Modern.az

Sabirabadda 6 qadının öldüyü hadisə - Sürücü istintaqa cəlb olunub  

Sabirabadda 6 qadının öldüyü hadisə - Sürücü istintaqa cəlb olunub   

15 May 2018, 10:27

Mayın 7-də Sabirabad rayonunun Şəhriyar kəndində traktorun qoşqusu ayrılaraq, yaxınlıqdakı su kanalına aşıb. Hadisə nəticəsində bir ailənin 6 qadın üzvü ölüb, iki nəfər yaralanıb.

Hadisənin baş verməsində təqsirkar bilinən sürücünün aqibəti necə oldu?


Milli Məclisin Sabirabaddan olan deputatı Rüstəm Xəlilov Modern.az
saytına açıqlamasında deyib ki, baş verən faciə ilə bağlı hələ ki istintaq işləri gedir:


“Qeyd etməliyəm ki, ölənlər arasında traktor sürücüsü Əjdər İmanovun həyat yoldaşı da olub. Həmçinin dünyasını dəyişənlərdən Məlahət İmanova onun anasıdır. Yəni hamısı bir ailənin üzvləridir.  Bu baxımdan yəqin ki, hadisənin sürücü tərəfindən bilərəkdən edilmədiyini nəzərə alarlar. Çünki faciə nəticəsində dünyasını dəyişənlərin hamısı bir-birilə qohumdurlar, kənar adam yoxdur. Bu hadisə bir ailə faciəsidir. İstintaqın son nəticəsi necə olacaq biz də bilmirik”.

Deputat  bildirib ki, sürücü xəstəxana olsa da, hansısa travma alsa da, ilkin materiallar toplanılıb istintaq davam etdirilir:

“Hazırda sürücünün xəstəxanada olub-olmamasından məlumatsızam. Amma qanunla insan tələfatı olduğu üçün bu məsələdə təqsirkar sürücü bilinir. Dünyasını dəyişən şəxslər dediyim kimi bir-biri ilə qohum olduqları üçün əldə etdiyim məlumata görə, aralarında heç bir narazılıq, inciklik yoxdur”.


Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən şəxslər aşağıdakılardır:

1978-ci il təvəllüdlü Bağırova Elnarə Əjdər qızı, 2000-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, 2000-ci il təvəllüdlü Bağırova Fatma Teymur qızı, 1983-cü il təvəllüdlü Qasımova Xəyalə Əbdülhəsən qızı, 1966-cı il təvəllüdlü İmanova Məlahət Mehbalı qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər