

DOSYE

 

Adil xan Əbülfət xan oğlu Ziyadxanov 1872-ci il sentyabrın 25-də Gəncədə anadan olub. O, rus işğalcılarına qarşı qəhrəmanlıqla döyüşərək şəhid olan Gəncə xanı Cavad xan Ziyadoğlu Qacarın nəticəsidir. Anası Azər Humayun isə Abbas Mirzə Qacarın nəvəsi, şahzadə Bəhmən Mirzə Qacarın qızıdır.

 

İlk təhsilini xüsusi müəllim yanında alan Adil xan Ziyadxanov sonra Gəncə mədrəsəsində və Tbilisi gimnaziyasında oxuyub. Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Ana dili ilə yanaşı fars, rus, fransız, ingilis dillərini də mükəmməl bilən, xarici ölkələrdə çap olunan qəzet, jurnal və kitabları Gəncəyə gətirdib oxuyan Adil xan 1905-ci ildə Bakıda xeyriyyəçi Hacı Zaynalabidin Tağıyevin vəsaiti və Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə rus dilində nəşr olunan “Kaspi” qəzetinə məqalələr yazır.

Adil xan Ziyadxanovun əsas məhsuldar fəaliyyəti Cümhuriyyət dövrü ilə bağlıdır. Onun nazir müavini kimi fəaliyyətinə aşağıda toxunacağıq. Lakin AXC dövründə o, həm də ayrı bir mötəbər vəzifə ilə görəvləndirilib.

 

Qonşu ölkədə işlərkən çox məhsuldar diplomatik fəaliyyət göstərib 15 yanvar 1920-də Azərbaycan Cümhuriyyətinin ilk fövqəladə və səlahiyyətli səfiri kimi Tehrana ayaq basıb. Bununla iki ölkə arasında diplomatik əlaqələr daha da genişlənib.

 

O, İranda olarkən özünün ana dilimizdəki “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti" adlı kitabını yerli soydaşlarımız arasında pulsuz payladıb, "Qələmin uçuşu" adlı iki hissəlik kitabını isə fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı danışıb. Bu kitablar Şeyx Məhəmməd Xiyabaninin azadlıq hərəkatına (04-10.1920) səfirin çox incə töhfəsi idi.

Cümhuriyyət süquta uğradıqdan sonra Bakıya qayıtmayaraq Tehranda qalıb. 22 iyun 1921-də Sovet hökuməti onun diplomatik fəaliyyətini dayandırıb. Bundan sonra Tehran bələdiyyə idarəsində Sosial Təminat Nazirliyində, Təbrizdə dəmiryolu və gəmiçilik idarəsində müxtəlif vəzifələrdə çalışıb.

 

1934-də İstanbula köçüb və ömrünün qalan hissəsini Türkiyədə yaşayıb, İstanbul Universitetində dərs deyib. Adil xan Ziyadxanov 1954-cü ildə İstanbulda vəfat edib.

 

Cümhuriyyətə aparan yolda

 

Tədqiqatçı jurnalist Əli Şamil Ziyadxanovun Cümhuriyyətə qədərki fəaliyyəti haqqında bunları deyir:

 

“Qafqaz müsəlmanları adından çar II Nikolaya Əlimərdan bəy Topçubaşovun hazırladığı petisiyanı imzalayan Adil xan Ziyadxanov Gəncə yaxınlığında, Hacıkənd yaylağında kecirilən toplantının da təşkilatçılarından olub. Bu toplantıda Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanlarının siyasi, sosial, iqtisadi ehtiyaclarından danışıb, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətinin yaradılmasının vacibliyini vurğulayıb.

Xalq kütlələrini maarifləndirmək və seçkilərə hazırlamaq üçün Adil xan Ziyadxanovdan, Ələkbər bəy Rəfibəyovdan, Ələkbər bəy Xasməmmədovdan və Cahangir Xoyskidən ibarət qrup yaradılıb. Aparılan səmərəli işlər öz bəhrəsini verir, Gəncə bələdiyyəsinə 55 müsəlman seçilir. Çar idarəsi bu nümayəndələri tanımaq istəmədiyini bildirsə də onlar iclaslarını davam etdirir.

 

1905-1907-ci illərdə Qafqazı bürümüş erməni-müsəlman toqquşmalarını yatırmaq üçün 1906-cı ildə Tbilisdə canişinin rəhbərliyi altında erməni-müsəlman münaqişəsini nizamlayan yığıncaqlar təşkil olunur.  Bu yığıncaqlarda Adil xan Ziyadxanov qətiyyətlə öz millətinin mənafeyini müdafiə edir. Gəncədə yaradılan “Difai” təşkilatının fəallarından olan Adil xan Ziyadxanov 1908-də Şərqi və Qərbi Avropa ölkələrinə səyahət edərək gördüklərini 1909-ci ildə “Avropaya üç aylıq bir səyahətim” adı ilə nəşr etdirir.

 

Qafqaz Müsəlmanları Şurasının 7 üzvündən biri də Adil xan Ziyadxanov idi.

 

Şamaxı bölgəsində bolşeviklərlə biləşmiş erməni və malakan silahlı dəstələri müsəlmanları kütləvi surətdə qıranda oraya Gəncədən göndərilən silahlı könüllülərin təşkilatçıları sırasında Adil xan Ziyadxanov da olur”.

 

Cümhuriyyətin Adil xanı…

 

1918-ci ilin mayın 28-də Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu elan olunur. Yeni yaranmış hökumətin möhkəmlənməsi, ölkə daxilindəki qarşıqlığa son qoyulması üçün Adil xan Ziyadxanov əlindən gələni əsirgəmir. 1918-ci ilin oktyabrın 30-da təşkil edilən yeni hökümətdə Adil xan Ziyadxanov xarici işlər nazirinin müavini təyin edilsə də, əslində, nazir vəzifəsini icra edir. Çünki həmin vaxt nazir təyin edilmiş Əlimərdan bəy Topçubaşov İstanbulda idi və oradan da nümayəndə heyətinin başçısı kimi Paris sülh danışıqlarına getməliydi.

 

Gənc Azərbaycan Cümhuriyyətinin xarici siyasətinin formalaşmasında böyük əməyi olan Adil xan Ziyadxanov, daxili işlər naziri Behbud bəy Şahtaxtlı ilə birlikdə 1918-ci il noyabrın 16-da Bakıya gələn İngiltərə hərbi qüvvələrinin komandanı, general Tomsonu Azərbaycan hökuməti adından qarşılayıb onunla danışıqlar aparmışdı. Danışıqlarda əsas diqqət ona yönəldilib ki, general Tomson Azərbaycanın daxili işlərinə qarışmayacaq.

 

Fətəli xan Xoyski baş nazir və xarici işlər naziri təyin ediləndə gənc dövlətin xarici siyasətinin formalaşmasında mühüm işlər görmüş Adil xan Ziyadxanovu özünə müavin təyin edir. O, qonşu dövlətlərlə münasibətləri stabilləşdirməyə çalışmaqla yanaşı Azərbaycan dövlətini dünyaya tanıtmaq istəyir. Bu məqsədlə türk və fransız dillərində yazdığı “Azərbaycan” kitabının 2 min nüsxəsini 1919-da Parisə - Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Ə.B.Topçubaşova göndərir.

Adil xan Ziyadxanovun bu kitabını Əlimərdan bəy Topçubaşov Avropa ölkələrində, ABŞ və Kanadada yayır.

 

Əli Şamil Ziyadxanovun diplomatik fəaliyyətinin kökündə onun bolşevizmə qarşı kəskin mübarizəsindən də bəhs edir:

 

“Bolşeviklərə və müxtəlif yönlü təşkilatlara xidmət edənlər gənc Azərbaycan dövlətinin yeritdiyi siyasəti kəskin tənqid atəşinə tutanda A.Ziyadxanov yazırdı:

 

“Bakıda 10 min silahsız müsəlmanın, uşağın, qadının, qocanın qanı axıdıldı. Təəssüf ki, bu qanlı faciədə başıpozuq rus soldatları da nədənsə birdən-birə dönüb, bolşevik oldu. Bəs o zamanda demokratiyanın böyük əsaslarını özlərinə şüar və iqtibas edən cənabları nerədə idi ki, paytaxtımızın küçələri fəhlə meyitləri ilə dolmuşdu. Aşkardır ki, erməni qoşunu bolşevik adı və bayrağından istifadə edib, milli ədavət üzərindən müsəlmanlara atəş açmışdı...”

 

Diplomatik fəaliyyət

 

Azərbaycan hökuməti Tehranda Azərbaycan diplomatik nümayəndəliyinin yaranması haqqında 1919-cu il iyun 16-da qərar verir. Oktyabrın 4-də nümayəndəliyin ştatı təsdiqlənir və nazir müavini Adil xan Ziyadxanov nümayəndəliyin başçısı təyin edilir. Adil xan Ziyadxanovun Tehrana gedişini İran qəzetləri “özümüzünkü gəldi” deyə qeyd edirlər. Bu da səbəbsiz deyildi. İran şahı və bir çox vəzifəli şəxslər Qacarlar sülaləsindən olduğu kimi, Adil xan Ziyadxanov da Qacar sülaləsindən idi. Əli Şamili dinləyək:

 

“Avropaya səfərə çıxan İran sahı 1919-cu il avqust ayının 16-da yolüstu Bakıda dayanmış, mehriban qonaqpərvərlik üçün Azərbaycan hokumətinə minnətdarlığını bildirmişdi. Bakıdan qatarla yola düşən İran şahını Adil xan Ziyadxanov Batuma qədər müşayiət etmişdi. Yolda Ziyadxanov İranın yeni xarici işlər naziri, Paris üulh konfransında İran numayəndə heyətinin başçısı Firuz Mirzə Nusrətuddövlə ilə də dünyanın mövcud durumu mövzusunda söhbətlər edib.

 

1920-ci il yanvarın 11-də Paris sulh konfransının Ali Şurası Azərbaycan mustəqilliyini de-fakto tanımışdı. Bu münasibətlə yanvarın 14-də Bakıda keçirilən şənliklərdə çıxış edən İran konsulu Ağa Səid Ziyaəddin Təbatəbai bildirmişdi ki, İran yaxın günlərdə Azərbaycan Cümhuriyyətini rəsmən tanıyacaq.

 

Bakıda mart ayında keçirilən Azərbaycan-İran konfransında Azərbaycan Cumhuriyyəti hokuməti ilə İran Şahənsah hökuməti arasında muqavilə layihəsi hazırlanıb. Martın 20-də muqaviləni Azərbaycan Cümhuriyyəti adından xarici islər naziri F.X. Xoyski, ədliyyə naziri X.Xasməmmədov, yollar naziri X.Məlikaslanov və İran Şahənsah hökuməti adından Qafqazda İran missiyasının basçısı və fövqəladə elçisi Təbatəbai imzalayıb.

İranda olarkən Adil xan Ziyadxanov “Azərbaycan: tarixi, ədəbiyyatı və siyasəti” adlı kitabını yerli soydaşlarımız arasında pulsuz paylayır, “Qələmin uçuşu” adlı iki hissəlik kitabını isə fars dilində nəşr etdirərək Azərbaycanın azadlıq uğrunda çarpışmasından ətraflı söz açıb.

 

Cümhuriyyət süquta uğradıqdan sonra bolşeviklər qardaşı, diplomat və dövlət xadimi İsmayıl xanı güllələsələr də, Azərbaycandakı mal-mülklərini müsadirə etsələr də, Adil xan Ziyadxanov diplomatik fəaliyyətini davam etdirir.

 

E. NİHAD

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər