Modern.az

Azərbaycanda ikiarvadlılıq artır  - Keçmiş komitə sədri: “Belələrini mən də tanıyıram”

Azərbaycanda ikiarvadlılıq artır  - Keçmiş komitə sədri: “Belələrini mən də tanıyıram”

1 Fevral 2018, 09:20

Azərbaycanda qanunda olmayan, əslində bəzilərinin həyat tərzinə çevrilən reallıqlar az deyil. Məsələn, çoxarvadlılıq məsələsi. Rəsmi açıqlanması olmayan bu məsələ cəmiyyətimizdə baş verən hadisələrdən biridir. Artıq sirr deyil ki, cəmiyyətimizdə 1-dən artıq arvadı olan kişilər az deyil. Lakin qanunlarımız kişiyə bunu rəsmiləşdirməyə icazə vermir. Son zamanlar isə dini təriqətlərə qoşulanlar, xüsusilə də vəhabilər arasında ikiarvadlılıq hallarının artdığı vurğulanır.

"İrşad" İslam Araşdırmaları Mərkəzinin direktoru, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bunu təsdiqləyib, həm də bildirib ki, ikiarvadlılıq təkcə dini təriqətlərə qoşulanlar, vəhabilər arasında yayılmayıb:

“Bu, həmçinin  yeni təriqətlərə aludəçilik göstərən digər müsəlmanlarda da müşahidə etdiyimiz məsələdir və getdikcə artır. Bunun təzahürlərini bir sıra rayonlarda, xüsusilə cənub bölgəsində görə bilirik. İkiarvadlılıq  problemi hətta  Milli Məclis səviyyəsində də müzakirə edilmişdi. Bu məsələ çoxdan mövcuddur.  Məsələn, İranda da belə hallarla qarşılaşırıq. Həmin ölkədən bura  gəlib iki arvad saxlayan, biri burda, birini ölkəsində qoyan  müsəlmanlar var. Bunu hamı bilir. Elə adamlardan hətta bir neçəsini tanıyıram. Yəni ailələr var ki, ikiarvadlılıq mühitində özünü normal hiss edir. Belə olduğu halda onların ətrafındakı qonşuları, qonaqları da buna meyillilik edir. Bilirsiniz, bizdə də çoxarvadlılığa meyil var. Lakin qeyd etdiyim kimi, bu meyil təkcə bir məzhəb, təriqət arasında deyil”.


R.Əliyev qeyd edib ki, ikiarvadlılıq məsələsi acınacaqlı sonluqlarla nəticələnir:

“Əslində qanun çərçivəsində  bunun qarşısı alınıb. Amma qanunlara məhəl qoyan  yoxdur. Onlar dini kəbin kəsdirirlər və bu vəziyyətdə də yaşayırlar. Onlara kim nə deyəcək? Öz həyatlarıdır və necə istəyirlərsə, elə də yaşayırlar. Sadəcə, iki arvadlılıqla bağlı hüquqlarının olmadığından agah deyillər. Ona görə də xüsusilə İrandan  gələnlər burda qadınlarla kəbin kəsdirir və çıxıb gedirlər. Qadınların da hərəsinin qoltuğunda bir uşaq şəhərə düşürlər. Bu, acınacaqlı məsələdir. Mən bunun kökünü bilirəm.

Vaxtilə İran səfirliyində bir neçə dəfə olmuşam. Hələ 1992-1993-cü illərdə orada belə hallarla daha çox qarşılaşmışam. Təsəvvür edin, azı 3-4 hamilə qadın kəbin kəsdirdiyi adamın tapılması ilə əlaqəli səfirliyə müraciət edirdi. Onlar nə kişinin ünvanını, nə adını, nə də atasının adını dəqiq bilirdilər. Təbii olaraq səfirlik də çətinlik çəkirdi. Onlar onsuz da qadınlarla gəzir. Bununla yanaşı, qadınlarla kəbin kəsdirir, ev işlərini, yeməyini-içməyini həll edirlər. Yəni iki arvadlılıq  çoxdan mövcud olan problemdir. Mən sizi təmin edirəm ki, yollarda dayanan, dilənən qadınların əksəriyyətinin taleyi elədir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir