Modern.az

Hidrometeoroloji proqnozlar bürosu: “Bu yay sərin olacaq”

Hidrometeoroloji proqnozlar bürosu: “Bu yay sərin olacaq”

Ölkə

14 İyun 2011, 14:23

Bu il yay mövsumu nisbətən sərin keçəcək. Ölkə ərazisinə düşən yağıntıların miqdarı ötən illə müqayisədə çox, qeydə alınan temperatur isə aşağıdır. Bu barədə Modern az saytına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji proqnozlar bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Onun sözlərinə görə, bu il müşahidə olunan temperatur keçən illə müqayisədə aşağıdır.
“Ötən il Bakıda və Abşeron yarmadasında maksimal temperatur 36,8 dərəcə isti  olmuşdusa, hazırda Bakı və Abşeron yarmadasında 24-29 dərəcə isti müşahidə olunur. Mərkəzi aran rayonlarında, Naxçıvanda keçən il maksimal isti 37-39, Culfa rayonunda 41 dərəcə idisə, bu il temperaturlar keçən illə müqayisədə aşağıdır. Amma yağıntıların miqdarı keçə illə müqayisədə bu il daha çoxdur”.

A.Verdiyevin sözlərinə görə, hazırda bölgələrdə müşahidə olunan yağmurlu hava şəraiti normaldır. Respublikanın ərazisində son günlərdə müşahidə olunan belə hava şəraiti əsasən lokal xarakterli leysan yağışları ilə əlaqəlidir.
“Ümumiyyətlə Azərbaycan ərazisində şimşək çaxma,  dolu düşmə hadisələri əsasən may-iyun aylarında təsadüf edir. Ötən illərə də nəzər salsaq, şimşək çaxma, dolu düşmə, lokal leysan yağışlarının yağdığının şahidi oluruq. Elə ola bilər ki, bir gün ərzində yağan lokal leysan yağışlarının miqdarı bir aylıq normaya uyğun olsun. Bunun da nəticəsində çaylarda qısa müddətli daşqın, sel hasdisələri də müşahidə olunur”.

Yaxın 3 gün ərzində gözlənilən hava şəraitinə gəlincə, A.Verdiyev qeyd etdi ki, bölgələrdə ayın 15-16-da gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayın 17-də bəzi yerlərdə lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var.

İyunun 15-də  mərkəzi aran rayonlarında 29-34 dərəcə isti, dağlıq ərazilərdə 18-23 dərəcə isti olacaq. İyunun 16-17 –də isə temperatur bir qədər də yüksələrək mərkəzi aran rayonlarında 31-36 dərəcə, dağlarda isə 20-25 dərəcə olacaq.  

Bakıda və Abşeron yarmadasında isə ayın 15-də dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin olacağı, lakin gecə yarmadanın bəzi yerlərində az yağış yağacağı proqnaozlaşdırılır, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 28-33, yarmadanın bəzi yerlərində 35 dərəcə, ayın 17-də də dəyişkən buludlu, yağmurlu hava şəraiti müşahidə olunacaq, şimal-qərb küləyi üzü axşama doğru nisbətən güclənəcək, gündüz saatlarında 26-31 dərəcə isti olacağı gözlənilir.

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı