Modern.az

Konfederasiya: xəyal, yoxsa, reallıq?

Konfederasiya: xəyal, yoxsa, reallıq?

20 Sentyabr 2011, 14:45

Azərbaycan-Türkiyə və ya Türkiyə-Azərbaycan-Gürcüstan Konfederasiyasının, daha geniş anlamda isə Türk Birliyinin canı-dildən səmimi tərəfdarı olan bir şəxs kimi, hər zaman şəxsiyyətinə hörmətlə yanaşdığım Məlahət xanım İbrahimqızının “Bir millət,iki dövlət,yoxsa, konfederasiya” yazısını diqqətlə oxudum və qeyd edim ki, onun bu yazıdakı səmimiyyətinə inanır, narahatlığını da başa düşürəm. Amma onu da açıq şəkildə  deyim ki, Məlahət xanımın bu yazıdakı bir sıra fikirləri ilə  razı deyiləm. Xüsusilə də, bu ideyanın PKK-nın və digər düşmən dairələrin dəyirmanına su tökməsi yönündəki fikirlərini qətiyyən bölüşmürəm. Ona görə ki, bu Konfederasiya ideyası ilə həmin dairələrin ortaya atdığı Konfederasiya ideyası,daha doğrusu, niyyəti, amacı heç zaman üst-üstə düşmür, düşə bilməz və inşallah da, düşməyəcək. Öcalan hara, Konfederasiya hara, Bərzani hara, Konfederasiya hara, Karayılan, Əminə Ayna hara, Konfederasiya hara, sarkisyanlar, burcanadzelər hara , Konfederasiya hara? Konfederasiya ancaq və ancaq  dostların və qardaşların, strateji müttəfiqlərin arasında ola bilər və səmimi Konfederasiya tərəfdarları da məhz bunu nəzərdə tuturlar, bunun arzusundadırlar.   Odur ki, məsələləri qətiyyən bir-birinə qarışdırmaq , eyniləşdirmək lazım deyil.

 Azərbaycan-Türkiyə Konfederasiyası ideyası məhz həmin və digər açıq-gizli düşmən dairələrin, güclərin qarşısında daha güclü və dik dayanmaq istəyindən, niyyətindən doğur. Bu udeyanı ortaya atanlar da, dəstəkləyənlər də yaxşı bilirlər və ən əsası onun fərqindədirlər ki, bu məsələ bir anın içində, bu gün və ya günü sabah reallaşacaq, baş tutacaq bir məsələ deyil, sadəcə, bu ideyanın gerçəkləşməsi üçün ilk növbədə insanları, cəmiyyətləri vaxtında, zamanında, özü də kor-koranə deyil, ağıllı şəkildə hazırlamaq lazımdır. Məlum Konfederasiya tərəfdarlarının   son  günlərdəki intensivləşməsi, fəallaşması da məhz bu məqamla bağlıdır. Burada indi başqa bir alt niyyət axtarmaq lazım deyil və buna gərək də yoxdur...

 Tutaq ki, sabah Azərbaycan öz torpaqlarını erməni işğalından azad etmək , yəni,Qarabağ məsələsinin çözümündə danışıqlardan imtina edib hərb yolunu tutdu,  hərb qərarı verdi, o zaman bunun elə həmin düşmən dairələr, güclər tərəfindən necə qarşılanmasını bir anlığa olsun belə təsəvvür edirsinizmi? Bəli, bütün hallarda hərb yolunu seçmək bizim qanuni, hüquqi haqqımızdır, torpaqlarımızı azad etmək də məhz bizlərin- Azərbaycan türklərinin, vətəndaşlarının bir saylı borcu, vəzifəsi, görəvidir. Biz bu məsələni- tarixi missiyanı kiminsə - heç gələcək nəsillərin də -  üstünə ata bilmərik, buna heç bir haqqımız da yoxdur. Bu, məhz bizim nəslin yerinə yetirməli olduğu və yetirəcəyi  missiyadır. Mən Azərbaycan dövlətinin,Milli Ordumuzun, Azərbaycan türklərinin müharibə əzmini, döyüş ruhunu, gücünü, qüdrətini qətiyyən şübhə altına almaq , buna zərrə qədər olsun gölgə salmaq fikrində də deyiləm, ümumiyyətlə, bunları xəyalımdan bir an belə keçirmirəm. Mən xalqımıza da, dövlətimizə də, ordumuza da hər zaman inanmışam, güvənmişəm və bu gün də belədir.

Amma Konfederasiya məsələsi - Allah etsin və bizə qüvvət versin ki, bu ideya reallaşana qədər torpaqlarımızı azad edək, bizləri kiçik düşürmək istəyənləri, aşağılamaq istəyənləri bir daha xəyalqırıqlığına uğradaq və sair- reallaşarsa, biz o zaman nəinki Qarabağ məsələsini, eyni zamanda, qardaş Türkiyəni, bütövlükdə Türk Dünyasını narahat edən bir cox problemləri daha tez , daha az itki ilə həll edə bilərik və ya həll etmək olar.

 Mən xəyalpərəst deyiləm, ancaq həyatda bir çox xəyalların da gerçək olduğunu görmüşəm, onların şahidi olmuşam. Bu baxımdan da inanıram ki, bu gün bir çoxlarına xəyal kimi görünən bu Konfederasiya məsələsi də günlərin birində reallaşacaq və biz, Azərbaycanlı-Türkiyəli hamımız daha güclü, daha qüdrətli olacağıq. Məlahət xanım demişkən, Allah yolumuzu açıq etsin. Amin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü