Modern.az

Öz çaymız, öz dadımız: çayçılığın keçmiş şöhrətini necə qaytarmalı?

Öz çaymız, öz dadımız: çayçılığın keçmiş şöhrətini necə qaytarmalı?

Ölkə

29 İyun 2011, 13:34

Yerli potensial ola-ola süfrəmizin bəzəyi olan çayı xaricdən gətirib dəmləyirik


...Lənkəran bölgəsinə çay bitkisi ilk dəfə 1912-ci ildə gətirilib. İlk çay fabriki isə Lənkəranda 1937-ci ildə qurulub. Çayın kütləvi istehsalına bundan sonra başlanıb. Çox keçmədən 6 rayonun 63 təsərrüfatında 3413 hektardan çox çay plantasiyası salınıb. 14 çay emal edən, 2 çayçəkici və qablaşdırıcı fabrik fəaliyyətə başlayıb. Sovet dönəmində 34 min ton çay yarpağı hazırlanırdı. Lənkəran çayı 1981-ci ildə Almaniyanən Leypsiq şəhərində keçirilən müsabiqədə "Azərbaycan buketi" mükafatına və qızıl medala layiq görülüb.

İndisə çayçılıq özünün ən çətin günlərini yaşayır. Müstəqilliyin ilk illərində çay plantasiyalarının dağıdılması faktik olaraq bu sahənin geriləməsinə gətirib çıxarıb. Bəs onun keçmiş şöhrətini qaytarmaq üçün nə etməli?

Çayçılığın hazırkı vəziyyətini araşdırmaq üçün Modern.az  bir sıra məqamları nəzərdən keçirib və bu sahədə olan uğurları və ciddi problemləri üzə çıxarıb

Sehrli içki - çay

Konyakdan fərqli olaraq çayı çox saxladıqca "qızıl"a dönmür. Ən yaxşı çay yarpağını belə ən yaxşı şərtlər daxilində bir ildən artıq saxlamaq olmur. Çay keyfiyyətini sürətlə itirir. Tropik ölkələrdə çayı hər üç həftədən bir yığırlar. Əgər hansısa bir səbəbdən çayı vaxtında yığa bilməsələr, məhsul növbəti yığıma qədər sürətlə ucuzlaşır. Bir neçə aydan sonra belə keyfiyyətsiz çay artıq Avropada və Asiyada heç kimə gərək olmur. Odur ki, belə çayları çox ucuz qiymətə alıb iqtisadi vəziyyəti yaxşı olmayan ölkələrə ixrac edirlər. Orada onu yaraşıqlı qutulara doldurub əsl adı ilə satırlar. Ucuz qiymətə...

Əsl keyfiyyətli çayın 100 qramı 6 manatdan aşağı ola bilməz. Çayın baha olmağının bir neçə səbəbi var. Çay kolu çox ləng böyüyür. Birinci məhsulu dərənə qədər gərək çay sahəsinə uzun müddət qayğı göstərəsən. Yalnız 7-9 ildən sonra çay kolu birinci məhsulunu verir.

Məhsul yığımı da asan prosedur deyil. Çay yığımı zamanı yalnız təzə yarpaqları yığmaq lazımdır. Bu prosesi avtomatlaşdırmaq cəhdi səmərə verməyib. Maşınla yığılanda köhnə çay yarpaqları da dərilir və məhsulun keyfiyyətini aşağı salır. Çayı əllə ən yaxşı yığan işçi gün ərzində və çox gərgin əməkdən sonra 10 kiloqram çay yarpağı yığa bilər.

Bədbin statistika

Azərbaycanda çay plantasiyaları azalır. Təkcə ötən il çay kollarının 26%-i məhv edilib.
Bu ilin əvvəlində Azərbaycanda 567 ha çay plantasiyaları olub. 2007-ci ildə isə 1700 ha olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu tendensiya hökumətin 2015-ci il üçün çay istehsalını ildə 3 min tona çatdırmaq planı fonunda baş verir. Əhalini ərzaq malları ilə etibarlı təmin etmək barədə müvafiq dövlət proqramını dövlət başçısı 25 avqust 2008-ci ildə imzalayıb.

Azərbaycanda çay əsasən cənub rayonlarında istehsal edilir (Lənkəran, Astara və Masallı) və Zaqatalada becərilir. DSK-ya görə, ötən il 545 ton çay yığılıb. Bu, əvvəlki illərdən 98,1 ton çoxdur. Ötən il “Azersun Holding” yerli fermerlərdən 384 885 kq yaşıl çay yarpağı alıb.

Emal texnologiyasına əsasən, 1 kq fermentləşdirilmiş qara çay istehsalı üçün 4 kq yaşıl çay yarpağı lazımdır.
Bir sıra ekspertlər hesab edir ki, çayçılığın zəif inkişaf səviyyəsi, eləcə də sahədə tənəzzül çay şirkətlərinin (“BETA Qrup” və “Azersun Holding”), həmçinin dövlətin diqqətinin (subsidiya, uzunmüddətli kredit və s.) diqqətinin az olması ilə bağlıdır.

Azərbaycan iri çay istehsalçısı olmaqla yanaşı, həm də idxalçıdır. İdxal edilən edilən çayın 85%-i fermentasiya olunandan sonra qablaşdırılaraq gəlir. Gömrük Komitəsinin məlumatına görə, 2010-cu ildə Azərbaycana Şri Lanka və Hindistandan 8192 ton fermentləşdirilmiş və qismən fermetləşdirilmiş şəkildə çaqy gətirilib. Bu çayın idxal qiyməti 2,05 dollardır. Çəkilib büküləndən sonra məhsul 11,47 dollara idxal edilib. Yerli bazarda çay təxminən eyni qiymətə satılır. İstifadə üçün hazır çay 2010-cu ildə 1 kq-ı 4,66 dillara bəyan edilib.

Statistikaya görə, 1988-ci ildə Azərbaycanda çay planrasiyaları 13,4 min ha sahə tutub, 34,4 min ton yaşıl çay yarpağı olub. Bu, milli çayçılıqda ən yüksək göstəricidir.

Lənkəranın sosial-iqtisadi inkişafına həsr olunmuş 2009-cu ilin 9 ayının hesabatında göstərilir ki, məhsul yığımı dövründə 65 ton yaşıl çay yarpağı istehsal edilib. 2008-ci ildə isə Lənkəranın çay plantasiyalarından cəmi 74 ton məhsul yığılıb. Bu isə 2007-ci illə müqayisədə 53 faiz azdır. Statistik göstəricilərə əsasən, 2006-cı ildə rayonda 311 ton çay yarpağı tədarük olunduğu halda, 2007-ci ildə istehsalın həcmi iki dəfə aşağı düşərək 157 ton olub.

Çayçılıq təsərrüfatlarımız bax bu cür bədbin rəqəmlər üzərində var-gəl etməkdədir. Halbuki, vaxtilə Lənləranda 17 min ton yaşıl çay yarpağı tədarük olunurdu. Bundan da 4,5 min ton quru çay istehsal edilirdi.

Hazırda Azərbaycan çaya olan tələbatının 95 faizini xarici məhsullar hesabına ödəyir. İstehsalçılar bildirirlər ki, vaxtı ilə Azərbaycanda çay plantasiyalarının sahəsi 13 min hektara çatırdısa, indi bu rəqəm 1000 hektara düşüb. Başqa bir rəqəm: hər il ölkədə 16 min ton çay içildiyi halda, onun cəmi 320 tonu yerli çaydır. Qalanı xaricdən gətirilir.

Çayçılığın problemləri

Fərman Quliyev Azərbaycan və Qafqaz Çay Assosiasiyasının prezidenti, elmlər doktoru, professordur. Ömrünün 50 ilini çayçılıq elminə həsr edib. Bizimlə söhbətdə bildirdi ki, çayçılığı dirçəltmək üçün bu sahəyə uzunmüddətli kreditlər verilməlidir. Bu kreditlər 15-20 ili əhatə etməlidir. Çünki bir hektar sahədə çay plantasiyası salmaq 6-7 min dollara başa gəlir.

"Çay starteji əhəmiyyətli, gündəlik istifadə olunan bitkidir. İnsanların tələbatı üçün vacib olan bitki kimi onun inkişafı da vacibdir", - deyə Fərman müəllim bildirir. Bir sıra bədbin rəylərə rəğmən professor hesab edir ki, Azərbaycanın təbii iqlim şəraiti yüksək keyfiyyətli, dünya standartlarına uyğun çay yetişdirməyə tam imkan verir.

"Bizdə pis çay yoxdur, pis çay istehsal edən, yığan, onu emal edən, saxlayan və pis çay dəmləyən var" - bu sözləri Fərman müəllim deyir və Hindistandan Lənkərana çayçılığın perspektivləri ilə tanış olmağa gələn hindli mütəxəssislərə Azərbaycan çayının necə əla çay olduğunu sübut etməyindən fərəhlə danışır.

Onun sözlərinə görə, hind çayının yarpağında 28-30 faizə qədər tanin maddəsi var. (Tanin çayda əsas keyfiyyət göstəricisidir). Bundan əlavə, hind çayında 4-5 faiz kofein və 45-50 faiz ekstrativ maddələr var.

"Bizim Lənkəran çayının tərkibində də 28-30 faiz tanin, 5-6 faizə yaxın kofein, 46-50 faiz ekstratlı maddələr var. Deməli, dünyaya meydan oxuyan hind çayı ilə bizim çay arasında keyfiyyətdə problem yoxdur".

Bir çoxlarından fərqli olaraq Fərman müəllim çayçılığın Azərbaycanda dəbdən düşmədiyi qənaətindədir. Onun sözlərinə görə, cənub zonasında çaybecərəmə həmişə dəbdə olub. Çayçılığın geniş vüsət alması isə Heydər Əliyev dönəmində başlanıb - 1970-82-ci illərdə ölkədə çayın həm maddi, həm də texniki bazası yaradılıb.

Fərman müəllim qeyd edir ki, o zaman yerli çay mütəxəssisləri hazırlanırdı və hər il 10-12 nəfər xaricə təhsil almağa göndərilirdi. Bu illərdə istifadəyə verilmiş "Xanbulançay", "Viləşçay" kimi dəryaçalar məhz çayçılığın inkişafı üçün tikilmişdi. Həmin illərdə Azərbaycanda çayçılıq üçün yararlı torpaqların xəritələnməsi prosesi həyata keçirilib. Nəticədə müəyyən edilib ki, Lənkəran-Astara bölgəsində 23 min hektar çay əkini üçün istifadəyə yararlı torpaq var.

O illərdə hökumətin "Çayçılığın inkişafına dair" məlum qərarı çıxıb. "Siyasi sistemin kökündən dəyişməsi çayçılığa zərbə vurdu", - deyə Fərman müəllim təəssüflə deyir. Amma əlavə edir ki, indi çayçılığın inkişafı üçün böyük potensial imkanlar açılıb. Dövlət tərəfindən kreditləşmə imkanları yaranıb.

Beynəlxalq çay bazarı

Dünyanın ən iri çay satış birjası Keniyanın liman şəhəri olan Mombasda yerləşir. Dünyada bütün çay alğı-satqısı orada aparılır və bu birja dünyada çayın qiymətini müəyyənləşdirən indikatordur. Məsələn, BMT-nin rəsmi rəqəminə görə, 2008-2009-cu illərin 10 ayı ərzində dünya bazarında çayın topdansatış qiyməti rekord həddə qədər - 35 faiz bahalaşıb. Tropik ölkələrdəki quraqlıq səbəbindən Mombasda çayın bir kiloqramı 3,63 dollar olub. Çayın bütün birja qiymətləri tarixində belə qiymət müəyyən edilməyib. Müqayisə üçün qeyd edək ki, 2001-ci ildə çayın bir kiloqramı 1,75 dollar olub. Keniya özü dünyada ən nəhəng çay ixracatçısıdır.

Dünyada çaya olan tələbat isə gündən-günə artır. Belə ki, son bir il ərzində dünyada çaya olan tələbat 4,8 faiz artıb. Bunun nəticəsidir ki, mütəxəssislər gələn ildən çayın pərakəndə satışında qiymətlərin artacağını proqnozlaşdırır. Bir iş də var ki, dünya çay bazarı digər məhsullardan fərqli olaraq iri müqavilələrlə tənzimlənmir. Burada çayın dərhal daşınması metodu hakimdir. Bunun nəticəsidir ki, digərlərindən fərqli olaraq çayın qiymətlərində kəskin dəyişmələr qaçılmaz olur. Doğrudur, Azərbaycan çayının Mombasa çıxmasına hələ xeyli var. Amma dünyada çayın belə qiymətə minməsi gələcəkdə Azərbaycan çayının ixracı üçün perspektiv vəd edə bilər.

Sahibkarlar uzunmüddətli kredit istəyir

Çayçılıqla məşğul olmaq istəyən fermerlər varsa da, pul yoxluğu onları çətin vəziyyətə salır. Bizimlə söhbətində iş adamlarından biri dedi ki, banklar kənd təsərrüfatına uzunmüddətli kredit verməkdə maraqlı deyillər. Çay bitkisi isə bəlli olduğu kimi, 7-8 ildən sonra məhsul verir. 8-9 ildən sonra əldə edəcəyi çayı satıb krediti ödəyəcəyi vədi banklar tərəfindən ciddi qarşılanmır. Kreditlərin böyük əksəriyyəti qısamüddətli olur. Məsələn, taxılçılıqla, kartof əkini ilə bağlı kredit götürmək imkanları çayçılığa nisbətən xeyli çoxdur.

Bu işə həvəsi olanların fikrincə, dövlət işə qarışmalıdır. Ölkədə çayçılığın inkişafı üçün uzunmüddətli kreditlər ayrılmalıdır. Bir sıra mütəxəssislərin fikrincə, Avropada olduğu kimi, kənd banklarının yaradılması bu sahədə canlanma doğura bilər.

Yeni perspektivlər

İndi Lənkəran və Astarada çayçılığın inkişafına diqqət artıb. Bir sıra fermerlərin uğurlu start götürməsi çayın inkişafında ümidlər yaradıb. Əsas məsələ nəsillərin illərlə qazandığı çay ənənəsinin itməməsidir. Astarada "İlyasçay" MMC, "Astaraçay" Assosiyasının bu işlərə başlamasını təqdir etmək lazımdır. Fermer İlyas Əliyev bu il 5 hektarlıq pay torpaqlarında becərdiyi çay kollarından 4,5 ton əla növ çay götürüb.

Fərman Quliyevin rəhbərlik etdiyi çay plantasiyasında ekoloji cəhətdən ən təmiz çay becərilir. "Fərmançay" adlanan bu məhsul Azərbaycanda ən bahalı çaydır. Onun kiloqramı 100 dollaradır. Çayların baha olma səbəbi təcrübəli işçinin gün ərzində maksimum 100 qram çay hazırlaya bilməsidir. "Fərmançay" Madriddə beynəlxalq müsabiqədə üç dəfə qızıl medal alıb. 2002-ci ildə Madriddə beynəlxalq müsabiqədə "XXI əsr Avropanın qızıl mükafatı"na 2005-ci ildə isə "Keyfiyyət və texnologiyaya görə" müsabiqəsində daha bir qızıl medala layiq görülüb.

"Sovet dönəmində biz Azərbaycanı 70 faiz çayla təmin edirdik. İndi heç 1 faizə gücümüz çatmır", - deyə Fərman müəllim gileylənir. Çayçı alim bu sahənin dirçəldilməsi üçün böyük işlər görülməsini vacib sayır.

"Əlbəttə, keçmişdəki uzunluğu 1 km-ə çatan çay plantasiyalarını unutmaq lazımdır. İndi hər fermerin 1 hektara qədər sahəsi ola bilər. Qlobal iqtisadiyyatın qarşısında kiçik fermer təsərrüfatları tab gətirmir. İndi dünyada fermerlər torpaqlarını birləşdirib payçı təsərrüfat yaradırlar. Lənkəranda belə təsərrüfat yaratmışıq. İstisuda, Türkəkəranda, Hirkanda", - deyə o, əlavə edir.

Qeyd edək ki, Milli Məclis 2003-cü ildə "Çayçılığın inkişafı haqqında" qanun qəbul edib. Qanunu hazırlayan Fərman müəllimin fikrincə, həmin qanun qüvvəyə minəndən sonra çayçılığın inkişafı üçün müvafiq normativ aktlar hazırlanmalıdır. Çayçılıq həm də yeni iş yerləridir. Yaxın keçmişdə çay istehsalı və emalında 65-70 min adam işləyib.

Hazırda Lənkəranda yeni çay  fabriki tikilib. Bu fabrik yerli fermerlərin məhsullarını qəbul edir. Çay fabriki son texnoloji avadanlıqlarla təmin olunub.

Bəs kadr məsələsi?

Bəs çayçı mütəxəssislər gərək deyilmi? Vaxtilə gənclər Moskvaya, Gürcüstana, Çinə, Hindistana təhsilə göndərilərdi. İndi kadr hazırlığı sanki önəmini itirib. Bölgədə çayçılığın yenicə vüsət götürdüyü bir vaxtda Lənkəran Dövlət Universitetinin müvafiq fakültəsi bağlanıb. Ora tələbə qəbulu dayandırılıb. Bəs çay mütəxəssislərini hardan gətirəcəyik?

...Çay bizim süfrələrdə hər zaman olacaq. Bizdə yaxşı istirahət üçün əla dəmlənmiş ətirli çay əsasdır. Məşhur filmin replikası yadınıza düşür? "Çay gətir, özü də xoruzquyruğu...".

Xaqani SƏFƏROĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!