Modern.az

Bakıda havanın da havası çatışmır: oksigenin miqdarı niyə azalıb?

Bakıda havanın da havası çatışmır: oksigenin miqdarı niyə azalıb?

Ölkə

28 İyun 2011, 15:55

Mütəxəssislər deyirlər ki, normalda atmosferdə oksigenin təbii miqdarı 21 faiz olmalıdır. Ancaq araşdırmalar göstərir ki, bu, hazırda insan ayağı dəyməyən ərazilərdə, qoruqlarda, okean və dəniz sahillərində belədir. Yükdaşımanın və əhalinin sayı artdıqca, nəqliyyat çoxaldıqca atmosferdə oksigenin həcmi təsirlərə mərzu qalır, xüsusilə şəhərlərdə oksigenin faiz dərəcəsi azalır.
Bakı urbanizasiyaya məruz qalan və yüklənən şəhərdir. Belə bir şəraitdə Bakıda oksigenin miqdarı nə qədərdir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Abbasova  Modern.az-a açıqlamasında bildidb ki, Bakıda oksigenin miqdarı oynaq vəziyyətdə olur. Onun sözlərinə görə, paytaxtda Şimal küləkləri əsəndə oksigenin miqdarı hardasa 17-18 faizə qalxır. Amma Cənub, Şərq küləkləri əsəndə bu faiz 15.8 və ya 16.5-ə enir.

“Bizim müşahidələrimiz bunu deməyə bizə rəvac verir.  Şimal küləkləri soyuq cərəyanlardır. Təbii ki, soyuq cəryanlar özü ilə ozon gətirir, ozon da getdikcə istilərə dəyişdikcə oksigenə parçalanır və oksigen bolluğu əmələ gətirir. Ancaq Cənub küləkləri səhra küləkləri olduğundan onda oksigenin sıxlığı çox az olur. Ancaq siklonlar yaxşı bol oksigen gətirir, antisiklonlarda isə oksigen zəif, yəni sıxlığı az olur”.

M.Abbasova qeyd edib ki, istidən asılı olaraq, temperatur artıqca oksigenin də digər qaz birləşmələri ilə istifadəsi artır, nəticədə onun sıxlığı azalır. Direktor müavini eyni zamanda paytaxtımızda oksigenin belə miqdarının normal olduğunu vurğulayıb.

“Oksigenin miqdarının aşağı olması normal olmasa biz yaşa bilərdik? Elə ərazilər var ki, məsələn, səhralarda, elə İranın özündə bu göstərici 14-16 faiz arasındadır. Çünki quru iqlim şəraitidir, təsir yükləri çoxdur. Ona görə oksigenin sərfi də yüksəkdir. Bu elmi-tədqiqat institutları tərəfindən işlənib hazırlanmış normalardır. Bizdə dənizin də olması oksigeni tənzimləyir. Sadəcə olaraq Bakıda Cənub-şərq küləkləri olanda hiss edirik ki, oksigenin sıxlığı azalır. Ancaq belədə norma daxilindədir”.

Mətanət Abbasova bildirib ki, əgər Bakıda oksigenin miqdarı normal olmasaydı və hava çirkli olsaydı, o zaman asfaltdan otlar qalxmazdı. Amma bu o demək deyil ki, hər şey yaxşıdır.

“Sadəcə 90-cı illərlə müqayisədə tullantıların demək olar ki, 60 faizi yoxdur. Bu gün bizdə tullantılar nəqliyyatın hesabına formalaşır. Nəzarət sistemi də işə düşəndən sonra Avropa ölkələri kimi, bizdə o naliyyətləri əldə edəcəyik”.

Direktor müavini havada çirklənmənin qarşısını almaq və normal oksigen təminatı üçün bir sıra tədbirlər də həyata keçirdiklərini deyib. Onun sözlərinə görə, bu gün Bakıda şimal küləkləri olduğu üçün ümumi şəhər üzrə zəif çirklənmə müşahidə olunur.

“Yaşıllıqların salınması, tullantı məntəqlərində zibillərin yandırılmasının qarşısının alınması - bizim bütün bu işlərimiz hamısı havada oksigenin miqdarının artırılmasına, yəni təmiz havanın əldə olunmasına yönəlib”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü