Modern.az

İran Mədəniyyət Mərkəzi ittihamlara cavab verdi: “Münasibətləri pozmaq istəyirlər”

İran Mədəniyyət Mərkəzi ittihamlara cavab verdi: “Münasibətləri pozmaq istəyirlər”

Ölkə

17 Avqust 2011, 12:26

Ojaqnejadın təşkliatı “iki ölkə arasına kölgə salanların” olmasından narahatıdr

“Bizim fəaliyyətimizlə bağlı belə qaydada söz- söhbət yayan adamlar İranla Azərbaycanın qonşuluq münasibətlərini pozmaq istəyənlərdir”. Bu sözləri Modern.az-a açıqlamasında Bakıda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzinin sədri Ojaqneyadın müavini Əyyub Xoşsiyər politoloq Mübariz Əhmədoğlunun Mərkəzin Bakıda fəaliyətinin dayandırılması ilə bağlı açıqlamasına münasibətini bildirərkən deyib.

Onun sözlərinə görə, Mədəniyyət Mərkəzi İranın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərir. Bununla yanaşı, Xoşsiyər Mədəniyyət Mərkəzinin qeydiyyatı barədə danışmaq istəməyibı. “İran Mədəniyyət Mərkəzinin qeydiyyatı ilə bağlı heç nə deyə bilmərəm, bu məsələni  yalnız İran səfirliyi bilər”-deyə sədr müavini vurğulayıb.

Ə.Xoşsiyər qeyd edib ki, iki ölkə arasında xoş münasibətlərə kölgə salanlar münasibətləri pozmaq istəyənlərdir. “Azərbaycan qadın və qızları mənim ana və bacılarımdı, bizim də qadın və qızlarımız sizin ana və bacılarınızdı. Burada ayrı söz-söhbətlər olmamalıdır”-deyə Mədəniyyət Mərkəzinin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, İran Mədəniyyət Mərkəzi son günlər islamçılar arasında aparılan həbslər zamanı ititham hədəfinə düşüb. Belə ki, MTN-in həyata kerçirdiyi son həbslərlə bağlı rəsmi açıqlamasında saxlanılanların İran Mədəniyyət Mərkəzi ilə əlaqədə olduğu bildirilib.

Bundan sonra Siyasi Texnologiyalar və İnnovasiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu İran Mədəniyyət Mərkəzi fəaliyyətini dayandırılmasını və onun rəhbəri  Ojaqnejadın Azərbaycanı tərk etməsini tələb edib. M.Əhmədoğlu mərkəzin nizamnamədən kənar fəaliyyət göstərdiyini iddia edib: “Heç kim bilmir ki, bu struktur nə işlə məşğuldur. Ojaqnejad kimdir, molladır, ya siyasətçi?! O, din xadimlərini, ekspertləri başına yığıb siyasi təhlillər edir. İnformasiya və kommunikasiya sahəsində nüfuzlu şəxslərlə əlaqə yaradıb işbirliyi qurur. İranı lazımi informasiyalarla təmin edir. Dində belə qeyri-şəffaflığa yer yoxdur. Şəffaf olsa belə, bu struktur Azərbaycanı tərk etməlidir. Bütün problemlərin mənbəyi o insan və o strukturdur”.

Qeyd edək ki, Əliəkbər Ojaqnejad hazırda İran Ali dini lideri Ayətullah Üzma Seyyid Əli Xameneyinin Azərbaycandakı nümayəndəsidir. Höccətislam vəl-muslimin Seyid Əliəkbər Ocaqnejad 1956-cı ildə Ərdəbil şəhərində anadan olub. Bu şəhərdə ibtidai və orta təhsil alıb. Daha sonra ali dini təhsil almaq üçün İranın Qum şəhərindəki elmi-teoloji mərkəzə gedib.

1991-ci ildə İran dövlət başçısı Haşimi Rəfsəncaninin sərəncamı ilə yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasına dini təbliğatçı kimi göndərilir. Azərbaycan üzrə Dini İşlər Qərargahına sədr təyin olunur. 1996-cı ilə qədər bir müddət həm də Seyyid Əli Xameneyinin Azərbycandakı nümayəndəsi Ayətullah Səbri Həmədaninin müavini kimi çalışıb. Həmədaninin birinci müavini vəzifəsini də öhdəsinə götürüb. 1996-cı ildən isə Ali dini liderin Azərbaycan üzrə nümayəndəsi vəzifəsinə təyin olunur. Eyni zamanda bir müddət İran Mədəniyyət Mərkəzinin rəhbəri vəzifəsini tutur.

Təşkilatın fəaliyyəti və qeydiyyatı ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün İranın Azərbaycandakı səfirliyinə müraciətimiz cavabsız qalıb. Səfirilik əməkdaşı suallarımızı dinlədikdən sonra cavab göndərəcəklərini bildirdi.

Mail Ağaxanov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır