Modern.az

Bakıda bal yarmarkası açıldı

Bakıda bal yarmarkası açıldı

Ölkə

20 Sentyabr 2011, 08:55


Kənd Təsərrüfatı Nazirliyi bu gün səhərdən Bakı şəhərində arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açıb. Modern.az saytının məlumatına görə, bal yarmarkası Xətai rayonunun ərazisində, metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən “Bakı” kino-teatrının qarşısında təşkil olunub.Yarmarka hər gün sahər saat 9-dan axşam saat 19-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası sentyabrın 20-dən oktyabrın 5-dək  keçiriləcək. Yarmarkada  42 rayondan 250 nəfər arı təsərrüfatı və yüksık keyfiyyətli bal məhsulu olan arıçılar iştirak edəcək.

“Əvvəlki illərdə  müəyyən olunub ki, bəzi arıçılar yarmarkaya saxtalaşdırılmış bal gətirir və onu satmağa çalışırlar. Ona görə də, yarmarkaya satış üçün gətirilən arıçılıq məhsullarının hamısının keyfiyyəti dəyəri ödənilmədən respublika baytarlıq laboratoriyasında yoxlanılacaq və keyfiyyət sertifikatı veriləcək. Keyfiyyətsiz ballar satışa çıxarılmayacaq”-deyə nazirlikdən bildirilib.

Nazirliyin mətbuat xidmətinin məlumatında, arıçılıq məhsullarının respublika sərgi satış yarmarkasında 400 ton bal satılması gözlənildiyi də qeyd olunub.

“Arıçıların, ziyalıların və xüsusilə də müharibə vateranlarının təklifləri nəzərə alınaraq, yarmarkada sağlam balın qiyməti tənzimlənəcək. 1 kq balın 15 manata satılması nəzərdə tutulur. Bu qiymətlə razılaşmayan arıçılar yarmarkaya buraxılmayacaq və onlar öz arıçılıq məhsullarını Bakı şəhərinin bazarlarında istədikləri qiymətə satmaq imkanı qazanacaqlar.
Yarmarkaya saxtalaşdırılmış bal gətirilməsinin qarşısını almaq üçün yarmarkada iştirak edəcək arıçıları rayon İcra hakimiyyətləri göndərəcəklər. Rayon İcra Hakimiyyətinin Kənd Təsərrüfatı Nazirliyinə təqdim etdiyi siyahıda adları olmayan arıçılar yarmarkaya buraxılmayacaqlar”-deyə nazirlikdən bildirilib. 

Qeyd edək ki, yarmarkada yalnız Azərbaycanda istehsal olunan bal satılacaq. Digər ölkələrdə istehsal olunan bal məhsullarının  yarmarkada satışına imkan verilməyəcək.

Kənd Təsərrüfatı Nazirlyinin məlumatına görə, 2009-cu ildə ölkədə 1600 ton bal yığılıb. 2010-cu ildə isə bu il bu rəqəm 1000 tona düşüb.

Modern.az saytının məlumatına görə, bu il bölgələrdəki arıçılıq təsərrüfatlarında müxtəlif səbəblərdən bal istehsalı aşağı olub. Gözlənilir ki, bu il ölkədə bal istehsalı heç 1000 tona çatmayacaq. Arıçılar bunun səbəbini yağıntıların normadan çox olmasıyla əlaqələndirirlər. Məsələn, Goranboyda yaşayan fermerlər deyirlər ki, yazda yağışlar çox yağdığından bal arılarının şirə toplamasında çətinliklər yaranıb. Fermerlər bir çox təsərrüfatların cüzi bal istehsalı ilə kifayətləndiyini vurğulayırlar.

Balın insan sağlamlığı üçün nə qədər xeyirli olduğu hamıya məlumdur. Bəzən hətta həkimlər  hansısa xəstəliklə əlaqədar xəstəyə dərman əvəzinə birinci bal yeməyi məsələhət görürlər.
Azərbaycanda arıçılıq dövri-qədimdən olub, indi də var. Son illər ölkədə bal istehsalı gah artır, gah da azalır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!