Modern.az

Aktrisa Ülviyyə Əliyeva: “Sənətim olmasaydı, Allah bilir kimin şilləsinin altında olardım”

Aktrisa Ülviyyə Əliyeva: “Sənətim olmasaydı, Allah bilir kimin şilləsinin altında olardım”

Müsahibə

14 İyun 2011, 09:23

“Əslində Çiçək, Maral və Keyxanım bir-birinə çox oxşayır”

Gənc aktrisa Ülviyyə Əliyeva tamaşaçılara milli seriallarda oynadığı rollardan tanışdır. Onun bir qədər sadəlövh, şən, qayğısız Keyxanımı və Maralı tamaşaçı diqqətini çəkə bilib. Modern.az-a müsahibəsində Musiqili Komediya Teatrının gənc aktrisası özü ilə bağlı maraqlı məqamlara toxunub. Aktrisa ilə müsahibəni təqdim edirik. 

- Ülviyyə xanım aktrisa olmağı uşqalıqdan arzulamısınız?

- Doqquzuncu sinfə kimi həkim olmaq istəyirdim, sonra da iş elə gətirdi ki, oxuduğum 86 nömrəli məktəbdən Tolstoy küçəsindəki 1 saylı məktəbə getdim. Bu dəyişiklik fikrlərimi də dəyişdi. Artıq 10-cu sinifdə xarici dillərə getmək fikrindəydim. Xarici dillərə qarşı çox böyük həvəsim var idi, bəlkə də məşğul olsaydım, poliqlot olardım. Amma evimizdəki fotoalbom fikrimi dəyişdi... Şəkillərimə baxırdım. Bütün şəkillərimdə səhnədə ya şeir deyirdim, ya da rəqs edirdim. Nə isə çəkirdi məni. Beş yaşından etibarən anam məni Opera və Balet Teatrına, Rus Dram Tetrına aparırdı. Bütün tamaşalara getmişəm, elə bir tamaşa olmayıb mən ona baxmayım. Həftənin üç günü teatrın birinci sırasına aktyorları yaxından görmək, səhnənin iyini hiss etmək üçün bilet alırdım, ən çox da Rus Dram Teatrına.. Artıq 11-çi sinifdə qərara aldım ki, aktrisa olum. Təbii ki, anam qəti etiraz etdi. Anam ümid edirdi ki, mən Xarici Dillərə gedəcəyəm. Anamın təkidi ilə Xarici Dillər İnstitutna imtahana getdim. Qəsdən heç nə yazmadım. Kəsildim. Bir il anamla, evdəkilərlə mübahisələrlə keçdi. Anamdan başqa bütün ailə üzvlərim istəyirdi ki, mən incəsənətə gedim. Həmin o bir il müddəti məni ciddi sınaqlara məruz qoydu. Anam mənə dedi ki, “sənə bir şərtlə aktrisa olmağa icazə verəcəyəm”. Dedi, “əvvəlcə səni teatra işə düzəldim. Xoşuna gəlsə, icazə verərəm sənədlərini İncəsənət Unversitetinə verərsən”. Bilirsinizmi, nəslimizdə incəsənətdə olan yoxdur. Mən birinci idim. Ona görə hamıya bir az qəribə gəlirdi mənim istəyim. Anamın niyyətindən isə bu yaxınlarda xəbər tutmuşam. Sən demə anam belə fikirləşib ki, “teatr başdan ayağa intiriqadı. Qız bu intiriqaları görüb qorxar fikrini dəyişər, ordan qaçar”. Sizə deyim ki,  baxmayaraq ki, mən qalmaqal, şou-biznes verlişlərinin qəhrəmanlarını canlandırıram, amma qətiyyən qalmaqallı insan deyiləm. Nə isə... Anam məni Dövlət Gənclər Teatrına işə düzəltdi. Rəhmətlik Hüseynağa Atakişiyevin rəhbəri olduğu teatrın çox gözəl və kiçik kollektivi var idi. Deyim ki, mərhum Hüseynağa müəllim sənətdə aktrisa kimi yetişməyim üçün ilk təməlimi atıb. Orada işləyə-işləyə sənədlərimi verdim Mədəniyyət və İncəsənət Universitetinə. Qabiliyyət imtahanlarında xalq artisti Yaşar Nuri məni yoxladı, dedi “istedadın var”. Beləcə qəbul olundum.   

- Teatrda müəllimləriniz kim olub?

- Xalq artisti Afaq Bəşirqızı mənim sənətdə müəllimim olub. Dövlət Gənclər Teatrında 3 il, Müsiqili Komediya Teatrında isə artıq 10 ildir ki, çalışıram. 12 ildir ki, Afaq xanımdan öyrənirəm. Demək olar ki, o mənim sənətdə anamdır. Sənətdə “atam” isə rəhmətlik Hüseynağa Atakişiyev olub. Allah Hüseynağa müəllimə rəhmət eləsin, çox böyük rejissor idi. Afaq xanıma can sağlığı versin, Afaq xanım teatrdakı bütün gənclərə, dəstək olur.

- Teatrda ilk rolunuz hansı olub?

- Dövlət Gənclər Teatrında. İlk kicik rolum “Tıq-tıq xanım” tamaşasında olub. Burada iki rolu –Tıq-tıq xanımı və atlını oynayırdım. Böyük rolum isə Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasında olub.  Kefli İsgəndərin bacısı Nazlını oynayırdım. Anam tamaşaya  baxdı. Dedi ki, “qızım istedadın var imiş...”. Ondan sonra mənə xeyir-dua verdi. “Ölülər” tamaşası mənim teatra vəsiqəm oldu.

- Niyə məhz Musiqili Komediya Teatrını seçdiniz? Öz istəyinizlə gəlmisiniz, yoxsa təsadüf oldu?

- Hələ İncəsənət Universitetinə qəbul olarkən Hüseynağa Atakişiyevin məsləhəti ilə Musiqili komediya aktyoru fakültəsinə daxil olmuşdum. Heç ağlıma gəlmirdi ki, mənim səsim var. İncəsənət Universitetində bəzi sirlərim açıldı. Birinci kursda müəllimiz Yaşar Nuri olub. Sonra işləri ilə bağlı Yaşar Nuri işdən çıxdı. Bizim kursu Afaq xanıma verdilər. İkinci kursdan Afaq xanım dedi ki, “Musiqili Komediya Teatrına gəl”. Gənclər Teatrında üç il işlədiyim balaca kollektivə öyrəşmişdim, Musiqili Komediya Teatrına getməyə qorxurdum: böyük kollektiv, orkestr... Qorxurdum ki, məndə alınmaz, intriqalar olacaq. Günlərin birində dərsdən icazə alıb teatra təqdimata getmişdim. Dərslə bağlı sinif nümayəndəsinə zəng vurmuşdum. Dedi ki, “Afaq xanım dərsdə elan edib ki, səni “Muzkomediya”ya keçirir”. Dedim “nə danışırsan, mən istəmirəm, getmirəm”. Çox qorxurdum. Ümumiyyətlə, riski sevən insan deyiləm. Bir addım atmaq üçün 100 dəfə fikirləşməliyəm, milyon insandan məsləhət almalıyam. Çox şükür ona görə də bu günə kimi həyatda heç bir səhvim olmayıb. Səhəri günü dərsə gəldim, öz -özümə “Afaq xanıma deyəcəm ki, mən istəmirəm, orkestr, böyük kollektivlə işləməkdən qorxuram” söylədim.
Dərsdə Afaq xanım dedi ki, “qızım sən keçirirəm “Muzkomediya”ya”. Bir kəlmə ilə dedim “baş üstə”. Elə bil dilim-ağzım bağlandı.  Dərsdən çıxıb Hüseynağa Atakişiyevin yanına getdim. Hüseyağa Atakişiyev  “qızım xeyirli olsun, sənin yerin oradır” deyib, sənədlərini verdi.  Rəhmətlik Hacıbaba Bağırovun yanına gəldim, səndlərimi qəbul etdi. Hər şey su kimi getdi. Elə bil belə də lazım idi. Beləcə,  Musiqili Komediya Teatrında işləməyə başladım. Peşman da deyiləm. Bu teatrdan  çox şey öyrənmişəm, çox şükür ki, qorxduğum şeylər olmadı. Çox mehriban kollektivimiz var.

- Teleşouda yaratdığınız Keyxanım obarzı tamaşaçıların rəğbətini qazanb. Deyəsən bu rolla populyar olmusunuz?  

- Mənim işlərimdə  bu günə kimi heç nə planlı şəkildə olmayıb. Etiraf edim ki, incəsənətə gələndə arzulamışam ki, populyar olum, tanınım. Kim istəməz ki?! İnstitut illərində hamını kütləvi səhnələrə, kiçik çəkilişlərə dəvət edirdilər. Mən boyu balaça, yumru bir qız idim. Gözəl görkəmli qızların fonunda balaca, yumru bir qız... Məni gec görürüdülər.
Rafael və Coşqunla Gənclər Teatrında çalışırdıq. “Hərənin öz payı, öz tayı” filmi çəkilirdi. Rafaelgil də mənim namizədliyimi verdilər ki, “belə bir aktirisa var, bəlkə yoxlayasanız”. Rejissor mənə baxdı və dedi ki, “olar”. Film 10 günə çəkildi. Təmtəraqla Respublika Sarayında təqdimat oldu. 3 gün filmin premyerası oldu.. Zal ağzınacan dolu olurdu. Vəssalam, bundan sonra uzun sürən sakitlik başladı. Beləcə 1 il keçdi. Birdən-birə filmə elə maraq oyandı, məəttəl qaldım. Hara gedirdim “aaa Çiçək, Çiçək” deyə çağırırdılar. Çiçək obrazında məni “SOY Prodakşn” gördü, ondan sonra məni  “Çal-çağır” verlişinə Toppuş bacının baldızı olan Keyxanım obrazına dəvət etdilər. Beləcə Çiçək obrazı mənə televiziyaya yol açdı. 

- “Aramızda qalsın” serialında oynadığınız Maral obrazı da diqqət çəkir. Oynadığınız Maral obrazından razısınız? “R”-nı “y” ilə əvəz etmək çətin olmur ki?

- Mən heç vaxt özümdən razı olmamışam. Hər zaman özümdə nəsə bir səhv tapıram. Amma deyəsən tamaşacıların xoşuna gəlir. Çox çətin olur. Səhər-səhər çəkilişə gələndə hərdən çaşıram. Rejissor “stop” deyəndə bilirəm ki, səhv demişəm. Günün sonuna doğru öyrənirəm “y” ilə danışmağa. Evə gələndə başlayıram “y” ilə danışmağa. “Burda və indi” verlişində “boxca xəbərləri”ndə çaşıb ”y” deyirəm. Sonra birdən deyirəm ki, mən niyə “y” ilə danışmalıyam. Bir məqamı da deyim ki, “y” ilə danışmaq mənə çox kömək olub. Serialın çəkilişlərinə başlayanda fikirləşirdim ki, obrazda nə tapım ki, maraqlı alınsın. Əslində Çiçək, Maral və Keyxanım bir-birinə çox oxşayır. Çünki ikisində ərə getmək üçün özlərini öldürürlər. Bu üç obraz mənim xaraktrerimə ziddir. Elə bil, alnıma yazılıb ki, mən həmişə ər üçün özünü öldürən qızı oynamalıyam. Sonradan “y” bir tapıntı oldu ki, bir az fərqli obraz yarada bilək. 

- Serialın Türkiyədə uğurla gedən “Çocuqlar duymasın”ın plagiatı olması barədə ittihamlar səslənir. Sizin bu fikrə münasibətiniz necədir?

- Bu serialın ideyası əslində Türkiyəyə məxsus deyil. Layihə  İngiltərənindir. Ümumiyyətlə,  televiziyadan bir az başı cıxan insanlar bilir ki,  “Milyoncu”, “Kim kimdir”, “Zəif bənd” verilişləri İngiltərədən gələn proyektlərdir, Türkiyədə də gedir, Rusiyada da, bizdə də... “Çocuklar duymasın” da istisna deyil. Əvvəl Türkiyə çəkib, Türkiyədən sonra biz çəkmişik. “Çocuklar duymasın” ağıllı bir addım atdı, film necə ildir gedir, artıq reytinqi düşmüşdü. Səhv etmirəmsə, reytinq cədvəllərində 9 idi və bizimlə bu qalmaqalları başlandıqdan sonra internetdə xəbərlər getdi ki, guya bizi məhkəməyə verdilər, ondan sonra da onların reytinqi qalxdı 13-ə. Bu bu idi, başqa heç nə yox idi.
“Aramızda qalsın” serialı başlayanda “Çocuklar duymasın”a oxşayırdısa, getdikcə,  personajlar inkişaf etdikcə, oxşarlıq itir. Mən özüm də baxıram. “Çocuklar duymasın”da nə Əjdər əmi var, nə Dilbər xala. Dilbər xala var, amma həmin Dilbər xala deyil. Səidə xanıma heç kim çata bilməz. Türklərdə evin qulluqcusunun hərdən bir-iki kəlmə replikası ya olar, olmaz. Üstünlük baş qəhrəmanlara verilir. Amma bizdə rejissorlar elə ediblər ki, istər Maral, istər Dilbər, Əjdər eyni dərəcədə üzdədir. Maraqlı olardı ki, “Çocuklar duymasın”ın hansısa sözləri dillər əzbəri olsun.
Bu yaxınlarda Firuzla Əjdər əminin dediyi repə kilip çəkmişdilər. “Tavaxal elə, tavaxıl elə, l love you my baby”... Dünən axşam çəkilişdən gəlirəm bir uşaq bunu oxuyur..
İndi Azərbaycanda çəkilən “Aramızda qalsın” teleserialı tamaşaçılardan gələn rəylərdən deyirəm ki, “Çocuklar duymasın”dan qat-qat güclüdür. Çünki, orda Cəsarət, Aslan, Yeganə, Dilbər, Əjdər də var, Vəfa xanım Zeynalova çox gözəl oynayır. Kimi görürsən ən azından  “işləyirik, işləyirik, işləyirik” sözlərini deyir, çox sözlər dillər əzbəri olubsa, deməli tamaşaçıların rəğbətini qazanmışıq. “Aramızda qalsın” daha maraqlı, daha rəngarəngdir. 

- “Çocuklar duymasın”a dəvət alsanız, gedərdiniz? O filmdə bəzi səhnələr canlı yayınlandı, “Aramızda qalsın”da da belə bir yenilik ola bilərmi?

- “Aramızda qalsın” daha güclüdür deyə, getməzdim. Başqa serial olsa, gedərdim. Niyə güclünü qoyub zəifə gedim. Bu mənim subyektiv fikrimdir. Ona görə yox ki, mən bu filmdə oynayıram. Amma başqa seriallarda oynamaq istəyərəm. Niyə də olmasın. “Çocuklar duymasın”a bir-iki dəfə baxmışam darıxdırıcı olub. Təbii ki, zövqlər müxtəlifdir, bəlkə də kiməsə maraqlı gəlir.
Deyim ki, eksperimentləri sevirəm.  Hər şey ola bilər, sabah Maral başını keçəl qırxdırıb efirə çıxa bilər, o ki, qaldı canlı yayınlanmağa.

- Oynadığınız Maral və  Keyxanım ailə qurmaq üçün Allah bəndəsi axtarır, bəs Ülviyyə Əliveya necə?

- İtirmişəm ki, axtarım. Amma hər gənc qız kimi qismətimi gözləyirəm. Onun da vaxtı, zamanı, Allahın yazdığı yazı var. Axtarmaqla deyil. Təbii ki, gənc xanım kimi mən də istəyirəm ki, ailəm, övladlarım olsun... Öz evimin xanımı olum.

- Ailə və iş, seçim qarşısında qalsanız, hansını seçərdiniz?

- 4 il bundan əvvəl qətiyyətlə deyirdim ki, mən heç vaxt  ailəmi sənətimə qurban vermərəm. İndi də belə fikirləşirəm. Amma 50 %-lə. Çünki, yaşadıqlarım fikirlərimi dəyişib. İndi mənim karyeram var, əziyyət çəkib bura kimi gəlmişəm. Həyatda heç kimə etibar yoxdur. Nə qədər sevsən də. Elə bir an gəlir ki, o insan yox olur sənin həyatından. Əgər mənim sənətim olmasaydı,  Allah bilir evin bir güncündə, kiminsə şilləsinin altında olardım. Ən azından kiminsə əlinə baxardım. Heç kimə görə mən sənətimi atmaram. Çünki, vaxt olub mən kiməsə görə, sənətimə xəyanət etmişəm... Sonda o mənə xəyanət etdi, amma sənətim yox. Bir müddət qismən sənətdən uzaq dümüşəm. Bir az da davam etsəydi, mən sənətdən tamamilə uzaq düşərdim. Allah elə etdi ki, son addımda məni o dərədən çıxardı. 

- Tanınmış sənət insanlarının müxtəlif kaprizləri olur, sizdə də varmı? 

- Qətiyyən. Heç bir kaprizim yoxdur. Bir kaprizim var - işləməyi sevirəm. Çəkilişlər zamanı 1 saat yemək fasiləsi olur. Mənim ürəyim partlayır ki, bir saat yemək yemək olar..?

- Efirlərdən çox şən, pozitiv insan kimi görsənirsiniz, bəs adi həyatda necə insansınız?

- Hər zaman pozitivəm. Hərdən olur ki, əhvalım pis olur, onda gəlib ya şokolad, ya da dondurma  yeyirəm. Bədnamlığı heç sevmirəm. Demirəm ki, bütün günü oynayıb-gülürəm. Yox, sadəcə olaraq mənfi şeylərə qapanmağı xoşlamıram. Amma eyni zamanda, bir az da ciddiyəm, elə rəfiqələrim var ki, məndən daha dinamikdir. Şıltaqlıq çox etmirəm, efirdə o qədər deyib-gülürük ki, bəzən adi həyatda çox passiv oluram. Çox açıq-saçıq zarafatlar xoşlamıram, insanlarla pərdə saxlamağı sevirəm.    

- “Burda və indi” şousunda müxtəlif insanları güldürməklə sınağa çəkirsiniz? Bunlar arasında aktyorlar da olur, onları güldürmək çətin deyil ki?

- Təbii ki, çətindir. Aktyoru güldürmək lap çətindi. Bu sınaq həm məsuliyyətlidir, həm çətindir, həm də  çox zövqlü və maraqlıdır. Çünki səhnəcik qurtarana qədər nigarançılıq davam edir. Təbii ki, bu, bir günün işi deyil. O səhnəcik üçün bir komanda bir həftə işləyir. Səhnələr demək olar ki, mini - tamaşadır. Başlanğıc, hadisə və sonluq var. Bunun teatrda hazırlanması aylar çəkir. Bizdə isə bir həftəyə hazırlanır, yazılır, iki gün məşq olur. Hər həftə iki ayrı-ayrı obraz yaradırıq, hətta üç... Özümdən götürürəm. Biri Keyxanım, iki obraz da qonaq üçün hazırlanan səhnəcikdə. Ona görə çox çətindir, amma mən həqiqətən zövq alıram.
Teatrda bir ildə iki obrazı yarada bilirəmsə, “Burda və indi” verlişində bir ayda 8 rol oynayıram. Elə rollar olub ki, ümumiyyətlə çətin olub.  Məsələn,  kişi rollarını oynamaq çətin olub, çünki indiyə kimi heç vaxt kişi rolu oynamamışam. Birdən-birə sərxoş, narkoman kişini təsvir etmək mənim üçün maraqlı və çətin olub. Bilmirəm alınıb ya alınmayıb.

- Gözəl rəqs etməyi bacarırsınız, rəqs dərsləri almısınız?

- Bir dəfə də olsun rəqs dərsinə getməmişəm. Universitetdə umimi şəkildə dərslər keciblər. Düzdür, uşaq vaxtı rəqs dərslərinə getmək istəmişəm, amma alınmayıb.
15 yaşım olardı, Etibar Məmmədovun rəhbərliyi ilə bal rəqsləri, kursaları var idi. Anam dedi ki, “gəl səni aparım rəqs dərslərinə, bir az arıqlayarsan”. Mən sevincimdən yerə-göyə sığmırdım. Dedilər ki, “gəl bu gün məşq zalına bax, sabahdən dərsə gələrsən”. Qaça-qaça getdim qapını açdım, gördüm hamı rəqs “kupalnikində” məşq edir, qapını bağladım... Vəssalam. Anama dedim ki, “mən kiminsə yanında “kupalnıkdə” oynayacam? İndi fikirləşirəm ki, nə yaxşı mən rəqsə getməmişəm. Çünki, rəqs elədir ki, məsələn, bal rəqsləri ilə məşğul olursansa, onda sən milli rəqsləri yaxşı oynaya bilmirsən. Necə ki, xanəndə ariya oxuya bilmir. Həmçinin milli rəqslərə getsəydim, bal rəqslərini bilməzdim. Bunların heç birinə getməmişəm, hamısını sevmişəm deyə, hamısını da bacarıram. Musiqini hiss edirəm və ona uyğun hərəkətlər edirəm.

- “Burda və indi” verilişi barədə bəzən deyirlər ki, səviyyəli gülüş yarada bilmirlər. Bunula razısınızmı?

- Təbii ki, yox. Bizim verilişlərə xalq artistləri gəlir. Belə çıxır ki, onlar da bayağıdır..? Ümumiyyətlə, Azərbaycan teleməkanında “Burda və indi”dən daha güclü bir proyekt yoxdur. Bütün digər verilişlər müğənnilər üzərində qurulub, “Burda və indi” yeganə verilişdir ki, aktyorlar üzərində qurulub. Elə bir bayağılıq olsaydı, verilişin o bayda reytinqi olmazdı. Xalq artistləri gəlirməzdi və bizim zarafatlara gülməzdilər.  

- Hansı rolları ifa etmək istərdiniz?

- Çox istərdim Muzikildə oynayım. Hər hansı birində... Ən çox da “Notrdam qozbeli” muziklində Esmeralda rolunu... Bəlkə də rejissorlar mənim fakturama baxıb mənə o rolu verməzlər. Muzikildə oynamamışam, çox istərdim. Çünki, bu mənə daha çox yaxındır, həm oxumaq, həm rəqs etmək, həm də aktyorluq etmək.   

- Hansı aktyorla tərəf müqabili olmaq istərdiniz?

- Fərqi yordur.

- Rejissorlardan kiminlə işləmək istərdiniz?

- Hamı ilə... Xüsusi olaraq işləmək istədiyim bir rejissor yoxdur. Çünki mənim indi öyrənən vaxtımdır. Hazırda mən sənətdə heç nə etməmişəm, hələ öyrənirəm.

- Müasirliyə münasibətiniz necədir? Məsələn bu günkü gənclərin geyimindən razısınızmı?

- Yaxşı. Özüm də gəncəm. Hər kəs istədiyi kimi, evdən icazə verildiyi kimi geyinir. Hər yaşın öz geyimi var. 12 yaşlı qız şortik geyinsə, bu o qədər pis görünmür, nəinki 30 yaşlı bir qadın geyinsə.
İndiki cavan oğlanların geyimindən  dəhşətə gəlirəm. Aşağısı dar, yuxarısı enli şalvarlar geyinirlər. Cavan oğlanları elə geyimdə görəndə, fikirləşirəm ki, igidlik qalmayıb. Bəlkə də məni köhnə baxışlı kimi qəbul edəcəklər, amma kaş bu sözlərimə görə köhnə baxışlı olum. Kişinin kişi geyimi olmalıdır. Onu hansı zövqlə, hansı ağılla geyinirlər bilmirəm. Üstəlik “vetnamka” da geyinib fəxrlə şəhərdə gəzirlər. Mən heç vaxt dəblə getməmişəm. Mənə yaraşanı geyinməyə çalışmışam. Məncə qadın nə qədər gizli olsa, bir o qədər maraqlı olar.  

- Mətbəxtdə vaxt keçirə bilirsiniz?

- Bütün yeməkləri bişirməyi  bacarıram. Maraqlı yeməklər bişirməyi sevirəm. Hətta primitiv yeməkləri özümdən nəsə qatıb maraqlı edirəm. Ən cox sevdiyim salatlardır. Özümün ideyaları olur, ləzzətli də alınır. Ümumilikdə öz mətbəximizi daha çox sevirəm, amma italıyan, fransız mətbəxini də bəyənirəm. Ət yeməklərinə çox da üstünlük vermirəm.  

- Yaxın gələcəkdə reallaşdırmaq istədiyiniz planlarınız varmı?

- “Aramızda qalsın”serialının vaxtı bir il uzadılıb. “Burda və indi” bir müddət sonra məzuniyyətə çıxır. Hələ bilinmir sentyabrda varıq ya yox...  Yəqin ki, olarıq inşallah. Hər an hər şey dəyişə bilər.

Sədaqət SÜLEYMANOVA

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı