Modern.az

Vəfa Quluzadədən gözlənilməz açıqlama: “Fransanın həmsədriliynə Bakı razılıq verməyib”

Vəfa Quluzadədən gözlənilməz açıqlama: “Fransanın həmsədriliynə Bakı razılıq verməyib”

28 İyun 2011, 19:58

Politoloq siyasi islahatların vacibliyini bildirib

Azərbaycan prezidentinin beynəlxalq məsələlər üzrə keçmiş müşaviri, politoloq Vəfa Quluzadə ATƏT-in Minsk Qrupunun tərkibinin formalaşdırılmasının tarixi barədə gözlənilməz açıqlama ilə çıxış edib. Modern.az bildirir ki, YurdTV-yə müsahibəsində V.Quluzadə deyib ki, 1994-cü ildə ATƏT-in Minsk Qrupu təşkil edilərkən Bakı Fransanın həmsədr olmasına etiraz edibmiş.

“1994-cü ildə bu münaqişə ilə bağlı prosesdə 11 dövlət iştirak edirdi.  Sonradan qərara alındı ki, iki dövlət həmsədr kimi qalsın. Tərəflər Rusiyanın həmsədr olmasını dəstəklədilər. Azərbaycan ABŞ-ın həmsədrliyinə razılıq verdi. Prosesin gedişində Rusiya fənd işlədərək Azərbaycanın razılığı olmadan Fransanı üçüncü həmsədr kimi seçdirdi”-deyə V.Quluzadə vurğulayıb. 

Keçmiş dövlət müşaviri deyib ki, Rusiyanı həmsədr seçməklə onun münaqişənin həll edilməsində müsbət rol oynayacağına ümid ediblər. Amma Moskva proseslərdə özünün mənfi rolunu oynayıb.

Politoloq Kazan görüşünü şərh edərkən bildirib ki, bunun nəticəsiz olacağını əvvəlcədən bilib.

“Mən əvvəldən deyirdim ki, Kazan görüşündən heç bir nəticə olmayacaq. Səbəb məlum idi. Bu səbəb Rusiyanın geostrateji maraqları və Qafqazı itirmək təhlükəsidir. Artıq Rusiya bu təhlükənin qarşısında dayanıb. Azərbaycan və Ermənistan sülh müqaviləsinə imza atan kimi Rusiyadan asılılıq yoxa çıxacaqdı. Bu iki ölkə əl-ələ tutub, Avropa Birliyinə, NATO-ya daxil olardı”-deyə V.Quluzadə bildirib.   

Politoloq son zamanlar Qərbin təşəbbüsü ilə Azərbaycan ətrafında baş verən proseslərdən narahat olduğunu deyib. “Mən çox təhlükələrdən qorxuram. Azərbaycanın dünya KİV-lərində qara rənglərdə göstərilməsi məni narahat edir. Mən bunun arxasında demokratiya uğrunda mübarizə yox, başqa şeylər görürəm. Onlara müti, əmrlərinə tabe olan Azərbaycan lazımdır. Ona görə də dünyada Azərbaycanın mənfi imici yaradılıb. Mənfi imic yaradılandan sonra isə ölkə ilə nə istəsən etmək olar. Azərbaycan bu vəziyyətdən çıxmaq üçün əlindən gələni etməlidir. Bizdən islahatlar tələb edirlər, keçirək islahatları. İslahatlar bizi güclənidirəcək, zəiflətməyəcək”-deyə V.Quluzadə vurğulayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir