Poeziyasının vurğunu olduğum, sözün dəyərindən mənəvi qida aldığım şair - jurnalist Əliş Əvəz çağdaş Azərbaycan diaspor ədəbiyyatının tanınmış nümayəndəsidir. Şairin canında bir hikmət yaşayır, bu hikmət onun poezyasına əriyib qarışır, sözünün təsirini artırır. O, uzun illər Moskvada yaşamasına baxmayaraq, milli ruha, doğma torpaqlarımıza, saf, təmiz ana dilimizə ayrılmaz tellərlə bağlıdır. Şairin “Ana Tərtər” kitabını oxuduqca bu müqəddəsliyin canlı şahidinə çevrilirsən.
Əliş Əvəz 1956 - cı ildə gözlərini Qarabağ torpağının Bərdə bölgəsində dünyaya gəlib. Kənd həyatını yaşayıb, safürəkli insanların əhatəsində onlardan ETİBAR, SƏDAQƏT, İNAM, DƏYANƏT öyrənib.
O, hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsinə qəbul olunub, sonra M.V. Lomonosov adına Moskva Dövlət Universitetinə göndərilib. Təhsilini burada başa vuraraq, jurnalist ixtisasına yiyələnib.
Təyinatla Bakıya göndərilən Əliş Əvəz o vaxtkı hökumət və kommunist partiyası məmurlarının süründürməçiliyi üzündən iki il işsiz qalmış, qəzetlərdən və radiodan aldığı cüzi qonorarlar hesabına yaşayıb. Ən nəhayət, iş tələb etdiyi üçün Respublika Ali Təhsil Nazirliyindən polis gücü ilə qovulub, hətta ona azad təyinat verməkdən də imtina edilib.
Elə o vaxdan şairin taleyi Rusiya ilə bağlanıb. O, burada yerli Sənaye Nazirliyinin informasiya xidmətində redaktor vəzifəsində çalışıb, MDU-nun aspiranturasına qəbul olub. Ancaq yenicə başlamış Qarabağ müharibəsinin sıxıntıları onu namizədlik dissertasiyasını yarımçıq qoymağa məcbur edib.
19 90 - cı illərin əvvəllərində Moskvada çıxan Ümumittifaq “Neftyanik” kütləvi informasiya jurnalının məsul katibi işləyən Əliş Əvəz, Qarabağda baş verən Xocalı soyqırımının dəhşətlərinə dözməyərək, həmin günlərdə könüllü yazılmaq üçün cəbhə xəttinə gedir. Ancaq Qarabağda könüllülər işinə rəhbərlik edən Milli qəhrəman Allahverdi Bağırov onun jurnalist olduğunu biləndən sonra “ qələm”i ilə mübarizə aparmağı məsləhət görür.
Moskvaya dönən şair - jurnalist “Qarabağ həqiqəti” və Rusiya jurnalistlərinin Azərbaycana qərəzli münasibətlərini tənqid edən “Jurnalist borcu, şərəf və vicdan haqqında” kimi məqalələr yazıb işlədiyi jurnalda dərc etdirir. Həmin yazılarda 366 - cı rus motoatıcı alayının Xocalı soyqırımının əsas törədicisi olduğunu yazdığına görə onu işdən azad edirlər. Ancaq üç aydan sonra rusiyalı dostlarının köməyilə o, işə bərpa edilir.
Qeyd etmək lazımdır ki, həqiqəti yazdığına görə belə işdən azad edilmələr şairin taleyində az olmayıb. Sonralar işlədiyi bir qəzetdə məşhur türkoloq Murad Acı ilə türk dünyasının tarixi haqqında apardığı müsahibəyə görə yenidən işsiz qalıb.
Ümumrusiya “Rossiyskaya Federatsiya” qəzetinin xüsusi müxbiri işləyəndə də şair Qarabağ həqiqətlərini dünyaya çatdırmağa cəhd etdib.
Rusiyada zəngin mənəviyyatlı, güclü Azərbaycan diasporunun formalaşması Əliş müəllimin arzusudur. Bu yöndə də onun xüsusi xidmətləri vardır. O, Rusiyada fəaliyyətə başlayan ilk diaspor cəmiyyətlərinin (“Azərbaycan”, “Ocaq” ) işlərində fəal iştirak etməklə bərabər, həmyerlilərimizin ilk böyük diaspor təşkilatı olan Azərbaycan Vətəndaşlıq Assambleyasının təftiş komitəsinin üzvü olub. Hazırda Moskvada fəaliyyət göstərən ən böyük Azərbaycan diaspor qurumlarının da üzvü olmaqla, onların inkişafına əlindən gələn köməyi edir.
Elə bu həvəslə Əliş Əvəz 1990 - cı ildə Moskvada nəşrə başlayan ilk Azərbaycan dilli mətbuatın - “Azərbaycanın səsi” ( Şamil Qurbanov və Oktay Hüseynovla birgə), “Azərbaycan diasporu” ( Oktay Hüseynov və Rafiq Aranlı ilə birgə), “ Asudə vaxt” ( Cahangir Nəbioğlu ilə birgə) qəzetlərinin əsasını qoyanlardan biri, daha doğrusu, təcrübəli bir jurnalist kimi onların praktik yaradıcısı olub. Həmin qəzetlərin adlarını da Əliş Əvəz qoyub. Daha sonra o, “ Diaspora - inform” qəzetini təsis edib.
Moskvada bu gün müvəffəqiyyətlə nəşr olunan iki ən böyük rusdilli qəzetin
(“Azerros” və “Azerbaydjanskiy konqres”) ilk nömrələrindən başlayaraq Əliş müəllim öz qələmi ilə onların təşəkkülünə kömək edib. O, həmdə Rusiyada latın qrafikası ilə nəşr olunan ilk qəzetin - “Azerros” qəzetinin azərbaycan variantının yaradıcısı ( Tariyel Süleymanla birgə) olub.
Əliş Əvəz müntəzəm olaraq müxtəlif qəzetlərdə çıxış edərək öz yazıları vasitəsilə Azərbaycan həqiqətlərini, Qarabağ dərdimizi Rusiyalı oxuculara çatdırır, mədəniyyətimizi, adət - ənənələrimizi təbliğ edir. Onun Ulu Şəhriyarın 100 illiyi münasibətilə Moskvada dərc etdirdiyi iki məqaləsi Şəhriyar fenomeninin Rus xalqına tanıtdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Əliş müəllim artıq on ildən atıqdır ki, Moskvada fəalliyyət göstərən “Şəhriyar” Ədəbi - mədəni cəmiyyətinin ilk yaradıcılarından biridir.
Əliş müəllim hazırda Rusiya Federasiyası Dövlət Tarix müzeyinin əməkdaşıdır. O, Azərbaycan yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Rusiya Jurnalistlər Birliyinin, Beynəlxalq Jurnalistlər Fedarasiyasının, Beynəlxalq Yazarlar və Publisistlər Assosiasiyasının üzvüdür. Əliş müəllim həm də Cənubi Azərbaycandan olan soydaşlarımızın dərc etdirdikləri “21 Azər” jurnalının Moskva nümayəndəsidir. Burada dərc etdirdiyi yazıları ilə şair cənub dərdimizi dilə gətirir. O, Azərbaycan Jurnalist Müharibə Vetaranları Təşkilatının da üzvü və Moskva nümayəndəsidir. Qarabağ müharibəsindən yazdığı məqalələrə görə bu quruma üzv seçilib.
Əliş Əvəzin diaspor ədəbiyyatımızda öz yeri, öz nəfəsi var. Onun şeirləri özünəməxsus dərin fəlsəfi tutumu və lirizmi ilə fərqlənir.
Şair uşaqlıq illərində tərəkəmə həyatını yaşayıb, elatla dağa - arana gedib, çətinlikləri, təbii gözəllikləri görüb. Bu müşahidələr onun yaradıcılığına daim öz təsirini göstərib. “Qalıbdı” şeiri dediklərimizə sübutdur:
Çiçəkli yollara mən də çıxmışam,
Qantəpər dərmişəm, zirə yığmışam.
Sürü otarmışam, qoyun sağmışam,
Əiimdə əmcəyin kiri qalıbdı.
Ümumiyyətlə, onun poeziyası hamar olmayan ömür yolunun bədii ifadəsidir. Bu poezyanın yolu mənəvi ağrılardan keçir: Qarabağ nisgili, vətən həsrəti, qürbət acıları, dəlicəsinə sevdiyi xalqını birincilər cərgəsində görmək arzusuilə
“Vətən” şeirində yazır:
Vətən!
Qədrini bilsinlər deyə
Dara çəkilməyə hazıram.
Çiçəklərinin dərdindən
Ölsünlər deyə
Dərdlərinə dözürəm.
Ürəyim əlimdə silahım,
Müsəlləh əsgərinəm mən.
Yəqin şəhidin olacam
Ona dəyən güllələrdən.
Qarabağ itkisi şairi daim göynədir:
Qara çadırdan oğuz igidin doğuldu,
Qara bəxtim qılıncına yetmədi.
Qarabağım yad əllərdə əsir oldu,
Qara bəxtim qara daşa dönmədi.
Az sözlə geniş fikir, dərin hiss-həyacan ifadə etmək Əliş Əvəz şeirlərinə xas xüsusiyyətlərdir.
Yaxınlar - həsrətim,
Uzaqlar - qismətim.
Uzaqlarda anam ağlayıb,
Göz yaşları salxım bağlayıb.
Əliş Əvəz poeziyasında bir yenilik də özünü göstərir. Bu, onun “İlahiyyələr” silsiləsindən yazdığı şeirlərin əksərinin forma və məzmunda, bir çox şeirlərinin qafiyə sistemində, palindromik (müstəvi) şeirlərində nəzərə çarpır. Onun təcnisləri də yeni məzmunda, quruluşda səslənir:
Sənət neyinin yanıqlı xalıyam,
Həsrət içində adayam, xalıyam.
Dövrün zülmüylə naxışlı xalıyam,
Qəmdən yaranıb, dərddən toxunmuşam.
Şairin yaradıcılığı haqqında məqalələr yazmış görkəmli şeir - sənət biliciləri - mərhum professor Rafiq Sarıvəlli (Qurbanov), şair Ağa Laçınlı, professor Kamil Vəli Nərimanoğlu və başqaları onun poeziyasını yüksək qiymətləndiriblər. Şeirlərindəki səmimiyyəti və lirizmi xüsusi vurğulayıblar.
Əliş Əvəz qəlbinin səsinə qulaq asan, özünə tələbkar, poeziya qarşısında səcdə edən şairdir. Onun poeziyası da, publisistikası da Şimallı - Cənublu, Qarabağlı - Göyçəni, Təbrizi, Dərbəndi, bütün Azərbaycanı əhatə edir. Onun yaradıcılığının hər iki qolu bir - birini tamamlayır.
Vasif Məmmədov
“Şəhriyar” Ədəbi - Mədəni cəmiyyətinin sədri